Hüquqi islahatlar uğurla həyata keçirilir

 

Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis edilmiş 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı hər il böyük fəxarət hissi ilə qeyd edilir. Azərbaycan ədliyyəsinin yaranmasının zəngin tarixi vardır. Onun 1918-ci ildə Şərqdə ilk demokratik  respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün Ədliyyə Nazirliyi də təşkil olunmuş, həmin il noyabrın 22-də isə onun Əsasnaməsi təsdiq olunmuşdur. Qısa müddətdə bu sahədə böyük işlər görülmüşdür. 1920-ci ildə ölkə Rusiya tərəfindən işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilmiş Xalq Ədliyyə Komissarlığı yaradılaraq onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluq, ali məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətlərinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, ədliyyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali məhkəməyə, dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

Ədliyyə sisteminin stabil funksiyastruktura malik olmaması  onun inkişafına ciddi əngəllər törətmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır.

Məlumdur ki, Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə  öz müstəqilliyini bərpa etmişdir. Çox  təəssüf ki, gözəl nemət olan müstəqilliyin əldə etdiyi bir dövrdə dövlətimizin taleyi naşı, səriştəsiz iqtidarların əlində olduğundan suverenliyimizi yenidən itirmək təhlükəsi ilə üzləşdik. Həmin dövrdə Azərbaycan bir dövlət kimi dağılmaq, parçalanmaq ərəfəsində idi. Xalq  dövlətə olan inamını itirmişdi. Ermənistan tərəfindən torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Məhz belə bir dövrdə ulu öndərimiz Heydər Əliyevin xalqımızın təkidli çağırışı ilə dövlət hakimiyyətinin idarə olunmasına yenidən qayıdışı nəinki milli dövlətimizi dağılmaq təhlükəsindən xilas etdi, həm də respublikamızın hər bölgəsində çıçrayışlı islahatlar aparmağa başlandı. İlk əvvəl ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Atəşkəsə nail olunmaqla ölkənin inkişafı üçün şərait yaradıldı.

İqtisadi sahədə böyük kontraktlar, müqavilələr imzalandı. Ölkə yeni qanunlarla idarə olunmalı idi. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul  olundu. Konstitusiya əsasında respublikada hüquqi islahatlar aparılmağa başlandı. Ölkədə insan hüquqlarının əsl müdafiəçisi kimi müstəqil məhkəmə hakimiyyəti formalaşdı.

Ümumilli lider Heydər Əliyev qurub yaratdığı Azərbaycan dövlətinin uğurlu inkişafı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilir.

Azərbaycan Respublikası Prezidentınin məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı isə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində yeni mərhələ olmuş, fərmana əsasən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən ölkənin bütün bölgələrində apelyasiya məhkəmələri təşkil edilmişdir.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə ədalət mühakiməsinin səmərəliliyinə müsbət və əsaslı təsir göstərmiş, ictimaiyyətdə məhkəmələrə inamı yüksəltmişdir. Hazırda ölkəmizdə tam müstəqil ədliyyə və məhkəmə  sistemi mövcuddur. Azərbaycanda aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən də təqdir olunur. Bu onu  göstərir ki, Azərbaycan bütün sahələrdə davamlı inkişaf edir. Xüsusən də ədliyyə sistemimiz dünya standartları  səviyyəsində qurulur. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yaxın illərdə daha da inkişaf edəcəkdir.

 

Təranə HÜSEYNOVA,

 

Şamaxı rayon məhkəməsinin sədri.

 

Respublika.-2013.- 22 noyabr.- S.7.