Kəlbəcər
tarixinin canlı salnaməsi
Azərbaycanın görkəmli ziyalısı, Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının yetirməsi, ustadlar ustadı Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlu bu günlərdə şərəflə yaşadığı ömrünün 80-ci zirvəsinə qədəm qoydu. Böyük bir elin ağsaqqalı, yolgöstərəni olan Qənbər Şəmşiroğlu bu gün də gənclik həvəsi, gənclik ruhu ilə yazıb-yaradır, ictimai fəaliyyətini davam etdirir. Qənbər Şəmşiroğlu öz ziyalılığı, xalqına, Vətəninə bağlılığı, dövlətçiliyə sədaqəti ilə bu gün çoxları üçün bir nümunədir.
Qısa arayış: Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlib. 1951-ci ildə Ağdam Dövlət Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayonunun Ağdaban kəndində müəllim, 1957-ci ildən isə məktəb direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər Rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışır. 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərilib. 1961-ci ildə N.Tusi adına Pedaqoji İnstitutu, 1964-cü ildə isə Ali Partiya Məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər Rayon Partiya Komitəsinin ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədri, 1991-1992-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, 1993-1994-cü illərdə isə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləyib. Müxtəlif illərdə “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilib. 18 oktyabr 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Qənbər Şəmşiroğlu ömrünün 80-ci zirvəsinə tanınmış şair, yazıçı, publisist kimi gəlib. O, istər bir şair kimi yazdığı şeirləri, istər bir nasir kimi qələmə aldığı povest və hekayələri, istərsə də publisist kimi oxunaqlı məqalələri ilə püxtə bir qələm sahibi kimi adını ədəbiyyat tariximizə yaza bilmişdir. Ağdabanlı Şair Qurbanın bulağından, Ustad Dədə Şəmşirin əlindən su içmiş, şeir-sənət mühitində böyümüş bir insanın ömrünü şeirə, sözə verməsi əslində çox təbiidir. Qənbər Şəmşiroğlu şeir yazmaqla mənsub olduğu soy-kökünə, tarixin o başından, yüzilliklərin dərinliklərindən yön alıb gəldiyi ünvanına bağlılığını, sadiqliyini uca səslə — poeziyanın dili ilə bəyan etmişdir.
Qənbər Şəmşiroğlu sənətkarlar nəslində, ustad ailəsində doğulmaqla yanaşı, Kəlbəcər kimi şeir-sənət məbədi olan bir məmləkətdə dünyaya gəlib və bu əzəmətli dağlarda, bu quşqonmaz zirvələrdə, Səməd Vurğunun vəsf etdiyi “kəklikli daşların” cazibəsində şair olmamaq, şeir yazmamaq mümkün deyil. Doğulduğu, boya-başa çatdığı mühitin, eləcə də təbiətin yaradıcı insana təsiri şəksizdir və bu mənada Qənbər Şəmşiroğlunu da nəsil şəcərəsindən gələn ilahi təb, Dədə Şəmşirdən aldığı ustad dərsləri ilə yanaşı, Dədə Ələsgərin dediyi kimi “xeyri də, şəri də yaxşı olan” Kəlbəcər mühiti və əsrarəngiz Kəlbəcər təbiəti şair etmişdir.
Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin ənənələrindən yaxşı mənada fərqləndirən bir cəhət də var. Bu ailədə hamı, bu mühitdə çoxları şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri — povest və hekayələr də yazır. Müəllifin “Tale oxşarlığı” kitabında yer almış “Bir gözəlin taleyi”, “Adam kimi ölməyib”, “Bütövləşmək istədim”, “Qızlardan muğayat olun” povestləri və hekayə janrında qələmə aldığı əsərləri özünün orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq həyatının ədəbiyyata gətirilməsi baxımından olduqca maraqlıdır. Ümumiyyətlə, onun əsərləri kəlbəcərlilərin həyat tərzini, folklorunu, Kəlbəcər tarixinin böyük bir dövrünün salnaməsini özündə əks etdirir. Kəlbəcər sanki onun həyat tərzi, içdiyi su, udduğu havadır. Elə təsadüfi deyil ki, Qənbər Şəmşiroğlu publisitik üslubda yazdığı sonuncu kitabını “Kəlbəcər: ömrüm, həyatım” adlandırıb. Həmin kitabda Kəlbəcərin adət-ənənənələri, toponomikası, zəngin fauna və florası öz əksini tapmışdır.
Qənbər Şəmşiroğlunun ən böyük mənəvi keyfiyyətlərindən biri və birincisi insanlara yaxşılıq etməsi, doğru yol göstərməsi, savab əməllərin sahibi olmasıdır. Məhz bu mənəvi keyfiyyətlərinə, özünəməxsus xarakterinə görə böyük bir el, mahal onu özünə ağsaqqal hesab edir. Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş “Axırıncı aşırım” filmində Abbasqulu bəy Şadlinskinin Kərbəlayi ilə görüşmək üçün Qarabağlara gəlməsi səhnəsində maraqlı bir məqam var. Yol kənarından, evlərin doqqazından boylanan ağsaqqallar Abbasqulu bəy haqqında deyirlər: “Həmişə dar gündə bu kişi bizim köməyimiz olub”. Kəlbəcərin xeyir-şər məclislərində insanlar bu səhnəni dəfələrlə görüblər. Kəlbəcərlilərin ağsaqqalı olan Qənbər Şəmşiroğlu hansı məclisə gəlirsə, insanlar Qənbər müəllim tərəfə boylanır və: “Həmişə dar gündə bu kişi bizim köməyimiz olub” sözlərini deyirlər. Əminliklə söyləmək olar ki bu, hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Və bir insanın Süleymana qalmayan dünyada əldə etdiyi ən böyük qazanc da elə budur. Ən mühümü də odur ki, Qənbər Şəmşiroğlu bütün bu yaxşılıqları təmənnasız edibdir. Bu əxlaq isə ona yaşadığı həyat tərzindən, mənsub olduğu soy-kökdən, atası Dədə Şəmşirdən, ulu babası Miskin Abdaldan, babası şair Qurbandan keçibdir. Qənbər müəllimdən isə bu əxlaqı, bu həyat tərzini övladları öyrəniblər.
Azərbaycanın görkəmli ziyalısı, ictimai xadim, şair-publisist Qənbər Şəmşiroğluna yaradıcılıq uğurları, yeni-yeni nailiyyətlər arzulayırıq.
Azad QURBANOV,
Bakı Dövlət
Universiteti
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,
dosent.
Ələmdar
CABBARLI,
Bakı Dövlət Universiteti
Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti.
Respublika.-2013.-23 noyabr.-S.6.