Milli Elmlər
Akademiyasında islahatlar həyata keçirilir,
maddi-texniki baza gücləndirilir
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin
mətbuat konfransı keçirilmişdir. Rəyasət Heyətində
təşkil olunmuş tədbirdə AMEA rəhbəri son
zamanlar akademiyada həyata keçirilmiş islahatlardan,
maddi-texniki bazanın gücləndirilməsi, innovasiya
xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi,
əməkdaşların mənzil və iş şəraitinin
yaxşılaşdırılması, dünyanın
aparıcı elmi müəssisələri ilə əlaqələrin
qurulmasından danışmışdır. Bildirmişdir ki,
akademiyada aparılan islahatları sürətləndirmək,
elmi müəssisələr arasındakı əlaqələri
gücləndirmək və tədqiqat işlərinin səmərəli
mexanizmlər üzərində qurulmasını təmin etmək
məqsədi ilə AMEA-nın elmi müəssisələrinin
strukturları yenilənir. Akademiyada idarəetmənin və
aparılan islahatların çevikliyinin artırılması,
elmi müəssisələr üçün aktual olan məsələlərin
geniş müzakirəsi, problemlərin səmərəli həll
yollarının axtarılması məqsədi ilə AMEA Elmi
Müəssisələrinin Direktorları Şurası
yaradılmışdır. Son zamanlar kadr hazırlığında gənclərə
böyük önəm verildiyini, yüksək ixtisaslı gənc
alim və mütəxəssislərin yetişdiyini deyən
akademik Akif Əlizadə vurğulamışdır ki,
onların intellektual inkişafına nail olmaq üçün
AMEA-da Gənc Alim və Mütəxəssislər
şuraları təsis olunur.İnnovativ Layihələrin
Ekspertizası və Koordinasiyası Şurasının
yaradılması mühüm addımlardan biri kimi qiymətləndirilmiş
və əldə olunan elmi nəticələrin tətbiqi
istiqamətində aparılan islahatların davam etdiyi
vurğulanmışdır. AMEA-nın biznes təşkilatları
və QHT-lərlə birgə innovativ fəaliyyətinin
formalaşdırıldığı, Təcrübə-Sənaye
Zavodunun elmi-innovativ fəaliyyətinin gücləndirilməsi
istiqamətində məqsədyönlü işlər
aparıldığını bildirmişdir.Elmi tədqiqatların,
əldə olunan innovativ nəticələrin həm ölkə,
həm də dünya ictimaiyyətinə
çatdırılmasını əsas hədəflərdən
hesab edən akademik A.Əlizadə bununla bağlı “Thomson
Reuters”in nümayəndələri ilə
görüşündən söz açmışdır.
Belə ki, alimlərin qlobal elmi bazaya çıxış təcrübəsini
artırmaq üçün xüsusi təlim, seminar və
kursların təşkili nəzərdə tutulur. Hazırda
ictimaiyyətlə əlaqələrin qurulmasının,
AMEA-nın bütün institut və təşkilatlarında
bu işə məsul şəxslərin təyin edilməsinin
vacibliyi də vurğulanmışdır.B.N.Yeltsin adına
Rusiya Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşin,
“Schlumberger” şirkətinin Moskva ofisinin nümayəndə
heyətinin rəhbəri Georgi Karnauxov, Yaponiyanın “Tokyo
Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuey Uçida və
Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin sədri Vladimir Qusakovla görüşlərindən
bəhs edən A.Əlizadə bu qurumlarla
qarşılıqlı əməkdaşlığın
inkişafı imkanlarının müzakirə olunduğunu
diqqətə çatdırmışdır. Bildirmişdir
ki, bu istiqamətdə işlər elmi-innovativ fəaliyyətin
təşkili sahəsində beynəlxalq təcrübədən
faydalanmağa xidmət edir. Elmi kadr hazırlığına toxunan AMEA rəhbəri
“Gənclər üçün Prezident Mükafatı”na namizədliyi
irəli sürülmüş 8 alimdən
danışmış, onların böyük potensiala malik
olduqlarını vurğulamışdır. Həmçinin,
qeyd etmişdir ki, bu il Prezident İlham Əliyevin dəstəyi
ilə 10-dan çox gənc tədqiqatçının
Avropanın elmi müəssisələrində fəlsəfə
doktoru və elmlər doktoru proqramları üzrə təhsil
almağa göndəriləcək, apardıqları tədqiqat
işlərinin nəticələri elmi şuralarda müzakirəyə
çıxarılacaqdır. Elmin inkişafına
böyük töhfələr verən və mühüm
nailiyyətlər qazanan alimləri stimullaşdırmaq məqsədi
ilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsisi,
əsasnaməsinin təsdiq olunması üçün
ölkə prezidentinə müraciət ediləcəyini deyən
A.Əlizadə bununla alimləri daha yüksək səviyyəli
tədqiqatlara həvəsləndirəcəyini söyləmişdir.
AMEA əməkdaşlarının mənzil
problemlərinin həlli, müasir tələblərə cavab
verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin
yaradılması mətbuat konfransında xüsusi diqqət
çəkən məsələlərdən olmuşdur. Qeyd
edilmişdir ki, “Akademiya şəhərciyi”ndə Mərkəzi
Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzinin inşası, Kimya Problemləri, Fizika və
Geologiya institutlarında aparılan əsaslı təmir bu
ilin sonunda yekunlaşacaq. Elmin inkişafını dəstəkləyən fərman
və sərəncamların icra vəziyyəti ilə
bağlı məlumat verən akademik Akif Əlizadə “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya”nın daha bir ilinin
yekunlaşdığını və AMEA-nın 2020-ci ilə
qədərki inkişafını nəzərdə tutan sənədin
hazırlanacağını qeyd etmişdir.
Sonda AMEA-nın 70 illiyinə hazırlıq
işlərindən söhbət açan akademik Akif
Əlizadə yubileyin təntənəli qeyd olunması
üçün dövlət qarşısında vəsatət
qaldırılacağını söyləmişdir. Azərbaycan
alimlərinin I qurultayının keçiriləcəyini
söyləyən AMEA rəhbəri bununla bağlı veb
saytın hazırlanması, “Azərbaycan alimləri” adlı bələdçi
kitabın və alimlərin peşə bayramının qeyd
olunması üçün “Elm günü”nün təsis
ediməsi ilə əlaqədar ölkə Prezidentinə
müraciətin də hazırlanacağını demişdir.
Samir Zeynalov
Respublika.-2013.- 24 noyabr.- S.5.