Bakı Metropoliteni müasirləşir və sürətlə inkişaf edir

 

Bakı Metropoliteninin işçiləri bu il öz peşə bayramlarını çox əlamətdar bir vaxtda qeyd edirlər. Bir ay bundan əvvəl ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə baş vermiş, xalqımız növbəti 5 ildə də müstəqil Azərbaycana rəhbərlik etmək, onu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətlə yeni uğurlara, yeni zirvələrə aparmaq missiyasını möhtərəm Prezident cənab İlham Əliyevə etibar etmişdir. Seçkilər belə bir gerçəkliyi bir daha təsdiqləmişdir ki, milli mənafelərə cavab verən, sabitliyi və davamlı inkişafı təmin edən siyasi xəttin alternativi yoxdur!

Son 10 ildə Azərbaycanın qazandığı nailiyyətlərin möhtəşəmliyi hər birimizin qəlbində dərin qürur və iftixar hissi doğurur. Hansı sahəyə baxırsansa-bax, orada sürətli inkişafın nəticələrini görəcəksən... Bu müddətdə ölkəmizdə təkcə yoxsulluq səviyyəsinin təxminən 10 dəfə—49 faizdən 5,5 faizədək azalması milli inkişafın ən bariz göstəricisi kimi diqqəti cəlb edir. Dünyanın əksər ölkələrində köklü iqtisadi islahatların sosial problemlər yaratdığı halda Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır ki, bunun da nəticəsində son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Bütün beynəlxalq aparıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir, öz reytinqlərində yüksək yerlərə layiq görürlər.

Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır.

Ölkəmizin sürətli iqtisadi inkişafı bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda müasirləşmə, yeniləşmə ilə müşayiət olunur. Nəqliyyat xidmətlərinə sürətlə artan tələbatın təmin edilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər paytaxtın xidmət infrastrukturunda əvəzsiz yer tutan metropolitenin də yenidən qurulmasını və genişləndirilməsini nəzərdə tutur.

Məlum olduğu kimi, sərnişinlərin sürətli, rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan, ekoloji cəhətdən təmiz metro nəqliyyatının davamlı fəaliyyətinin təmin edilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, metro tikintisinin aparılması üçün müvafiq Dövlət Proqramı uğurla icra edilməkdədir. Ulu öndər Heydər Əliyevin Bakı Metropoliteninin inkişafı ilə bağlı arzularının gerçəkləşməsi istiqamətində son 10 ildə çox böyük işlər görülmüşdür.

Peşə bayramı hər bir sahənin əməkçiləri üçün təkcə sevinc və qürur hissi doğuran əlamətdar gün deyil, həm də görülmüş işlər barədə hesabat vermək, qarşıda duran yeni vəzifələri müəyyənləşdirmək, öhdəliklər götürmək məqamıdır.

Onu da xatırlatmaq istərdim ki, Bakı Metropoliteni işçilərinin peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli 1758 saylı sərəncamı ilə təsis edilmişdir. Bu, möhtərəm Prezidentimizin metro işçilərinə, onların fədakar əməyinə verdiyi yüksək qiymətin bariz ifadəsidir.

Bakı Metropoliteni bu il özünün 46 yaşını qeyd edir. Yarım əsrə yaxınlaşan fəaliyyəti dövründə metropoliten həm ciddi sınaqlara məruz qalmış, həm də maraqlı, zəngin inkişaf yolu keçmişdir. Biz bütün bunları peşə bayramı günündə bir daha xatırlayır, metropolitenin tarixini yenidən göz önünə gətiririk.

Bakıda ilk metro stansiyası ötən əsrin altmışıncı illərində istifadəyə verilsə də, onun tikintisi ilə bağlı işlər Böyük Vətən müharibəsindən az sonra başlanmış, bir neçə il müvəqqəti dayandırılmış və yenidən bərpa edilərək 1967-ci il noyabrın 6-da beş stansiyadan və 9,2 km-lik yeraltı xətdən ibarət olan birinci növbəsi istismara verilmişdir. Bu, Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten olmuşdur.

