Müdriklik zirvəsinə yüksələn unudulmaz insan

 

 

Müdrik şəxsiyyət, kamil insan, Göyçə mahalında, Göyçə gölünün nəğməli sahilində böyüyüb boya-başa çatan, el gözündə pillə-pillə ucalan maarif fədaisi, ictimai xadim Tapdıq Muxtar oğlu Əmiraslanov həmişə el-obaya dayaq olmuş, Basarkeçər rayonundakı insanların qəlbində işıq, nur heykəlinə çevrilmişdir. Bu qeyrətli hünərli-təpərli, cəsarətli ziyalımızla həmişə fəxr etmiş, qürur duymuşuq. Deyirlər, müdriklər, ulular ölmür. Onlar ölümsüzlüklərini öz sağlığında qazanırlar. Tapdıq Əmiraslanov da belə müdriklərdən, belə ululardandır. O, harada, hansı vəzifədə işləyibsə, orada elə bir iz qoyub ki, tarixin sərt dönəmləri, qasırğaları, tufanları o izləri silə bilməyib. Əksinə, vaxt, vədə ötdükcə, illər-illərə qovuşduqca, zaman su kimi axıb uzaqlaşdıqca, bu izlər nağıllaşıb, əfsanələşib...

Ulu Göyçə tarixən təbiəti, təkrarsız gözəlliyi, saysız-hesabsız igidləri, sazı-sözü ilə tanınıb, Aşıq Alının, Dədə Ələsgərin hikmət ümmanından pay götürən oğulları ilə seçilib. Tapdıq Əmiraslanov da belələrindən biri olub. Zoddan pərvazlanan bu qartal ənginliklərdə qanad çalıb. Hünəri ilə, ağlı, zəkası ilə, namusu, qeyrəti, əməyi ilə, ən başlıcası xalqa, Vətənə xidmətilə. O, heç vaxt fəth etdiyi zirvədən enməyib. Basarkeçərdə rəhbər vəzifələrdə işlədiyi illərdə həmişə öz müdrikliyi ilə erməni xəyanətinə sipər olub, daşnaklara əl-qol açmağa imkan verməyib...

Tapdıq Muxtar oğlu Əmiraslanov ehtiramı, hörməti və xalq məhəbbətini öz ləyaqəti, cəsarəti, fitri istedadı, ağlı, fərasəti və bundan öncə də ali insanlığı, sadəliyi, səmimiyyəti, səxavəti ilə qazanmışdı.

Cəmi 58 il ömür yaşasa da, bu qısa ömrün  əsrə bərabər olan hər günü, ayı, ili canlı tarix kimi yaddaşlara həkk olunub. Həmişə və hər yerdə ağlının gücünə, vicdanın səsinə, ürəyinin təpərinə, sözünün kəsərinə güvənir və bu güvənclə də azərbaycanlıların daha çox yaşadığı Basarkeçər rayonunda hiyləgər və qəddar erməni millətçilərinə qalib gəlirdi.

Göyçəlilərin arxa və dayağına çevrilən Tapdıq Əmiraslanov geniş dünyagörüşünə, zəngin həyat təcrübəsinə, ensiklopedik biliyə, yüksək intellektə, ali təfəkkürə və natiqlik qabiliyyətinə malik şəxsiyyət idi. İti ağlının, məntiqi təfəkkürünün gücünə söykənərək həyatın dolanbac yollarında heç vaxt səmtini itirmirdi.

Tapdıq Əmiraslanov təkcə mahir siyasət adamı deyil, həm də filosof, filoloq, riyaziyyatçı, bioloq, təbib, pedaqoq, hamıya və hər kəsə doğru yol göstərən, insanları haqqa-ədalətə səsləyən müdrik el ağsaqqalı idi. Peşəsini ürəkdən sevir, millətin övladlarının savadlı, bilikli, gələcəkdə xalqına, dövlətinə və cəmiyyətə layiqli vətəndaş olmaları üçün əlindən gələni əsirgəmirdi. O, yüksək mənəvi dəyərlərin daşıyıcısı idi.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər xəzinəsində ən qiymətli inci olan Tapdıq Əmiraslanov kimi böyük şəxsiyyətlərdən yazmaq, onun mənalı ömür yolunu, apardıqları mübarizələri indiki və gələcək nəsillərə çatdırmaq çox faydalıdır. O, həmişə Göyçədə qədim azəri-türk izlərinin itirilməsinə qarşı çıxırdı. Tapdıq müəllim heç vaxt ermənilər qarşısında əyilməmiş,  mərd-mərdanə dayanmışdı. Onun özü kimi dəyanəti də, məntiqi də qranitdən möhkəm və sərt idi.

