Sabitliyin və davamlı
sosial-iqtisadi inkişafın qarantı
9 oktyabr prezident seçkiləri ölkəmizin həyatında çox böyük əhəmiyyət kəsb edən siyasi hadisə kimi yadda qalacaqdır. Müstəqil Azərbaycanın qurucusu və memarı olan ümummilli liderimiz Heydər Əliyev kursunun alternativsiz davamçısı cənab İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq yenidən Prezident seçilməsi dövlətimizin və xalqımızın siyasi və iqtisadi həyatında daha möhtəşəm inkişaf mərhələsinin başlanğıcını qoydu. Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin güclü lider kimi fəaliyyətinin əsaslarını məhz böyük öndərin ideyalarını müasir tələblərə uyğun daha da təkmilləşdirərək ondan mükəmməl şəkildə yararlanması təşkil edir. Məhz bu amilləri nəzərə alaraq 2003-2013-cü illəri Azərbaycanın qüdrətli dövlət olaraq formalaşması dövrü kimi xarakterizə etmək olar.
Ötən 10 ildə Prezident İlham Əliyev dövlətin güclənməsi üçün iqtisadi inkişafı prioritet elan etmişdir. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanaraq ölkəmiz müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, böyük nüfuza malikdir. Dövlət başçısı demişdir ki, müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. Mühüm geosiyasi regionda yerləşən Azərbaycan özünün müstəqil iqtisadi siyasəti nəticəsində dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir. Oktyabrın 9-da keçirilən seçkilərdə xalqımız məhz bu sabitliyin və davamlı sosial-iqtisadi inkişafın qarantı olan cənab İlham Əliyevə səs verdi.
Son on ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar və infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Prezident İlham Əliyev cəmiyyət qarşısında verdiyi vədlərə sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək islahatların davamlılığını, ardıcılığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.
Həqiqətən də müstəqil Azərbaycanın inkişaf tarixində 2003-2013-cü illər mühüm yer tutur. Məhz Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 10 ildə Azərbaycan dinamik inkişaf tempinə malik olub. Son 10 ilin mənzərəsini belə dəyərləndirmək olar: iqtisadiyyatın bütün sahələri inkişaf edib, əhalinin gəlirləri artıb, yoxsulluğun səviyyəsi xeyli dərəcədə aşağı düşüb, yüz minlərlə yeni iş yeri açılıb. Sözsüz ki, sadaladığımız bu və ya digər nailiyyətlər xalqımızın cənab İlham Əliyevə etimad göstərməsini şərtləndirən əsas amillər sırasındadır. Elə andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev bu məqamlara xüsusi diqqət yetirərək demişdir: “İqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır”.
İqtisadi inkişaf özünü real faktlarda təcəssüm etdirir. Statistikaya nəzər salaq: 10 ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumdaxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.
Bir mühüm faktı da xatırlamaq yerinə düşər. 2009-cu ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı hər bir ölkənin, onun rəhbərinin nəyə qadir olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadiyyatın düşünülmüş, düzgün əsaslar üzərində qurulması bu böhrandan uğurla çıxmasını təmin etdi.
Respublikamızda bütün sahələrdə davamlı inkişaf özünü, ilk növbədə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial müdafiəsinin daha da gücləndirilməsində göstərmişdir. Əməkhaqqı sisteminin daim təkmilləşdirilməsi, həmçinin pensiya, maaş və müavinətlərin mütəmadi və davamlı ödənişinin tətbiqi bu deyilənlərin bariz nümunəsidir. Məsələn, son 10 il ərzində orta əməkhaqqı 5,6 dəfə, orta pensiya isə 9,2 dəfə artıb. Cari ilin sentyabrında minimum əməkhaqqının həcmi və pensiyanın baza hissəsi müvafiq olaraq 105 və 100 manata çatdırılıb. Növbəti ildən isə ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə yaşayış minimumu və ehtiyac meyarı artırılacaq. Gələcəkdə ölkəmizdə minimum əməkhaqqı yaşayış minimumu səviyyəsinə çatdırılacaq. Bu isə yoxsulluq səviyyəsinin daha da azaldılmasına gətirib çıxaracaqdır.
Hazırda respublikamızda çevik sosial müavinətlər sistemi mövcuddur. Son 10 ildə onların həcmi 2,5 dəfə artıb. 2006-cı ildə ölkədə yeni sosial müdafiə sisteminin əsasının qoyulmasını təmin edən ünvanlı sosial yardımın verilməsi prosesinə başlanılmışdır. Bununla da sosialyönümlü proqramlar və hökumətin qərarları sayəsində əhalinin gəlirlərinin artım tempi 10 il əvvəlki göstəricini 7 dəfə üstələmişdir. Bu gün əhalinin gəlirləri və xərcləri arasında fərq getdikcə birinci göstəricinin xeyrinə dəyişir.
10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində növbəti 5 il üçün ölkənin prioritet istiqamətləri düşünülmüş sosial siyasətin həyata keçirilməsini xüsusi qeyd edib. Dövlət başçısı çıxışında deyib: “Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır, sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır”.
Həqiqətən də son 10 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. İqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib. Ümumiyyətlə, dövlət başçısının son 10 ildə imzaladığı fərman və sərəncamlarda, qəbul olunmuş bir çox dövlət proqramlarında əhalinin sosial müdafiəsi diqqət mərkəzində saxlanılmışdır. “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri buna misal kimi göstərmək olar. Nəticə etibarı ilə respublikamızda 10 il ərzində yoxsulluğun təxminən 10 dəfə — 49 faizdən 5,5 faizədək azalması faktı buna sübutdur.
