Müasirləşən Azərbaycan
ədliyyəsi davamlı inkişaf yolunda
Bu il ədliyyə işçiləri peşə bayramı günü ilə yanaşı, həm də Ədliyyə Nazirliyinin yaradılmasının 95-ci ildönümünü qeyd edirlər. Bu münasibətlə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov fikirlərini oxucularla bölüşmüşdür.
—Fikrət müəllim, ilk öncə Sizi və rəhbərlik etdiyiniz kollektivi peşə bayramınız və Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Əsrə yaxın yaşı olan Ədliyyə Nazirliyinin cəmiyyətimizdə yeri və rolu barədə nə deyə bilərsiniz?
—Çox sağ olun. Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi barədə 95 illik yubiley günündə söhbət açmaq olduqca fərəhlidir.
Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsaduf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiyamız qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılmış, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.
Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artmışdır.
—Son illərə nəzər salanda ədliyyə sisteminin genişmiqyaslı islahatlar aparılmaqla daha da inkişaf etdiyinin, müasirləşdiyinin şahidi oluruq. Bu illər ərzində Azərbaycan ədliyyəsinin qazandığı nailiyyətlər hansılardır?
—Elədir. Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 10 il ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olmaqla, respublikamızın hərtərəfli tərəqqisinin məntiqi davamıdır.
Azərbaycan ədliyyəsinin inkişafına xidmət edən islahatlardan bəhs etməzdən öncə, ilk növbədə vurğulamaq istərdim ki, bu gün möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Müstəqil Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış uzaqgörən və düşünülmüş siyasəti sayəsində son 10 ildə uğurla irəliləyərək mühüm nailiyyətlər əldə etmişdir.
Hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunan Azərbaycanın uğurlarını regionlarımızı dirçəldən mühüm konsepsiyanın —sosial-iqtisadi inkişafa dair iki çoxşaxəli Dövlət Proqramının müvəffəqiyyətlə reallaşdırılması, minlərlə sosial obyektlərin tikilərək istifadəyə verilməsi, çoxsaylı istehsal və emal müəssisələrinin yaradılması, infrastrukturun inkişafı, əhalinin rifahının xeyli yaxşılaşması və digər yüksək nailiyyətlər təsdiq edir.
Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Belə ki, 10 il ərzində iqtisadiyyatımız 3.4 dəfə artmış, dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, işsizliyin səviyyəsi 5 faizədək enmiş, yoxsulluq təxminən 10 dəfə azalmış, 60%-i bölgələrin payına düşməklə 1 milyon 200 minə yaxın yeni iş yeri açılmış, Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmışdır.
Bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, Azərbaycanda kosmik sənayenin yaradılması da inkişafımızın miqyasını təcəssüm etdirir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi zamanı Azərbaycanın tarixi qələbəyə imza ataraq dünyanın ən nüfuzlu beynəlxalq siyasi qurumu sayılan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, paytaxt Bakının ideal məkan sayılaraq mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, möhtəşəm mahnı müsabiqəsi və dünya miqyaslı idman yarışlarına uğurla ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə malik olduğunu bir daha sübut edir.
Ötən ay ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan prezident seçkilərində qədirbilən Azərbaycan xalqının azad, şəffaf şəkildə öz iradəsini nümayiş etdirərək böyük vətəndaş fəallığı ilə ulu öndərimizin siyasi kursunu, dövlət quruculuğu ideyalarını uğurla davam və inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməsi həm son 10 ildə görülən işlərə verilən qiymətdir, həm də ölkəmizin gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir.
Əminik ki, xalqın yekdil dəstəyi ilə inamlı qələbə qazanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti illərdə ölkəyə rəhbərliyi zamanı xalqımızın gələcəyinə yönələn və hərtərəfli inkişafı təmin edən islahatlar, mühüm sosial, iqtisadi infrastruktur layihələr uğurla davam etdiriləcək, müasir tariximizin daha möhtəşəm, şanlı səhifələri yazılacaq, daha yüksək zirvələr fəth ediləcəkdir.
Bütün bunlar builki yubileyimizə əlavə bayram qatmış, ədliyyə işçilərinin ikiqat sevincinə səbəb olmuşdur.
Beləliklə, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti nəticəsində əldə edilən uğurlar Azərbaycan ədliyyəsindən də yan keçməmişdir.
2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilərək ona hüquq-mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” yeni qanunun, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi.
Nazirlikdə yeni qurumların—Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur.
Respublikamızda aparılan mütərəqqi islahatlar, eyni zamanda, geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində aktiv iştirak edən Ədliyyə Nazirliyi tərəfindən 2003-2012-ci illər ərzində ictimai həyatın müxtəlif sahələrini əhatə edən 20 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, 2200-dən çox layihə hazırlanmışdır.
Son illər ölkəmizin sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaratmışdır. Bu da notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayının artmasında öz əksini tapır. Belə ki, 2003-cü illə müqayisədə notariat hərəkətlərinin sayı 4 dəfə, qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı isə 2 dəfəyədək çoxalmışdır. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam etmiş, hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ə çatmış, KİV-lərin sayı isə 4.800-ü ötmüşdür.
Ədliyyənin inkişafına dair Dövlət Proqramı çərçivəsində “Qeyri-kommersiya hüquqi şəxsləri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və qeydiyyata alınmış bütün qeyri-kommersiya hüquqi şəxslər və onların fəaliyyəti barədə məlumatlar informasiya resursuna daxil edilmişdir.
Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurularaq notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirildi. Nəticədə beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemləri vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirildi.
Notariat sahəsində aparılan islahatlar nəticəsində yeni notariuslar korpusu formalaşdırıldı, ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradıldı. Bu institutun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verdi. Artıq ölkədə bütün notariat korpusunun 45%-ni xüsusi notariuslar təşkil edir.
Ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən quruldu. İlk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirildi, Konstitusiyada məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət təsbit olundu, qanunvericilik əsaslı şəkildə yeniləşərək təsirli icra mexanizmləri yaradıldı, icra məmurlarının səlahiyyətləri (borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması və s.) genişləndirildi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirildi.
Dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyəti ölkə Prezidentinin daim nəzarətindədir və bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın ölkə başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək artıq müsbət nəticəsini verir.
Çətin və mürəkkəb icra işlərinin mütəşəkkil və vaxtında təmin olunması məqsədilə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupunun, habelə eyni inzibati ərazidə yerləşən məhkəmələrdə icra işinin vahid qurum tərəfindən həyata keçirilməsi üçün 17 icra qurumu əsasında geniş səlahiyyətlərə malik 4 yeni böyük strukturun yaradılması da icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb oldu.
Qeyd olunmalıdır ki, icra işlərinin mürəkkəbliyi, bu sahədə iş həcminin 2003-cü illə müqayisədə 3 dəfədən çox artaraq 185.000-i ötməsi nəzərə alınaraq icra məmurlarının sayı son illər 55% artırıldı.
Nazirlikdə 2000-ci ildən fəaliyyət göstərən İstintaq İdarəsinin səlahiyyətləri xeyli genişləndirildi, uşaqların hüquqlarına birbaşa toxunan alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaya görə cinayət məsuliyyəti sanksiyası sərtləşdirildi. Son 10 ildə istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artdı. Bununla bağlı bu sahədə işin səmərəliliyinin artırılması üçün regional ədliyyə şöbələrində müstəntiq ştatları təsis edildi.
Elmi-texniki proqres nəticəsində məhkəmə ekspertizası üzrə yeni növ, o cümlədən məhkəmə-kompyuter-texniki, əqli mülkiyyət obyektlərinin, məhkəmə-kontrafakt ekspertizalarının aparılmasına başlanıldı, müasir texnologiyaların tətbiqi bu sahədə tədqiqatların dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin etməklə cinayətkarlıqla mübarizə işinə, haqq-ədalətin müəyyən edilməsinə dəyərli töhfə verdi.
Bu sahədə tədqiqat metodikalarının standartlaşdırılması, həmçinin ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (ENFSİ) üzvlüyünə qəbul edilmiş, ekspertiza növlərindən 4-ü beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikata layiq bilinmişdir.
Ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə Ekspertiza Mərkəzinin Naxçıvan, Gəncə, Şirvan və Şəkidə filialları yaradılmışdır.
Ədliyyə Nazirliyinə həvalə
olunmuş mühüm vəzifələrdən biri olan bələdiyyələrin
fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi,
inzibati nəzarətin səmərəliliyinin
artırılması istiqamətində ardıcıl tədbirlər
görüldü. Hər il inzibati nəzarətlə
bağlı Milli Məclisdə illik məruzələr dinlənilir.
Təsadüfi deyil ki,
bu məsələyə 19 mart 2009-cu il
tarixdə keçirilmiş referendumla konstitusion status verildi.
Eyni zamanda bələdiyyələr arasında fəaliyyətin
əlaqələndirilməsi və mütəşəkkilliyinin
təmin edilməsi məqsədilə ölkəmizdə
şəhər, qəsəbə və kənd bələdiyyələrinin
milli assosiasiyaları, həmçinin bu assosiasiyaların fəaliyyətini
Əlaqələndirmə Şurası yaradıldı.
Azərbaycan ədliyyəsinin müasir tarixində
baş vermiş mühüm hadisələrdən biri də
respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin
regional şöbələrinin yaradılmasıdır. 2006-cı ildə ölkə
Prezidentinin ədliyyə orqanlarının inkişafı
haqqında fərmanına uyğun olaraq yaradılmış
bu şöbələr bölgələrdə ədliyyə
orqanlarının işini əlaqələndirir, bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirir və onlara metodiki köməklik göstərir,
qanunvericiliklə müəyyən edilmiş cinayətlər
üzrə ibtidai istintaq aparır, qeydiyyat və notariat
işinin, məhkəmə qərarlarının
icrasının təşkilində iştirak edir. Bu
qurumların fəaliyyətinin səmərəli təşkili
ilə bağlı işlər görülərək
artıq beş regional ədliyyə
şöbəsi üçün hər cür şəraiti
olan və müasir təşkilati-texniki avadanlıqla təmin
edilmiş yeni inzibati binalar tikilmiş, o cümlədən
peşə bayramı ərəfəsində Xaçmaz
regional ədliyyə şöbəsinin
açılışı olmuşdur. Açılış
zamanı həmçinin fəaliyyətində
aşkarlığın və şəffaflığın, vətəndaşların
məlumatlılığının təmin edilməsi məqsədilə
qurumun internet saytı istifadəyə verilmişdir.
Eyni zamanda Yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramının həyata keçirilməsi
məqsədilə Ədliyyə Nazirliyinin də üzərinə
qoyulmuş vəzifələrin icrası çərçivəsində
əhalinin aztəminatlı təbəqəsinə pulsuz
hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət
mərkəzləri yaradılmış və hazırda səmərəli
fəaliyyət göstərir.
