Mədəni
irsimizi qoruyaq
Dünya mədəniyyətlərinin sivilizasiya zamanında Azərbaycanın qədim mədəniyyət mərkəzi, vaxtilə “Qafqazın konservatoriyası” adlanan Şuşa şəhəri 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib. Təkcə Şuşada 8 muzey, 30 mədəniyyət evi və klub, 31 kitabxana, 8 uşaq incəsənət və musiqi məktəbləri, 248 tarixi abidə, 25 minədək muzey eksponatları işğala məruz qalmış və bu günədək erməni vandalları tarixi abidələri darmadağın etməkdə davam edir. İşğaldan sonra Şuşa Mədəniyyət və Turizm şöbəsi öz fəaliyyətini rayon icra hakimiyyəti və şəxsən Bayram Səfərovun yaxından köməkliyi ilə günün tələbləri səviyyəsində qurur.
Bütün bunlarla əlaqədar olaraq Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovla görüşdük. Zahid müəllim söhbətə başlamazdan öncə məni şöbənin yeni inzibati binası ərazisində yaratmış olduğu interyerlə tanış etdi. Bura ilk baxışdanca bağ-bağça ilə əhatə olunmuş, yağlı boya ilə işlənmiş “İsa bulağı”, “Cıdır düzü”, “Qırxpilləkan”, “Cıdırdüzü kahası”, “Armudlu bulağı”, “Turşsu” və Şuşanın panoramı ilə, rəsm əsərləri ilə əhatələnmiş şöbə binası ilk andanca insanı şuşalı günlərə qaytarır.
Zahid müəllimlə söhbt əsnasında o bildirdi ki, son illər şöbə 200-dən çox rayon, respublika və beynəlxalq əhəmiyyətli tədbirlər hazırlayıb həyata keçirmişdir. Bununla yanaşı şöbə “Şuşa Azərbaycanın tarixi və mədəniyyət incisidir” mövzusunda elmi-praktiki konfranslar da hazırlamışdır.
Rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə bu gün şəkil qalereyasında 8000-dən artıq yağlı boya ilə işlənmiş rəsm əsərləri nümayiş etdirmiş, o cümlədən burada qrafika və qədim əşyalar da toplantı tamaşaçıların xidmətinə vermişdir.
Qeyd etmək lazımdır ki, işğal zamanı Şuşadan Ü.Hacıbəyovun ev muzeyinin eksponatları, Azərbaycan Xalq Tətbiqi Sənəti Xalça Muzeyinin Şuşa filialında olan 200-dən artıq xalça və xalça məmulatları xilas edilərək Bakı şəhərinə gətirilmiş və onlar hazırda Azərbaycan Xalça Tətbiqi Sənəti Xalça muzeyində əmanət kimi saxlanılır, qorunur və nümayiş etdirilir. Şuşa Mədəniyyət və Turizm Şöbəsi eyni zamanda kulinariya sərgilərində yaxından iştirak edir. Z.Abbasov onu da qeyd etdi ki, işğaldan sonra şöbədə yeni “Şuşa”, “Şuşanın dağları” xalq çalğı alətləri ansamblı, “Qarabağ” xalq çalğı alətləri orkestri də yaradılmışdır. Bu kollektivlər daim tamaşaçılar qarşısında maraqlı proqramlarla çıxışlar edir.
Fərəhləndirici haldır ki, şöbə təkcə bununla işlərini bitmiş hesab etmir. Şöbənin material köməkliyi ilə Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” kimi nəfis tərtibatlı kitab da nəşr edilmişdir. “Şuşa musiqi beşiyidir”, “Şuşa-Pənahabad”, “Şuşa abidələri”, “Şuşa Azərbaycanın tarixi və mədəniyyət incisidir” kitabları, bukletləri şöbə tərəfindən hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının köməkliyi ilə nəşr edilmişdir.