Bakı Metropoliteninin tarixində ulu öndər Heydər Əliyevin öz möhtəşəm yeri, onun əksər stansiyalarının memarlıq üslubunda isə əbədi və solmaz izləri vardır. Bu yeraltı səltənəti xalqımızın maddi-mənəvi sərvətlərindən biri kimi dəyərləndirən müdrik və uzaqgörən rəhbərimiz respublika rəhbəri seçildiyi vaxtdan tikintisi aparılan bütün stansiyaların məhz milli memarlıq üslubunda layihələndirilməsinə və inşa olunmasına şəxsən rəhbərlik etmişdir.

 

Məhz onun xüsusi diqqəti və qayğısı sayəsində Bakı Metropoliteninin tikintisində böyük canlanma başlanmış, nəticədə 1970-ci ildə “Ulduz” stansiyasının, 1972-ci ildə “8-ci kilometr” yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Qara Qarayev” və “Neftçilər” stansiyaları, 1976-cı ildə əsl memarlıq abidəsi olan, milli-mədəni irsimizi ifadə edən mozaik pannolarla bəzədilmiş “Nizami” stansiyası, 1979-cu ildə isə “Bakmil” stansiyası istifadəyə verilmişdir.

SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə də Heydər Əliyev Bakı Metropoliteninin tikintisini daim diqqətdə saxlamış, qarşıya çıxan problemlərin həllinə nail olmuşdur. 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyaları, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının tikintisinin uğurla başa çatdırılması, “Memar Əcəmi”nin şimal sahəsində üç stansiyanın 4,8 kilometrlik tunelinin inşası məhz Vətənini dərin məhəbbətlə sevən ulu öndərin şəxsi nüfuzu və qətiyyəti sayəsində Azərbaycanın müvafiq tikinti materialları ilə gen-bol təchiz olunması nəticəsində mümkünləşmişdir.

Bu tarixi faktları daim xatırlamaq mənəvi borcumuzdur. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrə qədər Bakı Metropolitenində cəmi 6 stansiya və 8,8 kilometr metro xətti var idi. 1969-cu ildən sonra isə metropolitenin 14 stansiyası və 21,1 kilometr metro xətti inşa edilərək istismara verilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində və ondan sonrakı bir neçə ildə Bakı Metropoliteni də çox çətin sınaqlardan keçməli olmuşdur. Həmin dövrdə baş verən ictimai-siyasi, sosial-iqtisadi böhran, özbaşınalıq, anarxiya, xarici təcavüz, hakimiyyətin səbatsızlığı, rəhbərlikdəki naşı adamların bacarıqsızlığı və qorxaqlığı ölkəmizi bərbad günə qoymuş, xalqımızın həyat şəraitini pisləşdirmiş, milli dövlətçiliyimizin itirilməsi təhlükəsi yaratmışdı. Belə bir vaxtda Bakı Metropoliteninin uzun illər ərzində gərgin əmək sərf olunmaqla formalaşdırılmış maddi-texniki bazasını qoruyub saxlamaq, normal istismarını təmin etmək olduqca çətinləşmişdi.

Təcavüzkar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, 1994-cü il martın 19-da “20 Yanvar” stansiyasında, həmin il iyulun 3-də “28 May” və “Gənclik” stansiyaları arasında qatarlarda həyata keçirilmiş terror aktları metropolitenin tarixində unudulması mümkün olmayan qanlı hadisələrdir. Bu iki hadisədə ümumilikdə 27 nəfər günahsız insan həlak olmuş, 91 nəfər xəsarət almışdır.

Onu da qeyd edim ki, Ermənistanın təhriki ilə xalqımıza qarşı ağır cinayət—çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışlar törətmiş şəxslər Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində tapılaraq ifşa edilmiş və layiqli cəzalarını almışlar. Belə hadisələrin bir daha baş verməməsi üçün metropolitendə ciddi təhlükəsizlik tədbirləri görülmüşdür və bu gün metronun bütün stansiyaları etibarlı şəkildə qorunur, mühafizə edilir.

Xalqımızın milli sərvəti olan metropolitenin dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə qorunub saxlanmasında burada çalışan insanların fədakarlığı həlledici rol oynamışdır. Ulu öndərimiz Heydər Əliyev metronun 35 illik yubileyində çıxış edərkən metropoliten kollektivinin hünərini, fədakar əməyini yüksək qiymətləndirmişdir.

