Unudulmaz
dövlət xadimi
Dəhşətli 20 noyabrdan uzun illər keçsə də, elə təsəvvür edirəm ki, hadisə bu gün baş verib. O müdhiş günü heç vaxt unuda bilmirəm. Onun haqqında dəfələrlə xatirə yazmağa cəhd göstərmişəm, lakin hər dəfə həyəcandan qeyri-ixtiyari qələmi əlimdə saxlaya bilməmişəm, özümdən asılı olmayaraq həddən artıq kədərlənmişəm. Axı o, bu dünyanı vaxtsız tərk etdi. İsmət müəllim xalqımız, millətimiz, dövlətçiliyimiz üçün olduqca dəyərli və gərəkli bir insan idi. Onun bütün arzuları, istəkləri yarımçıq qaldı. O yaşamaq istəyirdi, həddən artıq həyatsevər və ailəcanlı idi. Övladları - oğlu İsmayılı, qızı Firuzəni canından artıq istəyirdi. Sevimli övladlarından, bütün varlığı ilə bağlı olduğu həyat yoldaşı Leyla xanımdan vaxtsız ayrı düşdü. Heç vaxt özünü Leyla xanımsız təsəvvür etməzdi İsmət. Onun xalqına, övladlarına olan sonsuz məhəbbəti yarımçıq qaldı.
Bu sətirləri qələmə almaq istərkən yenə də həddən artıq həyəcanlandım, lakin çətinliklə özümdə güc tapıb yazmağa başladım. Axı hələ də mən onun yoxluğuna, aramızda olmamasına inana bilmirəm.
Sözün həqiqi mənasında dəyərli bir insan idi İsmət Qayıbov. O inanılmaz təşkilatçılıq qabiliyyətinə malik, mənəviyyətcə təmiz və saf bir şəxsiyyət kimi yetişmişdir. Deyirlər səhvsiz insan yoxdur, ancaq İsmət doğurdan da səhvsiz, qərəzsiz bir şəxsiyyət, daim haqqa-ədalətə söykənən hüquqşünas, görkəmli dövlət xadimi idi.
İsmət müəllim gözəl hüquq mütəxəssisi olmaqla bərabər, həyatı düzgün dərk edə bilən, uzaqgörən bir insan olmuşdur.
Hər hansı bir qərarı qəbul edərkən, heç vaxt tələsməzdi, necə deyərlər yüz ölçüb, bir biçərdi. O, zamanın nəbzini tutmağı bacaran və yaranmış vəziyyəti düzgün qiymətləndirən bir şəxs olmuşdur. Eyni zamanda o, olduqca ürəyiyumşaq və humanist bir şəxs idi. Kimliyindən asılı olmayaraq, hər hansı bir qəbahət törətmiş vətəndaşlara qarşı ədalətli olmağı hər şeydən üstün tutardı.
İsmət Qayıbov humanist bir insan kimi həmişə tərbiyələndirmək prinsipini əsas məqsəd tutardı. O, heç vaxt ağır cəza vermək tərəfdarı olmazdı. Bununla bərabər, insan haqlarının pozulmasına heç bir vəchlə yol verməzdi və belə halları o, qəbul etməzdi. Bu kimi hallara yol verilməsini böyük günah hesab edərdi İsmət müəllim.
Dağlıq Qarabağ məsələsi mənfur ermənilər tərəfindən ortalığa atılanda da İsmət Qayıbov düzgün mövqe tutmaqla, çox cəsarətli və qətiyyətli addımlar atırdı. O, vəziyyətin mürəkkəbliyini dərk edərək, dəfələrlə efir vasitəsilə ermənilərə kəskin və tutarlı mesajlar göndərirdi. “Bir qarış torpaq belə sizə verməyəcəyik!”. Onun belə ciddi bəyanatlarından Dağlıq Qarabağda, xüsusilə Xankəndidə yaşayan ermənilər qorxuya düşüb, şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. O vaxtlar mən bu məsələlərdən hərtərəfli xəbərdar idim, çünki bütün il boyu qaynar nöqtələrdə olurdum. Dağlıq Qarabağda yaşayan bütün ermənilər çalışırdılar ki, Azərbaycan ərazisini tezliklə tərk etsinlər. Ürək ağrısı ilə qeyd edirəm ki, 1991-ci il 20 noyabr hadisəsindən sonra M.Qorbaçov hakimiyyətinin təkidi ilə bu proses tamamilə dayandırıldı. Erməni faşistləri fürsətdən istifadə edərək ərazimizdə meydan sulamağa başladılar, nəticədə 20 faizdən çox torpaqlarımız işğal olundu.