Prezident İlham Əliyevin gənclərə dəstəyi
dövlət siyasətinin əsas prioritetlərindən birinə
çevrilməsinin, bu istiqamətdə apardığı islahatların
və verdiyi qərarların nəticəsi olaraq dövlət
qulluqçuları arasında gənclərin sayı günbəgün
artmaqdadır.
Nazirlikdə aparılan kadr siyasəti çərçivəsində
ədliyyə orqanlarında çalışanların 45 faizə
qədəri məhz gənclərdir.
Ədliyyə orqanlarına işə qəbul proseduru
daim təkmilləşdirilmiş, 2006-cı ildən isə
qulluğa qəbulun şəffaf müsabiqə yolu ilə
aparılmasına başlanılmış, sənədlərin
təqdim olunması qaydası xeyli sadələşdirilmişdir. Belə ki,
imtahanda iştirak etmək istəyən şəxslər
üçün təkcə ərizə vermək kifayətdir.
İmtahan prosesi isə dövlət qurumları
arasında ilk dəfə internetdə canlı
yayımlanmağa başlanılmışdır.
Şəffaf prosedurlarla və aşkarlıq şəraitində
keçirilmiş müsabiqə və müsahibələr əsasında
1500 nəfərə yaxın layiqli gənc mütəxəssis
ədliyyə orqanlarına qulluğa qəbul olunaraq bu gün
ədliyyənin müxtəlif sahələrində uğurla
fəaliyyət göstərərək püxtələşirlər. Bu
yaxınlarda isə 250-dən çox yüksək
hazırlıqlı gənc mütəxəssis müsabiqə
və müsahibələrdən müvəffəqiyyətlə
keçərək ədliyyə orqanlarına təyinat
almışlar. Bu günlərdə isə gənclərlə
növbəti test imtahanı keçirilmişdir.
Eyni
zamanda Ədliyyə Akademiyası yaradılaraq peşə fəaliyyətinə
buraxılış institutu tətbiq olunur, Akademiyada ali
hüquq təhsili olmayan ədliyyə işçilərinin
hüquqi hazırlığı, ilk dəfə ədliyyə
orqanlarına qulluğa qəbul edilən, prokuror və
müstəntiq vəzifələrinə, habelə vəkilliyə
namizədlərin icbari təlimi həyata keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə aparılan hərtərəfli uğurlu islahatlar
respublikamızın beynəlxalq hüquqi inteqrasiya prosesini də
sürətləndirmişdir. Ədliyyə Nazirliyi
tərəfindən hüquqi sahədə əməkdaşlığın
daha da genişləndirilməsi məsələsi daim diqqət
mərkəzində saxlanılır. Belə ki, nazirlik mərkəzi
və əlaqələndirici orqan qismində 13 çoxtərəfli,
30-dək ikitərəfli müqavilələrin, o cümlədən
cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların
verilməsi üzrə öhdəliklərin icrasını həyata
keçirir, 26 ölkənin ədliyyə nazirlikləri ilə
bağlanmış ikitərəfli sazişlər çərçivəsində
əməkdaşlıq edir. Son on il ərzində
beynəlxalq hüquqi yardımla bağlı digər dövlətlərdən
daxil olan sorğuların sayı 5 dəfədən çox
artaraq 11 mini ötmüşdür.
Nazirlik tərəfindən
həmçinin BMT, ATƏT, Avropa Şurası, Avropa
İttifaqı, Dünya Bankı, Beynəlxalq
Qırmızı Xaç Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq
Təşkilatı, Avropa Ümumi Hüquq Təşkilatı,
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa
Şurasının Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyası (CEPEJ) və s. beynəlxalq təşkilatlar
ilə səmərəli əməkdaşlıq
aparılır.
Eyni
zamanda ölkəmiz 120-dən çox dövləti birləşdirən
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli
əməkdaşlıq edərək uzun müddətdir
Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin rəhbər
şəxsləri təşkilatın ali
orqanlarında—İcraiyyə Komitəsində və
Senatında fəal təmsil olunurlar.
Məlum olduğu kimi, dövlətimizin
başçısı cənab İlham Əliyevin siyasi iradəsi
ilə ümumbəşəri sosial bəla olan korrupsiya ilə
sərt mübarizə aparılır. Təsadüfi deyil ki,
ölkəmizdə institusional və qanunvericilik tədbirləri
həyata keçirilmiş, Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə Açıq Hökumətin
təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
planları qəbul olunmuş, yeni şəffaf və innovativ
xidmətlər yaradılmışdır. Prezidentin təşəbbüsü
ilə yaradılmış və Azərbaycanın brendi
sayılan, ədliyyə orqanlarının da müxtəlif
mühüm xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin
uğurlu fəaliyyəti bu sahədə görülən tədbirlərin
əyani təzahürüdür.
Həmçinin
korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığa
mühüm önəm verilərək ölkəmiz BMT-nin dəstəyi
və Çinin təşəbbüsü ilə 2006-cı
ildə yaradılmış Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyasının (İAACA) həmtəsisçisi
olmuş, Ədliyyə Nazirliyinin rəhbərliyi qurumun
vitse-prezident səviyyəsində təmsil olunur, bu mötəbər
təşkilatın işinə, beynəlxalq antikorrupsiya fəaliyyətinə
dəyərli töhfələr verilir. Bununla
yanaşı, dövlətimiz Beynəlxalq Antikorrupsiya
Akademiyasının nizamnaməsinə xüsusi qanunla
qoşularaq Akademiyanın tamhüquqlu üzvüdür.
