Nəsimi rayonunda Konstitusiya günü ilə bağlı dəyirmi masa

 

Ümummilli liderimiz Heydər Əliyev ilk Milli Konstitusiyamızın hazırlanmasında  həm Azərbaycanın milli dəyərlərindən, həm ümumbəşəri dəyərlərdən, dünyanın  demokratik dövlətlərinin təcrübəsindən  istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütünlükdə cəmiyyətin hər kəsin firavanlığının təmin olunmasını istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi.

Bakının Nəsimi rayonunda müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlı geniş mərasim keçirildi. Toplantıda  rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı  Nəsib Məhəməliyev  çıxış edərək vurğuladı ki, Azərbaycanda  yeni Konstitusiyanın  qəbulu Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Əsas Qanunun qəbulu cəmiyyət  həyatında demokratik dəyişikliklərə  yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi  üçün əlverişli  şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi  ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan müasir dünyəvi və vətəndaş cəmiyyəti  quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşmasında mühüm addım oldu.

Vurğulamaq lazımdır ki, Azərbaycan Konstitusiyasının  hüquqi  fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi  islahatların dərinləşməsi bütövlükdə ölkəmizin  həyatında  özünü  qabarıq göstərən fundamental  dəyişikliklər  pozitiv  yeniliklər  Azərbaycan Konstitusiyasında  yenidən bir sıra əlavə və dəyişikliklər  edilməsini gündəmə gətirdi.

2009-cü il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq  səsverməsi Azərbaycan xalqının demokratikləşmə  liberallaşmaya  xidmət edən, insan hüquqlarının qorunmasında  əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi. Əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da  təkmilləşməsinə insan və vətəndaş  hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin  bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı,  onun müddəalarının liberallığı, demokratik  səciyyə daşıması ilə seçilir.

Cənab  İlham Əliyevin rəhbərliyi  ilə Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə  olunan şərəfli  dövrünü  yaşayır, öz inkişafının keyfiyyətcə yeni, daha yüksək  mərhələsinə  qədəm qoymuşdur. Ölkə   iqtisadiyyatı dinamik inkişaf  edir, dövlət  və cəmiyyət həyatının bütün  sahələrində tərəqqi  əldə olunur, genişmiqyaslı quruculuq işləri və sosial yönümlü layihələr  uğurla həyata keçirilir, Azərbaycan  dünya  birliyində özünə   layiqli yer tutaraq müstəqil siyasət yürüdür.

Azərbaycan Respublikası Konstitusiyasının qüvvəyə minməsindən artıq 18 il keçir. Bu müddət  ərzində ölkəmizdə  bütün sahələri əhatə edən islahatlar həyata keçirilmiş  Azərbaycanda dünyəvi  demokratik  dövlətçilik  ənənələri,  insan hüquq və azadlıqlarının toxunulmazlığını təmin edən sivil cəmiyyət  formalaşmışdır. Bütün  bunlar  ölkəmizdə  hüquqi  dövlət quruculuğu işinin uğurlu  nəticəsi  kimi qiymətləndirilməlidir.

Nəsib Məhəməliyev çıxışında son olaraq vurğuladı  ki, 2013-cü il oktyabrın  9-da  keçirilmiş seçkilərdə  təcrübəli siyasi lider kimi növbəti dəfə xalqın yüksək etimadını  qazanmış cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın   rifahı günbəgün daha da  yaxşılaşacaqdır.

“Dəyirmi  masada rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Vasif Əliyevin də geniş  çıxışı oldu.

 

 

Qədir ASLAN

 

Respublika.-2013.- 13 noyabr.- S.12.