Rəssamın
sənət dünyası
Səyyar Vəli oğlu Əliyev 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Orta məktəbin bir neçə ilini Şuşa şəhərində oxuyub.
1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirib, 2009-cu ildə etnoqrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Hazırda ADPU-nun Təsviri sənət, rəsmxətt və onun tədrisi metodikası kafedrasının müəllimidir. Əsərlərinin əsas motivini vətənpərvərlik, vətənə sevgi və xalqın başına gətirilən müsibətlər təşkil edir.
Tarixən sənətkarlar yurdu olan Qarabağ torpağı görkəmli musiqiçilərin, ədəbiyyat, incəsənət xadimlərinin vətəni olmaqla yanaşı, Azərbaycan təsviri sənətinə bədii töhfələr verən bir çox rəssam, heykəltəraş və dekorativ-tətbiqi sənət ustaları da yetişdirib. Haqqında söz açmaq istədiyimiz Səyyar Əliyev hələ uşaq vaxtlarında rənglər dünyasına meyil göstərib.
Rəssamın yaratdığı hər bir tablo — hər bir sənət əsəri o qədər canlı, ürəkdən, sevgi ilə işlənib ki, onlara baxmaya bilmirsən. Təbiət mənzərələri, fəlsəfi kompozisiyalar adamı özünə çəkir. Kətan üzərinə çəkilmiş hər bir sənət əsərinə baxdıqca, düşünürsən ki, Qarabağın füsunkar təbiətini, gözəlliyini, hər daşını, çiçəyini, bulağını, sərt qayalarını, axan çaylarını Səyyar müəllim sanki yaratdığı canlı tablolara köçürüb.
Rəssamlıq sənətinin vurğunu olan Səyyar müəllim deyir: “Uşaqlıqda saatlarla güllərə, çiçəklərə baxır, onların rənglərinə tamaşa edirdim. Fikirləşirdim ki, kimsə öz rəngli karandaşları ilə gecələr gəlib bunları rəngləyir. Göy qurşağı görəndə “göydə nənəm həna toxuyub” düşünərdim. Şuşada orta məktəbdə oxuyanda hər gün “Bazardaşı meydan” yolunu dəfələrlə gedib-gəlir, rəssam Cahangirin çəkdiyi şəkillərə baxaraq xəyala dalardım. Evə gəlib rəngli karandaşlarla kağız üzərinə müxtəlif şəkillər çəkərdim”.
İnsan əllərinin qüdrəti və təfəkkürünün yaratdığı sənət əsərlərinə heyranlıqla baxırsan. Tablolardan biri “Sarı qayanın kədəri” adlanır. Qayada balasından zorla ayrılmış bir ata həsrəti, kədəri var. Sanki qaya bizləri məzəmmət edir ki, niyə onu düşmən əlində tək-tənha, köməksiz qoymuşuq.
Səyyar müəllim deyir: “Bu əsər “Sarı qayanın kədəri” adlanır. Bu mənim iyirmi ildir içimdə qaynayan, həmişə məni düşündürən kədərimin təcəssümüdür. Çox fikirləşdim ki, Qarabağ üçün elə bir sənət əsəri yaradım həyatda əbədi qalsın. Şuşada boya-başa çatmışam, onun havasını udmuşam, suyunu içmişəm, çörəyini yemişəm. Öz oğulluq borcumu yerinə yetirməliydim. Ancaq... Sarı qaya Qarabağın hər yerində var. Şuşada Daşaltıda, Ağdamda Qarqar çayının sahilində, Kəlbəcərdə, bütün işğal olunmuş torpaqlarımızda Sarı qayanın simvolu var. Bu tabloda Sarı qaya kədərlidir. İnşallah, torpaqlarımız işğaldan azad olunandan sonra Sarı qaya məğrurlaşacaq. Onda “Sarı qayanın kədəri” yox, qələbəsi olacaq”.
Onu da qeyd edək ki, bu əsərə görə Səyyar müəllim “Bakıelektrikşəbəkə” ASC-nin keçirdiyi rəsm müsabiqəsinin qalibi olaraq I yeri tutmuşdur. “Sarı qayanın kədəri” əsərinə qiymət qoymağı mənə bir sərgidə təklif etmişdilər. Cavab verdim ki, hələlik Qarabağa həsr etdiyim tabloları satmaq fikrim yoxdur. Vaxt gələr, özümüzünkülərə əsərlərimi sata da, bağışlaya da bilərəm. Lakin yad ölkələrə Qarabağa həsr etdiyim əsərlərimi satmaram”.