Müstəqil Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ulu öndər Heydər Əliyevin müdrikliklə həyata keçirdiyi daxili və xarici siyasət qısa bir müddətdə ölkə həyatının bütün sahələrini sakit və sabit bir məcraya yönəltdi, dövlətimizin dünya birliyində öz layiqli yerini tutmasını təmin etdi. Xalqımızın rahat və firavan gələcəyə bağladığı ümidlər tezliklə doğruldu, azadlıq və müstəqillik yolumuzun qarşısındakı bütün maneələr aradan qaldırıldı.

Əldə edilmiş uğur və nailiyyətlərdən çətin və mürəkkəb bir dövr yaşamış Bakı Metropoliteninə də pay düşdü, paytaxtımızın bu ən populyar ictimai nəqliyyat növünün inkişafına imkan və şərait yarandı, metronun əhalinin artan tələbatına uyğunlaşdırılması məqsədilə zəruri tədbirlərin görülməsinə başlandı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində də Heydər Əliyev metronun qüsursuz fəaliyyəti, inkişafı və genişlənməsi və onun xidmətindən əhalinin rahat isifadə etməsi üçün dövlət büdcəsindən zəruri vəsait ayrılmasına xüsusi diqqət və qayğı göstərmişdir. Məhz ulu öndərimizin böyük nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ayrılmış qrant hesabına Bakıda metro tikintisinin bərpasına başlanmış, “Həzi Aslanov” stansiyasının inşası başa çatdırılmışdır. Metropolitenin uzun illər ərzində intensiv istismar edilmiş vaqon parkının təzələnməsi istiqamətində ilk addımlar da həmin dövrdə atılmışdır: ulu öndərin göstərişi ilə 2002-2003-cü illərdə 50 ədəd yeni vaqon alınmış, sonralar bu ənənə uğurla davam etdirilmiş, 2004-2010-cu illərdə daha 116 yeni vaqon alınıb istismara buraxılmışdır.

Ümummilli liderimizin təşəbbüsü ilə 2002-ci ildə Bakı Metropolitenin 35 illik yubileyinin dünyanın müxtəlif ölkələrindən gəlmiş çoxsaylı qonaqların iştirakı ilə yüksək səviyyədə keçirilməsi mühüm tarixi hadisə kimi yadda qalmışdır. Ulu öndər Heydər Əliyevin yubiley mərasimindəki dərin məzmunlu geniş nitqi milli sərvətimiz olan metronun keçmişi, bugünü və gələcəyi haqqında əsl müntəxabat kimi bu gün də öz misilsiz dəyərini saxlayır.

“Biz metro inşaatını davam etdirməliyik... İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”—ulu öndərimizin metropolitenin 35 illik yubileyində ifadə etdiyi bu arzu və istəyi möhtərəm Prezident İlham Əliyev layiqincə həyata keçirməkdədir. Biz hamımız - istər metropoliten işçiləri, istərsə də metronun xidmətindən istifadə edən hər bir kəs bu sədaqəti, bu qətiyyəti ürəkdən alqışlayırıq.

Bakıda böyük vüsət almış metro tikintisi dövlətimizin başçısının əvəzsiz diqqət və qayğısının bariz təzahürüdür. 2006-2009-cu illərdə dövlət büdcəsindən ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropolitendə yeni inkişaf mərhələsi başlanmışdır. Nəticədə 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci giriş-çıxışı istismara verilmişdir. Yeni stansiyalar paytaxtın əhalisi sıx olan daha bir hissəsində, eləcə də ətraf kənd və qəsəbələrdə ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. 2011-ci ildə “Dərnəgül” stansiyasının istismara verilməsi ilə metro stansiyalarının sayı 23-ə, xətlərin ümumi uzunluğu isə 34,56 km-ə çatmışdır. Bundan başqa, 2008-ci ildə “İçərişəhər” stansiyası tam yenidən qurulmuş, 2011-ci ildə isə “Məşədi Əzizbəyov” stansiyası yenidən qurularaq, “Koroğlu” adı ilə sərnişinlərin istifadəsinə verilmişdir. “28 May” stansiyasında yenidənqurma işləri başa çatmaq üzrədir. Yeni inşa olunmuş stansiyalarda olduğu kimi, bu stansiyalarda da bütün müasir idarəetmə sistemləri quraşdırılmış, yerli şərait nəzərə alınmaqla müasir texnologiyalar tətbiq edilmişdir. Rele otaqlarında köhnə sistemlər mikroprosessor mərkəzləşməsi ilə əvəzlənmiş, müasir, daha təhlükəsiz və asanlıqla xidmət göstərilən ekskalatorlar quraşdırılmışdır, rabitə vasitələri, elektrik təchizatı avadanlıqları, elektromexanika qurğuları və sistemləri yeni standartlara cavab verir.