İsmət Qayıbov yuxarıda qeyd etdiyim kimi, olduqca
humanist bir insan idi. Ehtiyatsızlıq səbəbindən
törədilən cinayətlərə görə təqsirləndirilən
şəxslərə yüngül cəza verilməsini tələb
edir və günahkarı islah etməyin düzgün yolunu
bunda görürdü. Qəsdən
törədilməyən cinayətlərə görə o, məhkəmə
prosesində təqsirləndirilən şəxslərə
yüngül cəza verilməsini tövsiyə edirdi.
Yaxşı yadımdadır, bir dəfə məhkəmə
prosesində iştirak etməyi mənə təklif etdi, mən
isə dedim, axı mən rayon Daxili İşlər
Şöbəsinin rəisiyəm. Camaat nə
fikirləşər? Dedi, burda heç bir qəbahət
yoxdur, mülki geyimdə oturarsan zalda və zarafatyana dedi: eynək
taxarsan, heç kim səni tanımaz. Bu
sözləri elə səmimiyyətlə dedi ki, mən onunla
razılaşmalı oldum. Prosesdə ittiham nitqinin sonunda
İsmət müəllim məhkəməyə xoş təbəssümlə
müraciət edərək “bu cavan oğlanın iradəli
üzünə, qıvrım tellərinə fikir verin, əminəm
ki, o cəmiyyətimiz üçün hələ itirilməyib”
dedi. Prokurorun bu ifadəsi zalda xoş ovqat
yaratdı, və o əlavə etdi ki, biz insanların tərbiyələndirliməsini
cəza verməkdən üstün tutmalıyıq. Prokurorun belə humanist mövqe tutması hamıya
çox yaxşı təsir bağışladı. Sonradan öyrəndim ki, təqsirləndirilən o
şəxs kimsəsiz bir sovxoz fəhləsidir. Həqiqətən də məhkəmə həmin
cavan oğlana yüngül cəza verməklə kifayətləndi.
1979-cu ildə məni İsmayıllı Rayon Daxili
İşlər Şöbəsinə rəis təyin etmək
istərkən təklif olundu ki, rayon partiya komitəsinin 1-ci
katibi ilə görüşüm. O vaxtlar qayda belə idi. Həmin il avqust ayının axırlarında
İsmayıllı rayonuna gələrək birbaşa rayon
partiya komitəsinə getdim və 1-ci katib mərhum Qəşəm
Aslanovun qəbulunda oldum. O, mənimlə xeyli söhbət
etdikdən sonra təklif etdi ki, rayon prokuroru ilə də
görüşüb söhbət edim.
O vaxt
İsmayıllı rayonunun prokuroru, sonralar Əli Bayramlı,
Sumqayıt şəhər prokuroru, daha sonra isə
respublikamızın ilk Baş prokuroru olmuş general İsmət
İsmayıl oğlu Qayıbov idi. Mən onun
yanına getdim, o məni çox mehriban qarşıladı və
1 saata yaxın onunla söhbət etdik. Söhbət
zamanı İsmət müəllim bildirdi ki, rayonda cinayətkarlıqla
bağlı vəziyyət yaxşı deyil, inşallah, təyinat
alıb gələrsən, ürəkli işləyib, vəziyyəti
birlikdə düzəldərik. Söhbətdən
sonra onunla sağollaşıb Bakıya qayıtdım.
Sonradan mənə məlum oldu ki, hələ mənim
İsmayıllıya göndərilmək məsələm
ortalığa çıxarkən iş fəaliyyətimin
öyrənilməsi məsələsi rayon partiya komitəsinin
rəhbərliyinin tövsiyyəsi ilə rayonun prokuroru
İsmət Qayıbova həvalə edilmişdir, o da öz
növbəsində müxtəlif kanallarla mənim kimliyimi və
necə işçi olmağımı bütün təfərrüatı
ilə öyrənmiş, rayon partiya komitəsində
müsbət xarakterizə etmişdir. Hətta İsmət
müəllim demişdi ki, “İsmayıllı rayon
DİŞ-nin rəisi vəzifəsi üçün
Xalıq müəllim ən yaxşı namizəddir. O, Daxili
İşlər Nazirliyinin Qərargah İdarəsində
çalışır, haqqında hamı ancaq müsbət
fikirdədir, özü də hüquq elmləri namizədidir”.
