XALQINA
BAĞLI, DÖVLƏTİNƏ SƏDAQƏTLİ
İllərdən bəri haqqında yazı yazdığım hər bir insan mənim üçün doğmadı, əzizdi, ömrümün donmuş bir anı, bir parçasıdı.
Professor Əli Teymur oğlu Nağıyev bir başqa dünya, bir başqa möcüzədi. Ürəyi, gözü, könlü Azərbaycan sevgisi, sevdasıyla dopdolu bu qeyri-adi insan zəngin mənəviyyatı, saf əxlaqı, əqidəsi, kövrək ürəyi, böyük vətəndaşlığı ilə mənə əsrin əvvəllərinin ziyalılarını xatırladır. Gör neçənci söhbətimizdi artıq, amma mən bu söhbətlərdən yorulmuram, usanmıram. Onun səmimi, müdrik söz-söhbətindən ayrılmaq olmur.
Əkmə
bitməyən yerə,
Can ver,
itməyən yerə.
Ayaqlar necə
varsın
Könül getməyən yerə.
Yaşıllıqlar qoynundakı bağ evinin
eyvanında oturmuşuq. Dəniz burdan ovuc içi kimi
görünür. Bu sadə bağ evindəki
səliqə-sahman, qeyri-adi gözəllik məni heyran edir.
Sərvlərlə əhatələnmiş iydə, badam,
püstə, nar, alma, armud, gilənar, əncir
ağacları, neçə-neçə güllər,
çiçəklər, bəzək kolları
mehriban-mehriban bir-birinə sığınıblar. Qollarını göyə açmış
barlı meynə budaqları elə bil Tanrıya dua edir.
“Bu ağacların
çoxunu öz əllərimlə əkmişəm. Hansı ağacın
hansı ağacla, hansı gülün hansı güllə
qonşuluğunu, “xasiyyətinin” uyğun gəlib-gəlməməsini
ən xırda incəliyinə qədər öyrənmişəm.
Canlı təbiət bizdən daha həssas,
daha duyğulu, daha ağıllı, daha demokratikdi. Biz həyatda bəzən xoşumuz gəlməyən
duyğusuz, hissiz bir nadanla illər uzunu işləməyə,
yol getməyə, qonşu olmağa məhkumuq. Amma güllərdə, ağaclarda belə deyil.
Xoşu gəlmədiyi birisi qonşuluğunda
olsa ayaq üstəcə quruyar, saralıb solar. Yəni dünyanı yaşadan sevgidi, ülfətdi,
doğmalıqdı.
Bilirsiniz, bu bağı, bu gözəlliyi niyə belə
çox sevirəm? Çünki o mənə nakam
şairimiz Müşfiqi xatırladır. Hər
səhər, hər axşam onun söhbət etdiyi dənizlə
söhbət edirəm.
Yenə o
bağ olaydı,
Yenə
yığışaraq siz
O bağa
köçəydiniz.
Biz də
muradımızca
Fələkdən
kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o
bağ olaydı,
Səni
tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər
gün bir yeni nəğmə,
Hər
gün bir yeni ilham,
Yazaydım, səhər-axşam.
Arzuya bax sevgilim,
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?”
İllər
uzunu şeirin, sənətin içində olan yaradıcı
bir insan kimi səmimi şəkildə etiraf edirəm: “Yenə
o bağ olaydı” şeirini bu gözəllikdə, bu kövrəklikdə,
yaşaya-yaşaya, duya-duya sinədən, candan söyləyən
ikinci belə bir adama rast gəlməmişəm. Yox, “söyləmək”
sözü burda əsla yerinə düşmür. Əli müəllim ovsunlu, rəvan, ləngərli
avazıyla bu sənət əsərinə əslində layiq
olduğu qiyməti verir, ona heykəl qoyur. Bu, Müşfiqin ruhuna da böyük sayğı,
hörmət, əsl sevgi əlaməti idi. Mənim
duyğulandığımı, təsirləndiyimi görən
Əli müəllim dahi Nizamidən, Hüseyn Caviddən,
Hadidən, Puşkindən, Lermontovdan, Yesenindən, Bəxtiyar
Vahabzadədən bənzərsiz misralar, şeirlər oxuyur.
Məni heyrətləndirən və əlbəttə,
sevindirən məhz ədəbiyyat adamının yox, dəqiq
elmlər sahəsindən olan bir ziyalının, texnika elmlər
doktorunun, tanınmış dövlət xadiminin,
diplomatın, Yeni Azərbaycan Partiyasının
yaradıcılarından biri olan professor Əli
Nağıyevin ədəbiyyatı, musiqini, tarixi, folklorumuzu
bu qədər dərindən, incəliyinə qədər
bilməsi idi.
