Dəyərli
dərslik
Yaradıcılıq insanın özünüifadəsidir. Özünüifadə insanın əbədi istəyidir. Yalnız istedad, bacarıq və bilik insanın yaradıcılıq imkanlarının gerçəkləşməsinə şərait yaradır. Qədim nağılların, dastanların, bütün folklor nümunələrinin hamısı insanın fərdi istedadının kollektivləşmiş özünüifadəsidir. Yaradıcılıq insanın bütün fəaliyyət sahəsində özünü göstərə bilər. Minlərlə bağbanın içərisində yalnız yaradıcılıq istedadı ilə seçiləni möcüzə yarada bilir. Yüzlərlə bənnadan biri —hamının qəbul etdiyi daşlaşmış qaydalara yeni yaradıcılıq bacarığı ilə yanaşanı digərlərindən fərqlənir və bənna möcüzəsi yaradır. Beləcə, rəngsazdan tutmuş toxucuyadək hər kəsin özünü daşlaşmış, qəbul edilmiş populyar qaydalardan artıq göstərmək üçün potensial imkanı var. Lakin onun bu imkanı istedadla, öz peşəsinə vurğunluq aktı ilə müşayiət olunur. Amma insan fəaliyyətinin elə spesifik sahələri var ki, oradakı bütün görülən iş yaradıcılıqla, istedadla bağlıdır. Belə sahələrin “fəhlələrinə”yaradıcı şəxsiyyət kimi baxılması ta qədimdən ictimai məzmun kəsb etmişdir. Bu, insanın intellektual fəaliyyət sahəsidir. İnsanın ağıl və bacarığının, düşüncənin, istedadın, təxəyyülün iştirak etdiyi bütün sahələrdəki fəaliyyəti yaradıcı iş kimi qəbul edilir. Şair, yazıçı, dramaturq, aktyor, rejissor, rəssam, heykəltəraş, alim və daha onlarca insan yaradıcılıq işi ilə məşğuldur. Bu adamlar seçdikləri fəaliyyət sahəsində ağlın, intellektin, təxəyyülün bütün gücünü səfərbər edərək biri digərindən tamamilə fərqli, orijinal əsərlər yaradırlar. İstedadın, təxəyyülün, xüsusi bacarığın, intellektual səviyyənin maksimum iştirak etdiyi yerdə sənət əsəri yaranır. Bu əsərlərin müəlliflərinə — yəni yaradıcılarına sənətkar deyirlər. Jurnalistika da yaradıcılığın bu sahəsinə aiddir. Lakin müəyyən fərqlər var. Əsas fərqlərdən biri: məsələn, bədii yaradıcılıq, onu ustaddan öyrənməkdən daha çox fitri istedad tələb edir. Fitri istedad mütləq sənətkarlığa aparıb çıxarır. Deməli, bədii yaradıcılığın sənət növü olmaq imtiyazı mütləqdir. Jurnalistika da fitri istedad tələb edir. Fitri istedada sahib olan jurnalistlər bu peşəni sənətə çevirir və beləliklə “jurnalistika sənət deyil, peşədir” kimi bəzilərinin postulat hesab etdikləri fikri təkzib edə bilirlər. Lakin jurnalistikanı fitri istedad olmadan da öyrənmək mümkündür. Ona görə də jurnalistika sənətdən daha çox peşə xarakteri kəsb edir. Peşəni isə öyrənmək gərəkdir. Bu mənada jurnalistliyə yiyələnmək mümkündür. Eyni sözü şairlik haqqında demək çətindir. Ona görə də xalq arasında “şair olmaq üçün gərək şair doğulasan” fikri də əsaslıdır.