Vətəndaşların məşğulluğunun təmin edilməsi üzrə aparılan iş yoxsulluğun səviyyəsinin azaldılmasına böyük təsir göstərib. Dövlətimizin başçısı demişdir: “Son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan qaldıraq”.
Cəmiyyətdə əhali üçün əlverişli sosial ab-havanın yaradılması, bütün ölkə miqyasında istehsalatın artımının sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi vətəndaşlarımızın davamlı və sabit artımlı gəlirləri üçün əsas təşkil edə bilər və bunlar dövlətimizin sosial siyasətinin birbaşa məqsədləridir. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, “layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq”. Bu fikir ölkə rəhbərinin siyasi fəaliyyətində çox mühüm amildir ki, iqtisadi uğurları sosial rifahın yüksəldilməsinə yönəldir. Bu mənada, deyə bilərəm ki, Prezident İlham Əliyev iqtisadi uğurları sosial firavanlığa çevirmiş müdrik dövlət başçısıdır. Onun bütün siyasi fəaliyyətinin ana xəttini vətəndaşa yüksək həyat şəraitinin təmin edilməsi təşkil edir. Məhz son 10 ildə bu istiqamətdə atılan addımlara diqqət yetirsək, bu fikrin reallığa əsaslandığının şahidi olarıq. Həmçinin, bu dövrdə iqtisadi resursların insan kapitalına çevrilməsi əsas tezis kimi önə çəkilmişdir.
Bir sözlə, sosial sferanın bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, yol infrastrukturunun yenilənməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. On ildə Azərbaycanda 2708 məktəb, 500-dən çox səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, əlillər üçün 14 bərpa-müalicə mərkəzi istifadəyə verilmiş, təhsil və səhiyyə sahələrində bir sıra dövlət proqramları qəbul edilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində mühüm işlər görülmüş, fondun dəstəyi ilə 312 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Gənclərin idarəetmədə iştirakına, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə, intellektual inkişafına xüsusi önəm verilmiş, idmanda böyük uğurlar qazanılmışdır. On ildə şəhər və rayonlarda 35 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda regionlarda 4 Olimpiya İdman Kompleksinin, Bakıda Respublika İdman-Tibb Mərkəzinin və 65 min tamaşaçı tutumu olan stadionun tikintisi davam edir. Azərbaycanın tarixi memarlıq abidələri, muzeylər qorunub saxlanılır. Qaçqın və məcburi köçkünlərə qayğı da unudulmur. Bu müddətdə ölkəmizdə bütün çadır düşərgələri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 140 min məcburi köçkün mənzillə təmin edilmişdir.
Dövlətimizin sosial siyasətində ölkənin bölgələrinə də xüsusi diqqət ayrılır. Son 10 ildə Azərbaycanda iki regional (2004-2008-ci illər, 2009-2013-ci illər) beşillik proqramlar icra edilib. Bölgələrdə yol infrastrukturu yeniləşib, parklar salınıb, yeni müasir turizm obyektləri inşa olunub, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib. Azərbaycanın hər bir bölgəsi son dövrlərdə tikinti meydançasını xatırladır. Bir sözlə, regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq xeyli azalmışdır. Azərbaycan Prezidentinin bölgələrə səfəri, hər rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığı sərəncamlar, eləcə də 10 il ərzində investisiya qoyuluşu, infrastruktur yeniləşməsi, sahibkarlıq mühitinin yaxşılaşması uğurları daha da artırıb.
Bu uğurların bir səbəbi də Azərbaycan dövlətinin başçısı İlham Əliyevin möhkəm siyasi iradəsinin, ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində hökumətin qarşısında qoyduğu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinin məntiqi nəticəsidir. Görülmüş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Ümumiyyətlə, sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar atılıb, 10 ildə sahibkarlara bir milyard manat dəyərində güzəştli kreditlər verilib.
Dövlət başcısı İlham Əliyevin Azərbaycanda insan amilini dövlət siyasətinin prioriteti hesab etməsi elə prezident seçkiləri öncəsi bir daha öz təsdiqini tapmışdır. Belə ki, ölkə rəhbəri kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrdə, sosial təminat müəssisələrində, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə, təhsil, idman, elm və elmi-tədqiqat qurumlarında, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırlması haqqında müvafiq sərəncamlar imzalamışdır.
Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası, hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür. “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik”. Ölkə rəhbərinin hələ 2003-cü ildə dediyi bu fikir bu gün aydın şəkildə öz təsdiqini tapmışdır.
Məlum olduğu kimi, gələn ilin büdcə layihəsi Milli Məclisdə müzakirə edilir. 2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və inkişaf tempi lə irəlilədiyini şərtləndirir. Hazırda ölkəmizin makroiqtisadi inkişaf indikatorları və qarşıdakı dövrlə bağlı proqnozlar Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikasının 2014-cü ildə daha da sürətlənəcəyini, maliyyə ehtiyatlarının artımı fonunda respublikamızın sosial-iqtisadi hədəflərini tammiqyaslı şəkildə yerinə yetirəcəyini deməyə əsas verir.
Beləliklə, nəinki regionda, bütün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi beynəlxalq miqyasda diqqət mərkəzindədir. Müstəqil respublikamızın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək mümkün deyildir. On il bundan əvvəl, 2003-cü ilin oktyabrında Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi kimi ulu öndərin ideyalarına sadiq qalacağını bəyan etmiş, hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını bildirmişdir. 9 oktyabr prezident seçkiləri Azərbaycanın müstəqil, demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi, xalqımız son 10 ildə görülən işlərə öz yüksək qiymətini verdi. Əminik ki, Prezident İlham Əliyev bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, insanların rifahı üçün var qüvvəsini əsirgəməyəcəkdir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor.
Respublika.-2013.- 26 noyabr.- S.10.