DÖVLƏT BAYRAĞI
GÜNÜ QEYD EDİLDİ
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bayraq Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ilk öncə universitetin rektoru, professor Timuçin Əfəndiyev çıxış edərək universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Bayraq Günü münasibətilə təbrik etmişdir. Rektor Bayraq Gününün mahiyyəti haqqında söhbət açmış, Azərbaycan Respublikasının Dövlət bayrağının suverenliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olduğunu qeyd etmişdir: “Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayraq meydanının təntənəli açılış mərasimi olmuşdur. Bayraq meydanının açılışında iştirak edən prezident İlham Əliyev bildirmişdir ki, hündürlüyünə, istifadə olunmuş materialların həcminə görə Dövlət Bayrağı Meydanında ucaldılmış bayrağımızın dünyada heç bir analoqu yoxdur. Bu isə bizim dövlətimizin böyük inkişafından xəbər verir. Cənab prezident demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. Azərbaycan bayrağı hər bir vətəndaşın fəxri , iftixarı və qürur mənbəyidir”. Daha sonra çıxış edənlər bu günün əhəmiyyəti haqqında iştirakçılara məlumat vermişlər. Universitetin dosenti, millət vəkili Mübariz Qurbanlı bayrağın əhəmiyyətindən danışaraq demişdir: “Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağımız milli suverenliyimizin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu üçrəngli bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Fərəh hissi duyulacaq bir haldır ki, bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə bərabər, toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında ucaldılaraq milli birliyimizi təcəssüm etdirir”.
Tədbir tələbələrin hazırladığı kompozisiya ilə sona çatmışdır.
Arzu ƏLİYEVA
Respublika.-2013.- 13 noyabr.- S.12.