Mədəniyyətin sərhəd
dəyişmələrində qadın fenomeninin
rolu
XX əsrin məşhur filosoflarından biri olan Lüdviq Vitgenşteynin “bizim dilimizin sərhədləri bizim dünyamızın sərhədləridir” aforizmi neçə onillər bundan qabaq mədəniyyətin tutumu, həcmi, miqyası məsələsinin şərhi üçün açar kimi istifadə edilmişdi. Burada Vitgenşteyn bildirmək istəmişdi ki, sözlə, adlarla dilimizdə təmsil olunmamış cisim və hadisələr bizim dünyamızda yoxdur. Ancaq kulturoloji planda Azərbaycanda məşhur filosofun ideyası belə inkişaf etdirilmişdi: mədəniyyətin özünü müxtəlif vasitələrlə dünya və cəmiyyətdəki hadisələri “söz” məfhumunda bildirən sistem kimi götürmək olar. Yeni musiqiləri, şeirləri, filmləri, tamaşaları, adətləri mədəniyyət məkanına daxil etməklə, mədəniyyətin sərhədlərini genişləndirirlər. Bu mənada söyləmək olar ki, mədəniyyətimizin sərhədləri dünyamızın sərhədləridir.
Mədəniyyəti dünyanın modeli kimi götürəndə maraqlı aspekt ortaya çıxır. Mədəniyyətə müxtəlif təriflər və şərhlər veriblər. Bu təriflər və şərhlər mədəniyyətin daim cəmiyyətlə qarşılıqlı əlaqədə olduğunu isbat edir. “Cəmiyyət” sözü insan toplumu mənasında kişi və qadınlardan ibarətdir. Məna etibarı ilə bir-birindən fərqlənsələr də yaşam tərzinə görə bir-birindən ayrılmazdılar. Cəmiyyət olan yerdə mədəniyyət labüddür.
Cəmiyyətdə elə proseslər var ki, hansı dövrlərdə və ya mərhələlərdə mədəniyyətə daxil ola bilməyiblər. Məsələn, səyahətnamələrin çoxunda kişi təəssüratları qələmə alınıb. Baxmayaraq ki, o zamanlar müxtəlif səbəblərə görə qadınlar da səyahətə çıxmalı olurdular. Ən azı həyat yoldaşlarını və ya atalarını müşayiət etmək üçün. Beləcə, həmin dövrlərdə faktın özü vardı, yazılı mədəniyyətə isə düşməyib. Lakin rus mədəniyyətində isə Aleksandra Viktorovna Potanina öz səyahət təəssüratlarından etnoqrafik, tarixi dəyəri olan xeyli kitab yazmışdı. O, səyahətini qələmə almasaydı, yəni yazı mədəniyyətinin faktı etməsəydi, “ilk rus səyyah qadını” epitetini də qazanmazdı və səyahəti yaddaşlardan silinib gedərdi (məsələn, Orta əsrlərdə qadın səyyahların təəssüratları kimi). Onun üçün də deməliyik ki, mədəniyyət və cəmiyyət, riyazi dillə desək, bərabər həcmli çoxluqlar deyillər. Sadəcə, cəmiyyət mədəniyyəti daha kiçik reallıqlar kimi qəbul edir. Çünki cəmiyyətdə elə proseslər olub ki, müvəqqəti də olsa mədəniyyətdən kənarda qala bilib.
Mədəniyyətin bir çox qaydaları, xüsusilə abır-həya qaydaları cəmiyyətdə yer alan bir xeyli hadisələri ona daxil olmağa icazə vermir. Bu adət-ənənəyə uyğun olaraq abır-həya qaydaları qadına aid bir xeyli davranışı qadağan edir. Məsələn, qadının yüksək səslə danışması, gülməsi, cəmiyyətdə özünü sərbəst aparması mənfi qarşılanır.
Mədəniyyətin sərhədlərinin
genişlənməsinə qoyulan məhdudiyyətlər
kontekstində senzura yeni
məna qazanır. Erix Frommun
yazdığına görə, effektiv senzura söz üçün deyil. O elə
senzuradır ki, təhlükəli
şüurları mədəniyyətə yaxın
buraxmır. Ancaq Sovet
İttifaqı dövründə bir fikir formalaşmışdı: cəmiyyətdə
elə mühit yarana
bilər ki, senzura məmur
kabinetindən yaradıcı adamların ürəyinə, şüuruna keçə bilər. Bu zaman baş
senzor yaradıcı şəxsin özü olar.
