Hüquqi dövlət quruculuğu uğurla davam edir

 

 

 Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrinə malikdir. Xalqımızın dövlətçilik salnaməsində xüsusi yeri olan ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikaya rəhbərlik etmiş, hələ sovetlər dönəmində müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

1993-cü ilin yayında xalqımızın xahişi ilə Azərbaycanda rəhbərliyə qayıdan Heydər Əliyev nadiriti dövlətçilik zəkası, sarsılmaz iradəsi və cəsarətilə demokratik-hüquqi dövlət yaratmağa nail oldu. Ulu öndərimiz müstəqilliyimizin ilk illərində deyirdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra ölkədə demokratik-hüquqi dövlət quruculuğu prosesinə başlanıldı. Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında geniş islahatlara başlamaq məqsədilə 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul olundu, 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Bundan sonra hüquq sisteminin mahiyyətini müəyyən edən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və s. qanunlar qəbul edildi. 1998-ci ildə imzalanmış “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman bu sahədə həyata keçirilən tədbirlərin istiqamət və konsepsiyasını müəyyənləşdirdi, insan hüquqları məsələsini ümumdövlət səviyyəsinə qaldırdı.

Ulu öndər tərəfindən əfv və amnistiya institutlarının bərpası, ölüm cəzasının ləğvi bir daha göstərdi ki, Azərbaycan demokratik-hüquqi dövlət quruculuğu yolundadır. Sevindirici haldır ki, dövlət başçısı cənab İlham Əliyev humanizm ənənələrinə sadiq qalaraq onu fəaliyyətinin əsas prioriteti seçdi, təməli ulu öndər tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları uğurla davam etdirildi. Nəticədə Dünya Bankının təşəbbüsü əsasında Ədliyyə Nazirliyi ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi reallaşdırıldı.

Dünya təcrübəsi onu göstərir ki, hüquqi dövlətin qurulması güclü ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Çünki məhz belə bir ədliyyə sisteminin mövcud olduğu dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi və onun hər kəs tərəfindən icrası etibarlı təmin olunur.

Azərbaycan ədliyyəsinin əsaslı surətdə təsis edilməsi, ədliyyə sisteminin hərtərəfli inkişafı ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Ədliyyə sahəsində aparılan islahatlar Ədliyyə Nazirliyinin cəmiyyətdə rolunu, nüfuzunu artırdı, o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi. Ədliyyə İşçilərinin Peşə Bayramı Gününün təsis olunması da dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Bu gün müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətləri genişləndirilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir.

Nazirliyin əsas istiqamətlərindən olan notariat sisteminin inkişafı istiqamətində də məqsədyönlü tədbirlər görülür. Notariatın tarixi çox qədim dövrlərə gedib çıxır. Belə ki, qədim Misirdə əsas fəaliyyəti hüquqi sübutları qeydiyyatdan keçirmək olan aqoronamoslar, Yunanıstanda isə iermemneslər mövcud olub ki, onlar da bugünkü notariatın primitiv forması hesab oluna bilərlər. Lakin notariatın öz başlanğıcını qədim Romadan götürməsi qənaətinə gələnlər də var. Buradakı katiblər (tabelionlar) bugünkü notariusun əsl sələfləridir.

Tabelionlar dövlət tərəfindən maaş verilən və dövlətin nəzarətində olan şəxslər idi. Onların əsas funksiyası ayrı-ayrı şəxslərə öz müraciətləri əsasında hüquqi sənədləri və məhkəmə kağızlarını hazırlamaqdan ibarət idi. Tabelionlar öz xidmətlərini yalnız fəaliyyət göstərdikləri kontorlarda təqdim edə bilərdilər. Aktlar gerblə möhürlənmiş papirus kağızının üzərində tərtib olunur, tərəflər və şahidlər tərəfindən imzalanır, tabelionun imzası ilə təsdiq olunurdu. Təsdiq edilən sənədə publik xarakter vermək üçün onu hökmən məhkəmə protokoluna daxil etmək tələb edilirbundan sonra onun həqiqiliyi barədə mübahisə qaldırmaq üçün heç bir əsas qalmırdı. Tabelionlar öz funksiyalarını onlar üçün şəhərin konkret küçələrində ayrılmış binalarda, yalnız çox müstəsna hallarda evlərdə həyata keçirirdilər. Eramızın II-III əsrlərində Roma kilsəsi tərəfindən rəsmi şəkildə Notariat İnstitutu yaradıldı. Kilsə notariusları da tabelionların həyata keçirdiyi funksiyaları yerinə yetirirdilər. Ümumiyyətlə, zaman-zaman bu sahədə dəyişikliklər baş vermiş, lakin notariatın mahiyyəti, funksiyası dəyişməmişdir.

Azərbaycan ədliyyəsində aparılan geniş islahatlar bu sahədən də yan keçməmiş, notariat sistemi təkmilləşdirilmişdir. 2013-cü il yanvarın 1-dən etibarən qüvvəyə minən “Dövlət rüsumları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklər, bütövlükdə həyata keçirilən islahatlar dövlətin və vətəndaşların maraqlarına xidmət edir.

Onu da qeyd edim ki, son illər vətəndaşların notariatlara müraciətləri xeyli artmışdır. İnsanlar aralarındakı münasibətləri hüquqi çərçivədə həll etməyə üstünlük verirlər ki, bu da çox müsbət haldır. Bu, həm də vətəndaşların bütövlükdə ədliyyə sisteminə inamının artdığını göstərir.

Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir. Oktyabrın 9-da prezident seçkilərinin azad, demokratik, şəffaf şəraitdə keçirilməsi də dediklərimizin bariz nümunəsidir. Xalq öz iradəsini ifadə edərək xoşbəxt gələcəyinə səs verdi. Əminliklə deyə bilərik ki, ulu öndərin müəyyən etdiyi siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bundan sonra da uğurla davam etdiriləcəkdir.

 

İradə HÜSEYNOVA,

 

13 saylı Dövlət Notariat Kontorunun böyük dövlət notariusu.

 

Respublika.-2013.- 23 noyabr.- S.6.