Təkzibedilməz siyasi həqiqət: tarixi faktlar və sənədlər

 

 Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan ParlamentiQarabağ” məsələsini müzakirə edərək separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırib mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanov general-qubernator təyin edildi.  Azərbaycan hökuməti ona tapşırdı ki, orada qayda-qanun yaratsın və yerli hakimiyyət təşkil etsin.

Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı.

Sovet dövründə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması və DQMV-nin yaradılması. Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.

Cənubi Qafqaz respublikalarının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşundakı ərazilərinin müqəddəratını əhəmiyyətsiz etsə də, sovetləşmənin ilk illərində sovet Rusiyasının Azərbaycana münasibəti daha çox qərəzli məzmun daşıyırdı.

Sovet Rusiyasının rəhbər dairələri Qafqaz siyasətini əsasən Q.OrconikidzeS.Kirov vasitəsilə həyata keçirirdilər. Artıq may ayında V.Lenin “Azərbaycana rəhbərliyi” Orconikidzeyə rəsmi həvalə etmişdi. Çox hallarda Orconikidze iradəsini Azərbaycan rəhbərliyinə diqtə edir, prinsipial məsələlərə qeyri-ciddi yanaşaraq ardıcıl mövqe göstərmirdi. Məşhur azərbaycanşünas Odri L.Alstadt yazır:  Lenin Orconikidzeyə fəaliyyət üçün tam səlahiyyət vermişdi ki, Azərbaycanın daxilixarici siyasətini bütünlüklə istiqamətləndirsin.” Bir sözlə, Q.Orconikidze Qafqaz bürosu vasitəsilə Qafqaza tam nəzarət edirdi.

1920-ci il iyunun 19-da Q.Orconikidze Vladiqafqazdan V.Leninə və G.Çiçerinə göndərdiyi teleqramda bildirirdi: “Qarabağda və Zəngəzurda Sovet hakimiyyəti elan edilmişdir və adı çəkilən hər iki ərazi özünü Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi hesab edir”. Bu fikri Q.Orconikidze V.Leninə, İ.Stalinə və G.Çiçerinə göndərdiyi sonrakı teleqramlarda da təkrar edirdi. Ümumiyyətlə, iyun-iyun aylarında Dağlıq Qarabağ məsələsi dəfələrlə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin (bundan sonra  RK (b)P MK) Qafqaz Bürosunda, RK(b)P Zaqafqaziya Diyar Komitəsində, həmçinin, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsində (bundan sonra — AK(b)MK) müzakirə edilmişdi.

Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq iddiası sovetləşmədən sonra davam etdirildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Belə ki, Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bu azmış kimi, 1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan olunduğu haqqında dekret qəbul etdi. Bir qədər sonra onlar qətnaməni ləğv etmədən Dağlıq Qarabağ və digər mübahisəli hesab etdikləri ərazilər üzrə komissiya yaratmaq təklifini irəli sürdülər.

Bundan sonra Dağlıq Qarabağ haqqında məsələ 1921-ci il iyunun 27-də AK(b)P MK-nın Siyasi və Təşkilat bürosunda da nəzərdən keçirilmiş və göstərilmişdi ki, bu məsələ Dağlıq Qarabağın Azərbaycana qəti iqtisadi meylinin nəzərə alınması ilə həll edilə bilər. Eyni zamanda qeyd edilmişdi ki, erməni və azərbaycanlı əhalisi olan ərazilərin ayrılıb Ermənistana və Azərbaycana verilməsi təklifi inzibatiiqtisadi əlverişlilik nöqteyi-nəzərindən qəbul edilə bilməz. İyun ayının 28-də N.Nərimanovun sədrliyi ilə Azərbaycan Xalq Komissarları Sovetinin (bundan sonraAzərbaycan XKS) yeni iclası çağırıldı və A.Myasnikovun (Myasnikyan) Dağlıq Qarabağı “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan edən bəyanatı rədd edildi. Eyni zamanda həmin iclasda Azərbaycan XKS-in rəyi olmadan təyin edilmiş A.Mravyanın geri çağırılması məsələsi qoyuldu.

Bununla da iki sovet respublikası arasında ixtilaflar artdığından, 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. Məsələnin müzakirəsində RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun üzvləri Q.Orconikidze, S.Kirov, A.Myasnikov, F.Maxaradze, N.Nərimanov, A.Nazaretyan, Y.Fiqatner, İ.Oraxelaşvili və başqaları iştirak etdilər. Bu zaman iki nöqteyi-nəzər ortaya çıxmışdı. S.Kirovun təklifinə görə, Qarabağın dağlıq hissəsi Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilməli idi. Ancaq N.Nərimanov qətiyyətlə buna etiraz etmişbildirmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi tələbi bu iclasda ilk dəfə məhz Kirov tərəfindən ortaya atılmışdı. İyulun 4-də axşam iclasında Kirov-Myasnikov qruplaşmasının (S.Kirov, A.Myasnikov, Q.Orconikidze, Y.Fiqatner) təklifi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi haqqında əsassız və qərəzli qərar qəbul edildi.

