UĞURLARIN TƏMƏLİNDƏ DÜŞÜNÜLMÜŞ SİYASƏT DAYANIR

 

 

 Başa vurmağa hazırlaşdığımız 2013-cü il müstəqil Azərbaycan dövlətinin həyatında mühüm tarixi hadisələrlə yadda qalacaqdır. Ölkəmizin və xalqımızın bugünkü və gələcək taleyi baxımından 9 oktyabr prezident seçkiləri çox böyük siyasitarixi əhəmiyyət daşıyır. Azad, ədalətli və şəffaf şəraitdə keçirilən seçkilər xalqımızın siyasi iradəsini tam əks etdirmiş, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni təkan vermişdir. Budəfəki seçkilərdə də xalqımızın böyük əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi ulu öndərin siyasi kursuna Azərbaycanda alternativ olmadığını, bu müdrik siyasi kursun milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən inkişaf konsepsiyasının böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: “Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar — söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir”.

Həqiqətən də, demokratiyaya yol ədalətli, xalqın iradəsini ifadə edən şəffaf seçkilərdən keçir. Müasir dövlətlərin təməlini təşkil edən demokratik seçkilər sabit vətəndaş cəmiyyətini və ölkənin mütərəqqi inkişafını təmin edən amillərdəndir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycanda da məhz bu siyasi kurs həyata keçirilir. Təsadüfi deyil ki, sabitlik, inkişafdemokratiya bugünkü Azərbaycanı xarakterizə edən mühüm şərtlərdir. Qloballaşma, sivilizasiyaarası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, eləcə də cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edir. Cənab İlham Əliyevin on illik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlər təsdiqləyir ki, yürüdülən uğurlu daxilixarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir.

Müstəqil Azərbaycan dövləti hazırda öz inkişafının keyfiyyətcə yeni, daha önəmli mərhələsini yaşayır, dünyada sabit və davamlı tərəqqi edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan ölkə, eləcə də tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini nəzərə alırlar. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxilixarici siyasətin uğurlu olduğunu, milli maraqların təmin olunmasına yönəldiyini əyani surətdə təsdiqləyir.

Hər bir xalqın və dövlətin taleyində, xüsusilə də onun çətinlikləri arxada qoyaraq inkişaf mərhələsinə qədəm qoyduğu bir mərhələdə böyük nüfuza malik, qloballaşan dünyadakı proseslərə təsir etmək iqtidarında olan liderə böyük ehtiyac duyulur. Liderlik institutu bəşər cəmiyyətinin mövcudluq tarixində uzun təkamül və inkişaf yolu keçərək müasir mərhələyə gəlib çatmış və öz aktuallığını saxlamışdır. Ulu tarixin sınaqlardan keçmiş təcrübəsi təsdiqləyir ki, dövlətin və xalqın davamlı inkişafını taleyüklü mərhələlərdə ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. 2003-cü ildən sonrakı dövrdə ölkənin möhkəmlənməsi, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub saxlanması, çevik manevrlər, regionda həyata keçirilən xarici siyasətə yönələn adekvat reaksiyalar və digər amillər bir daha sübuta yetirdi ki, Prezident İlham Əliyevin malik olduğu keyfiyyətlər onun lider statusunu önə çəkir. Həqiqətən də, təməli ulu öndərimiz tərəfindən qoyulmuşuzun illər ərzində qətiyyətlə reallaşdırılan müdrik siyasi kursun Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətdə uğurla davam etdirildiyininbu siyasətin Azərbaycana gətirdiyi möhtəşəm uğurların hamımız canlı şahidləriyik.

Seçkilərin nəticələri həm də birmənalı olaraq təsdiqlədi ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük etimad bəsləyir, onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəkləyir. Seçicilərin böyük əksəriyyətinin – 84,54 faizinin məhz cənab İlham Əliyevə səs verməsi belə bir həqiqəti də ortaya qoydu ki, Azərbaycanın siyasi mühitində son 10 il ərzində ölkəmizə uğurla rəhbərlik edən və hazırda da dövlərimizin başında duran İlham Əliyevlə rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur.

Bu günlərdə ölkəmizin paytaxtında keçirilən Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuforumda qaldırılan məsələlərin əhatəliliyi də bu reallığı təsdiqləyir. Humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdir. Bu onu göstərir ki, ölkəmizdə beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstərilir. Eyni zamanda dünya Azərbaycanla yalnız enerji sahəsində deyil, həmçinin humanitar sahələrdə də sıx əməkdaşlıqda marağını ortaya qoyub. Forumda yetmiş ölkədən 800-ə yaxın qonağın — dünya birliyinin böyük bir hissəsinin intellektual elitasının iştirakı da bunun təsdiqi, ölkəmizin böyük uğurudur. Dövlətimizin başçısı İlham Əliyev Forumun açılış mərasimindəki nitqində demişdir: “Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilibdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilibdir. Bu məscidin 1270 yaşı vardır. Yəni bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı bizim böyük nailiyyətimizdir... Təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir. Əminəm ki, Forumun gözəl gələcəyi olacaqdır və bu beynəlxalq əməkdaşlıq platforması dünyada gedən müsbət proseslərə müsbət təsirini göstərəcəkdir”.

Bu dövrün əsas xüsusiyyətlərindən biri də təhsilə qayğının, onun inkişafına ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub ki, bu da təhsilimizin gələcək inkişafı baxımından mühüm əhəmiyətə malikdir.

Göründüyü kimi, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük hədəflərə doğru inamla irəliləyir, ölkəmiz daha da müasirləşir, əhalinin həyat səviyyəsi yaxşılaşır.

 

 

Sədaqət ƏZİMOVA,

 

Bakıdakı 239 saylı orta məktəbin direktoru,

respublikanın əməkdar müəllimi.

 

Respublika.-2013.- 15 noyabr.- S.9.