Yeri gəlmişkən,
bu il İAACA-nın “Qanunun aliliyi və
korrupsiyaya qarşı mübarizə:
çağırış və imkanlar” mövzusunda Panamada
keçiriləcək 7-ci İllik Konfransı, habelə
Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin
iclası məhz peşə bayramımız ərəfəsinə
təsadüf edir və iştirak edəcəyimiz konfransın
açılışı və ilk sessiyasına sədrlik
vitse-prezident kimi Azərbaycanın nümayəndəsinə həvalə
olunmuşdur.
—Nazirlik
informasiya-kommunikasiya texnologiyalarının, elektron xidmətlərin
tətbiqi sahəsində hansı addımlar
atmışdır?
—Respublikamızda
son illər İKT sektorunun inkişafı çərçivəsində
Ədliyyə Nazirliyi tərəfindən xeyli işlər
görülmüşdür.
2006-cı
ildən etibarən əhalinin daim yeniləşən
qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst
və təmənnasız tanış olması, hüquqi
biliklərinin artırılması məqsədilə milli
qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az), eləcə
də 2011-ci ilin iyulundan “Normativ hüquqi aktlar haqqında”
Konstitusiya Qanununa əsasən nazirlik tərəfindən
yaradılmış Hüquqi Aktların Dövlət
Reyestrinin elektron variantı (www.huquqiaktlar.gov.az) interaktiv rejimdə
fəaliyyət göstərir və sistematik yeniləşdirilir.
Ötən müddət ərzində Ədliyyə
Nazirliyi ölkə vətəndaşları və Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barəsində dövlət informasiya
ehtiyatının formalaşdırılması məqsədilə
Əhalinin Dövlət Reyestrini tam formalaşdırdı. BMT-nin İnkişaf
Proqramı ilə birgə həyata keçirilmiş layihə
çərçivəsində “Əhalinin Dövlət
Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya
sistemi yaradıldı və 75 il ərzində
vətəndaşlıq vəziyyətini müəyyən edən
15 milyondan çox akt qeydi bir neçə il çəkən
nəhəng iş sayəsində elektron formata keçirildi.
Son illər
nazirliyə həvalə olunmuş mühüm səlahiyyətlərdən
biri kimi sahibkarlıq sahəsində aparılan yoxlamaların
nizama salınması və istehlakçıların
hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il və 15
fevral 2011-ci il tarixli fərmanlarına uyğun olaraq Ədliyyə
Nazirliyi tərəfindən müvafiq reyestr
formalaşdırılmış və həmin reyestr
(www.yoxlama.gov.az) 2011-ci ilin mayından fəaliyyət göstərir.
Artıq iş adamları üçün əməli əhəmiyyət
daşıyan sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrinin fəaliyyəti daha da təkmilləşdirilərək
elektron xidmətlər bölməsinə və “1650”
avtomatlaşdırılmış telefon xidmətinə
sahibkarlara məlumat almaq və müraciət etmək
imkanı yaradan funksiyalar əlavə olunmuşdur.
Ölkə
başçısının dövlət orqanlarında
elektron xidmətlərin göstərməsinə dair 2011-ci il 23 may tarixli fərmanına uyğun olaraq
nazirliyin internet saytında elektron xidmət bölməsi
yaradılmış, elektron sənəd dövriyyəsinin tətbiqinə
başlanılmışdır.
Cari ildə elektron xidmət bölməsinin fəaliyyəti
daha da təkmilləşdirilmiş, onun yeni versiyası
hazırlanaraq istifadəyə verilmişdir.
Məhkəmə
qərarlarının icrası ilə bağlı borclunun
ölkədən getmək hüququnun məhdudlaşdırması
mexanizmi xeyli təkmilləşdirilərək, insan
hüquqlarının təmin olunması baxımından
qadağanın daha çevik götürülməsi məqsədilə
icra xidmətində “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi quraşdırıldı və nazirliyin internet
saytında yeni elektron xidmət istifadəyə verildi. Bununla da hər bir kəs sayta daxil olub özü ilə
bağlı qadağanın qoyulub-qoyulmamasını öyrənə
bilər.
Həmçinin, əhaliyə göstərilən
hüquqi xidmətlərin səmərəliliyinin
artırılması məqsədilə universal elektron xidmət
köşkləri işlənilmiş, xüsusi proqram təminatı
hazırlanaraq onlar notariat orqanlarında istifadəyə
verilmişdir.
Artıq həmin köşklərdə ödənişlərin
nağd yolu ilə və plastik bank kartları vasitəsilə
aparılması təşkil edilmiş qeydiyyat orqanlarında
da bu müsbət təcrübənin tətbiqinə
başlanılmış və “pay-point” ödəniş
terminallarının ilk nümunəsi sınaqdan keçirilməsi
üçün Səadət Sarayında
quraşdırılmışdır.
Eyni zamanda, “Elektron notariat” sistemi də yaradılaraq
sınaq rejimində 24 notariat kontorunda istismara verilmiş, habelə
məhkəmələr tərəfindən elektron xidmətlərin
göstərilməsi işində mobil operatorların və
internet resurslarının imkanlarından geniş istifadəsi
üzrə tədbirlər görülmüşdür. Məhkəmə prosesi tərəflərinə
SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi
pilot layihə qaydasında bir sıra məhkəmələrdə
tətbiq olunur.
