Çoxmənzilli binaların idarəetməyə verilməsində Binəqədi pilot rayon seçilmişdir

 

Binəqədi rayonunda mənzil-kommunal təsərrüfatının idarə edilməsi sahəsində yeni mərhələnin başlanmasına start verilmişdir. Qeyd edək ki, mənzil-kommunal sektorunda islahatların sürətləndirilməsi, eləcə də yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində bu sahənin mövcud vəziyyətinin iqtisadihüquqi cəhətdən təhlil olunaraq qiymətləndirilməsi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasının dəstəklənməsi nəzərdə tutulmuşdur.

Bakı şəhərində ilk dəfə pilot layihə olaraq Binəqədi rayonunda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması nəzərdə tutulur. Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrası ilə əlaqədar tədbirlər haqqında” 27 may 2013-cü il tarixli sərəncamına əsasən komissiya yaradılmış, komissiyaya mikrorayonlarda, xüsusən rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunan və fasadları üzlənmiş binalarda, habelə  abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işləri aparılması tapşırılmış, habelə  çoxmənzilli binaların mülkiyyətçilərinə binanın idarəedilməsi üsullarının seçilməsi, həmçinin idarəedilmə üsulu seçilmiş binalarda müvafiq sənədlərin hazırlanması və dövlət qeydiyyatına alınması məsələlərinə  hərtərəfli dəstək və kömək göstərilməsi tövsiyə edilmişdir.

Rayon icra hakimiyyəti tərəfindən sakinlərlə keçirilən görüş və qəbullarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin çoxmənzilli binaların idarə edilməsində daha səmərəli üsul olduğu barədə mütəmadi məlumat verilir. Belə görüşlərdən biri  9-cu mikrorayondakı Həmzə Babaşov küçəsində yaşayan sakinlərlə olmuşdur. Gorüşdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Ramiz Göyüşov, İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov, Avropa İttifaqının eksperti Cerzi Fişer mənzil təsərrüfatının idarə olunmasında mövcud vəziyyət, yeni idarəetmə formaları, onların seçilməsi və üstünlükləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, sakinləri maraqlandıran sualları cavablandırmışlar. Qeyd edilmişdir ki, yeni idarəetmə metodlarının yaradılması ilə əlaqədar maarifləndirici materiallar hazırlanaraq, yaxın günlərdə sakinlərə paylanacaqdır.

Görüşdə həmçinin vurğulanmışdır ki, mənzil təsərrüfatlarının yeni idarəetmə metodlarının keçirilməsində əsas çətinliklərdən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəltmişdir. Belə ki, son ilyarım ərzində 268 binanın zirzəmisində sukanalizasiya xətləri əsaslı təmir edilərək dəyişdirilmiş, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılmış, 5 binada  işlər davam etdirilir, 16 həyətdə abadlıq işləri yekunlaşdırılıb.

Artıq 8-ci mikrorayonda S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a binalarının sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti təsis edilərək sənədlər qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

Binəqədi rayonunda bu istiqamətdə ardıcıl işlərin aparılması davam etdirilir. Belə ki, rayon ərazisində nümunəvi məhəllələr təmir edilir, binalar abadlaşdırılır. Layihə çərçivəsində növbəti mərhələdə 9-cu mikrorayon ərazisində yerləşən 387 mənzili əhatə edən 9 binada təmir işlərinin reallaşdırılması  yeni mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması nəzərdə tutulur.

 

Ramiz YUSİFLİ,

 

Respublika.-2013.- 19 noyabr.- S.12.