Bu mənada bir çox mədəniyyətlərdə qadınlar daha çox özlərini daxili senzura ilə məhdudlaşdırmağa məcbur olublar. Abır-həyanın psixoloji kriteriyası utancaqlıqdır və hələ XIX əsrdə Darvin aşkar etmişdi ki, bu hiss qadınlarda daha güclüdür.
Ona görə də konkret desək, Azərbaycan ədəbiyyatında qadınların psixoloji və daxili dünyası ədəbiyyatda az işıqlandırılıb. Azərbaycan poeziyasında anaya heyranlıq, qadının sevgili kimi vəsfi təkrarlanan motivlər və lövhələrdir. Bu, Azərbaycan ədəbiyyatında qadının bütün psixoloji mürəkkəbliyi ilə təmsil olunması haqqında fikir söyləməyə əsas vermir.
1937-1938-ci illərdə vəzifədə olan qeyri-millət nümayəndələrinin “ciddi” cəyi nəticəsində Azərbaycanda, Cənubi Qafqazda ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiya və deportasiya qurbanlarının ön sırasında Ayna Sultanova, Nazlı Tahirova-Nəcəfova, Xədicə Qayıbova, Mədinə Qiyasbəyli gedirdilər. Bu qadınların informasiya qaynağı olmaq və informasiya almaq haqqını əllərindən almışdılar.
Freydin məşhur tələbəsi, psixoanaliz baxımından qadınların psixologiyasını araşdırmış Karen Xorni hətta Qərb üçün də gözlənilməz olan bir faktı ortaya çıxarmışdı. O yazırdı ki, bir çox ibtidai cəmiyyətlərdə qadınlar sirli dumanda olurdular. Onlarda qorxu vardı və hesab olunurdu ki, ruhlarla onların gizli əlaqəsi var. Bu səbəbdən də kişiləri cadu edə bilirlər. Nəticədə kişilərdə inam vardı ki, özlərini qorumaq üçün qadını həmişə mütilikdə saxlamalıdırlar. Ona görə də, məsələn, Şərqi Vatavelada kişilər od əldə etmək texnikasını qadınlardan gizlədirdilər ki, onlar güclənməsinlər. Kaliforniya hindularının isə qadınları qorxudub tabe etmək üçün xüsusi ritualları vardı.
Cəmiyyətdən mədəniyyətə daxil ola bilməyən hadisələrə milli adət-ənənələrin dərin qatlarını, iqtisadi münasibətlərin gizli qanunauyğunluqlarını və sosial məkanda sinergetik prosesləri aid etməliyik.
Cəmiyyətdə bu tipli külli miqdarda hadisələr var ki, refleksiyadan, yəni düşüncə hədəfindən kənarda qalır. Belə faktları nəzərə alaraq deyə bilərik ki, mədəniyyət refleksiyadan, şüura bəllilikdən keçən insan fəaliyyətinin və bu fəaliyyətin məhsullarının məcmusudur. Beləcə, biz gördük ki, mədəniyyəti cəmiyyətlə eyniləşdirmək, mədəniyyəti genişlənmə və daralma (sanki nəfəs alıb nəfəs vermək) ritmində düşünməklə bağlı bizim gəldiyimiz qənaət zəminsiz deyil. Kulturologiya tarixində “mədəniyyət” termininin yanına birdən-birə “qeyri-rəsmi mədəniyyət” terminini qoyub onun əsasında antik dövrün, orta əsrlərin xeyli fenomenlərinin tədqiq edilməsi cəmiyyətdən “mədəniyyət” anlayışının imkan vermədiyi xeyli “qeyri-rəsmi” laylara nüfuz etmək tələbatı ilə bağlı idi.
Sədaqət
ƏLİYEVA,
ADMİU-nun dosenti, kulturologiya kafedrasının müdiri,
kulturologiya üzrə fəlsəfə doktoru.
Respublika.-2013.- 20 noyabr.- S.10.