Qeyd etməliyik ki, Respublika Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Muğam” müsabiqələrində və Heydər Əliyev Fondunun keçirdiyi “Muğam” televiziya müsabiqəsində o şöbənin özfəaliyyət üzvləri, musiqi məktəblərinin şagirdləri daim yaxından və layiqincə iştirak edirlər.
Qeyd etməliyik ki, şöbənin müxtəlif özfəaliyyət kollektivləri xarici ölkələrdə də daim təmsil olunur. “Azərbaycan Respublikası Dağlıq Qarabağın azərbaycanlı icması” ictimai birliyi ilə birgə keçirilən tədbirlə əlaqədar şöbənin bədii kollektivi İtaliyada olmuş, Roma konservatoriyasında maraqlı proqramlarla çıxış etmişdir.
Cari ildə icmanın dəstəyi ilə şöbənin özfəaliyyət kollektivi Macarıstan respublikasında XIII Beynəlxalq rəqs və folklor festivalında iştirak etmiş, festivalda 16 böyük dövlətin musiqi kollektivləri arasında uğur qazanaraq “Ən maraqlı” folklor kollektivləri arasında diplom və fəxri fərmana layiq görülmüşdür.
İndi şöbə tabeliyində 7 uşaq musiqi məktəbi, İMKS və onun 19 filialı, 1 muzey, rəsm qalereyası, 3 mədəniyyət evi, 1 klub fəaliyyət göstərir ki, həmin müəssisələrdə 457 nəfər işçi çalışır ki, onların hər biri dövlətimizin mədəniyyət işçiləri qarşısında qoyduğu vəzifələri uğurla həyata keçirmək üçün əlindən gələni edirlər.
Bütün bunlarla yanaşı şöbə dahi Azərbaycan şairi N.Gəncəvinin 870 illiyi, X.B.Natəvanın 180 illiyi, M.F.Axundovun 200 illiyi, Niyazinin 100 illiyi, Ş.Ələkbərovanın 90 illiyi, R.Abdullayevin 75 illiyi ilə mədəni-kütləvi tədbirlər də hazırlayıb həyata keçirmişdir. Rayonun özfəaliyyət üzvləri Ağstafa şəhərində keçirilən gənc aşıqların müsabiqəsində fəal iştirak etmiş, aşıq Sahil Qurbanov respublika üzrə 2-ci yerə, pul mükafatına və nazirliyin fəxri fərmanlarına layiq görülmüşdür. Bundan başqa, 14 nəfərdən ibarət olan aşıqlar qrupu Türkiyədə keçirilən beynəlxalq folklor yarışmasında 31 dövlətdən 400 nəfərin iştirak etdiyi müsabiqədə qızıl medala layiq görülmüşdür.
Bütün görülən tədbirlərin nəticəsidir ki, keçən il rayonun musiqi məktəblərini bitirən 24 nəfərdən 3 nəfəri Bakı Musiqi Akademiyasına, 4 nəfəri Milli Konservatoriyaya, 17 nəfəri musiqi kollecinə qəbul olmuşlar. “Şuşa” xalq çalğı alətləri ansamblının ilk dəfə olaraq diski buraxılmışdır.
Turşsu kənd uşaq musiqi məktəbi üçün Fatmai kəndində yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Rayon kitabxana sistemində
kitabxananın saytı
yaradılmışdır. Burada elektron
kitabxananın istifadəyə
verilməsi üçün
ciddi tədbirlər görülür. Ötən
il Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə “Park İnn” otelində respublikanın bütün
mədəniyyət və
turizm şöbələrinin
iştirakı ilə
Şuşa Rayon Mədəniyyət
və Turizm Şöbəsinin saytının
təqdimatı keçirilmişdir.
Şöbədə görülən
bu və ya digər tədbirlərin
və görülən
işlərin nəticəsidir
ki, Şuşa Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Zahid Abbasov Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi”
medalına, eyni zamanda nazirliyin yeni təsis etdiyi “Fəxri mədəniyyət işçisi”
döş nişanına
və fəxri fərmanına layiq görülmüşdür.
Zabit CAVADOV,
Respublika.-2013.-15 noyabr.-S.7.