C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında

treninq keçirilmişdir

 

 

  6 oktyabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müxtəlif mövzularda mütəmadi olaraq treninq və məşğələlər keçirilir. Noyabrın 5-dən 8-dək sözü gedən kitabxanada kitabxana saytlarının müasir oxucuların tələblərinə cavab verməsi məqsədilə, eləcə də onların inkişafı və modernləşdirilməsi üzrə mövzuda treninq keçirilmişdir.

Treninqdə Samux, Qusar, Göygöl, Siyəzən, Göyçay, Yardımlı, Bərdə, Yevlax, Şuşa, Zəngilan və digər rayonların mərkəzləşdirilmiş kitabxanaların veb-sayt üzrə mütəxəssisləri iştirak etmişdir.

Dörd gün davam edən treninqin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri, təcrübəli və tələbkar mütəxəssis Lətifə xanım Məmmədova çıxış etmiş və Dövlət Proqramından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Lətifə Məmmədova vurğulamışdır ki, treninqin keçirilməsində əsas məqsəd kitabxanalarda mövcud olan saytları modernləşdirmək, daha da maraqlı etmək və oxucu tələbatını ödəməkdir.

Kitabxananın əməkdaşları Günay Həsənova və Solmaz Osmanova iştirakçılara veb-saytla bağlı ətraflı məlumatlar vermiş və onların suallarını cavablandırmışlar.

Treninqin sonuncu günüdə Lətifə xanım mütəxəssislərə uğurlar arzulamış və bildirmişdir ki, keyfiyyətli veb-sayt şəffaf olmalıdır, yəni burada saytın ünvan məlumatları və məqsədi, eləcə də onu idarə edən məsul təşkilat dəqiq və aydın şəkildə göstərilməlidir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov qeyd etmişdir ki, ilin sonuna qədər bu kitabxanada Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar buya digər mövzularda bir neçə treninqlərin keçirilsməsi də nəzərdə tutulmuşdur. Mütəxəssislər yüksək səviyydə təşkil olunmuş treninqin əhəmiyyətindən danışmışlar.

 

Rauf İLYASOĞLU

 

Respublika.-2013.- 9 noyabr.- S.8.