2008-ci il noyabrın 10-da möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə metropolitenin perspektiv inkişaf planının hazırlanması işlərinə başlanılması nəticəsində gələcək üçün mühüm vəzifələrin müəyyənləşdirilməsinin əsası qoyuldu. Konseptual inkişaf sxeminin texniki-iqtisadi əsaslandırmasını yerinə yetirmək üçün tender keçirildi və metro tikintisi sahəsində böyük təcrübəyə malik, beynəlxalq miqyasda tanınmış Fransanın SYSTRA, İngiltərənin “Mott McDonald” və Koreya Respublikasının “Saman” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. Qurum yeni sxemin hazırlanması məqsədilə müfəssəl sosial-iqtisadi təhlillər apardı, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirdi və ictimai nəqliyyata tələbatı, eləcə də gediş-gəlişin orta məsafəsi, sərnişin axınının istiqamətləri, səbəbləri, sıxlığı və tezliyi müəyyən edildi. Sosial araşdırmalar və hesabatlar əsasında, paytaxt əhalisinin illik artım tempi və məskunlaşma coğrafiyasının genişlənmə istiqamətləri, şəhərsalma prinsipləri müəyyən olundu.

İki il ərzində konsorsiumla birgə Bakının yeraltı dəmir yolları şəbəkəsinin beynəlxalq standartlara uyğun ictimai nəqliyyat sistemi səviyyəsində inkişaf etdirilməsi məqsədilə metropoliten xətlərinin yeni sxemləri hazırlandı. Yekun olaraq, 14 layihədən 4-ü ən münasib variant kimi, ümumi müzakirəyə çıxarıldı.

 

2010-cu il noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən geniş müşavirədə metropolitenin perspektiv inkişaf planı müzakirə edildi. 20 illik inkişaf planına əsasən, yeraltı dəmir yol xətlərinin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olacağı müəyyənləşdirildi. Ölkə başçısının tapşırığına uyğun olaraq, yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində əhalinin məskunlaşması və hərəkət istiqamətləri ilə yanaşı, sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə uzlaşdırılması da layihədə tam nəzərə alınıb.

Möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri həm metro tikintisində, həm də istismar zamanı ən müasir və qabaqcıl texnologiyaların, innovasiyaların tətbiq olunmasıdır. Tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədilə onların xarici diametri 6 metr müəyyən olunmuşdur. Texniki-iqtisadi əsaslandırmada stansiyaların uzunluğu 7 vaqon üçün və ya 144 metr nəzərdə tutulmuşdur ki, bu da əvvəlki stansiya və tunellərdən qat-qat yaxşıdır.

Yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcəkdir. Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. Bu məqsədlə istər stansiyalarda, istərsə vaqonlarda kondisionerləşdirmənin tətbiqi, mikroiqlim sistemlərindən, havalandırmanın yeni metodlarından istifadə olunması, müasir yanğın təhlükəsizliyi sistemlərinin tətbiqi, informasiya təyinatlı elektron vasitələrin, əhalinin müxtəlif sosial təbəqələrinin maraqları nəzərə alınaraq, pandus, lift və travolatorların quraşdırılması və s. nəzərdə tutulmuşdur. Bundan əlavə, stansiya və tunellər ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchiz olunacaqdır. Bir sözlə, elmi-texniki tərəqqinin tətbiqi yeni xətlərdə istismar şərtlərini köklü şəkildə dəyişəcəkdir.