Məhkəmə sahəsində də müasir
İKT-lər geniş tətbiq olunur. Belə ki, məhkəmə
infrastrukturunun müasirləşdirilməsi çərçivəsində
yeni tikilən məhkəmə binalarında bu texnologiyalardan
səmərəli istifadə olunmasına xüsusi əhəmiyyət
verilərək bütün məhkəmələr
arasında, o cümlədən Məhkəmə-Hüquq
Şurası və Ədliyyə Nazirliyi ilə elektron sənəd
dövriyyəsi və sənədlərin
avtomatlaşdırılmış idarəetmə sistemi
üçün zəruri infrastruktur
quraşdırılmışdır.
Həmçinin,
vətəndaşların məhkəmələrə
müraciət imkanlarının daha da
asanlaşdırılması və hüquqi xidmətin
yaxşılaşdırılması məqsədilə məhkəmə
sisteminin vahid internet portalı yaradılmışdır ki,
portal ali, regional apelyasiya, ixtisaslaşdırılmış,
habelə rayon məhkəmələri, onların
yurisdiksiyası, baxılan işlər və
çıxarılan qərarlar, müraciətə əlavə
edilməsi zəruri olan sənədlər, qəbul günləri
və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri
və digər məhkəmə sənədlərinin
nümunələrini əldə etmək, həmçinin
onlayn rejimində müraciət etmək və cavab almaq
imkanı yaradır. Portalda, həmçinin
bütün hakimlər barədə məlumatlar öz əksini
tapır.
—Bəs məhkumların
hüquqlarının qorunması, bütövlükdə
penitensiar sistemin müasirləşdirilməsi istiqamətində
hansı tədbirlər görülmüşdür
—Məlum
olduğu kimi, hər bir cəmiyyətdə məhkumlarla
davranışa münasibət ölkənin mədəni-sivil
inkişaf səviyyəsinin əsas göstəricilərindədir.
Bu baxımdan son 10 ildə ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemdə
aparılan köklü islahatlar nəticəsində cəza
siyasəti humanistləşdirilərək məhkumların
hüquqları və imtiyazları xeyli genişləndirildi,
onların saxlanma şəraiti, ərzaq və tibb təminatı
köklü şəkildə
yaxşılaşdırıldı, bu sahədə ictimai nəzarət
gücləndirildi, müasir penitensiar infrastrukturun
yaradılması üzrə məqsədyönlü işlər
görüldü.
Təsadüfi deyil ki, təqsirləndirilən şəxslərin
və məhkumların yaşayış yerlərinə
yaxın ərazilərdə və müasir müəssisələrdə
cəza çəkməsini təmin etmək məqsədilə
ölkə başçısı cənab İlham Əliyevin
tapşırıqlarına əsasən respublikanın
müxtəlif regionlarında yeni penitensiar müəssisələrin
inşasına başlanıldı. Naxçıvan Muxtar
Respublikasında və Şəkidə müasir tipli
penitensiar komplekslər, Bakıda isə ən yüksək
beynəlxalq standartlara uyğun yeni istintaq təcridxanası
tikilərək istifadəyə verilmiş, məhkumların
hüquqlarının qorunmasına xüsusi diqqət yetirən
dövlət başçısı cənab İlham Əliyev
şəxsən təcridxanaya baş çəkərək
yaradılmış şəraitlə tanış
olmuş, göstərişlər vermişdir. Bir sıra
dövlətlərin, o cümlədən Norveçin,
Niderlandın, Mərakeşin, Türkiyənin və s. ədliyyə
nazirləri də həmin müəssisəyə baş
çəkərək yaradılan şəraiti təqdir
etmişlər. Hazırda Gəncədə,
Kürdəmirdə, Lənkəranda və Bakının
Umbakı qəsəbəsində isə yeni müəssisə
və komplekslərin inşası intensiv davam etdirilir.
Eyni zamanda, təqsirləndirilən şəxslər və
məhkumların hüquqları və imtiyazları xeyli
genişləndirildi, saxlanma şəraiti, dərman və digər
təminatları, xüsusilə tibbi xidməti əsaslı
şəkildə yaxşılaşdırıldı,
penitensiar müəssisələr yeni tibb avadanlığı
ilə təchiz olundu.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə
səmərəli əməkdaşlıq nəticəsində
vərəm xəstəliyinə düçar olmuş məhkumlar
üçün xüsusi yaradılmış
İxtisaslaşdırılmış Müalicə Müəssisəsində
müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və
yeni müalicə korpusları istifadəyə verildi. Vərəm xəstəliyinin
dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə daha
tez—1 saat 40 dəqiqə ərzində müəyyən etməyə
imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq
penitensiar müəssisələrdə Azərbaycanda tətbiqinə
başlanıldı. Bunun nəticəsidir
ki, vərəmdən ölüm halları 38 dəfəyədək,
ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən
ölüm halları 12 dəfə azalmışdır.
Artıq ölkəmizin bu sahədə nailiyyətləri
beynəlxalq aləmdə təqdir olunaraq BQXK Azərbaycanın
bu müsbət təcrübəsini örnək kimi digər
dövlətlərə tətbiqi üçün tövsiyə
etmişdir. Bununla əlaqədar Böyük Britaniya,
Moldova, Ukrayna, Gürcüstan, Filippin, İraq və Mərkəzi
Asiya ölkələri, habelə Almaniya, İsveçrə və
İngiltərənin, tibb üzrə ixtisaslaşmış
QHT-ləri nailiyyətlərimizə böyük maraq göstərərək
geniş nümayəndə heyətlərini Azərbaycana
göndərmiş və təcrübəmizlə
tanış olmuşlar.