Yazıçının, şairin, dramaturqun insanın daxili aləminə nüfuzu xüsusi bir istedad tələb edir. Tipik şəraitdə tipik hadisələri görmək və yaradıcılığın bütün məqamlarında tipikləşdirməyi bacarmaq ancaq istedad sahibinin işidir. Biz yüzlərlə bədii əsər tanıyırıq ki, onu sənət nümunəsi adlandıra bilmirik. Çünki bu “əsərlərin” müəlliflərinin hadisəni sənət səviyyəsinə yüksəltmək qabiliyyətləri olmayıb. Böyük C.Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal” kimi şedevr hekayələrində dövrün tipik obrazlarını elə yaratmışdır ki, bu gün də həmin əsərlərin sənətkarlıq möcüzəsi olduğuna heç kimdə şübhə yoxdur. Lakin həmin hadisə və obrazlar jurnalist qələmində konkret insanların təsviri ilə olacaqdır deyə, tipikləşmə kimi sənətkarlıq məqamı özünü zəif göstərəcək. Min illərlə sənətin bu məqamı daha maraqla qəbul edən insan indi xeyli dəyişmişdir və “müasir oxucu personifikasiyaya — yəni konkret insan üzərində qurulan mətnə daha çox əhəmiyyət verir”. Deməli, ümumiləşməyə meyli ilə güclü olan bədii əsərdən fərqli olaraq, jurnalistika dəqiq, olmuş, olan, olacaq faktlarla danışır. Jurnalistin bütün fikirləri konkret faktlara əsaslanır. Burdan belə bir nəticə də çıxır: bədii əsər hisslərə, duyğulara ünvanlandığı halda, jurnalistika daha çox şüura, ağıla ünvanlanır. Bu, çox ciddi məqamdır. Hisslərə və duyğulara ünvanlanan bədii söz kütləvilik iddiasında deyil. Bir sıra hallarda hamı üçün deyil. Şüura yönəldilən jurnalistika məhsulu isə hamı üçündür. Hamıya ünvanlanan əsərin müəllifinin”dünyagörüşü hərtərəfli, zəngin olmalıdır”. “Jurnalist hər kəsdən artıq iti müşahidə qabiliyyətinə malik olmalıdır”.
Jurnalistika və jurnalist günün aktual problemləri
ilə yaşayır. “Yazıçının, bədii söz
sənətkarının oxucusu növbəti əsrdə də
yaşaya bilər”. Lakin jurnalistin oxucusu bu
günün, bəlkə də, bu saatın insanıdır.
Bunları nəzərə alan peşəkar
jurnalist bütün günü, bütün həftəni,
ayı, ili işləyir. Əslində, ətrafı,
hadisələri izləyən jurnalist mənəvi mənada
heç vaxt istirahət etmir. Amma
bütün günü, bütün ili işləmək əsl
peşəkar jurnalistin həyatını bəzəyir, ona mənəvi
ləzzət gətirir”.
Jurnalistika məhsulu daha çox tirajlanma tələb
edir. Bu məhsulun tirajlandığı texnikanın
“kütləvi informasiya vasitələri” adı ilə
adlandırılması həm də burdan doğur. Jurnalistikanın bir
sıra cəhətləri nə qədər dəyişsə
də, tiraj dominantlığı heç vaxt dəyişmir.
Yeni informasiya texnologiyaları hər hansı
informasiyanı istənilən məsafədə istənilən
istehlakçıya ötürməyə qadirdir. Və bu texnologiya dəyişdikcə, bütün
parametrlərdə tirajlanmanın çoxalmasına gətirib
çıxarır. Tiraj isə kommunikasiya
prinsipi kimi jurnalistikanın əsasıdır. Tiraj informasiyanı demokratikləşdirir, jurnalisti
populyarlaşdırır. Ona görə də
tirajlanan informasiya hakimiyyətdir, dünyanı idarə
sistemidir. “Bu sistemdə jurnalistin şərəfli
bir yeri var”. İndi yeni texnologiya “hadisənin
baş verdiyi gerçək anda onun oxucuya,
tamaşaçıya ötürülməsinə imkan
yaradır” və belə anda jurnalist cəmiyyətin
gözündə qiymətə minir. “Jurnalist
bir anda milyonlarla oxucu, tamaşaçı, dinləyici ilə
təmasda olur. Ona görə də
jurnalistika və jurnalist cəmiyyətlə kütləvi
ünsiyyətdədir”.
