Azərbaycan-Türkiyə
Birliyi dünya
müstəvisində də uğurlarımızın əsas
mənbəyidir
İki ölkənin icra
etdiyi siyasi, iqtisadi layihələr, enerji
layihələri bizi daha
sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir
Azərbaycan və Türkiyə iki qardaş ölkədir, bu ölkələrin beynəlxalq və regional tədbirlərdə bərabər iştirakı iki dövlət arasında ən yüksək fikir birliyi olmasından qaynaqlanır. Türkiyə-Azərbaycan əlaqələri bütün sahələri əhatə edir. Ölkələrimiz region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edir, Azərbaycan və Türkiyə türkdilli dövlətlərin əməkdaşlığı üçün də öz dəyərli töhfələrini əsirgəmir, bütün türk dünyasının birləşməsi üçün göstərilən səylər müsbət nəticələr verir. Beynəlxalq məsələlərdə də daim bir-birini dəstəkləyən ölkələrimiz eyni mövqedən çıxış edirlər. Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır.
Prezident İlham Əliyevin Türkiyə Respublikasına yüksək səviyyədə keçən rəsmi səfərinin müsbət nəticələri və dövlət başçılarının bəyanatlarında səslənən fikirlər də bunu bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən seçkilərdən sonra olduğu kimi, yenə də ilk səfərini qardaş ölkə Türkiyəyə etdi. İki ölkə əlaqələrinin nə qədər sıx və yaxın olduğunu ötən altı il ərzində iki dövlət arasında yeddinci dəfə prezident səfərlərinin qarşılıqlı həyata keçirilməsi də göstərir. Azərbaycan Prezidentinin bu səfəri çərçivəsində dövlət başçılarının həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərində ikitərəfli münasibətlər və regional məsələlər nəzərdən keçirilib. İkitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə edən dövlət başçıları ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparırlar. Azərbaycanın milli məsələsi olan ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsinə diqqət çəkən prezident Abdullah Gül bəyan edib ki, şübhəsiz ki, bu məsələ də Türkiyə olaraq ən çox önəm verdiyimiz məsələlərdən biridir: “İnanıram ki, tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk”.
Bu gün Azərbaycan və Türkiyə strateji işbirliyini uğurla davam etdirir. Rəsmi Bakının və rəsmi Ankaranın beynəlxalq müstəvidə də bütün məsələlərdə siyasətləri koordinasiya olunur. Azərbaycanın və Türkiyənin birliyi sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal müstəviyə daxil olan layihələr reallaşıb. İki dövlət arasında olan qarşılıqlı sərmayə qoyuluşu məsələləri də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xaricdəki ən böyük sərmayələri Türkiyəyə yatırılıb. Növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Bütün bu möhtəşəm uğurlar əlaqələrin daim gücləndiyini və münasibətlərin sıx inkişafını göstərir. Bu, Azərbaycan və Türkiyə Prezidentlərinin son illər ərzində bu birliyin möhkəmlənməsinə göstərdikləri böyük səylərin müsbət, faydalı və səmərəli nəticələridir.
Azərbaycanın dövlət başçısının qardaş ölkənin ən ali mükafatı olan”Dövlət nişanı” ilə təltif olunması cənab İlham Əliyevin iki ölkənin birliyinin möhkəmlənməsinə göstərdiyi xidmətlərə görə verilən qiymət kimi çox dəyərlidir. Azərbaycan Prezidentinin təltif olunması mərasimindəki çıxışında cənab İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib: “Bu gün bu təltifi alarkən bir daha keçmişə nəzər salırıq. Görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada nadir əlaqədir. Bizi tarix, etnik köklər, ortaq mədəniyyət, eyni zamanda siyasi-iqtisadi maraqlarımız birləşdirir. Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim bugünkü birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulubdur. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, xalqlarımız da bir-birinə qovuşsun, imkan verir ki, biz birlikdə xalqlarımız, dövlətlərimiz üçün vacib olan məsələləri həll edək”.
Həqiqətən də, bu gün Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Azərbaycanın xarici siyasətində əsas prioritet – ölkələrimizin daim dərinləşən münasibətləridir. Bu əlaqələr son on ildə yeni mərhələyə qalxmışdır. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin xidmətləri vardır. Belə ki, bu gün iki ölkə arasındakı qardaşlıq və dostluq əlaqələri konkret layihələrlə inkişaf edir, ölkələrimizin iqtisadi inkişafında çox əhəmiyyətli rol oynayır, bölgədə gedən proseslərə müsbət təsir göstərir. Cənab İlham Əliyevin öz xidmətləri ilə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində müstəsna bir yer tutduğunu vurğulayan Prezident Abdullah Gül bildirib ki, ölkələrimizin ortaq mənafeyi naminə göstərdiyiniz liderlik üçün Türkiyə Respublikasının təsis etdiyi ən yüksək orden olan “Dövlət nişanı”nı Türkiyə xalqı adından Zati-alinizə təqdim etməkdən şərəf duyuram”.
Şükür ƏLİZADƏ,
Respublika.-2013.- 19 noyabr.- S.11.