O, müəllim kimi uzun illər ulu Göyçənin körpə fidanlarına təlim-tərbiyə vermiş, elm-savad öyrətmiş, Vətən, xalq üçün layiqli övladlar yetişdirmişdir.

Yüksək siyasi biliyi, idarəetmə qabiliyyəti, təşkilatçılıq bacarığı Tapdıq Muxtar oğlu Əmiraslanovu pillə-pillə ucaldaraq Basarkeçər Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə qaldırmışdır. Uzun illər bu vəzifədə ləyaqətlə işləyən Tapdıq Əmiraslanov partiya rəhbəri kimi öz fitri istedadı və insani keyfiyyətləri ilə Qərbi Azərbaycandakı soydaşlarımızın, eləcə də göyçəlilərin dərin hörmət və məhəbbətini qazanmışdır.

Erməni daşnakları Tapdıq Əmiraslanovun yüksəlişini, insanpərvərliyini, torpaq və millətsevərliyini görür,  onu müxtəlif vasitələrlə partiya rəhbərliyindən uzaqlaşdırmağa çalışırdılar. Çünki bu müdrik, kamil insan həm Göyçə, həm də göyçəlilərə bir sipər, dayaq idi.  Tapdıq müəllim göyçəliləri həmişə və hər yerdə erməni xislətindən, erməni xəyanətindən qoruyurdu.  Daşnaklar onun dəmir məntiqi, möhkəm iradəsi önündə geri çəkilir, məkrli planlarını həyata keçirməyə cürət etmirdilər.

Çünki Tapdıq müəllimin qəlbində güclü Vətən sevgisi, torpaq eşqi, yurd məhəbbəti qərar tutmuşdu. Ziyalı olmaqla yanaşı, həm də peşəsinin kamil ustası, əsl mənada müəllimlər müəllimi idi. Şeiri, sənəti, sazı-sözü, ədəbiyyatı, incəsənəti, xüsusən də xalq musiqisini ürəkdən sevirdi.  İti hafizəsi, heyrətamiz yaddaşı vardı. O, həmişə mənən ucalıqda, yüksəklikdə dayanırdı. Günəştək Göyçə ellərinə işıq saçırdı. Fikri asimanlar dolaşıb, tərlan gözləri uzaqlara baxır, bu günü və gələcəyi apaydın görürdü.

Tapdıq müəllim gözəl bilirdi ki, boya-başa çatdığı Göyçə mahalının tarixiqürurla adını canında, qanında yaşatdığı Azərbaycan türkünün tarixi qədər qədimdir, böyükdür. Bu mahalın hər qarışında silinməz, pozulmaz izləri—tarixi abidələri var, bu xalqın. Bu yerləri türk, Oğuz bəyləri qanıyla yoğura-yoğura özlərinə yurd—Vətən eyləyiblər.

Tapdıq Əmiraslanov ilk təhsilini İrəvan Pedaqoji Texnikumunda almışdı. Həmin dövrdə texnikumun direktoru Rza Vəlibəyov idi. O, Tapdıq kimi istedadlı gənclərin hamisi idi. Pedaqoji məktəb və həm də İrəvan mühiti Tapdığın ikinci həyat məktəbi oldu, ömür dünyasına yeni bir dünya bağışladı. Uzun illər Ermənistan maarif nazirinin birinci müavini işləyən Rza Vəlibəyov həmişə keçmiş tələbəsi Tapdıq Əmiraslanovla isti münasibət saxlayırdı.

Tapdıq təhsilini başa vurub Basarkeçərə — doğma Zod kəndinə gəldi. Anası Zərnigar xanım, qardaşı Qara, bacıları Mələk, Bəsti onun pişvazına çıxdılar. Çox keçmədən onu Zod kəndinə müəllim təyin etdilər. İlk maaşı ilə Zərnigar xanıma üzük aldı.  İki ildən sonra isə Çalmalı dağının ətəyində yerləşən Qaraqoyunlu yeddiillik məktəbinin direktoru təyin olundu.

Tapdıq Əmiraslanov haqq, ədalət, mərdlik, cəsarət, ləyaqət simvolu olduğu kimi, peşəsinə ürəkdən bağlanan, ona ta uşaqlıqdan könül verən bir insan idi. Müəllim adını, müəllim şərəfini hər şeydən uca tuturdu. O, müəllimlik peşəsini dünyanın ən ülvi, ən nəcib, ən gözəl və ən çətin peşələrindən biri hesab edirdi.

Tapdıq müəllim Basarkeçər Rayon Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi 16 il ərzində azərbaycanlıların yaşadığı kəndlərin əksəriyyətində müasir məktəblər inşa edilmiş, orta məktəblərin sayı 3-dən 19-a çatdırılmış, rayon maarif şöbəsi bütün sahələr üzrə Ermənistan Respublikasında ən qabaqcıl təhsil ocaqlarından hesab olunaraq dəfələrlə mükafatlandırılmışdır.