Jurnalistikanın
yaranması ilə eyni
vaxtda
meydana çıxan müəllif və senzor
anlayışları sırasından indiki texnologiya senzorun, hətta
təbii qeyb olmasına şərait yaradır. XXI əsrin
jurnalistika şüarı belədir: hər cür informasiya
hamı və hər kəs üçün. Bu
prinsip qaçılmazdır. Öz
sözünü duyğulara yönəldən bədii ədəbiyyatın
min illərdən gələn yaradıcılıq
dominantlığı informasiya texnologiyasının
yaratdığı informasiyalı cəmiyyət
çağında öz yerini jurnalistikaya — daha kütləvi
və daha çox tirajlı jurnalistikaya verməkdədir.
Belə
bir cəmiyyətdə jurnalistin yeri daha çox hiss olunur. Bu cəmiyyət jurnalistdən də öz peşəsini
sənət səviyyəsinə yüksəltməyi,
çevik və operativ, cəsarətli və qərəzsiz, dəqiq
və vicdanlı olmağı tələb edir.
Müstəqil Azərbaycanda söz və mətbuat
azadlığı təmin edilmiş, KİV-in mükəmməl
hüquqi bazası yaradılmışdır.”Kütləvi
informasiya vasitələri haqqında”Azərbaycan
Respublikasının Qanunu jurnalistin hüquq və vəzifələrini
dəqiq parametrlərlə təsbit etmişdir. İnformasiyanıntəqdimində
dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl
etmək, dövlətin, vətəndaşların şərəf
və ləyaqətinə hörmətlə yanaşmaq
prinsipləri jurnalistin əsas vəzifələrinə
daxildir. Əslində, “beynəlxalq
jurnalistika praktikasında informasiyanın qiyməti və
keyfiyyəti jurnalistin öz peşəsi ilə məşğul
olduğu zaman həmin postulatlara necə əməl etməsi
ilə ölçülür”. Peşəkar, dəqiq,
qərəzsiz, operativ, cəsarətli, çevik, vicdanlı
və s. kimi yaradıcılıq prinsiplərini əks etdirən
və ilk baxışda sadə görünən bu sözlərin
sırada yerini dəyişmək olar. Ancaq
onların ifadə etdiyi məzmunu dəyişmək
mümkün deyil. Çünki bu sözlərdə
jurnalistin peşəkarlıq, müasirlik, təsiretmə və
hətta dünya düzənini dəyişmə imkanı
ifadə olunur. Yeni əsr jurnalistlərdən
maksimum peşəkarlıq tələb edir. Peşəkar olmağın yolları isə öyrənməkdən,
təcrübədən keçir. Dünyanın,
demək olar ki, əksər universitetləri jurnalistika peşəsini
öyrədən fakültələrə, şöbələrə
malikdir. Bu fakültə və şöbələr
bir sıra universitetlərdə müxtəlif cür adlana bilər,
lakin onların hamısında peşəkarlığın həm
nəzəri, həm də praktik istiqamətləri tədris
edilir. Hər bir ölkənin universitetlərindəki
jurnalistika təhsili iki əsas istiqamətə diqqət
yetirir: milli ənənələrin və müasir beynəlxalq
təcrübənin öyrədilməsi. Azərbaycanda
jurnalistika təhsilinin yeganə mərkəzi sayılan
Bakı Dövlət Universiteti də tədrisi bu istiqamətdə
formalaşdırmışdır. Postsovet
məkanında jurnalistika təhsilinə, hətta Moskva
Dövlət Universitetindən də tez başlamış Bakı
Dövlət Universiteti (Azərbaycan Dövlət Universiteti)
milli ənənələrin öyrədilməsinə
heç vaxt etinasız olmamışdır. Lakin milli ənənə
bir zamanlar yalnız kommunist ideologiyası prinsiplərinə
uyğun gələn faktları ilə önə çəkilmiş,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli...