Başqa bir tablonun çox qəribə, nisgilli adı var: “Cıdır düzünün həsrəti”. Tabloda Cıdır düzü bomboşdur, arxadan yamyaşıl Topxana meşəsi görünür. İndi “Cıdır düzü” həsrətdən sapsarı saralıb, bizim həsrətimizi çəkir. Bu seyrəngahda kimlərin ayaq izləri yoxdur? Qarabağ elinin bütün igidləri burda at oynatmış, qurşaq tutub qılınc döyüşdürmüşlər. Bu yerdə dəfələrlə mayestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri dahi Üzeyir bəyin “Koroğlu” operasının uvertürasını əzəmətlə ifa edib, dağları, daşları lərzəyə gətirmişdir. Tabloya baxdıqca şən, qayğısız uşaqların sevinc səsləri gəlir qulaqlarıma. Qızlar deyə-gülə kəklikotu yığırlar. Daşaltı çayının min bir mahnıya bənzəyən qıjıltısını eşidirəm. İlahi, bu, nə möcüzədir? “Cıdır düzü” insan kimi həsrət çəkir, dil açır, bizi öz qoynuna səsləyir. Bax sənət əsərinin böyüklüyü də ondadır ki, tamaşaçı ilə danışa bilsin.
“Xocalı faciəsi” tablosuna baxanda göz yaşlarını saxlamaq mümkün deyil. Uzaqdan yandırılıb xarabazarlığa çevrilmiş Xocalı görünür, qar üzərinə döşənmiş insan cəsədləri, sonsuz kədər içində tənha, köməksiz, ümidini Tanrıya bağlamış bir ana soyuqdan donmasın deyə körpəsini şalına bükərək sinəsinə sıxıb. Əsər tamaşaçıda bir nigaranlıq hissi yaradır: ana öz körpəsini erməni quldurlarından xilas edə biləcəkmi?
Emalatxanada rəssam təxəyyülünün məhsulu olan “Günəbaxanlar”, “Şuşanın dağları”, “Dəniz”, “Nur dəryası”, “Qaraçı gözəli”, “Qarqar çayının sahilində”, “Müdriklər”, “Məhəbbət”, “Kainatın yaranması” kimi sənət əsərləri var.
Səyyar müəllim Şuşanı görmək, Cıdır düzündən durub Topxana meşəsinə baxmaq, İsa bulağının, Turşsunun, Səkili, Mamayı bulaqlarının bir dolça suyunu içmək üçün Tanrıdan möhlət istəyir. Və bir də böyük Yaradandan bütün didərginlərin həsrətində olduqları doğma yurd-yuvalarına qayıtmasını diləyir.
Bədii emalatxananın nəzdində təhsil kursları da fəaliyyət göstərir. Həmin məktəb rəsmi olaraq M.M.Nəvvab adına incəsənət məktəbi adlanır. Burada yaşından asılı olmayaraq uşaqlar, yeniyetmələr kompyuterlə işləməyi, ingilis dilini, rəssamlıq, milli rəqslər, xalçaçılıq, qrafika sənətini öyrənirlər. Emalatxananın bir otağında Səyyar müəllimin uzun illər boyu topladığı çox zəngin və qiymətli kitablardan ibarət kitabxana fəaliyyət göstərir. Burada sənətkarlığa aid, fəlsəfi-siyasi, elmi, bədii kitablar var. Müxtəlif kurslara gələn uşaqlar və həmsöhbəti olan başqa adamlar bu kitablardan bəhrələnirlər. Həmçinin kursa gələn uşaqlar emalatxanada qədimi əşyalardan, qablardan əyani vəsait kimi istifadə edirlər.
Rəssamın dediklərindən: “Son 10 ildə həyata keçirilən dövlət proqramları nəticəsində orta təhsilin maddi-texniki bazası inkişaf etmiş, dərslik və informasiya-kommunikasiya texnologiyaları ilə təminat xeyli yaxşılaşmışdır. Heydər Əliyev Fondunun və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yüzlərlə məktəbin tikilməsi və yenidən qurulması, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının həyata keçirilməsi müsbət dəyişikliklərin əyani göstəricilərindəndir.
Təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, son günlər elmi dərəcələrinə görə əlavələrin iki dəfə artırılması, sosial problemlərin tədricən aradan qaldırılması təhsildə neqativ halların qarşısının tam alınması üçün imkan yaradır. Hesab edirəm ki, bir neçə ildən sonra biz bu gün həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görəcəyik.
Mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bizim təhsilimiz ilbəil öz keyfiyyətini artıracaq və yaxın illərdə Avropa təhsil sisteminin tərkib hissəsi olacaq. Bir sıra sahələrdə bizim ali təhsil məktəblərimizin Avropa məkanında ən nüfuzlu universitetlər sırasına daxil olmaq şansı var”.
Həyatda həmişə mübariz, tutduğu yolu axıradək getmək iradəsi olan insanlar qalib gəlirlər. İstedadlı rəssam Səyyar Əliyev özünü daxilən yeni ideyalar axtarışına kökləyib. Bu da onun əsərlərindəki cizgilərdə özünü büruzə verir. Bu çətin, şərəfli yolda Səyyar Əliyevə uğurlar arzulayırıq.
Əkbər
HÜSEYNZADƏ
Respublika.-2013.- 19 noyabr.- S.14.