Uğurlar
xalqımızın istedadı və zəhməti nəticəsində
qazanılır
Azərbaycanda iqtisadi artım davamlıdır. Təbii ki, bu tərəqqi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun ölkə rəhbəri İlham Əliyevin başçılığı ilə uğurla həyata keçirilməsi ilə bağlıdır. Bütün sahələri əhatə edən dövlət proqramlarının reallaşması inkişafa güclü təkan verir. Bu gün Azərbaycan iqtisadiyyatı çoxsahəli və çoxşaxəlidir. Odur ki, hazırda ölkədə iqtisadiyyat neft amilindən asılı deyildir. Lakin karbohidrogen ehtiyatlarının ixracı, emalı ölkə iqtisadiyyatında çox mühüm yer tutmaqda və maliyyə resurslarımızı artırmaqdadır. Uğurlu neft siyasəti nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir və dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan siyasətin mahiyyəti və nəticələri barədə demişdir: “Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa dəyməz. Çünki bu aksiomadır. Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması— bu amillər bizi problemlərdən qoruya bildi”.
Enerji təhlükəsizliyi hər bir ölkənin sosial-iqtisadi inkişafında və stabilliyində həlledici amillərdəndir. Buna görə də hər bir ölkə öz enerji təhlükəsizliyini, maksimum dərəcədə təmin olunmasına çalışır. Təbii mənbələrə malik olmayan dövlətlər isə özlərinə bu sahədə etibarlı tərəfdaş axtarırlar. Bu əlaqələr qurulduqca, iqtisadi əməkdaşlıq qarşılıqlı mənafelər əsasında inkişaf etdikcə, strateji tərəfdaşlıq yaranır. Bu əlaqələr genişləndikcə, təchizatçı və tranzit ölkənin nüfuzu və iqtisadi qüdrəti də artır. Azərbaycan bu ölkələrdəndir. Neft-qaz sektoruna aid uğurla reallaşan müxtəlif beynəlxalq səviyyəli layihələr ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, olduqca geniş regional əməkdaşlığa zəmin yaradıb. Dövlət başçısı yürüdülən siyasətin müsbət nəticələrinə də toxunub: “Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur”.
İxrac olunan karbohidrogen ehtiyatları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, qeyri-neft sahəsinin də stabil inkişafına səbəb olan amillərdəndir. Həmin sektorun güclü ixrac potensialı real iqtisadiyyatın bütün sahələrinə aid zəruri layihələrin reallaşmasının mühüm şərtlərindəndir. Bu da iqtisadiyyatın getdikcə şaxələndirilməsinə, həmin sahələrin ixrac potensialının daim güclənməsinə, beynəlxalq bazarda möhkəmlənməsinə zəmin yaradır. Dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda çoxşaxəlilik daim inkişaf edir və hər bir sahədə layihələr müvafiq Dövlət proqramları vasitəsilə keçirilir. İcra mexanizmi olduqca dəqiq və elmi-praktik baxımdan əsaslandırıldığına görə nəticələr çox uğurludur və bu proses getdikcə dərinləşir. Yerlərdə potensial hərtərəfli öyrənilir, müvafiq layihələr icra olunur və beynəlxalq standartlara uyğun məhsul istehsal edilir. Dünya bazarında gedən proseslərin inkişaf meyilləri, onun mahiyyəti, ölkənin iqtisadi potensialı, sənaye sahələrində bazarların məhsul və keyfiyyət təklifi daim nəzərə alınır. Sosial-iqtisadi tərəqqi, təbii ki, geniş beynəlxalq iqtisadi əməkdaşlıq zəminində dünya bazarlarının tələbinə uyğun baş verir. Bu əlaqələr iqtisadiyyatın nə qədər çox sahələrini əhatə etsə, dövlət də o qədər çoxşaxəli inkişafa nail olur. Azərbaycan rəhbərliyi bu mövqedən çıxış edərək diqqəti ölkədə müasir, rəqabətədavamlı iqtisadiyyatın yaradılmasına yönəldib. Ölkədə xarici tərəfdaşlarla iqtisadi dövriyyənin dinamikası daim öyrənilir, potensial imkanlardan səmərəli istifadə olunur. Bu proses təbii ki, qarşı tərəfin də marağındadır. Çünki dövlətlərarası ticari əlaqələrin çoxşaxəliliyi həmin ölkələrin də sosial-iqtisadi inkişafına təsir edən mühüm amillərdəndir. Operativ, həyatın nəbzinə uyğun siyasi, iqtisadi proqramların qəbulu və digər tədbirlər nəticəsində ölkəmizin nüfuzu artıq regionun sərhədlərini aşıb. Azərbaycanda çox böyük, hərtərəfli quruculuq işləri aparılır. Sosial məsələlər də operativ öz həllini tapır. Azərbaycan hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Bu dövr ərzində ÜDM-in adambaşına düşən həcmində 3 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə artıma nail olunmuşdur. Bu sahədə göstərici 2003-cü ildə 889 ABŞ dolları civarında idisə, 2012-ci ildə 8,4 dəfə artaraq 7491 ABŞ dollarına çatmışdır. