DÖVLƏT
BAYRAĞI GÜNÜ TƏNTƏNƏLİ
ŞƏKİLDƏ QEYD OLUNMUŞDUR
Lənkəran
Lənkəranda dövlət atributlarına böyük məhəbbət və ehtiram vardır. Şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində salınmış Bayraq Meydanı subtropiklər diyarının mərkəzinə xüsusi gözəllik gətirir. Bu meydan lənkəranlıların dövlət atributlarımıza olan sevgisini, hörmət və ehtiramını əyani nümayiş etdirir.
Meydan memarlıq baxımından orijinallığı ilə seçilir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın Dövlət Himni və Gerbi əks olunmuşdur.
Burada həmçinin Azərbaycanın Dövlət Bayrağı, Himni, Gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılmışdır. Meydanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir.
Dövlətimizin başçısı 2012-ci il iyul ayının 31-də cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranın Bayraq Meydanında yaradılmış şəraitlə yaxından tanış olmuş, görülmüş işləri yüksək qiymətləndirmişdir.
Son vaxtlar Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada maraqlı tədbirlər keçirilir. Artıq meydan lənkəranlıların sevimli ünvanına, gənclərin and yerinə çevrilmişdir.
Dövlət Bayrağı Günü münasibətilə meydanda əsl qələbəlik hökm sürürdü. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının, əmək kollektivlərinin nümayəndələri, ağsaqqallar, gənclər, şəhər sakinləri meydana toplaşmışdılar. Tələbə gənclərin əllərində tutduqları bayraqlar əzəmətlə dalğalanırdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və tədbir iştirakçıları əvvəl şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Azərbaycan Bayrağına həsr etdikləri rəsm sərgisi ilə tanış oldular.
Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonun incəsənət ustalarının ifasında “Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq - öz yurduma öz hakimliyim” adlı ədəbi-bədii kompazisiya nümayiş etdirildi. Bayram mərasimində dövlətçiliyimizin, milli qürurumuzun rəmzi olan müqəddəs bayrağımıza həsr olunmuş şeirlər səsləndi, rəngarəng mahnılar ifa olundu.
Astara
Dövlət Bayrağı Günü ilə əlaqədar Astara rayonunda silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Mərkəzində, rayon tarix-diyarşünaslıq muzeyində, rayon mərkəzi kitabxanasında, Astara Pedaqoji Kollecində konfrans və sərgilər, ümumtəhsil məktəblərində rəsm və inşa yazı müsabiqələri, məktəblilər və gənclər arasında kross, sərbəst güləş, şahmat yarışları keçirilmişdir.
Kijəbə qəsəbəsində və Astara şəhərindəki Bayraq meydanlarında təntənəli mərasimlər təşkil olunmuşdur. Rayonun ümumtəhsil məktəblərində və Astara Pedaqoji Kollecində ilk dərslər Dövlət Bayrağına həsr olunmuşdur.
Astara Rayon İcra Hakimiyyətində “Dövlət Bayrağı Günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbiri Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
İcra başçısı bildirmişdir ki, Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş, 1920-ci ilin aprel ayınadək dövlət rəmzlərindən biri olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə keçirilən sessiyada dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı olmuşdur. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına salınmışdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və Dövlət Bayrağı Muzeyi meydanın görkəmini, möhtəşəmliyini artırmış, onu daha da baxımlı etmişdir.
Astarada iki yerdə - Astara şəhərində və Kijəbə qəsəbəsində Bayraq Meydanı yaradılmışdır. Hər iki meydanın açılışında ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etməsi əlamətdar hadisə kimi astaralıların yaddaşında silinməz izlər buraxmışdır.
Rayonun giriş qapısı sayılan Telman kəndində Dövlət Bayrağımız əzəmətlə dalğalanır. Bu gün hər bir astaralı milli bayrağımızla fəxr edir, qürur duyur.
Ölkə rəhbərinin apardığı məqsədyönlü, uğurlu siyasət sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, Dövlət Bayrağımızın Dağlıq Qarabağda dalğalanacağını inamla bildirən icra başçısı Qəzənfər Ağayev astaralıları 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik etmiş, onlara xoş arzularını söyləmişdir.
Sonra Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mərasim Hacıyevin “Dövlət Bayrağı Günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda məruzəsi dinlənilmişdir.
Konfransda rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, Astara Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov, Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev çıxış etmişlər.
Bayram mərasimində Azərbaycan Prezidentinin sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mərasim Əliağa oğlu Hacıyevə, Əməkdar müəllim fəxri adına layiq görülmüş Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Maya Əliməmməd qızı Həsənovaya və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə qalib olduğuna görə diplomla təltif olunmuş “Astara” qəzetinin baş redaktoru Azər Ağadadaş oğlu Abdullayevə təltiflər təqdim olunmuşdur.
Əlisəfa Həsənov
Respublika.-2013.- 9 noyabr.- S.8.