Qanunçuluğun etibarlı təminatı

 

Demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından böyük məsafə qət edərək yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi daha çox tətbiq olunan yeniliklərin cəmiyyətin inkişaf tempinə adekvatlığı ilə şərtlənir. Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən əsası isə vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır.

İyirmi iki ildir ki, müstəqilliyini bərpa etmiş Azərbaycanın qısa müddətdə demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

Ümummilli lider müstəqil respublikamızın hüquq sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması və müasirləşdirilməsi baxımından ədliyyə orqanlarında da mütərəqqi islahatları təmin etmiş, ədalət mühakiməsinin keyfiyyətcə yüksəlməsinə, bir sözlə, hər bir fərdin maraq və mənafeyinin təmin olunduğu ədalətli cəmiyyətin formalaşmasına səylə çalışmışdır. Azərbaycan ədliyyəsinin son 20 ildə dinamik inkişaf yolu keçərək mühüm dövlətçilik təsisatlarından birinə çevrilməsi, cəmiyyətin hüquq sisteminin tənzimlənməsində aparıcı söz sahibi kimi çıxış etməsi də məhz bu diqqət və qayğının təcəssümüdür.

Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu bir tarixi gündə — 28 may 1918-ci il tarixdə təsis edilmiş Ədliyyə Nazirliyinin həmin il noyabrın 22-də Əsasnaməsi və ştat cədvəli təsdiq olunmuşdur. Bu da təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilmiş, 22 noyabr — ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmış, Azərbaycan ədliyyə tarixinə, müsbət ənənələrinə ehtiramın təzahürü kimi dəyərləndirilmişdir.

Xalq Cümhuriyyətinin məlum səbəblər üzündən süqutundan sonra Ədliyyə Nazirliyinin təkmil struktur kimi əsaslı surətdə formalaşdırılması, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması məhz 70-ci illərə — ümummilli lider Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf etmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra — kifayət  qədər mürəkkəb və taleyüklü bir mərhələdə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev hüquq sisteminin mühüm qolu olan Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiqli yerini tutması üçün əlindən gələni əsirgəməmiş, vətəndaş cəmiyyətinin möhkəmlənməsi baxımından ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsini zəruri saymışdır.

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, hər kəsin qanun qarşısında bərabərliyi, ən başlıcası hüququn aliliyi təmin olunur. Azərbaycan Respublikasının 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ilk Konstitusiyasında bu reallıqlar nəzərə alınmaqla ədliyyə orqanlarının cəmiyyətdəki yerilayiqli mövqeyi təmin edilmişdir.

Sonrakı mərhələdə vətəndaşlıq vəziyyəti aktları orqanlarının iqtisadihüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatlar həyata keçirilmiş, onların fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması diqqət mərkəzində olmuşdur. Bütün sahələrdə əhalinin rifahının, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ulu öndərin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002-ci il tarixli fərmanı ilə qeydiyyatla bağlı bəzi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar qaydada da aparılması qaydaları müəyyən edilmişdir.

Ümumilikdə, 1993-2003-cü illərdə Ədliyyə Nazirliyində yeni dövrün tələblərindən irəli gələn islahatlar aparılmış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin yüksəldilməsi, qanunvericiliyin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə zəruri tədbirlər həyata keçirilmişdir. Bu siyasəti son 10 ildə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin, statusunun, cəmiyyətdəki rolununmövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini praktik addımları ilə təmin etmişdir.

Dövlət başçısının hələ 2006-cı il 18 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” Ədliyyə Nazirliyinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədi daşımış, mühüm əhəmiyyətə malik bu sənədlə ədliyyə orqanlarının yeni fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyən edilmişdir. Əsasnaməyə uyğun olaraq nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq-mühafizə orqanı statusu verilmişdir. Əsasnaməyə görə, Ədliyyə Nazirliyi qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır, notariat orqanlarının fəaliyyətini, vətəndaşlıq vəziyyəti aktlarınınhüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasını təmin edir, hüquqi şəxslərin dövlət reyestrini, həmçinin Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini həyata keçirir.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” ilə Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan normativ xarakterli aktlarının qüvvədən düşməsi, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququnun verilməsi də olduqca mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 may 2006-cı il “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun ədliyyə orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən etmişdir. Belə bir qanunun qəbulu göstərmişdir ki, nazirliyin çoxşaxəli fəaliyyət istiqamətləri sırasında kadrlarla mühüm yer tutur. Ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək, əməkdaşların vəzifədə irəli çəkilməsi, onların təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək, zəruri kadr ehtiyatı formalaşdırmaq əsas məqsədlər sırasındadır. Son illər ədliyyə orqanlarına işə qəbul açıq müsabiqə yolu ilə aparılmağa başlamış, qəbul prosedurları xeyli sadələşdirilmiş, müraciətlərin nazirliyin internet saytı vasitəsilə aparılmasına başlanılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanı Ədliyyə Nazirliyinin fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində təşkili baxımından bir sıra yeni idarələrin yaradılmasını nəzərdə tutmuşdur. Fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmış, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına xidmət etmişdir.

Ali hüquq təhsilli şəxslərin ixtisasları üzrə peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədilə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması da Azərbaycan ədliyyəsinin son illər ərzində əldə etdiyi mühüm uğurlardandır.

Möhtərəm Prezidentimizin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlərin uğurlu davamına imkan yaratmışdır.

Yeni dövrün tələblərindən irəli gələrək ədliyyə orqanlarında informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqi də diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələrək nazirliyin internet saytında elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılmışdır. Bundan əlavə, ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq istifadəyə verilmişdir. Bu köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilirlər.

Aparılan islahatlar çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması və onun müasir tələblər səviyyəsində qurulması işidaim xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bütün bunların nəticəsidir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi hazırda insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqisosial proseslərdə vacib rol oynayır.

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisələrdən biri kimi düşmüş 2013-cü ilin 9 oktyabr seçkiləri xalqımızın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti prezident seçkilərində məhz Heydər Əliyev siyasi kursunun təntənəsinə səs vermişlər. Ədliyyə orqanlarının yaranmasının 95-ci ildönümündə əminliklə deyirik ki, son prezident seçkilərində xalqın böyük etimadını qazanaraq yenidən dövlət başçısı seçilmiş cənab İlham Əliyevin rəhbərliyi altında məhkəmə-hüquq və ədliyyə sisteminin müasirləşdirilməsi tədbirləri uğurla davam etdiriləcək, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində inkişaf etmiş ölkələrlə bir sırada dayanacaqdır.

 

Reyhanə KƏRİMOVA,

 

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti

aktlarının reyestri xidmətinin rəisi

 

Respublika.-2013.- 22 noyabr.- S.7.