2011-ci ilin martında möhtərəm Prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Bu sərəncamla Bakı şəhərinin sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik olan metropolitenin daha da inkişaf etdirilməsini, yeni xətlərinin və stansiyalarının tikintisini, əhalinin metro nəqliyyatı xidmətlərinə olan tələbatının ödənilməsini, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyini, onun maddi-texniki bazasının gücləndirilməsini və infrastrukturunun yenidən qurulmasını, digər sərnişin nəqliyyatı növləri ilə müqayisədə rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək məqsədilə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilmiş, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu sənəd metro sahəsində çox böyük quruculuq işlərinin əsasını qoymuşdur. Konseptual inkişaf planına uyğun olaraq, Bakı metrosunda 84 km yolun, 53 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Yeni stansiyaların tikintisində ən müasir texnologiyalardan istifadə edilir.

Hazırda “Avtovağzal”, “Əcəmi-2” stansiyalarının, C.Səlimov küçəsindəki şərti adı “B-3” stansiyanın tikintisi plana uyğun şəkildə davam etdirilir. “H.Aslanov-2” stansiyasında, həmçinin Yeni Günəşli və Köhnə Günəşli istiqamətlərində də tikinti işləri aparılır.

Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninə ayrılmış vəsait hesabına jeton sistemindən kart sisteminə keçilmiş, qırx ildən artıq istifadədə olmuş turniketlər yeni müasir dizaynlı turniketlərlə əvəzlənmişdir. Sərnişinlərimizin rahatlığı üçün çip-kartların stansiyalarda qoyulmuş xüsusi aparatda bilavasitə onların özü tərəfindən doldurulması təmin edilmişdir.

Bakı Metropoliteni 2002-ci ildən bəri 166 vaqon almışdır ki, bu da parkın 75 faiz təzələnməsi, sərnişinlərin rahat gediş-gəlişi üçün zəruri şəraitin yaradılması deməkdir. Bu gün “28 May” - “H.Aslanov” xəttində pik saatlarında qatarlar 2 dəqiqə intervalla, “28 May” - “İçərişəhər” və “28 May” - “Dərnəgül” xətlərində isə 4 dəqiqə intervalla hərəkət edir. Bakı Metropoliteni hazırda bir gündə 1 milyon 100 min sərnişin daşımaq qabiliyyətinə malikdir və deməli, biz ildə 365 milyon sərnişin daşıya bilərik.

 

Bu gün Bakı Metropoliteni öz səliqə-sahmanına, təmizliyinə, vaqon parkının vəziyyətinə, maddi-texniki təchizatına və digər göstəricilərinə görə istər MDB məkanında, istər Avropada da yüksək yer tutur.

Möhtərəm Prezidentimizin tapşırığı ilə son 10 ildə metropolitenin maddi-texniki bazasının əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində görülən işlərdən biri də obyektlərdə təhlükəsizlik və videomüşahidə şəbəkəsinin yaradılmasıdır. İlk dəfə 2000-ci ildə quraşdırılmış videomüşahidə sisteminin əsaslı şəkildə yenidənqurulmasına 2009-cu ildə başlanılmış, yeni rəqəmli videomüşahidə sistemi, eləcə də mərkəzləşdirilmiş videomüşahidə şəbəkəsi qısa müddət ərzində istifadəyə verilmişdir. 2011-ci ildə isə geniş bir şəbəkəyə çevrilmiş bu sistemin hərəsində 4 kamera olmaqla vaqonda da tətbiqinə başlanılmışdır. Hazırda metropolitendə quraşdırılmış 4 minə yaxın kamera səmərəli fəaliyyət göstərir.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sırasında SOS sistemləri və qurğularının özünəməxsus yeri var. Hər bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda sərnişinlə dispetçer arasında birbaşa ünsiyyət, əlaqə imkanı yaratmaqla bir çox funksional üstünlükləri ilə seçilir.

Sərnişinlərə xidmət səviyyəsini yüksəltmək məqsədilə stansiyalarda 3 dildə fəaliyyət göstərən informasiya-sorğu köşkləri quraşdırılmışdır ki, bu da şəhərə nabələd olanların həmin sistem vasitəsilə stansiyaların yerləşdiyi ərazilər, mənzil başına çatacaqları müddət barədə məlumat almasına imkan yaradır.

