Möhtəşəm bayrağımız

 

Gündən-günə inkişaf edən, gözəlləşən paytaxtımızın girəcəyində, ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə tikilib istifadəyə verilən Bayraq Meydanında ücrəngli möhtəşəm bayrağımız əzəmətlə dalğalanır. Bu bayraq hamımızın qürur mənbəyidir. Bu bayraq dalğalandıqca bizi yeni zəfərlərə səsləyir. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Ölkə başçısının da vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini ifadə etmişdir. Bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını önə çəkən dövlət başçısı dövlət rəmzlərimizin, milli atributlarımızın əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-cu il tarixli sərəncam imzaladı. Bundan sonra hər il xalqımız 9 noyabrda Dövlət Bayrağı Gününü xüsusi təntənə ilə, bütün sahələrdə əldə olunan nailiyyətlərlə qeyd edir.

Bu gün qədim, həm də şərəfli tarixi olan Azərbaycanın hər yerində keçirilən tədbirlərdə bir daha keçilən yol təhlil olunur. Əzəmətlə dalğalanan ücrəngli bayrağımız tarixi yaddaşlarda təzələnir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında da qeyd olunduğu kimi, həmin bayraq 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cu il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqındaAzərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. İndi bütün dünya azərbaycanlılarınn fəxr etdiyi dövlət bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında əzəmətlə ucalır. Şübhəsiz ki, bu, hər bir vətənpərvərə böyük qurur hissi bəxş edir. Ölkəmiz güclü dövlətdir, müstəqilliyimizin ən böyük qarantı özünün misilsiz xidmətləri, qətiyyətli fəaliyyəti ilə xalqımızın böyük inam və etibarını qazanan Prezidentimiz İlham Əliyevdir. Təsadüfi deyil ki, 9 oktyabr 2013-cü il prezident seçkilərində də xalqımız məhz bu sevgi sayəsində yenidən cənab İlham Əliyevə səs vermişdir. Yaşadığımız dövrün bəşəri əhəmiyyət daşıyan fərqləndirici cəhəti onun minilliklərin qovşağında olmasıdır. Bu reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan müdrik siyasi kursunu, mükəmməl siyasi, sosial-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun ən önəmli səbəbi ulu öndərimiz Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədir. Birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Ötən əsrin doxsanıncı illərinin ortalarında “Əsl siyasət konkret, real görməkdən ibarətdir” devizi ilə ictimai-siyasi fəaliyyətə başlayan cənab İlham Əliyev on il öncə “Mən hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəm”, - söyləyərək Azərbaycanın müasir tarixinə yeni missiya ilə qədəm qoydubu missiya indiuğurla davam edir.

Son on ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, bir milyondan çox yeni yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, diasporlobbiçliik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttin prioritet istiqamətləridir.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir, aparılan iqtisadi islahatlarda yenə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra Azərbaycan iqtisadiyyatı yenə də dayanıqlığına və inkişaf səviyyəsinə görə fərqlənənlər sırasında idi. Elə bu da böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki kimi yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub. Siyasət, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu sahələr üzrə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən biri məhz Azərbaycandır.

Bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın siyasi kursunda, sosial-iqtisadi inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyub. Keçid dövrünə xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının daha dolğun ödənilməsinə münbit şərait yaratmaqla Azərbaycanın siyasiiqtisadi qüdrətini daha da yüksəldib. Milli neft strategiyası, enerji siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qloballaşan dünyanın tələbinə uyğun olaraq ölkəmizdə daha intensiv aparılır və bəhrəsini verir. Son illər Azərbaycan bu sahədə də möhtəşəm uğurlara imza atıb. İqtisadiyyatımızın əvvəlki illərlə müqayisədə daha çox şaxələndirilməsi, rəqabət qabiliyyətinin artması müşahidə olunur ki, bu da hərtərəfli inkişafı təmin edən amillərdəndir. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətində şaxələndirmə mühüm yer tuturbu, iqtisadiyyatımızın hər hansı bir amildən asıllığını aradan qaldırıb.