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığının minimum həddə endirilməsi istiqamətində aparılan siyasət nəticəsində real sektor güclü inkişaf etmiş və qeyri-neft sektorunun məhsulları 4,5 dəfə artmışdır. 10 ildə xarici ticarət dövriyyəsində də istehsalın artımına uyğun yüksəliş əldə olunmuşdur. Müasir Azərbaycan iqtisadiyyatı bazar prinsipləri əsasında qurulub. Bu ictimai-iqtisadi formasiyada dünya iqtisadiyyatına inteqrasiya zəruri fəaliyyət sahəsidir və həmin yönümdə proses yüksələn xətlə inkişaf edir. Belə ki, xarici ticarətin liberallaşdırılması istiqamətində dövlətin gördüyü səmərəli tədbirlər kompleksi bu sahədə də davamlı nailiyyətlər əldə olunmasına səbəb olub. Son on ildə xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən idxal 5,6 dəfə, ixrac isə 11 dəfə artmışdır. Göründüyü kimi, ixrac idxalı 2 dəfədən çox üstələyir, bu isə sürətli inkişaf və məhsulların dünya bazarında rəqabətədavamlılığının göstəricisidir. Son 10 ildə iqtisadiyyatın inkişaf etdirilməsinə diqqət bir an da olsun zəifləməyib, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard ABŞ dolları) həcmində investisiya yönəldilmişdir. Əsas məqam ondadır ki, bu istiqamətdə də yerli sərmayə qoyuluşu daim artır. Belə ki, hazırda göstərilən məbləğin 50,6 faizi daxili mənbələrin payına düşür. Bu dövrdə istifadə olunan investisiyaların 40,7 milyard manatı neft-qaz sektorunun, 69,1 milyard manatı (63 faizi) isə qeyri-neft sahələrinin və maliyyə bazarının inkişafına yönəldilmişdir. Əgər 2003-cü ilin rəqəmlərinə diqqət etsək görərik ki, 10 ildə ölkəmizdə ümumi investisiya qoyuluşu çox sürətlə —5,1 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş investisiyalar 14 dəfə artmış, 2012-ci ildə isə rekord həddə —25,8 milyard ABŞ dollarına çatmasına nail olunmuşdur. Bu göstərici həm MDB məkanında, həm də digər ölkələrlə müqayisədə ən yüksək göstəricidir. Qəbul edilmiş regionların inkişafı Dövlət proqramları və digər müvafiq sahələrə dair proqram və sənədlər real iqtsadiyyatda çoxşaxəli inkişafı davamlı etmişdir.
Sosial-siyasi sabitlikdə, hərtərəfli inkişafda ən mühüm amillərdən biri ərzaq təhlükəsizliyinə nail olmaqdır. Azərbaycan artıq ən mühüm strateji məhsulları özü istehsal edərək ərzaq təhlükəsizliyini təmin etmişdir. Hazırda ərzaq təhlükəsizliyini daha da möhkəmləndirmək və güclü ixrac potensialına malik olmaq üçün bitkiçilik və heyvandarlıq davamlı inkişaf etdirilir, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daim yüksəldilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər bu sahədə ilbəil dinamik inkişafın artımına zəmin yaradan amillərdir. Bu illər ərzində dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına 489,9 milyon manat yardım verilmişdir. Görülən bu tədbirlərin nəticəsində son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalı 1,5 dəfə artmışdır. Sərmayə qoyuluşu da ilbəil çoxalır. 2012-ci ildə Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir.
Azərbaycan çoxşaxəli iqtisadiyyata malik ölkələrdəndir. Neft-qaz sektoruna aid transmilli layihələr ölkənin real iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, olduqca geniş regional əməkdaşlıq üçün də möhkəm zəmin yaradıb. Təsadüfi deyil ki, məhz Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin müvəffəqiyyətlə istismara verilməsi ilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri layihələrinin tikintisində də əsas oyunçu olmasına imkan yaratmışdır. Belə ki, Transanadolu qaz kəməri layihəsi—TANAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayacaq nəhəng transmilli layihədır.
Dünyada qlobal iqtisadi və maliyyə böhranının fəsadları davam edir. Lakin bu, Azərbaycanda davamlı inkişafa mane ola bilməmiş, əksinə, daim yüksəliş baş vermişdir. Dövlət başçısı uğurların düşünülmüş siyasət və xalqımızın istedadı və zəhməti nəticəsində qazanıldığını önə çəkmişdir: “Biz hər şeyi düşünülmüş şəkildə edirik, iqtisadi siyasətimizi elə aparırıq ki, bu siyasət dayanıqlı inkişafa xidmət göstərsin. İldən-ilə artan valyuta ehtiyatlarımız, açılan yeni iş yerləri, sosial müdafiə məsələlərinin həlli bizim müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının istedadına, zəhmətinə güvənirik”.
Ataş CƏBRAYILOV,
Respublika.-2013.- 15 noyabr.- S.9.