ƏDLİYYƏ SİSTEMİ DAİM TƏKMİLLƏŞİR

 

 

28 may 1918-ci ildə Tiflisdə Qafqaz canişinin iqamətgahında Zaqafqaziya Seyminə seçilmiş azərbaycanlı deputatlar doktor Həsən bəy Ağayevin başçılığı ilə Azərbaycan Milli İslam Şurasını yaradaraq, Fətəli Xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti Hökumətini təşkil etmişlər. Bu, Şərqdə ilk parlamentli respublika idi.

Elə həmin gün Xəlil bəy Xasməmmədov ədliyyə naziri kimi hökumətin tərkibinə daxil olur. Lakin bu dövrdə ədliyyə nazirliyi, faktiki olaraq, heç bir görə bilməmişdir. Bu da təbiidir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökuməti Tiflisdə, başqa sözlə, mühacirətdə təşkil olunmuşdu.

Həmin vaxt Bakıda daşnak S.Şaumyanın, bilavasitə rəhbərliyi, bolşevik Rusiyasının silah-sursatı ilə azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirilirdi. Ona görə də öz təsir dairəsini Azərbaycan ərazisində həyata keçirmək üçün Müvəqqəti Hökumət 16 iyun 1918-ci ildə Yelizavetpola (indiki Gəncə şəhərinə—İ.A.) köçür.

Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncə şəhərində anadan olmuşdu. Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, Yekaterinodar (indiki Krasnodar şəhəri—İ.A.) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. 1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmiş Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi vəzifəsində (1913-1917) işləmişdir. Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuş, o, Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə yenidən ədliyyə naziri vəzifələrində çalışmışdır.  X.Xasməmmədov 1947-ci ildə Türkiyədə vəfat etmişİstanbul şəhərində dəfn olunmuşdur.

Bu dövrdə isə Azərbaycanda məhkəmə sistemi dağınıq, pərakəndə və iflic vəziyyətində idi. Şəhər və qəzaların, demək olar, üçdə iki hissəsində müstəntiq və barışıq hakimləri yox idi, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətlərini tamamilə dayandırmışdılar. Gəncə şəhərinin Dairə Məhkəməsi öz mövcudluğunu birtəhər qoruya bilsə də, faktiki olaraq, işləmirdi. Qəzalardakı bir çox barışıq hakimləri, magistraturaprokurorluq əməkdaşları respublikanı tərk etmiş, binaları isə talan edilmiş, dağıdılmış və yandırılmışdı. İstintaq sahəsində də eyni səbəbdən oxşar vəziyyət yaranmışdı. Yalnız bəzi yerlərdə müstəntiqlər öz vəzifələrində qalmışdılar. Lakin onlar da yaranmış vəziyyətlə əlaqədar, vəzifələrini yerinə yetirmək iqtidarında deyildirlər.

Həmin dövrdə Müvəqqəti Hökumət yenə də Bakıya gələ bilmir. Yalnız Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını 15 sentyabr 1918-ci ildə erməni-bolşevik və ingilislərdən azad etdikdən sonra 17 sentyabr 1918-ci ildə Müvəqqəti Hökumət Gəncədən Bakıya köçür və Bakı paytaxt elan olunur.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 22 noyabr 1918-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilir. Təsadüfi deyildir ki, həmin tarix əsas götürülərək ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi imzaladığı 11 noyabr 2000-ci il tarixli 566 N-li fərmanı ilə 22 noyabrın Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmış və ona görə də hər il noyabrın 22-ni xalqımız Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edirlər.

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir.

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanmış müstəqil dövlətimizin ilk Konstitusiyasının 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi—referendum yolu ilə qəbul edilməsi ölkəmizin tarixində ən parlaq səhifələrdən biridir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatında bütün sahələrində köklü islahatlar, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilmişdir.

Hazırda bu islahatlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə aparılan hüquqi islahatların tərkib hissəsi kimi Ədliyyə Nazirliyində də son illərdə köklü islahatlar aparılmış, nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər görülmüş, nazirliyin fəaliyyət istiqamətləri üzrə işinin yaxşılaşdırılmasında, ədliyyə orqanlarının fəaliyyətinin əsas istiqamətləri, kadr məsələləri, normativ-hüquqi aktların layihələrinin müzakirə edilməsində kollegiyanın rolu yüksəldilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə bütövlükdə ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu isə 26 may 2006-cı il tarixdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmışdır. Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir

Həmin qanunda ədliyyə orqanları işçilərinin  hüquqları genişləndirilmiş dəqiqləşdirilmiş, onların məsuliyyətləri artırılmışdır. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi nəzərdə tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ədliyyə orqanlarının fəaliyyətində böyük hadisə olmaqla, ölkə başçısının ədliyyə orqanları əməkdaşlarına olan diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 17 avqust 2006-cı il tarixdə “Ədliyyə orqanlarının inkişafı haqqında” fərman imzalamışdır. Fərmanın 1.3-cü bəndinə əsasən Ədliyyə Nazirliyi yanında Hüquq Tədirs Mərkəzinin əsasında ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədi ilə Ədliyyə Akademiyası yaradılması qərara alınmış və ölkə başçısının 21 noyabr 2008-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir.