Azərbaycan hazırda düşünülmüş, balanslaşdırılmış çox uğurlu müstəqil xarici siyasət yürüdür. Azərbaycan bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin MDB ölkələri ilə, digər tərəfdən Şərq, İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər qurub. Eyni zamanda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində, yəni çoxformatlı şəkildə də inkişaf etdirir. Bütün bunlar ölkəmizin ölçülüb-biçilmiş xarici siyasət prinsiplərindən irəli gəlir. Təsadüfi deyil ki, dövlət başçısının xarici səfərləri, apardığı danışıqlar dünyada çox böyük maraq doğurur. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində ikitərəfli münasibətləri müzakirə etməklə yanaşı, dünyada, xüsusən regional proseslərlə bağlı onun mövqeyni öyrənirlər.

Bu gün Azərbaycan dünya birliyinin ən önəmli üzvlərindən biridir, Qərb və Şərq sivilizasiyalarını birləşdirən strateji məkandır. Dünya əhəmiyyətli qlobal layihələr məhz Azərbaycanın təşəbbüsü, razılığı və iştirakı ilə həyata keçirilir. Azərbaycan mədəniyyətinin inkişafı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır, ölkəmizin hər yerində yeni memarlıq abidələri ucaldılır və bunlar qədim tarixə malik mədəniyyətimizin yeni inciləridir. Bu gün cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin qorunması, inkişafı və dünyada təbliğı istiqamətində olduqca böyük işlər görür. Azərbaycanın inkişaf meyarları bütün istiqamətlər üzrə Avropa dövlətlərinin standartlarına yüksəlir.

 

 Biz Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı olmaqla yanaşı, öz qədim mədəniyyət irsimizi, incilərimizi də təqdim edirik. Bakı şəhərinin 2009-cu ildə İslam Mədəniyyəti mərkəzinə çevrilməsi, İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğumilli muğamımızın YUNESKO-nun bəşəriyyətin şifahiqeyri-maddi irsinin əsərləri siyahısına salınması, Bakıda dünyanın ən uca bayrağının yüksəlməsi, burada möhtəşəm muzey kompleksinin salınması və digər uğurlarımız mədəni irsimizin dünya miqyasında tanınması və təbligində mühüm əhəmiyyət daşıyır.

Azərbaycan iqtidarının siyasətində dövlətlərarası mədəniyyət əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlığın yeni dünya nizamına uyğun inkişafı mühüm yer tutur. Bu istiqamətdə ölkəmizdəki mədəniyyət assosiasiyaları təşkilatlarının, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun işi də təqdirəlayiqdir. Müxtəlif ölkələrlə qarşılıqlı surətdə təşkil olunan mədəniyyət forumları da bu baxımdan səciyyəvidir və mədəniyyətlərarası dialoqun və münasibətlərin möhkəmlənməsində də mühüm rol oynayır.

Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da xidmətləri danılmazdır. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülhsabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi və s. kimi nəcib ideallar üstünlük təşkil etmişdir.

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, dünyada söz sahibinə çevrilməsi günümüzün reallığıdır. Bu əlamətdar gündə inamla qeyd etmək olar ki, ötən illər ərzində respublikamızda bütün sahələrdə yalnız inkişaf və tərəqqi görürük. Tez-tez xarici səfərlərdə olub Azərbaycana qayıdanda bu dinamik inkişafın yeni çalarlarının şahidi olursan. Onu da əlavə edim ki, abadlıq və quruculuğun daha geniş vüsət aldığı respublikamızın bütün bölgələrində parkxiyabanlarda ucaldılan əzəmətli bayrağımız bu inkişaf və tərəqqiyə əlavə rəng qatır. İnanırıq ki, möhtərəm Prezidentimizin yürütdüyü qətiyyətli siyasət sayəsində işğaldan azad olunacaq Qarabağ torpağında da möhtəşəm bayrağımız əzəmətlə dalğalanacaqdır.

 

 

Yusif ƏLƏKBƏROV,

 

Prant” şirkətinin prezidenti, beynəlxalq mükafatlar laureatı.

 

Respublika.-2013.- 9 noyabr.- S.5.