1950-ci illərin əvvəllərində Tapdıq Əmiraslanov raykomun üçüncü katibi idi. 1954-cü ildə isə raykomun ikinci katibi seçildi.

1948-53-cü illərdə Stalin, Mikoyan kimi xəyanətkarların təkidi ilə Ermənistandakı azərbaycanlıların böyük bir qismikönüllülükprinsipi ilə Azərbaycana köçürüldü, köç karvanlarının ardı-arası kəsilmədi. Ancaq həmin dövrdə Basarkeçərdə birinci katib vəzifəsində işləyən Talıb Musayevin, Yunis Rzayev, Əhməd Həsənov, Bəhram Qamanov, Həbib Həsənov, Mikayıl Bayramov, Qara Məmmədov və öz cəsarəti, mübarizliyi ilə erməni daşnaklarını lərzəyə salan Tapdıq Əmiraslanovun böyük səyi nəticəsində 1953-cü ilin martında Göyçədə köç prosesi dayandırıldı. Əlbəttə, bu, İrəvanda rəhbər postlarda olan erməniləri çox narahat edirdi. Onlar yaxşı bilirdilər ki, köçün dayandırılmasında Tapdıq Əmiraslanov böyük rol oynamış, bu şəxs erməni xəyanətini, erməni planını alt-üst etmişdi.

Tapdıq Əmiraslanovun raykomda ən böyük və ən əhəmiyyətli fəaliyyəti kadrlarla sahəsində idi. O, rayondakı bacarıqlı, işgüzar, səriştəli azərbaycanlıları maarif, mədəniyyət, səhiyyə, tikinti, sənaye, təsərrüfat sahələrində rəhbər vəzifələrə irəli çəkirdi. Hətta o yerə çatmışdı ki, ermənilərin çoxluq təşkil etdiyi kəndlərdə rəhbər vəzifələrə azərbaycanlılar qoyulurdu. Bu da şübhəsiz ki, erməniləri qıcıqlandırır və onlar bu məsələnin qabardılmasına cürət etmirdilər.

Tapdıq Əmiraslanov təkcə tarixçi, filosof, mütəfəkkir deyildi, həm də ilhamlı, təbli şair idi. O, bu təbi, ilhamı Göyçə təbiətinin baxışından, göz doymayan əsrarəngiz gözəlliklərindən, sözün şəhdi-şirəsini isə Vaqifin, Aşıq Alının, Aşıq Ələsgərin, Səməd Vurğunun şirin sözündən, könüllərə həmdəm olan poetik vüsətindən alırdı. Məhz buna görə də onun hər kəlməsinin öz siqləti, hər misrasının öz ləngəri, hər sözünün öz duzu-məzəsi, ölçüsü-biçisi, tutumu-duyumu vardı.

 

Tapdıq Əmiraslanov İrəvan şəhərində təhsil alarkən burada keçirilən böyük bir tədbirdə Səməd Vurğunla şəxsən görüşüb tanış olmuş və tədbirdə məşhur “Rəhbərə salamşeirini özünəməxsus avazla, yüksək intonasiya ilə oxumuşdu.  Çıxışdan dərhal sonra Səməd Vurğun Tapdıq Əmiraslanovu yanına çağırmış və ona əl verib görüşdükdən sonra demişdi:

—Ayə, gözəl oğlan, sənin nə yaxşı şeir oxumağın, təhlilin, mükalimə və məntiqi təfəkkürün varmış. Dediklərin çox xoşuma gəldi. İndi de görüm haralısan?

Göyçə mahalından, Basarkeçər rayonunun Zod kəndindən.

—Ayə, deynən Səməd ağanın həmyerlisisən də...

Səməd Vurğun sözünü tamamlayıb Tapdığı bağrına basdı.

Tapdıq Əmiraslanov və Zərbəli Qurbanovun ciddi səyi nəticəsində Basarkeçərdə Aşıq Ələsgərin 150 illik yubileyi keçirilmiş və möhtəşəm mərasimdə Tapdıq Muxtar oğlu Aşıq Ələsgərlə bağlı çıxış etmişdir.

Tapdıq Əmiraslanovun çıxışından sonra Ermənistan mədəniyyət naziri, yubiley Təşkilat Komitəsinin sədr müavini Arakelyan üzünü Tapdıq müəllimə tutaraq dedi:

—Yəqin ki, Aşıq Ələsgər də bizim Sayat Nova kimi çox istedadlı olub.

O isə cavabında:

—Mən həqiqəti deyirəm. Aşıq Ələsgərin təkcə bir təcnisini  tərəzinin bir gözünə qoysaq, o təcnis Sayat Novanın bütün yaradıcılığını əyər.