Bu
yaxınlarda BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi
statusuna malik olan və baş qərargahı ABŞ-da yerləşən
digər nüfuzlu təşkilat—İslah və Həbsxanalar
Beynəlxalq Assosiasiyası ölkəmizin penitensiar sistemində
vərəmə nəzarət proqramını 2013-cü ilin
Səhiyyə Mükafatına layiq bilmiş və
ABŞ-ın Kolorado Sprinqs şəhərində
dünyanın 70 ölkəsinin ədliyyə, o cümlədən
penitensiar sistemini təmsil edən 500-dən artıq nümayəndəsinin
iştirakı ilə keçirilmiş Assosiasiyanın 15-ci
İllik Konfransında təntənəli mərasim
keçirilərək qurumun prezidenti tərəfindən həmin
mükafat Azərbaycanın nümayəndə heyətinə
təqdim olunmuşdur.
Qeyd
olunmalıdır ki, belə mükafatlar penitensiar sistemlə
bağlı proqramların dünya standartlarına uyğun
icra edilməsində xüsusi fərqlənməyə və
yüksək nailiyyətlərin əldə olunmasına
görə verilir və Azərbaycan bu il səhiyyə
sahəsində təltif edilmiş yeganə ölkə
olmuşdur.
Ulu öndər Heydər Əliyevin humanizm və ədalət
prinsiplərinə əsaslanan siyasətinə sadiq qalan
dövlət başçısı cənab İlham Əliyev
əfvetmə institutunun çevik və işlək mexanizmlər
əsasında fəaliyyətini təmin etdi, qəbul
olunmuş amnistiya aktları və əfv sərəncamları
ilə cinayət törətmiş şəxslərin cəmiyyətə
yenidən inteqrasiya olunaraq islah edilməsini
stimullaşdırdı.
Ötən
dövr ərzində ölkə başçısı tərəfindən
imzalanmış əfv aktları ilə 2600-ə yaxın
şəxs azadlığa buraxılmış, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə qəbul edilmiş amnistiya qərarları
30 minə yaxın şəxsə şamil olunmuş, minlərlə
insan ailəsinə, cəmiyyətə qovuşmuşdur.
—Son illər
məhkəmə sistemində aparılan islahatlar geniş
vüsət almışdır. Bu sahədə
görülən işlər barədə də məlumat
verməyinizi istərdik.
—Doğrudur,
məhkəmə islahatları bu gün də davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd
etdiyi kimi, “bu prosesin əvvəli var, amma sonu yoxdur”.
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin
ilk dövründən ədalət mühakiməsinin səmərəsinin
və məhkəmə hakimiyyətinin müstəqilliyinin
artırılmasına xüsusi diqqət yetirən dövlət
başçısı cənab İlham Əliyevin siyasi iradəsi
ilə 2004-cü ildən məhkəmə sisteminin daha da
müasirləşdirilərək Avropa standartlarına tam
uyğunlaşdırılması işinə
başlanıldı.
Bu məqsədlə
Azərbaycan-Avropa Şurası birgə işçi
qrupları yaradılaraq, Avropa Şurası ilə əməkdaşlıq
şəraitində Məhkəmələr və hakimlər
haqqında qanun əsaslı şəkildə yeniləndi, Məhkəmə-Hüquq
Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi
haqqında Əsasnamə, Hakim vəzifələrinə namizədlərin
seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi,
məhkəmələrdə işin şəffaf təşkili
ilə bağlı digər mühüm sənədlər qəbul
olundu.
Aparılmış
islahatlar nəticəsində yeni təsisat—məhkəmə
hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq
Şurası yaradıldı, hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi,
vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə
cəlb edilməsi və onların fəaliyyəti ilə
bağlı digər məsələlər bu orqanın səlahiyyətinə
aid edildi.
Son illərədək
Azərbaycanda hakimlərin əhaliyə nisbətdə
sayı Avropa Şurasına digər üzv dövlətlərlə
müqayisədə aşağı göstərici ilə
xarakterizə edilirdi, hər 100 min nəfərə, orta
hesabla, 4 hakim düşürdü. Həmçinin,
məhkəmələrin səlahiyyətlərinin əhəmiyyətli
şəkildə genişləndirilməsi, habelə əhalinin
məhkəmə sisteminə inamının artması işin
həcminin xeyli yüksəlməsi ilə nəticələnmişdir.
Bu da işlərin vaxtında və keyfiyyətlə
baxılmasına təsir edirdi.
Bu məqsədlə
hakimlərinin sayının artırılması və məhkəmə
sisteminin müasirləşdirilməsi ilə bağlı
dövlət başçısının 17 avqust 2006-cı il və 9 avqust 2010-cu il tarixli fərmanlarının
ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasında mühüm rolu oldu. Belə ki, ölkənin
sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin
iş yükünün dəfələrlə
çoxalması nəzərə alınaraq hakimlərin
sayı 2 dəfə artırılaraq 600-ə
çatdırıldı, məhkəmə aparatı
işçilərinin sayı isə 75% artırıldı, hər
bir hakimə köməkçi ştatı ayrıldı.