Sərnişinlərə xidmətin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi sahəsində digər tədbirlər də görülmüşdür. Belə ki, postsovet məkanında ilk dəfə 2006-cı ildə Bakı Metropolitenində relslərin qaynaq edilməsində tətbiq olunan yenilik nəticəsində rels qovuşuqları, calaqların, birləşdirici vasitələrin sayı, həmçinin qatarların səs-küyü xeyli azalmışdır. Bu, eyni zamanda, yolların təhlükəsizliyinə, yol avadanlıqlarına qulluğun yaxşılaşdırılmasına, işçi əməyinin mühafizəsinin gücləndirilməsinə müsbət təsir göstərir.

2013-cü ilin iyul ayından metropolitendə daha bir əhəmiyyətli sahə olan yolların vəziyyətinə nəzarət və defektoskopiyasında da yeni sistemin tətbiqinə başlanmışdır. Əvvəllər bu sahə üzrə mütəxəssislər müvafiq təcrübə toplamaq və təhsil almaq üçün Rusiyaya göndərilirdisə, artıq bütün texniki şərait, laboratoriya imkanları, tədris avadanlıqları və sistemlərinin hər biri Bakı Metropolitenində də mövcuddur.

Yolların rəvanlığı da təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Metropolitendə son 10 ildə yerli mürəkkəb geoloji və coğrafi şərait nəzərə alınaraq, relslərin elektrik korroziyasından qorunması üçün yeni üsullar tətbiq edilmişdir ki, bu da mühəndis təfəkkürünün qələbələrindən sayıla bilər.

Sərnişinə xidmət sahəsində stansiya və tunel avadanlıqlarının vəziyyəti xüsusi yer tutur. Bu mənada ventilyasiya sisteminin mütəmadi yenilənməsi, köhnəlmiş qurğuların yenisi ilə əvəz olunması prosesi son onillikdə xüsusi sürətlə aparılmışdır. Metropolitendə sərnişin axınının artması, ələlxüsus da müasir texnoloji inkişaf ventilyatorların bir qisminin modernləşdirilməsini tələb edir. Bu mənada öz kadrlarının gücünə arxalanan metropolitendə əhəmiyyətli yeniləşmə hesabına bir çox ventilyatorların gücü, məhsuldarlığı artırılmışdır. Eyni addımlar ekskalator sahəsində də atılır. Almaniya istehsalı olan yeni ekskalatorların alınması ilə yanaşı, hələ uzun müddət istismarda olacaq eskalatorların ehtiyac olanının hamısı yerli mütəxəssislərin konstruktiv təklifləri əsasında modernləşdirilərək, möhkəmliyi artırılmış, daha təhlükəsiz, etibarlı və rəvan hərəkəti təmin edilmişdir.

Bakı Metropoliteninin perspektiv inkişaf planının geniş müzakirəsində çıxış edərkən möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğulamışdır ki, metronun perspektiv inkişaf proqramı müfəssəl hazırlanmışdır. “Bizim niyyətimiz çox açıqdır, aydındır, birmənalıdır ki, Bakıda metro tikintisini sürətlə irəliyə aparaq. Beləliklə, həm şəhər nəqliyyatına böyük dəstək olacaq, həm də insanlar üçün rahat və çox təhlükəsiz nəqliyyat növü imkanlarını genişləndirəcəkdir”,—deyən möhtərəm Prezidentimizin metroda yenidənqurma və tikinti işlərində ən yeni, ən müasir texnologiyalardan istifadə edilməsi barədə göstərişləri uğurla icra edilməkdədir.

 

Metropolitenin perspektiv inkişafı qarşımızda yeni üfüqlər açır. Peşə bayramı ərəfəsində Rusiyanın “Metrovaqonmaş” səhmdar cəmiyyətindən aldığımız təklif də bunu göstərir. Dünyada tanınan bu müəssisənin rəhbərliyi bizə müraciət edərək, Azərbaycanda metro vaqonları istehsalı sahəsi yaratmağı təklif edir. Rusiyalı dostlarımızın fikrincə, Bakı metrosunun inkişaf sürəti və perspektivləri belə bir müəssisənin yaradılması üçün möhkəm zəmin ola bilər. Biz bu təklifə baxılmasını respublika hökumətindən xahiş etmək niyyətindəyik.