Rayon rəhbərliyi İsmət Qayıbovun rəyini
nəzərə almış və mənim təyinatıma
razılıq vermişdir.
Beləliklə, 5 sentyabr 1979-cu ildə
İsmayıllıya milis rəisi vəzifəsinə təyin
olundum. Gələn gündən İsmət Qayıbovla
aramızda həm işgüzar, həm da çox mehriban
dostluq münasibəti yaranmışdı.
İsmayıllı rayonunda vəziyyət olduqca
ağır idi, problemlər həddindən çox idi, hətta
kriminal və keçmişdən qalmış açılmayan
cinayətlər. Bütün bu məsələlər məni
çox narahat edirdi. Mənim bu
narahatçılığımı hiss edən İsmət
müəllim deyirdi: “Hər şey yaxşı olacaq, mən əlimdən
gələn köməkliyi edəcəm ki, mövcud olan
çətinliklər aradan qaldırılsın”. İsmət
müəllimin bu sözləri elə bil mənə qol-qanad verdi, mənim işləməyə həvəsim
artdı və öz fəaliyyətimə keçmişdən
açılmamış qalan cinayət işlərinin
araşdırılması ilə başladım. Bu fikrimi İsmət müəllimlə
bölüşdüm. O, bunu çox razılıq hissi
ilə qarşıladı və əlavə etdi ki,
“çoxdandır keçmişdən
açılmamış qalan cinayət işləri ilə məşğul
olan yoxdur, həm də şöbədə bu xarakterli cinayət
hadisələrinin açılması ilə məşğul
ola bilən əməliyyatçı da
yoxdur. Nə kömək lazımdır mən
edərəm”.
Həmin işləri nəzərdən keçirərkən
diqqətimi 1969-cu ildə baş vermiş ölüm hadisəsi
cəlb etdi. Belə ki, yenicə ailə qurmuş cavan bir gəlin
amansızlıqla qətlə yetirilmişdi. Mən həmin
cinayət işi, həm də cinayət axtarış işi
ilə tanış olarkən dəhşətə
gəldim. Cinayət işi bir neçə
müstəntiqin icraatında olmuş, işi ancaq təzələməklə
kifayətlənmişlər. Heç bir
istintaq hərəkəti edilmədən cinayət işi
yenidən dayandırılmışdır. Materiallarla
tanışlıqdan o da məlum oldu ki, bu cinayətin
açılmasında heç kim
maraqlı olmamışdır. İş üzrə
elementar istintaq hərəkətləri edilməmişdir.
Hiss olunurdu ki, işin açılmasına kim
tərəfindənsə güclü maneəçilik
törədilmişdir. Mən bu vəziyyəti
görəndən sonra gecələr yata da bilmirdim.
Fikirləşirdim... necə ola bilər
ki, ailəli cavan bir gəlin öldürülsün,
ağır cinayətin üstü açılmasın? Kim öldürə bilər deyə
öz-özümə sual verirdim və belə qərara gəldim
ki, uzağa getmək lazım deyil, bunu ailənin
özünün daxilində axtarmaq lazımdır. Şübhə etmirdim ki, bu hadisə
qısqanclıq zəmnində törədilmişdir. Mən bu hadisə ilə də bağlı rayon
prokuroru İsmət Qayıbova bildirdim və o, bu fikrlə
razılaşdı. Dərhal Daxili İşlər
Nazirliyinin istintaq idarəsinin rəisi general-mayor Tofiq Aslanova zəng
edərək təcrübəli müstəntiq ezam edilməsini
xahiş etdi və əlavə etdi ki, işçiniz Məbud
Hüseynovu göndərəsiniz, zənnimcə, o, bu işin
öhdəsindən gələ bilər. Səhərisi
gün istintaq idarəsinin müstəntiqi Məbud Hüseynov
İsmayıllıya ezam edildi. Bir neçə gün gərgin
zəhmət öz bəhrəsini verdi və
müəyyən edildi ki, qadını öz həyat
yoldaşı qısqanclıq zəmnində qətlə yetirərək
çaya atmışdır. Bu hal təkzibedilməz
sübutlarla öz təstiqini tapmış və həmin
şəxs törətdiyi cinayət hadisəsini boynuna
almışdır.