jurnalistika məktəbləri məhz milliliyinə görə
senzura qadağaları səviyyəsində unudulmağa məhkum
edilmişdir. “Sovet jumalistikası”kimi qeyri-elmi
bir anlayış gündəmdə olmuş və jurnalistika təhsili
bu ideoloji aspektin qurbanına çevrilmişdir. Beynəlxalq jurnalistikanın azad ifadə tərzi,
ideoloji kanonlardan uzaq xarakteri, tərəfsizlik, qərəzsizlik,
vicdanlılıq, obyektivlik kimi yaradıcılıq prinsipləri
kommunist mətbuatının təbliğatçılıq,
təşviqatçılıq, təşkilatçılıq
kimi zorakılıq prinsiplərinin altında
qalmışdır. Sovet dönəmində
çap olunmuş dərslik və dərs vəsaitlərinin
hamısı bu ideoloji prinsiplər əsasında
hazırlanmışdır”. Azərbaycan
media məkanının dünya media məkanına sürətli
inteqrasiyası bu dərslik və dərs vəsaitlərinin yararsızlığını
sübut etdi. Yeni dövr bizə tamamilə
yeni düşüncənin, yeni zamanın jurnalistika
qaydalarına uyğunlaşmağı diktə etdi. Ədalətlə deyək ki, bu diktə, bu dönəm
yaxşı-pis bir sıra yeni dərs vəsaitinin ortaya
çıxmasına zəmin yaratdı. Lakin
bu əsərlərin əksəriyyəti daha çox nəzəri
xarakter daşıyır. Azərbaycan
jurnalistika elminə bu xarakter jurnalistikanın nəzəri əsaslarına
hələ də daha çox önəm verən rus alimlərindən
gəlir. Azərbaycan elmi jurnalistikası
uzun müddət bu məktəbə söykənmişdir.
Etiraf edək ki, bu məktəb bizim
üçün müəyyən zaman kontekstində çox
yararlı olmuşdur. Lakin zamanın,
yaradıcılıq üslublarının, dünyaya
baxışın dəyişdiyi indiki məqamda
yaradıcılıq məktəblərinə yenidən baxmaq
lazım gəlir. Sovet-kommunist
ideologiyasının uzun müddət üzümüzə
bağladığı Qərbin qapıları bu gün
açıqdır. Əlahəzrət
İnternet bizi dünyaya, dünyanı bizə qovuşdurub.
Parabolik antenalar bizə dünyanın ən
müxtəlif teletəcrübəsini duymağa imkan verir.
On illərlə bizə əlçatmaz olan Qərb
qəzetlərinin İnternet versiyaları, ən azı, kalka
proqram tərcümələri ilə əlimizdədir.
Bu telekanalların və bu mətbuatın iş prinsipləri
sübut edir ki, dünyada mənimsəyəcəyimiz bir
çox yeni jurnalistika məktəbi var. Bu məktəblərin
hansını seçməli? Sualın
cavabı çox sadədir. Bazar
münasibətləri sisteminə yararlı olan məktəbləri.
Belə məktəblər jurnalistin
yaradıcılıq potensialını tam mənasında
üzə çıxarmağa böyük maddi və mənəvi
stimul yaradır. Bazar münasibətləri
sistemi jurnalisti dəqiq, qərəzsiz, vicdanlı, ədalətli,
çevik, cəsarətli... olmağa məhkum edir.