Son illər Məhkəmə-Hüquq Şurası tərəfindən
həyata keçirilən tədbirlər hakim vəzifəsinə
seçkilərin tamamilə azad, obyektiv və ədalətli
keçirilməsinə, bu məsul vəzifəyə ən
layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə
namizədlərin seçilməsi kimi mühüm vəzifənin
yerinə yetirilməsi məqsədilə yaradılmış
Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin
nəticəsi kimi Avropada ən mütərəqqi və
şəffaf hesab edilən seçim qaydaları əsasında
2600-dən çox namizəd sırasından seçilmiş
307 nəfər yüksək hazırlıqlı
hüquqşünas müxtəlif hakim vəzifəsinə təyin
olunmağa layiq bilinmişlər.
Təsadüfi deyil ki, hakimlərin seçim prosesi kadr
seçimi tarixində ilk dəfə olaraq internet vasitəsilə
onlayn rejimində birbaşa yayımlanmışdır.
Avropa
Şurasının Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri
üzrə hesabatında respublikamızda məhkəmə
islahatlarına göstərilən diqqətin, o cümlədən
maliyyə ayırmalarının səviyyəsini, hakimlərin
sayındakı artım tempini Avropa dövlətləri
sırasında yüksək göstəricilərlə
xarakterizə etmiş, həmçinin məhkəmələrdə
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
ölkəmizin səylərini yüksək dəyərləndirmişdir.
Avropalı ekspertlər Azərbaycana səfər
edərək hakimliyə namizədlərin seçimini
bilavasitə izləmiş və nəticələr üzrə
ekspertlər tərəfindən hazırlanmış əhatəli
hesabatda Azərbaycanın bu sahədə müsbət təcrübəsi
örnək kimi qiymətləndirilmişdir.
Avropa İttifaqı tərəfindən həyata
keçirilən Şərq tərəfdaşlığı
ölkələrində məhkəmə islahatlarının
gücləndirilməsi layihəsi üzrə hesabatda da bu
seçim nümunə kimi qiymətləndirilərək digər
üzv-dövlətlərə tövsiyə edilmişdir.
Ölkə başçısının məhkəmə
sisteminin müasirləşdirilməsi ilə bağlı
tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində mühüm
işlər görüldü, vətəndaşların
hüquq və azadlıqlarının daha etibarlı
qorunması, onların məhkəməyə müraciət
imkanlarının asanlaşdırılması məqsədilə
regionlarda yeni apelyasiya və iqtisad məhkəmələri
yaradıldı. Bunun davamı olaraq dövlət
başçısının fərmanları ilə ölkədə
yeni-yeni məhkəmələr, o cümlədən
ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələr
fəaliyyətə başladı.
Regionlarda bu məhkəmələrin yaradılması
müasir dövrün ehtiyacından irəli gələn
sosial tələbat idi. Son dövrlər bu məqsədlə
imzalanmış qanun və fərmanlar, sərəncamlar da
yalnız bir məqsədə—regionlarda yaşayan əhalinin
hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət
edir.
Beləliklə, həyata keçirilən məhkəmə-hüquq
islahatlarının nəticəsi olaraq regionlarda əhalinin məhkəmələrə
müraciət imkanları asanlaşdı, vətəndaşlara
göstərilən hüquqi yardımın keyfiyyəti və
səmərəsi yüksəldi.
Eyni
zamanda, məhkəmələrin iş şəraitinin
yaxşılaşdırılması, hakimlərin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində də
mühüm addımlar atılır.
Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə
dəstəyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin
müasir tələblərə cavab verən yeni binası
tikilib istifadəyə verildi. Bu əsl Ədalət
Sarayının ərsəyə gəlməsi məhkəmə
hakimiyyətinə verilən yüksək əhəmiyyətin
təzahürüdür.
Dünya
Bankı ilə birgə həyata keçirilən “Ədliyyə
sisteminin müasirləşdirilməsi” Layihəsi çərçivəsində
ən müasir tələblərə cavab verən konsepsiya əsasında
33 məhkəməni və 18 icra qurumunu əhatə edən
məhkəmə kompleksləri və binalarının layihələşdirmə
işləri aparıldı, son illər 4 rayon məhkəməsi
üçün ən müasir İKT-lərlə təchiz
olunmuş yeni binalar tikilərək istifadəyə verildi. 7 məhkəmə üçün bina və
komplekslər isə intensiv inşa olunur. Tikilən
binalar içərisində Bakı şəhəri Yasamal, eləcə
də Oğuz rayon məhkəmələrinin
açılışlarında dövlət
başçısı cənab İlham Əliyevin şəxsən
iştirak etməsi və görülən işləri
yüksək qiymətləndirməsi xüsusilə əlamətdar
olmuşdur.
Qeyd olunmalıdır ki, Dünya Bankı ilə birgə
həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi”
layihəsi bank tərəfindən ən uğurlu layihələrindən
hesab olunmaqla ötən ilin sonunda “Azərbaycan Respublikası
vətəndaşlarına yüksək səviyyəli xidmətlərin
göstərilməsi məqsədilə müasir
infrastrukturun yaradılması” nominasiyasında qalib gəlmişdir.
