Məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsində

 

Hər bir ölkədə aparılan hüquqi islahatların müsbət nəticələr verməsi, ilk növbədə məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən, dövrün tələbləri səviyyəsində qurulmasından asılıdır. Azərbaycan Respublikasında bu sahədə aparılan ardıcıl islahatlar ümumilikdə hüquq sisteminin səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələnilərək mütərəqqi yeniliklərin zamanın tələbinə, ölkənin sosial-iqtisadi inkişafına uyğun tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir.

Tarixə nəzər salanda şahidi oluruq ki, ədalətli cəmiyyətə qovuşmaq, haqqın yüksək mənəvi-siyasi, hüquqi dəyər kimi qəbul olunduğu sivil dövlətdə yaşamaq hər bir xalqın istəyi olmuşdur.

Çoxəsrlik dövlətçilik ənənələri olan xalqımızın ədliyyə və məhkəmə sisteminin şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.

Ötən əsrin əvvəllərində Şərqdə ilk dəfə Azərbaycanda demokratik müstəqil dövlət qurulduqdan sonra ədalətli cəmiyyət qurmaq dövlətin əsas məqsədlərindən biri olmuşdur. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sisteminə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz nitqində bildirmişdir ki, “...ədliyyə nəzarəti olmalıdır. Bu olmasa, heç bir dövlətin işi yürüməz... Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”.

Bu onu göstərirdi ki, Cümhuriyyətin nüfuzlu şəxsləri ədliyyənin inkişafına böyük əhəmiyyət verirdilər. Həmin dövrdə ölkədə ədliyyə və məhkəmə sistemi pərakəndə və iflic vəziyyətdə idi. Belə bir vəziyyətdə nazirlik, ilk növbədə fəaliyyətə ədliyyə, məhkəmə və istintaq orqanlarının bərpa olunması ilə başlamışdır. Çətinliklə olsa gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmışdır.

Bütün görülən zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın XI qızıl ordusu tərəfindən işğal edildikdən sonra hər bir dövlətdə hüquqa, ədalət mühakiməsinə münasibət həmin dövlətin mahiyyətinə uyğun olduğundan Azərbaycanın ədliyyə sistemində də köklü dəyişikliklər aparılmışdır. SSRİ dövründə Ədliyyə Nazirliyinin imperiya maraqlarına uyğun gah səlahiyyətləri məhdudlaşdırılmış, gah da ləğv edilərək yenidən yaradılmışdır.

Ədliyyə Nazirliyinin yenidən təşkil olunması 1970-ci ildə ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonrakı dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır.

“Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda”—deyən ümummilli lider Heydər Əliyev ilk gündən ədliyyə və məhkəmə orqanlarının dövlət idarəçilik sistemindəki müstəsna yerirolunu düzgün dəyərləndirmiş, bu sahədə islahatların həyata keçirilməsini daim xüsusi diqqətdə saxlamışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən dövr ərzində ölkənin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmışdır. Təsadüfi deyil ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ilk milli Konstitusiyası qəbul olunduqdan sonra dahi rəhbər ölkədə hüquqi islahatların aparılmasına böyük əhəmiyyət verərək Hüquqi İslahat Komissiyası yaratmış və ona rəhbərliyi bilavasitə öz üzərinə götürmüşdür.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl məhkəmə-hüquq islahatı nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində ölkəmizin bugünü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni qanun və məcəllələr qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmış, ədliyyə və digər hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.

Ümummilli lider Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Dövlət başçısı ictimai-iqtisadi münasibətlərin inkişafının, cəmiyyətin həyatındakı mühüm yeniliklərin məhkəmə-hüquq sistemində də köklü dəyişiklikləri zəruri etdiyini nəzərə alaraq qanunların təkmilləşdirilməsini, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini, islahatların keyfiyyətcə yeni mərhələdə aparılmasını fəaliyyətinin əsas prioritetlərindən birinə çevirmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır”.

Ümumiyyətlə, ötən dövrə nəzər salanda son 10 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkəmiz bütün sahələrdə yüksək nailiyyətlərə müvəffəq olmuş, həyata keçirilən məqsədyönlü və ardıcıl islahatlar öz real bəhrəsini vermişdir.

