Göyçay fəalları rayonun həyatında mühüm rol oynayır

 

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı 1993– il mart ayının 6–dan 540 nəfərlə fəaliyyətə başlayaraq öz sıralarını sürətlə genişləndirmişdir. İndi YAP rayon təşkilatının sıralarında 7400 nəfərdən çox üzv birləşmişdir.

Bu günlərdə onlar konfrans keçirərək YAP–ın növbəti qurultayına nümayəndələr seçmişlər. Konfransı giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz İbrahimov açmış və geniş hesabat məruzəsi ilə çıxış etmişdir.

R.İbrahimov məruzəsinə ümummilli lider Heydər Əliyevin söylədiyi “YAP sınaqlardan çıxmış böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” kəlamları ilə başlamışdır. Məruzəçi xüsusi vurğulamışdır ki, gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Dövlət başçısının vurğuladığı kimi, bu gün YAP nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır.

Son illərdə Azərbaycan bir çox beynəlxalq tədbirlərin məkanına çevrilmişdir.

Azərbaycan öz dəyərlərini qorumaqla Avropa mədəniyyətinə yiyələnmiş, Şərq mədəniyyətinin zənginliklərinə malik olan yeni model dövlətdir.

Azərbaycanın gözəl güşələrindən biri olan Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu.

Yeni Azərbaycan Partiyasının bugünkü uğurları gələcəyə daha böyük inamla baxmağa əsas verir. “Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük” bəyan edən dövlət başçısı cənab İlham Əliyev “Biz müstəqil, gücü dövlət qururuq. Bu dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının rolunu çox yüksək qiymətləndirirəm. Əlbəttə ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik” – deyir.

Məruzədən sonra rayon məktəbliləri konfransda iştirak edən qonaqlara tər gül–çiçək dəstələri bağışladılar. Vətən və dövlət haqqında şeirlər və bədii qiraət nümunələri söylədilər.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, MM–in üzvü Ərəstun Cavadov və YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov çıxış edərək müstəqillik illərində Göyçay rayonunun sosialiqtisadi inkişafından danışdılar.

Partiya sıralarına yeni qəbul olunmuş 10 nəfər gəncə təntənəli surətdə üzvlük vəsiqələri təqdim edildi.

Konfransda YAP–ın növbəti qurultayına 8 nəfər nümayəndə seçildi.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək konfransın işini yekunlaşdırdı.

 

Vəli İLYASOV.

 

Respublika.- 2013.- 31 may.- S.6.