1981-ci il mart ayının axırlarında rayonun Mican
kəndində iki nəfərin öldürülməsi barədə
milis şöbəsinə məlumat daxil olmuşdur. Dərhal İsmət müəllimlə birlikdə
hadisə yerinə getdik. Orada məlum oldu ki, 1913-cü il təvəllüdlü Hacıağa və
onun 1908-ci ildə anadan olmuş həyat yoldaşı Zöhrə
öz evlərində amansızlıqla qətlə
yetirilmişlər. Hacıağa uzun illər
yataq xəstəsi olmuşdur. Bu hadisə
həddən artıq ağır cinayət idi. Hadisə haqqında məlumat ildırım surəti
ilə bütün ətraf rayonlara yayıldı. İsmayıllı camaatı hadisədən dəhşətə
gəlmiş, əhali vahimə içərisində idi.
Bu son bir neçə ildə törədilmiş
ən ağır cinayət hadisəsi idi. Axı iki nəfər köməksiz yaşlı
insan vəhşicəsinə qətlə yetirilmişdi.
Rayon rəhbərliyinin zənglərinin
ardı-arası kəsilmirdi. Partiya Komitəsinin
1-ci katibi mərhum Qəşəm Aslanov dəfələrlə
şöbəyə gələrək işin gedişatı
ilə maraqlanırdı. O vaxtlar respublika daxili işlər
naziri Cəfər Vəliyev şəxsən özü bir
neçə dəfə zəng edərək hadisə ilə
maraqlanmışdır. Həmin cinayətin
açılmasında rayon prokuroru İsmət Qayıbov əsl
fədakarlıq göstərdi. Biz 17 sutka ərzində
gecə-gündüz birlikdə işlədik. Mən nə
qədər çalışırdım ki, o, evinə gedib
heç olmasa bir az istirahət etsin, onu
heç cür məcbur edə bilmirdim. Deyirdi: “mən həmkarlarımı
necə tək qoyub, istirahətə gedə bilərəm?” İsmət müəllim gecələr
kürsüdə mürgüləyirdi, onunla da kifayətlənirdi.
Bu cinayət hadisəsinin də
açılmasında DİN-in İstintaq İdarəsinin
müstəntiqi Məbud Hüseynovun əvəzsiz rolu
olmuşdur. O da cinayət hadisəsinin tam
açılmasına qədər bizimlə birlikdə gecə-gündüz
yorulmadan çalışdı.
Nəhayət, 17 gün çəkmiş gərgin zəhmət
nəticəsində bu dəhşətli cinayətin
üstü açıldı və cinayətkarlar öz
layiqli cəzalarını aldılar. Cinayətkarlardan biri güllələndi,
digəri isə 15 il azadlıqdan məhrum
edildi. Bu cinayətin açılmasında
İsmət Qayıbovun rolu danılmazdır, çünki o,
cinayət açılmayana qədər rahatlıq bilmədi.
İsmət Qayıbov dostluqda çox sədaqətli
idi. Bu məsələdə o əvəzedilməz bir
insan idi. Onun kimi dostluğa,
yoldaşlığa sadiq bir insan tanımıram. O, bu məsələlərə
nə qədər böyük əhəmiyyət verirdi.
Bir
neçə il idi ki, işləyirdim,
günlərin birində şöbənin növbətçisi
zəng edib bildirdi ki, Bakıdan bir nəfər qonaq gəlib və
sizi istəyir. Kim olmasını soruşmadan dedim qoy gəlsin.
2 dəqiqə keçməmiş mənim
aspirant yoldaşım Arif Mustafayev otağa daxil oldu. Uzun illər idi ki, onunla görüşməmişdik.
Onun gəlişinə çox sevindim. Arif müəllim alicənab, təmkinli bir
insandır. Onunla oturub aspirantlıq illərimizin
şirin anlarını yada salıb, xatırladıq. O
vaxtdan keçən
illəri bir daha yada saldıq. Nahar vaxtı İsmət
müəllimə zəng edərək dedim ki, mənim əziz
bir qonağım gəlib, aspirant yoldaşımdır,
Şirvanın, o cümlədən İsmayıllı
rayonunun maddi mədəniyyətini öyrənən görkəmli
etnoqraf alimdir. Gəl birlikdə nahar edək.