Prezident İlham Əliyevin xalq və dövlət qarşısında xidmətləri ötən ay keçirilmiş prezident seçkilərində xalqımız tərəfindən böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə başçısı seçilməklə öz yüksək qiymətini almışdır. Azərbaycan xalqı cənab İlham Əliyevi prezident seçməklə son 10 ildə görülən işlərə, qazanılmış nailiyyətlərə və gələcək inkişafa səs vermişdir.

Ötən dövr digər sahələr kimi, məhkəmə-hüquq sistemində, ədliyyə sahəsində də bir çox nailiyyətlərlə yadda qalmışdır.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə son 10 ildə respublikada uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsində məhz insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır. 2004-cü ildən Avropa Şurası ekspertlərinin yaxından iştirakı ilə məhkəmə orqanlarının fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlərin hazırlanması—“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”nin, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın təsdiqi, nəhayət, Hakimlərin Seçki Komitəsinin yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Son illər regionlardapaytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmış, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Bu islahatlar, şübhəsiz, regional inkişaf proqramları ilə paralel surətdə reallaşdırılır. Məqsəd isə regionlarda yaşayan əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətini və səmərəsini yüksəltməkdir.

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun mənəvi cəhətdən saflaşdırılması da vacib şərtlərdən biridir. Şübhəsiz, hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər.

Təsadüfi deyil ki, hakimlərin şəffaf və demokratik yollatest üsulu ilə seçilməsi təcrübəsinin əsası hələ 2000-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahanın və şifahi müsabiqənin keçirilməsi təmin edilmişdir. Hüquq ictimaiyyəti üçün son dərəcə əlamətdar olan bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək dəyərləndirərək demişdir: “...biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu, Azərbaycan tarixində birinci dəfədir”.

Bu uğurlu ənənənin davamı olaraq son illər Azərbaycanda hakimlərin Avropada ən şəffaf seçimi qaydası müəyyən edilmişxüsusi vurğulamaq lazımdır ki, ölkəmizin bu sahədəki müsbət təcrübəsi Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilərək artıq digər dövlətlərə tövsiyə olunur.

Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ədliyyə orqanlarının və məhkəmələrin yeni binainventarla təmin olunması, onların şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Neçə-neçə yeni müasir tipli binalar tikilərək istifadəyə verilmiş, bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlər bu gündavam etdirilir.

Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ərəfəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə Xaçmaz regional ədliyyə şöbəsinin yeni müasir binasının açılışı ədliyyə işçilərinin peşə bayramına dəyərli töhfə olmuşdur. Təqdirəlayiq haldır ki, son illər ədliyyə və məhkəmə orqanları üçün tikilərək istifadəyə verilən yeni inzibati binalarda olduğu kimi, Xaçmaz regional ədliyyə şöbəsinin yeni müasir binasında da qabaqcıl informasiya-kommunikasiya texnologiyaları daha geniş tətbiq olunur. Sözsüz ki, bu da əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə, yerli hüquqşünasların işlə təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına əlverişli imkan yaradacaqdır.

Beləliklə, ötən dövrdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması sahəsində əsaslı tədbirlər görülmüş, səlahiyyətləri xeyli genişlənmiş, ölkəmizin hüquq sistemində rolu əhəmiyyətli dərəcədə artmışdır.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan ədliyyəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsini əks etdirən zəngin tarixi vardır. Bu reallığı nəzərə alan ümummilli lider Heydər Əliyev hələ 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərində mənəvi stimul yaratmış, Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü—22 noyabrı Ədliyyə işçilərinin peşə bayramı günü elan etmişdir. Bu əlamətdar bayram hər il ədliyyə işçiləri tərəfindən böyük minnətdarlıq və fəxarət duyğuları ilə qeyd edilir, ədliyyə orqanlarının keçdiyi tarixi inkişaf yoluna, qazandığı uğur və nailiyyətlərə nəzər salınır.

Bu il isə Ədliyyə işçilərinin peşə bayramı Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ilə daha da əlamətdar olmuşdur.

İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə bundan sonra da öz töhfələrini verəcəkdir.

 

Əlövsət Paşayev,

 

Xaçmaz Rayon Məhkəməsinin sədri

 

Respublika.-2013.- 20 noyabr.- S.8.