Metropoliten işçilərinin çətin, amma şərəfli əməyi dövlətimiz və onun başçısı tərəfindən daim yüksək qiymətləndirilir. Son illərdə möhtərəm Prezidentimizin fərmanları ilə Bakı Metropoliteninin bir qrup işçisi yüksək mükafatlara – “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, fəxri adlara layiq görülmüş, əmək veteranlarından bir neçəsinə Prezident təqaüdü təyin edilmişdir. İşçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. 10 il əvvəl Bakı Metropolitenində işçilərin orta aylıq əməkhaqqı 108 manat təşkil edirdisə, indi bu rəqəm 519 manata bərabərdir.

Bakı Metropoliteninin səməli fəaliyyətinin təmin olunması burada hökm sürən səmimiyyət və işgüzarlıq mühiti, çoxsaylı kollektivin fədakarlığı, öz işinə böyük məsuliyyətlə yanaşması ilə sıx bağlıdır. Ölkə vətəndaşlarının yüksək rifahı üçün çalışan möhtərəm Prezident İlham Əliyevin tapşırıq və tövsiylərinə uyğun olaraq, metropolitendə də işçilərin sosial-məişət məsələlərinin həllinə hərtərəfli diqqət və qayğı göstərilir. Kollektiv müqavilədə işçilər fərdi hüquq və mənafelərinin təmin edilməsi ilə yanaşı, onların ailə vəziyyətini, həyat şəraitini nəzərə alan bir çox müddəlar da yer almışdır.

Bakı Metropoliteninin Bilgəh qəsəbəsindəki sanatoriya-profilaktoriyası və istirahət mərkəzində kollektiv üzvlərinin sağlamlığının möhkəmləndirilməsi və istirahətinin səmərəli təşkili üçün lazımi şərait yaradılmaqdadır.

Nərimanov elektrik deposu ərazisində 2008-ci ildə istifadəyə verilmiş idman-sağlamlıq kompleksi metro işçilərinin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. 2010-cu ildə isə depo ərazisində müasir standartlara cavab verən süni örtüklü mini-futbol və tennis-voleybol meydançaları istifadəyə verilmişdir. Metropoliten kollektivləri arasında daxili spartakiadaların keçirilməsi ənənəvi hal almışdır.

Metropolitendə iş yerlərinin müasir standartlara uyğunlaşdırılması, ən müasir texniki vasitələrlə, sosial tələblərin tam kompleksinə cavab verən soyunub-geyinmə, istirahət otaqları, məişət əşyaları və avadanlıqları, o cümlədən soyuducular, kondisioner, havalandırma sistemləri ilə təchiz olunması diqqət mərkəzindədir. 2010-cu ildən bütün xidmət və sahələrə sürətli internet xətti çəkilmişdir. İdarəetmədə müasir texnologiyalardan fəal istifadə edilir.

Bütün xalqımız kimi, metropoliten işçiləri də müstəqil Azərbaycanın gələcəyinə nikbinliklə baxırlar. Möhtərəm Prezident İlham Əliyev bu il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində demişdir: “...Azərbaycanın birmənalı siyasəti—cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq”.

Biz də, öz növbəmizdə, ölkəmizin bundan sonra da qüdrətlənməsi, qarşıya qoyulmuş hədəflərə yetişməsi üçün bütün qüvvə və imkanlarımızı səfərbər etmişik. İnamla deyə bilərik ki, dövlətimizin və onun başçısının güclü dəstəyi sayəsində Bakı Metropoliteninin inkişafı ilə bağlı bütün layihələrimiz uğurla gerçəkləşəcək, paytaxtımızın sakinləri və qonaqlarına ən yüksək standartlarla xidmət göstərmək arzumuz tam həyata keçəcəkdir.

Metropoliten işçilərini və sərnişinlərimizi bayram münasibətilə təbrik edir, hamıya xoş əhval-ruhiyyə, firavanlıq arzulayıram!

 

 

Tağı ƏHMƏDOV,

 

Bakı Metropoliteninin rəisi.

 

Respublika.-2013.- 8 noyabr.- S.6.