Əlavə etdim ki, özü də Qazax
mahalındandır. O, zarafatyana dedi: hə, onda məmnuniyyətlə
gələrəm. İsmət müəllim
özü də əslən Qazax mahalındandır. Bir neçə dəqiqədən sonra o, gülər
üzlə kabinetə daxil oldu, Arif müəllimlə
çox mehribanlıqla görüşüb söhbət
etdilər. Mən hiss etdim ki, ilk andan Arif müəllim
haqqında onda yaxşı təəssürat yarandı. Arif müəllimin söhbətlərinə o
çox maraqla qulaq asırdı. Onların
geniş, əhatəli ilk söhbəti mənim
üçün də maraqlı oldu, xüsusilə
Qayıbovların şəcərəsinə dair söhbət
daha böyük maraq kəsb etdi. Onların söhbəti
əsnasında mən bu şəcərənin görkəmli
nümayəndəsi 33 il Zaqafqaziya
müftisi olmuş Hüseyn Əfəndi Qayıbov, Azərbaycanın
ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov
barədə ətraflı məlumat ala bildim. Bu
nəslin görkəmli nümayəndəsi olan Fərrux
ağa Qayıbov Azərbaycanın ilk təyyarəçisi
kimi, Birinci Dünya müharibəsi cəbhələrində
hərbi rəşadət göstərərək həlak
olmuşdur.
Onlar
söhbət etdikcə mən hiss edirdim ki, İsmət müəllim
öz əcdadlarının xidmətləri və hərbi
şücaətləri barədə danışdıqca, iftixar
hissi duyur. Bu cəhəti, deyəsən, Arif
müəllim də sezmişdi. Elə ona
görə də söhbətin mövzusunu dəyişməzdən
əvvəl o, əlavə etdi ki, “indi Qayıbovların ənənələrini
davam etdirmək növbəsi Sizə çatır, İsmət
müəllim!” “İnşallah, bunu zaman göstərəcəkdir.
Kaş sağlıq olsun”, – deyə İsmət müəllim
cavab verdi.
Söhbət zamanı məlum oldu ki, Arif müəllim
İsmayıllı rayonuna elmi işi ilə əlaqədar
göndərilib, hələ bir neçə gün
İsmayıllıda qalmalıdır. Bu məni daha da
sevindirdi. Arif müəllimin dərin
söhbətləri İsmət müəllimin çox
xoşuna gəlmişdi, hər gün onunla
görüşüb söhbət edirdilər. Adətən, İsmət müəllim ziyalı
insanlarla oturub-durmağı, onlarla ünsiyyətdə
olmağı çox xoşlayırdı. Bir neçə gün sonra elmi işi ilə əlaqədar
Arif müəllim İsmayıllının uzaq bir dağ kəndinə
getməli oldu. Mən onu kəndə yola
saldım və ora zəng edərək xahiş etdim ki, ona
lazımi şərait yaratsınlar. Həmin
gün axşam İsmət müəllim mənə zəng
edərək Arif müəllimi şam yeməyinə dəvət
etdiyini bildirdi. Mən ona dedim ki, Arif müəllim rayon mərkəzində
yoxdur, kəndə gedib, bir neçə gün həmin kənddə
qalmalıdır. Mən belə dedikdə o təəssüflə
dedi: “məyər rayonda qalmağa yer yox idi ki, tez-tələsik
kəndə göndərmisən, heç səndən
gözləməzdim”. Mən ona izah etdim ki, Arif
müəllim elmi-tədqiqat işi ilə bağlı kəndə
gedib və bir neçə gün orda qalmalıdır.
O, buna tam əmin olduqdan sonra hiss etdim ki, sakitləşdi.
Bir neçə gündən sonra Arif müəllim
işini yekunlaşdırıb rayona qayıtdı. İsmət
müəllimlə birlikdə onu yola saldıq. İsmət müəllim həmişə Arif
müəllimi məndən soruşurdu və deyirdi ki, mənim
salamlarımı ona çatdır, çox gözəl
insandır, nə yaxşı ki belə insanlar hələ
var, onun gələcəyinə inanıram, ümid edirəm
ki, o görkəmli alim olacaq. Həqiqətən
də İsmət müəllimin bu arzusu həqiqətə
çevrildi. Arif müəllim indi tarix
elmləri doktoru, professordur. Bakı
Dövlət Universitetində elmi-tədqiqat
laboratoriyasının müdiri kimi elmi fəaliyyətini davam
etdirir.
Neçə illər İsmət müəllimlə bir
rayonda işlədikcə bir dəfə də olsun o mənsiz
heç bir tədbirə getməzdi. Hətta o vaxt kolxoz,
sovxozlara da onunla birlikdə gedərdik, əməkçilərlə
görüşlərdə elə maraqlı söhbətlər
edərdi ki, bəlkə də səhərə qədər
çıxış etsəydi belə yenə də qulaq
asardılar. Onun bütün söhbətləri
çox sadə, səmimi, həm də yumorla dolu keçərdi.