“Hər kəsin bir həyat
eşqi olur. Mənim həyat eşqim də
poeziyadı, musiqidi. Poeziyadan, musiqidən
saatlarla söhbət açsam nə özüm yorularam, nə
də müsahibimi yoraram. Onlar qoşa
qanadlarımdı, siyasətdə də, diplomatiyada da, elə
gündəlik həyatımızda da həmişə köməyimə
çatıblar”.
Bu
yaxınlarda Belarusdan qayıtmış qələm dostum,
“Yazıçı” nəşriyyatının direktoru Şəmsi
Vəfadarın sözlərini xatırlayıram: “Bu ilin
oktyabr ayının ortalarında Belarusda səfərdə
idim. Paytaxt Minskin mərkəzi küçələrinin
birində yerləşən Belarus Dövlət Milli Musiqili
Dram Teatrının qarşısındakı elanlar lövhəsindən
asılmış afişanı oxuyarkən heyrətləndim:
Üzeyir Hacıbəyov “Arşın mal alan”.
Teatrın kassasına yaxınlaşıb
tamaşanın vaxtını dəqiqləşdirdim. Özümə və mənimlə səfərdə
olan dostlarım İsrafil Abdullayevə və Vidadi
İsmayılova bilet aldım. Tamaşa günü zalda
teatrsevənlər arasında bizdən başqa azərbaycanlılar
gözümə dəyməsə də, “Arşın mal alan” tamaşası demək olar ki, anşlaqla
keçdi. Alqış sədaları ürəyimizi
qürurla doldurdu. Tamaşa sona
çatandan sonra yüzlərlə tamaşaçı
ayağa qalxıb uzun müddət aktyorları,
yaradıcı heyəti alqışladı. Mən fürsətdən istifadə edib teatrın
administratoruna yaxınlaşdım, tamaşanın nə
vaxtdan teatrın repertuarına daxil edildiyini soruşdum. O
dedi ki, “Arşın mal alan”ın
tamaşaya qoyulması Azərbaycan Respublikasının Belarus
Respublikasındakı keçmiş fövqəladə və
səlahiyyətli səfiri Əli Nağıyevin şəxsi
təşəbbüsü ilə baş tutmuşdur. Əli Nağıyev Belarusda səfir işlədiyi
müddətdə özü və səfirliyin bütün əməkdaşları,
demək olar ki, teatrın əksər tamaşalarına
baxırdılar. Cənab səfirdə
teatr tamaşalarına böyük maraq və sevgi vardı”.
Maraqlı faktdır, deyilmi? Fikir verin, bir vaxtlar ulu
öndər Heydər Əliyev də bir çox teatr
tamaşalarının premyeralarında şəxsən
iştirak edər, dövlət məmurlarının bir
çoxunu ailəvi şəkildə teatra getməyə təhrik
edərdi. Bu yolla teatra, milli-mənəvi dəyərlərimizə
qiymət verən dərin zəka sahibi Heydər Əliyev hər
bir dövlət məmurunu da yüksək intellektə,
zövqə, milli-mənəvi dəyərlərimizə,
xüsusilə ana dilimizə hörmət etməyə dəvət
edərdi.
Heydər Əliyev məktəbini keçmiş Əli
Nağıyevin bu jesti, vətənpərvərliyi
düşünürəm ki, hər bir diplomat
üçün, xarici ölkələrdə Azərbaycanı
təmsil edən vətəndaşlarımız
üçün nümunədir.
İstedadlı insanlar barlı ağac kimidi. Barınanları
çox olar, başı üstündə ildırımlar,
qasırğalar, tufanlar oynar. XX əsr
inqilabları, qanlı müharibələri, kütləvi
repressiyaları, dramatik hadisələri ilə milyonlarla
insanın, bütöv nəsillərin, xalqların taleyinə,
ömrünə-gününə, yaddaşına
qara-qırmızı hərflərlə yazıldı.