Qatı millətçi Arakelyan Tapdıq Əmiraslanovun dərin məntiqi mühakiməsi önündə danışa bilmədi heykələdöndü... Hiss etdi ki, qarşısındakı türk oğlu bütün ermənilərin hesablaşdığı, Ağrı dağı qədər çəkisi olan Tapdıq Muxtar oğlu Əmiraslanovdur!

Bu yazının müəllifi kimi mərhum Tapdıq Əmiraslanovu şəxsən yaxından tanıyırdım.

Rayon komsomol komitəsində və “Vardenisrayon qəzetində işlədiyim illərdə Tapdıq müəllimlə bir binada fəaliyyət göstərmişdik. Xətrimi çox istəyirdi. Bizim kənd Zoda yaxın idi. Çox vaxt səhər-səhər yolda maşın gözləyəndə onun xidməti maşını yanımda dayanar və məni özü ilə rayon mərkəzinə aparardı. Heydər Əliyevdən, onun Mərkəzi Komitənin birinci katibi olarkən Ümumittifaq keçici bayrağının dalbadal Azərbaycana gətirilməsindən qürurla danışardı.

Yazıçı Məmməd Əfşan Tapdıq Əmiraslanovla bağlı sanballı kitab hazırlamışdır. Kitabın 416-cı səhifəsindəki bir epizodu xatırlamaq yerinə düşərdi:

“...Qəflətən kabinetin qapısı açıldı, rayon qəzetinin redaktor müavini Qədir Aslanov hövlnak özünü içəri saldı.

—Tapdıq müəllim, olar?

—Gəl, ay komsomol—Tapdıq müəllim həmişə Qədir Aslanovakomsomol” deyərdi. Çünki o, uzun illər komsomol komitəsində işləmişdi.

—Gəl görüm, nə istəyirsən?

Heç nə istəmirəm, Tapdıq müəllim. Sizə deyiləsi vacib sözüm var, onu deməyə gəlmişəm.

Buyur, komsomol, sözünü de.

Qədir Aslanov Anuşavan Mkrtçyanla Zalik Petrosyana baxdı və əlavə etdi:—Sözüm ancaq sizədir, Tapdıq müəllim.

Tapdıq Əmiraslanov azca gülümsündü və elə bir xoş təbəssümlə əvvəlcə Qədirə, sonra isə maarif şöbəsinin işçiləri Zaliklə Anuşavana baxdı.

—İcazə verin görək Qədir müəllim nə deyir?!

Ermənilər ayağa qalxıb gileyli-gileyli Qədir Aslanovu süzdülər, qapıya sarı getdilər. Qapı örtülən kimi Qədir sevincək dilləndi:

—Tapdıq müəllim, yeni xəbəri eşitmisən?

—Hansı xəbəri, Qədir müəllim?

Sov.İKP MK plenumunda Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev Siyasi Büro üzvlüyünə namizəd seçilib.

 

Bircə anda Tapdıq Əmiraslanovun çöhrəsini sevinc nuru bürüdü. Cəld yerindən qalxaraq Qədir müəllimə yaxınlaşdı:

—Qədir müəllim, kim dedi sənə bu xəbəri?

—Radio xəbər verdi indicə.

—Yerevan radiosu, yoxsa?..

MoskvadanXəbərlər”də dedilər. SİTA-nın məlumatı oxundu.

Tapdıq müəllim bəlkə həyatında bu qədər sevinməmişdi, Qədir Aslanovu bağrına basdı.

Çox keçmədən Bakı ilə telefon əlaqəsi yaratdı. Bu xəbəri Bakı Dövlət Universitetinin müəllimi Səfiyar Musayev təsdiqlədi...

Həmin gün Tapdıq müəllimin təkidi ilə Göyçədəki azərbaycanlılar Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsini tarixi hadisə, bayram kimi qeyd etdilər...”

Tapdıq Muxtar oğlu Əmiraslanov ömrünün müdriklik, aqillik, mötəbərlik çağına qədəm qoyduğu bir vaxtda bu fani dünyadan özünün əbədi dünyasına köçdü, onun təmiz adı, kişi mənliyi, bir mahala sığmayan minlərlə ürəklərdə, könüllərdə qaldı..

Partiya hökumətimiz tərəfindən Sovetlər İttifaqı dövründə Tapdıq Əmiraslanovun əməyi qiymətləndirilmiş o, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, SSRİ Ermənistan Ali sovetlərinin fəxri fərmanları ilə təltif edilmiş, Əməkdar müəllim, SSRİ-nin maarif əlaçısı fəxri adları ilə mükafatlandırılmış, uzun illər rayon sovetinin deputatı rayon partiya komitəsinin büro üzvü seçilmişdir.

 

Qədir ASLAN,

 

Əməkdar jurnalist.

 

 Respublika.-2013.- 22 noyabr.- S.9.