Binəqədi rayonunda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

 

Noyabrın 8-də Binəqədi Rayon İcra Hakimiyyətində idarə və müəssisə, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü və 12 noyabrKonstitusiya Günü münasibətilə təntənəli tədbir keçirildi. Dövlət Himnimiz səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş etdirildi.

Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gündəlikdə duran məsələ ilə bağlı çıxış etdi. O, toplantı iştirakçılarını salamlayaraq hər iki bayram münasibətilə hamını təbrik etdi. RİH başçısı bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Demokratik ölkənin Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. Məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin bayraq ləğv edilmişdir. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də xalqımızın qəhrəman oğlu ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Həmçinin ölkə rəhbərinin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Dövlət Bayrağı Günü təsis edilmişdir. Həmin vaxtdan etibarən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il 1 sentyabr tarixində olub. Paytaxtın Bayıl ərazisində salınmış Dövlət Bayraq Meydanı memorial abidə və istirahət parkı kimi ictimaiyyətin və xaricdən gələn qonaqların diqqətini cəlb edir. Dövlət bayrağı xalqımızın qürur mənbəyidir. Bu qürur ondan irəli gəlir ki, hər bir dövlətin bayrağında onun  tarixini əks etdirən rəmzləri, simvolları əks olunur. Dövlət bayrağı qarşısından ölkə rəhbərləri, əsgərlər əzmlə keçirlər. Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayır. Öz tarixi keçmişini xatırlayan, onu hifz edən xalq, əlbəttə ki, dövlət bayrağını da bütün varlığı ilə sevir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb 1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamızın müstəqillik tariximizdə əhəmiyyətinin böyük olduğunu vurğulayan RİH başçısı Xaləddin İsgəndərov qeyd etdi ki, hər kəs bu bayramları öz əməli işi ilə qeyd etməli və müqəddəs rəmzlərə daha layiqli vətəndaş olmağa çalışmalıdır.

Daha sonra professor Anar İsgəndərov Dövlət Bayrağımızın tarixi, Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar geniş məruzələrlə çıxış etdilər.

Tədbir Binəqədi rayonundakı 26 saylı uşaq və gənclər məktəbinin, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ifasında Dövlət bayrağına həsr olunmuş bədii hissə ilə başa çatdı.

 

Ramiz YUSİFLİ

 

Respublika.-2013.- 9 noyabr.- S.6.