Məsələnin belə bir ciddi xarakter aldığını görən N.Nərimanov Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-ə verilib-verilməməsi barədə bütün Qarabağ əhalisi arasında rəy sorğusu keçirməyi təklif etdi. N.Nərimanovun bu təklifinə qarşı Kirov-Myasnikov qruplaşması bildirdi ki, rəy sorğusu bütün Qarabağda deyil, yalnız Qarabağın dağlıq hissəsində yaşayan ermənilər arasında keçirilsin. Bu məsələ üzrə səsvermədə də Kirov-Myasnikov qruplaşması qalib gəldi. İclasda Qarabağın Azərbaycan hüdudlarında saxlanılması lehinə N.Nərimanov, F.Maxaradze, A.Nazaretyan, əleyhinə Q.Orconikidze, A.Myasnikov, S.Kirov, Y.Fiqatner səs verdilər. Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə verilməsi və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi lehinə Orconikidze, Y.Fiqatner, S.Kirov, A.Myasnikov, A.Nazaretyan səs verdilər. İclasın sonunda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq RK(b)P MK-nın Qafqaz bürosu bu məsələ barədə RK(b)P MK-nın qəti qərarının çıxarılmasını zəruri saydı.

Beləliklə, N.Nərimanovun ciddi müqavimətindən sonra, iyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”. Qərarda, həmçinin göstərilirdi ki, Azərbaycan K(b)P MK-ya tapşırsın ki, muxtar vilayətin sərhədini, ərazisinin həcmini müəyyən etsinonu RK(b)P MK Qafqaz bürosunun təsdiqinə təqdim etsin.

Nəticədə, Kirov-Myasnikov qruplaşması məqsədinə çata bilməsə də, DQMV-nin əsasının qoyulması barədə qərarın qəbul edilməsinə nail oldu. AK(b)P MK-nın Siyasi və Təşkilat bürosunun 1921-ci il 26 sentyabr tarixli iclasında həmin məsələyə baxıldı və səs çoxluğu ilə qərara alındı ki, Qafqaz bürosundan xahiş edilsin ki, Dağlıq Qarabağın Muxtar vahidə ayrılması haqqında öz qərarına yenidən baxsın və buna qədər muxtariyyət elan edilməsin.

Dağlıq Qarabağ muxtariyyətinin yaradılması haqqında məsələyə RK(b)P MK Zaqafqaziya Diyar Komitəsinin 1922-ci il dekabrın 14-də keçirilən iclasında da baxıldı və bir sıra nümayəndələrin etirazına baxmayaraq Zaqafqaziya Diyar Komitəsi RK(b)P MK Qafqaz bürosunun 5 iyul 1921-ci il tarixli qərarına əsasən, Azərbaycan Xalq Komissarları Soveti nəzdində AK(b)P MK-ya bilavasitə müraciət etmək hüququ olan Dağlıq Qarabağ işləri üzrə xüsusi komitə yaradılmasını qərara aldı. Xüsusi komitənin Şuşada da yaradılması nəzərdə tutulmuşdu.

Dağlıq Qarabağa muxtariyyətin verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə AK(b)P-nin irəli sürdüyü şəkildə yenidən baxılmadı. Davam edən təzyiqlər nəticəsində, 1922-ci il dekabrın 15-də AK(b)P MK Rəyasət Heyəti Zaqafqaziya Diyar Komitəsinin DQMV haqqında qərarını müzakirə edərək Karakozovun sədrliyi ilə Kirov və Mirzəbekyans da daxil olmaqla Dağlıq Qarabağ məsələsi üzrə 3 nəfərdən ibarət Mərkəzi Komissiya yaratdı. Eyni zamanda, Rəyasət Heyəti Karakozovun sədrliyi ilə Qarabağın dağlıq hissəsində muxtar vilayət yaratmağın mümkünlüyünü öyrənmək üçün 7 nəfərlik bir Komitə formalaşdırdı.

SSRİ-nin yaradılmasından sonra isə Zaqafqaziya Diyar Komitəsinin tələbləri daha sərt şəkil aldı və 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Diyar Komitəsi plenumunun gündəliyinə salındı. Beləliklə, qeyri-azərbaycanlılardan yaradılan komissiya Azərbaycanın bir hissəsinin taleyini həll etməli idi. Xüsusi komitə Karakozovun sədrliyi altında 6 ay yerlərdə bu məsələnin “öyrənilməsi” ilə məşğul olduqdan sonraQarabağ məsələsinin həlli layihəsi” adlı təklifini təqdim etdi. 1923-cü il iyunun 1-də AK(b)P MK-nın Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.

1923-cü il iyunun 27-də Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin (bundan sonra ÜİK(b)P) Zaqafqaziya Diyar Komitəsinin plenumu ŞaduntsKarakozovun məruzəsi əsasında Qarabağ məsələsini yenidən müzakirə edərək Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusunun verilməsinin təmin olunmasını AK(b)P MK-ya tapşırdı.

1923-cü il iyulun 1-də AK(b)P MK Rəyasət Heyətinin iclası Kirovun sədrliyi ilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Azərbaycan MİK-ə təklif olunsun ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında Rəyasət Heyətinin adından dekret verilsin və mərkəzi Xankəndi olmaqla İcraiyyə Komitəsinin rəhbərliyi ilə “Qarabağ Muxtar Vilayəti” yaradılsın.

 

(davamı növbəti saylarımızda)

 

Respublika.-2013.- 15 noyabr.-S.8.