Fərmana əsasən Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün tədris-elm müəssisəsi kimi yaradılmışdır.

İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi də Ədliyyə Akademiyasının əsas vəzifələrindən biridir. Ədliyyə Akademiyasının Nizamnaməsinə müvafiq dəyişikliklər edilərək hakimliyə namizədlərin ilkin uzunmüddətli hazırlığı da Ədliyyə Akademiyasının fəaliyyət istiqamətinə daxil edilmişdir.

Bundan əlavə, Ədliyyə Akademiyası Nizamnaməsinin 19-4-cü maddəsinə əsasən hakim vəzifəsinə namizədlər üçün tədris proqramı Hakimlərin Seçki Komitəsi və Akademiya tərəfindən hazırlanır, Məhkəmə-Hüquq Şurası ilə razılaşdırılmaqla, Hakimlərin Seçki Komitəsi tərəfindən təsdiq edilir.

Hakimlərin davamlı tədrisi işində Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq qurumların ekspertləri, o cümlədən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ekspertləri fəal iştirak edirlər.

Ədliyyə Akademiyasının əməkdaşları qanunvericiliyin izahı işində də fəal iştirak edirlər. Ədliyyə Akademiyasının yaradılması ölkədə aparılan hüquqi islahatların həyata keçirilməsində mühüm hadisə olmaqla, Akademiyanın üzərinə mühüm vəzifələr qoyur. Bu qurumun əsas vəzifəsi hakimlərin, hakimliyə namizədlərin, ədliyyə işçilərinin ilkin və davamlı tədrisi, bələdiyyə üzvləri və qulluqçularının, digər mərkəzi icra orqanları əməkdaşlarının, qeyri-hökumət təşkilatları, o cümlədən gənclər təşkilatlarının nümayəndələrinin hüquqi maarifləndirilməsi işini həyata keçirməkdir.

 

Ona görə də Akademiyanın, Avropa standartlarına uyğun, 5000 kvadratmetr faydalı sahəsi olan binamüasir avadanlıqla təmin edilməsinə ciddi ehtiyac vardır.

Nəzərə alsaq ki, Akademiya on min nəfərdən artıq əməkdaşın ixtisasının artırılması ilə məşğul olacaqdır, bu zaman Akademiyanın ən azı 20 auditoriyası, o cümlədən xarici dillərin öyrənilməsi üçün xüsusi avadanlıqla təchiz edilmiş 2 auditoriyaya, 50 nəfərlik kompyuterlə təchiz edilmiş 2 auditoriyaya, həmçinin, geniş akt zalı, konfrans və “dəyirmi masa”ların keçirilməsi üçün 4-5 zala, əsaslı kitabxanageniş oxu zalına, üstüörtülü və üstüaçıq müasir idman qurğularına (zallarına), 200-250 yerlik mehmanxana tipli yataqxanaya, əməkdaşların normal işləməsi üçün 80 xidməti otaqlara ciddi ehtiyacı vardır. Bununla əlaqədar olaraq, nazirliyin rəhbərliyi tərəfindən hazırda bu sahədə müvafiq imkanlar axtarılır.

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən müddət ərzində çox böyük işlər görülmüşdür. Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov dəfələrlə demişdir ki, görülmüş işləri təkmilləşdirməyin limiti yoxdur. Belə ki, bu gün müsbət hesab edilən işlərin sabahkı meyarlar baxımından təkmilləşdirilməsinə ciddi ehtiyacı vardır. Ona görə də Ədliyyə orqanları işinin daha da təkmilləşdirilməsi bu gündavam edir.

Qarşıdan gələn 22 noyabr —Ədliyyə işçilərinin peşə bayramı münasibətilə kollektivimiz adından bütün ədliyyə işçilərini təbrik edir, onlara xidməti işlərində böyük nailiyyətlər arzu edirəm.

 

İlham ABBASOV

 

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru

hüquq üzrə fəlsəfə doktoru, Baş ədliyyə müşaviri,

Prokurorluğun fəxri işçisi.

                                            

Respublika.-2013.- 22 noyabr.- S.6.