Bu təzadlı rəng tandemi, bağrıbadaş, qolboyun qan
və zülmət xofu insanların az qala
genetik xəstəliyinə çevrildi. Qırmızı
qan, qara dərd, kədər rəngidir. Xalqımız
bu qanın, zülmətin, kədərin son ucunda—əsrin bu
başında öz istiqlalına qovuşdu. Amma Azərbaycanı hələ böyük təhlükələr
gözləyirdi. 90-cı illərin o
çətin, ağır günlərində xalqın nicat
yolunun Azərbaycanın böyük oğlu Heydər Əliyevlə
bağlı olduğunu ilkin olaraq dərk edənlərdən,
duyanlardan biri kimi Əli Nağıyev öz silahdaşları
ilə ağır imtahanlardan keçdi. Yaş senzi ilə
bağlı keçirdikləri fasiləsiz mitinqlərdə göstərdikləri fədakarlıq
əslində Heydər Əliyevə, Azərbaycana olan
böyük sevgi idi. Sonralar,
1992-ci ilin iyun ayında Yeni Azərbaycan Partiyasını
yaratmaq ideyası ilə bir qrup tanınmış
ziyalılarımızla Naxçıvanda, Heydər Əliyevin
yanında olarkən Əli Nağıyevin: “...Çox təəssüflər
olsun ki, yaş senzi ilə bağlı mitinqlərimiz bir nəticə
vermədi”,—sözlərinə Heydər Əliyev belə
cavab vermişdi: “Əli Nağıyev, sən çox səhv
eləyirsən, çox böyük nəticə verdi yaş
senzi ilə bağlı keçirtdiyiniz o mitinqlər. Siz dünyaya sübut etdiniz ki, demokratiyadan
danışanların özləri demokratiyanı boğurlar”.
Heydər Əliyev sonralar o çətin, məsuliyyətli
günlərdə bu cəsarətli, məğrur, qəlbi,
ürəyi Azərbaycan sevgisi ilə dopdolu gənc insanın
Yeni Azərbaycan Partiyası sədrinin müavini olmasına elə-belə,
təsadüfən razılıq verməmişdi. Ulu öndər
Əli Nağıyevdəki böyük vətənpərvərliyi,
təşkilatçılıq bacarığını, istedadı,
zəkanı, böyük ideallara sədaqətini, sadiqliyini
görüb duymuşdu. Sonralar Əli Nağıyev istər
partiya quruculuğu işlərində, istər Azərbaycan
Respublikası əmək və əhalinin sosial müdafiəsi
naziri işlədiyi müddətdə, istərsə də Azərbaycanın
Belarus Respublikasında fövqəladə və səlahiyyətli
səfiri olduğu vaxt ərzində öz fəaliyyəti ilə
dövlətə, dövlətçiliyə, Heydər Əliyev
ideyalarına necə bağlı, sədaqətli olduğunu əməli
işləri ilə sübut etdi, hər yerdə Azərbaycanın
başını uca etdi.
Tariximizin
yetirdiyi nadir şəxsiyyətlərdən biri olan ulu öndərimiz
Heydər Əliyevlə uzun illər çiyin-çiyinə
işləmək, ən çətin, ən dramatik anlarda
onun yanında olmaq bir siyasətçi kimi Əli
Nağıyevə çox şeylər verdi: “Müdriklik,
uzaqgörənlik, dözümlülük, yorulmadan, usanmadan
çalışmaq, qurub-yaratmaq eşqi...”.
Əli
müəllimin ulu öndər Heydər Əliyev haqqında
dediyi bu sözlərdə böyük həqiqət var: “Heydər
Əliyevlə söhbət edən hər bir kəs
özü ilə bir dünya işıq aparırdı. Hətta
əfəl, ağciyər, ətalətli adam
belə süstlükdən sıyrılıb
çıxır, həyat eşqi ilə, yaşamaq, yaratmaq
eşqi ilə qaynayıb-daşırdı”.
Söhbətimizin axarı bizi haralara aparmır. Əli müəllim Azərbaycanın
son illərdə qazandığı böyük uğurlardan,
Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın nəhəng
siyasətçilərinin verdiyi qiymətdən, YUNESKO-nun,
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci
xanımı Mehriban xanım Əliyevanın mədəniyyətimizlə,
xüsusilə muğam sənətimizlə bağlı
gördüyü qlobal işlərdən ürəkdolusu
danışır. Mən bu söhbətdə
xalqına, millətinə, dövlətinə ürəkdən
bağlı olan böyük insanın sevgisini görürəm.
Əli müəllim həmişə böyük şəxsiyyətlərlə
dostluq edib, ünsiyyət saxlayıb. Xalq şairi Bəxtiyar
Vahabzadə belə insanlardan biri idi.
“Rəhmətlik Bəxtiyar
Vahabzadə ilə saatlarla söhbət edirdik. Hər təzə çıxan kitabını mənə
göndərir, teatr tamaşalarına dəvət edirdi.