Müasir dövrdə demokratik dövlətlərin
söz, mətbuat, fikir azadlığı ilə bağlı
formalaşdırdığı qanunvericilik bazası təkcə
jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin
deyil, digər bir çox müxtəlif peşə sahiblərinin
də mətbuata, televiziyaya, radioya axınına şərait
yaratmışdır. Xüsusi jurnalistika təhsili
almamış bir çox mətbuat işçiləri
tanıyırıq ki, onların mətbuatda məhsuldar və
peşəkar yaradıcılığı heç bir
mübahisə doğurmur. Lakin bununla belə,
hər bir peşənin, ixtisasın, xüsusi nəzəri
modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl
bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir.
Azərbaycan jurnalistika məkanında KİV
qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək
fəaliyyət göstərən bir çox qəzetlərin
redaksiyalarına qeyri-peşəkarların axınından
doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini
bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə
gətirib çıxarır. Bugünkü söz və
mətbuat azadlığı şəraitində bir sıra qəzetlərdə
özünü total şəkildə göstərən
böhtan, şər xarakterli materiallar, faktın dəqiqliyinə
və qərəzsizliyinə göstərilən
etinasızlıq, peşə etikasının prinsiplərinin
pozulması, jurnalistikanın və jurnalistin siyasiləşməsi
və bunun nəticəsi olaraq tez-tez baş verən məhkəmə
çəkişmələri, bu cür neqativ halların
hamısı redaksiya əməkdaşının nəzəri
bilikdən uzaq olmasının nəticəsidir. Ona görə də bu gün xeyli dərəcədə
dəbdə olan “Jurnalist peşəsi xüsusi təhsil tələb
edirmi?” ritorik sualına birmənalı şəkildə
müsbət cavab verilməlidir. Bəli,
necə ki, peşəkar həkim, peşəkar arxitektor,
peşəkar aktyor, sənətkar yazıçı...
olmaqdan ötrü xüsusi ixtisas təhsili vacibdir, eləcə
də peşəkar jurnalist olmaq üçün bu sahənin
kanonlarını öyrədən təhsilə malik olmaq zəruridir.
Minlərlə həkimdən birinin mükəmməl
jurnalist olmağı, minlərlə baytardan birinin
yazıçı olmağı, minlərlə jurnalistdən
birinin aktyor olmağı qeyri-tipik hadisədir. Belə hadisələri ümumiləşdirmək
xüsusi təhsilə münasibətdə zərərli
tendensiyadır.
Bütün bunlar birmənalı şəkildə
sübut edir ki, xüsusi jurnalist təhsili çox vacibdir və
bu sistemdə jurnatistikanın nəzəri və praktik modellərinin
öyrənilməsi gələcək jurnalistin peşəkarlıq
xarakterini müəyyənləşdirən əsas amildir. Bu mənada “Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi”kursu xüsusi əhəmiyyət kəsb
edir.
Məlumdur ki, hər bir peşənin, hər bir
ixtisasın nəzəri aspektləri mövcuddur. Jurnalistika da
belə bir sahədir. Jurnalistikanın da nəzəriyyəsi
ilə praktikası bir-birini tamamlayan amillərdir. Nəzəriyyə praktikanı doğurur və
yaradıcı praktika yenə nəzəri konsepsiyaların
meydana çıxmasına təkan verir. Bütün
bunlarla belə, nəzəriyyə ilkindir. “Bir çox
hallarda jurnalistikanın nəzəriyyəsi özünə
yaxın digər “sərhədyanı” elmlərin — fəlsəfənin,
politologiyanın, sosiologiyanın, psixologiyanın, məntiqin,
linqvistikanın, ədəbiyyatşünaslığın,
informatikanın və bir çox digər sahələrin
metodologiyasını, metodunu, kateqoriyalarını
özündə birləşdirərək kütləvi
informasiya sistemlərinin və proseslərinin,
yaradıcılıq konsepsiyalarının
paradiqmalarını irəli sürür, praktikanı
qabaqlayaraq jurnalistika metomorfozasının yeni istiqamətlərini
müəyyənləşdirir”. Əlinizdəki
“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”dərsliyi
mətbuatın bu aspekti üzərində xüsusi
dayanır. Əsas məqsəd jurnalist tələbələri
hələ aşağı kurslardan bu sahənin nəzəri
və praktik istiqamətləri ilə tanış
etmək, onlara peşənin yaradıcılıq xüsusiyyətlərini
aşılamaqdır.
“Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi” kursu jurnalistika fakültələrində
ümumi bir predmet kimi ixtisasın digər aspektlərini
sonralar ayrı-ayrılıqda tədris edən fənlərə
bir növ giriş rolunu oynayır. Əlbəttə,
tədrisin lap birinci kursunun birinci semestri üçün nəzərdə
tutulan “Jurnalistikaya giriş” fənni vardır və bu fənnə
dair ayrıca dərs vəsaiti də mövcuddur. Lakin
“Jurnalistikaya giriş” fənni jurnalistikanı özünə
fəaliyyət yolu seçib universitetə ilk qədəmlərini
basan tələbəyə bu peşənin yalnız ümumi
qanunauyğunluqlarını, onun nəzəri, praktiki cəhətlərinin
ümumi istiqamətlərini başa salır və tələbəyə
“Bu peşə sənə uyğundurmu?”, “Bu peşədə
özünü ifadə edə biləcəksənmi?”, “Bu
peşə sənin həyat amalın ola biləcəkmi?” kimi
suallara cavab tapmağı öyrədir. “Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi” isə bu suallara müsbət cavab
tapmış tələbəyə peşənin, ixtisasın
nəzəri və təcrübi aspektlərini dərk etməyi,
jurnalistikanın həm bir elm sahəsi, həm də praktik fəaliyyət
sahəsi kimi hardan başlayıb hara getdiyini, kecilən yolun
tarixi təcrübəsini, milli ənənələrin səmərəliliyini,
peşəkarlığın üsul və yollarını
öyrədir. O da təsadüfi deyil ki, bu fənnin tədris
olunduğu kafedra da “Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi” adlanır. Deməli, bu fənn kafedrada tədris olunan digər fənlərə
açar rolunu da oynayır və bu baxımdan fundamentallıq
keyfiyyəti kəsb edir.
Jurnalistika xüsusi elm sahəsidir. “Jurnalistika aləminə
daxil olarkən, ilk növbədə, bu aləmi təşkil
edən elementləri
bütöv görə bilmək,
“jurnalistika”anlayışının mahiyyətini dərk etmək
lazımdır. Bunun üçünsə, bəzi
təsəvvürlərdə olduğu kimi, köşklərdəki
yüzlərlə qəzeti görmək, çoxsaatlı
teleproqramlara baxmaq kifayət deyil. Çünki
bunlar “jurnalistika” deyilən mürəkkəb bir sahənin nəticə
məhsullarıdır”. Jurnalistika bu məhsulun
yaranmasının, onun oxucuya, tamaşaçıya necə
çatdırılmasının sirlərini öyrədən
bir mürəkkəb mexanizmdir. Bu mürəkkəb
mexanizm, bu mürəkkəb anlayış birdən-birə
yaranmayıb. Qəzetdən mətbuat
anlayışına, mətbuatdan kütləvi informasiya
anlayışına, bundan kütləvi kommunikasiya
anlayışına və nəhayət, bütün
bunları özündə ehtiva edən media anlayışına
uzanan yolda jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini
də öyrənmək çox vacibdir. Ona
görə də dərslik jurnalistikanın keçdiyi tarixi
inkişaf yolundan başlayıb müasir yaradıcılıq
prosesinin sirlərinədək bir çox mətləbləri
özündə əks etdirir.
Cahangir MƏMMƏDLİ,
Filologiya elmləri doktoru, professor.
Respublika.-2013.- 22
noyabr.- S.10.