Dünya Bankının rəsmiləri bildirmişlər
ki, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlər
böyük marağa səbəb olub və bundan bəhrələnmək
üçün digər dövlətlərdən müraciətlər
edilir, Azərbaycana səfər etmək arzusu bildirilir. Layihənin
uğurlu nəticələrini görən Dünya Bankı əməkdaşlığın
daha da genişləndirilməsi ilə bağlı niyyətini
bildirmiş və hazırda bu məsələ ilə
bağlı danışıqlar aparılır.
Qeyd olunmalıdır ki, ölkəmizdə elektron ədalət
mühakiməsinin tətbiqi üzrə mühüm işlər
aparılır, bu sahədə mütərəqqi beynəlxalq
təcrübənin öyrənilməsinə xüsusi əhəmiyyət
verilir.
məqsədlə
Dünya Bankının təşəbbüsü ilə Azərbaycanın
nümayəndə heyəti ötən ay məhkəmə
sistemində İKT-lərin istifadəsində böyük
nailiyyətlər əldə etmiş Sinqapurda səfərdə
olmuş, bu ölkənin ədliyyə naziri, Ali Məhkəməsinin
sədri, habelə Korrupsiya hallarının istintaqı
Bürosunun rəhbəri ilə məhsuldar görüşlər
keçirilmişdir. Sinqapurun elektron ədalət mühakiməsi
sistemini tətbiq edən məhkəmələrə baş
çəkilərək onların fəaliyyəti ilə tanış olunmuş, müasir İKT-lərin
tətbiqi üzrə faydalı təcrübə mübadiləsi
aparılaraq qarşılıqlı əməkdaşlığa
dair razılıq əldə edilmişdir.
Səfər
zamanı “Hüquq sisteminə inamın artırılması
üçün məhkəmə fəaliyyətinin inkişafı”
mövzusunda keçirilmiş beynəlxalq konfransda da
iştirak edilmiş, Azərbaycanda aparılan məhkəmə
islahatları və əldə olunmuş nailiyyətlər barədə
verilmiş ətraflı məlumat tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır
Beləliklə,
ölkə başçısının rəhbərliyi ilə
həyata keçirilən məhkəmə-hüquq
islahatları nəticəsində Azərbaycanda ədliyyə
və məhkəmə orqanlarının fəaliyyəti daha
da müasirləşdi, əhaliyə göstərilən
hüquqi yardımın səviyyəsi yüksəldi, ədalət
mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər
əsasında həyata keçirilməsi təmin olundu.
—Fikrət
müəllim, Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ədliyyə
orqanlarında necə qeyd olunur?
—Müstəqil Azərbaycan dövlətinin qurucusu,
ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə təsis
edilmiş 22 noyabr—Ədliyyə işçilərinin peşə
bayramı və Azərbaycan ədliyyəsinin 95 illik yubileyi
respublikamızda böyük ruh yüksəkliyi və ulu
öndərimizə dərin minnətdarlıq hissi ilə
geniş və təntənəli şəkildə qeyd olunur.
Peşə bayramının və Azərbaycan ədliyyəsinin
95 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə
əhatəli tədbirlər planı təsdiq olunmuşdur.
Hər il peşə bayramı günündə ədliyyə
işçiləri Fəxri Xiyabana gedərək bu bayramı
bizə bəxş etmiş müstəqil Azərbaycan
dövlətinin banisi Heydər Əliyevə öz əbədi
ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında
şəhidlərimizin xatirəsini yad edirlər. Bu gün bütün ədliyyə sistemində
bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin
keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə
veteranları və gənc mütəxəssislərlə
görüşlər, yığıncaqlar keçirilir,
bayram tədbirləri təşkil olunur.
Həmçinin, əlamətdar bayram münasibətilə
ədliyyənin tarixindən və müasir inkişafından
bəhs edən foto və sənədlərdən ibarət
xüsusi ekspozisiyalar, yeni nəşrlər və əyani vəsaitlər
hazırlanmış, nazirliyin internet saytında müasir
üsullar tətbiq olunmaqla Ədliyyə Nazirliyinin tarixini əks
etdirən muzeylərimizin 3D formatında yeni bölməsi
yaradılmışdır.
Azərbaycan
ədliyyəsinin 95 illik yubileyi bu il “Səadət
Sarayı”nda qeyd olunur və bu da rəmzi məna
daşıyır. Ona görə ki, Ədliyyə
Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ilk dəfə məhz bu binada fəaliyyətə
başlamışdır. Bu gün
Bakının memarlıq ansamblında özünəməxsus
yeri olan “Səadət Sarayı” möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin diqqəti və qayğısı
sayəsində müasir görkəm almışdır.
Ədliyyə işçiləri möhtərəm
Prezidentimizin ətrafında sıx birləşərək
ölkəmizin müasir inkişafına uyğun olaraq öz
vəzifələrini hər zaman layiqincə yerinə yetirmək,
demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin
davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla
çalışmaq əzmindədirlər.
Fürsətdən
istifadə edib bütün ədliyyə işçilərini
22 noyabr peşə bayramı və Azərbaycan ədliyyəsinin
95 illik yubileyi münasibətilə təbrik edir, çətin
və şərəfli işlərində müvəffəqiyyətlər.
—Fikrət
müəllim, belə bir xoş gündə bizə vaxt
ayırdığınıza və oxucularımızla dəyərli
fikrlərinizi bölüşdüyünüzə görə
Sizə təşəkkür edirik.
Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə
naziri,
Məhkəmə-Hüquq
Şurasının sədri.
Müsahibəni apardı:
H.MUSAYEV,
Respublika.-2013.- 21
noyabr.- S.4;6.