Bir nəfər kimi hamı onu maraqla dinləyirdi,
İsmət müəllim baxmayaraq ki, rayonun prokuroru idi,
heç kimin könlünə, qəlbinə dəyməzdi,
elə buna görə də onu hamı sevirdi.
İsmət müəllimlə mehriban dostluğumuz ailələrimizə
də sirayət etmişdir. Bütün
bayramları ailəlikcə bir yerdə keçirərdik və
bir-birimizin evinə tez-tez qonaq gedərdik. Bizim
dostluğumuz rayonda çox xoş əhval-ruhiyyə
yaradırdı, hamı sözün yaxşı mənasında
qibtə edirdi, həm də belə münasibəti yerli camaat
çox razılıqla qarşılayırdı. Bizim İsmətlə mehribançılığımız
rayonda əmin-amanlığın, sakitliyin başlıca amili
idi. Birgə işlədiyimiz illər ərzində
rayonda cinayətkarlıq ilbəil azalmağa doğru gedirdi.
O illərdə demək olar ki, rayonda oğurluq,
soyğunçuluq, qarət halları baş verməmişdi,
bütün bunlar hüquq-mühafizə orqanlarının
birgə işləməsinin nəticəsi idi. Bu işdə də İsmət Qayıbovun əvəzsiz
xidməti olmuşdur. O, həmişə hamını
mehribançılığa və səmimiyyətə səsləyirdi.
İsmət Qayıbov eyni zamanda rayonun ictimai-siyasi həyatında
fəal iştirak edirdi. Elə buna görə də respublikada yeganə rayon
prokuroru idi ki, rayon Partiya Komitəsinin büro üzvü
seçilmişdi, o vaxt bu çox şərəfli hesab
edilirdi. Hamı onun belə nüfuza malik
olmasına həsəd aparırdı.
Yeri gəlmişkən,
onu da qeyd etməliyəm
ki, İsmət müəllimlə mehribançılığımızın
nəticəsi olaraq, indi övladlarımız bu ənənəni
davam etdirirlər. Oğlum Fərid, İsmət müəllimin
oğlu İsmayılla o vaxtdan dostluq edirlər, tez-tez
görüşüb səmimi söhbət edirlər,
keçmiş günləri yada salırlar, bu məni həddən
artıq sevindirir.
İsmət Qayıbov harada işləməsindən
asılı olmayaraq, heç vaxt onunla əlaqəni kəsməzdik
və bu mümkun də deyildi, ona görə ki, o özü
buna imkan verməzdi.
Əli Bayramlı şəhər prokuroru olanda da,
Sumqayıt şəhər prokuroru olanda da hər zaman əlaqə
saxlayaraq, imkan olanda vaxt tapıb, görüşüb söhbət
edərdik.
İsmət Qayıbov respublika Baş prokuroru olanda mən
artıq, Daxili İşlər Nazirliyi Cinayət
Axtarış İdarəsində işləyirdim. Respublika
Baş prokuroru olması da İsmət müəllimin sadəliyini,
xasiyyətini dəyişmədi. Yenə də
həmin İsmət olaraq qalırdı. Onun
təbiətində sadəlik, təvazökarliq, səmimlik həmişə
qalırdı.
İsmət Qayıbov respublika Baş prokuroru olan vaxt
mütəmadi olaraq zənglər edər və məni
yanına dəvət edərdi. Oturub
İsmayıllıda keçirdiyimiz günləri
xatırlayardıq.
Belə bir insanın itkisi hamı kimi məni də
sarsıtmışdır.
Nə
yaxşı ki, İsmayıl kimi ləyaqətli oğlu,
davamçısı var. Ancaq bu mənim kədərimi az da olsa yüngülləşdirir, mən
bununla təsəlli tapıram. Yeri gəlmişkən,
İsmət müəllimin yadigarı olan İsmayıla
işlərində uğurlar arzulayıram və inanıram
ki, o atası kimi haqq-ədaləti hər şeydən uca
tutacaqdır. Axı “ot kökü
üstündə bitər” deyib müdriklərimiz.
İsmət Qayıbov belə böyük ürəyə
sahib bir insan olmuşdur. Onun gözəl insani keyfiyyətləri,
saf səmimiyyəti indi də mənim gözlərimin
önündədir.
Belə
bir böyük
insanı unutmaq olarmı?!
Allah rəhmət eləsin, qəbri
nurla dolsun .
Xalıq Qasımzadə,
hüquq elmləri namizədi.
Respublika.-2013.- 20
noyabr.- S.7.