DÖVLƏT BAYRAĞI GÜNÜ TƏNTƏNƏLİ ŞƏNLİK

 

ŞABRAN

 

Bu ilin iyul ayının 19-da Şabran bölgəsinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayon mərkəzindəki Bayraq Meydanında da olmuşdur.

Əzəməti, keçmişi ilə bu günümüzü, gələcəyimizi özündə qovuşduran Bayraq Meydanının ərazisi Şabran şəhərinin Azadlıq prospektinin payına düşür.

Bunun da çox rəmzi bir mənası var. Axı o müqəddəs üçrəngli bayrağımızı təzədən bizlərə qaytaran əldə etdiyimiz müstəqilliyimiz, şəhid qanları bahasına qazandığımız azadlığımız, dövlət suverenliyimiz olub.

Axı “bayraqları bayraq yapan üstündəki qandır...”

Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şabranda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu Bayraq Meydanı da ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani sübutudur. Şabrandakı Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bayraq dirəyinin hündürlüyü 26 metrdir. Meydan Şabranın giriş hissəsində yerləşir. Ərazidə geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır. Əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanındakı binada Azərbaycanın dövlət atributları, Şabran rayonunun emblemi və qədim xəritəsi, üçüncü mərtəbədə bölgənin xalçaçılıq sənətinin tarixi ilə bağlı ekspozisiya, dördüncü mərtəbədə “Xınayaxdı” folklor xalq kollektivinin dekorativ xalq tətbiqi sənəti nümunələri, beşinci mərtəbədə rayonun həvəskar rəssamlarının yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilir.

Dövlət Bayrağı Günü ilə əlaqədar rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Bayraq Meydanında geniş tədbir keçirildi.

Tədbirdə çıxış edən rayon İH başçısı Novruz Novruzov bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, bayrağımız qürur mənbəyimizdir.

Bu gün hər bir azərbaycanlının qəlbində müqəddəs bir arzusu var. Üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq! Cənab İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır.

Tədbirin əvvəlində və sonunda digər dövlət atributu - Milli Himnimiz səsləndi.

 

Aydın Tağıyev

 

Respublika.-2013.- 13 noyabr.- S.12.