Aramızda bir dostluq, ata-oğul münasibəti
yaranmışdı. Heydər Əliyevi də
çox istəyirdi. Bir dəfə Bəxtiyar müəllimə
dedim ki, əsrlər boyu hökmdarlar, padşahlar, dövlət
başçıları haqqında əsərlər
yazılıb. Nizami kimi bəşərin ən
uca fikir dağı “İskəndərnamə” kimi möhtəşəm
əsər yazıb. “İqbalnamə”də,
“Şərəfnamə”də İskəndəri peyğəmbər
səviyyəsinə qaldırıb. Heydər
Əliyev haqqında da bax belə əsər
yaradılmalıdır. Heydər Əliyevin
şəkli vardı otaqda, Bəxtiyar müəllim baxdı
belə şəkilə, elə bil gözləri yol çəkdi.
Dedi: “Əli, ömür möhlət versə, ömür
gözləsə...” Ömürsə təəssüf
ki, möhlət vermədi”.
Əli müəllimin sadəliyini, nəcibliyini,
xeyirxahlığını, bir çox insanlar xüsusi olaraq
qeyd edirlər.
Filologiya elmləri üzrə fəlsəfə
doktoru, Həsən bəy Zərdabi mükafatı laureatı
Şövkət Hüseynova “Yaxşı ki dünyada
yaxşılar varmış” yazısında yazır ki, sadəlik
ona Tanrı payıdır. Onun keçdiyi
şərəfli həyat yolu bunu bir daha sübut edir. İnsanlarla rəftarında, xoş ovqatlı
söhbətlərində dəfələrlə bunun
canlı şahidi olmuşam. Professor Əli
Nağıyev çox xeyirxah, sədaqətli insandır.
O, Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə,
ulu öndər Heydər Əliyev irsinə, Azərbaycan
Prezidenti İlham Əliyevin siyasətinə sidq ürəklə
bağlı əsl dövlət xadimidir.
Sözü
qılınc kimi kəsərli, amma ürəyi
qızılgül ləçəyi kimi kövrək, zərif
olan Əli müəllimə bu yerdə solaxay bir sual verirəm:
“Əli müəllim, bəs həyatda qorxduğunuz, ehtiyat
etdiyiniz bir şey varmı?
Qaşları
düyünlənir, fikrə gedir, hansı şairinsə
şeirini yadına salır:
...Qorxuram
Üzüyuxarı
enişə gedən yoldan,
Özü
sağ ikən solaxay soldan.
Yaxşını
pisdən,
Qızılı
misdən
Ayıra
bilməyən,
Gözü görə-görə kor olandan qorxuram.
Özünə
gərəkli sözləri eşidən,
Qalan vaxtda kar olandan qorxuram.
Qara
böhtandan,
Qırmızı
tərifdən,
Ağ yalandan qorxuram.
Böyük
Hüseyn Cavidin “İblis”ini də xatırladır:
İblis nədir?
—Cümlə
xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
—İblis!
Əli müəllimin sənət, sənətkar,
insanlıq haqda öz qənaəti, öz meyarları var.
Çexovun, Tolstoyun, Dostoyevskinin ayrı-ayrı əsərlərini
başdan-ayağa təhlil edir. Hiss edirəm ki, Lev Nikolayeviç
Tolstoyun vurğunudur. Stolunun üstü poeziyaya,
musiqiyə, diplomatiyaya, tarixə, etnoqrafiyaya, siyasətə
aid kitablarla doludur. Əsərlərin əksəriyyətini
orijinaldan oxuyur. Şeirləri rus, ingilis,
Azərbaycan dillərində oxuya-oxuya dilimizin necə
şirin, zəngin, axar-baxarlı olduğunu bildirir.
İnsanlar kimi yazıların da qəribə taleyi olur. Bir neçə ay bundan əvvəl
yazdığım bu portret yazının çapının
bir xoş təsadüflə —Yeni Azərbaycan Partiyasının
yaranışı günləri ilə üst-üstə
düşməsi açığını deyim ki, məni
çox sevindirdi. Çünki bu partiyanın
yaranmasında ulu öndər Heydər Əliyevin yüksək
dəyər verdiyi, qiymətləndirdiyi professor Əli Teymur
oğlu Nağıyevin müstəsna xidməti olmuşdur.
Deməli, bu yazının bu əlamətdar günlərdə
işıq üzü görməsinin özü də
tanınmış dövlət xadimi Əli Nağıyevin ana
südü kimi halal
haqqıdır. Gəlin, haqqı olanları
unutmayaq.
Noyabrın 21-i Yeni Azərbaycan Partiyasının
yaranması günüdür. Bayram münasibətilə
professor Əli Nağıyevi ürəkdən təbrik edir,
ona uzun ömür, cansağlığı, gələcək
fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Zülfüqar
Şahsevənli,
Respublika.-2013.- 20 noyabr.- S.9.