Möhkəm təmələ
söykənən siyasi kursun təntənəsi
Azərbaycanın
müasir tarixi dahi siyasətçi, zəmanəmizin
böyük dövlət xadimi, ulu öndərimiz Heydər
Əliyevin adı və fəaliyyəti ilə
bağlıdır. Müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyev bəşər
tarixinin dünyaya bəxş
etdiyi ən böyük
şəxsiyyətlərdəndir.
Ulu
öndərimizin polad iradəsi və qətiyyəti fədakar
əməyi sayəsində müasir Azərbaycanın
bünövrəsi ucaldılıb. Taleyüklü
hadisələrlə dolu olan
bu dövr ərzində
Heydər Əliyev Azərbaycan dövlətini və millətini
zamanın ən çətin sınaqlarından
çıxararaq ölkəmizin ictimai-siyasi,
iqtisadi tərəqqisinə nail olub. Bu
qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi
yol, strateji siyasi kurs daim
Azərbaycana uğur gətirib.
Ulu
öndərimizin dövlətimiz, millətimiz
qarşısında ən böyük xidmətlərindən
biri də müəyyənləşdirdiyi milli inkişaf
kursunu özündən sonra inamla davam etdirə biləcək
layiqli siyasi varis yetişdirməsidir. Bu
barədə böyük öndər
2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir:
“İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri İlham Əliyev başa
çatıdıra biləcək. Mən ona
özüm qədər inanıram və
gələcəyinə böyük
ümidlər bəsləyirəm”. Azərbaycan Prezidenti cənab İlham
Əliyev ona olan bu ümidləri layiqincə doğrultdu.
Heydər Əliyevin müəyyənləşdirdiyi
milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə böyük
inamla, əzmkarlıqla aparan
ölkə başçısının rəhbərliyi
altında Azərbaycan bu gün
dünya birliyində özünə layiqli yer tutub,
iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə
dayanıb.
Bu
gün Azərbaycan ulu öndərimizin ən layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə gələcəyə doğru inamla irəliləyir,
möhtəşəm nailiyyətlərə imza atır. Ölkəmiz sabit iqtisadiyyata və mühüm
geostrateji mövqeyə malik
olan, qlobal enerji təhlükəsizliyinin təminatında
vacib rol oynayan bir dövlətdir. Son on il ərzində cənab
İlham Əliyev ölkəmizin nüfuzunu daha da yüksəklərə qaldırıb,
xalqın əsl liderinə çevrilib, onun sonsuz məhəbbət
və etimadını qazanıb. Ötən on
il, ilk növbədə
Heydər Əliyev ideyalarının əbədiyaşarlılığının,
müəyyən etdiyi siyasi kursun alternativsizliyinin
təsdiqi, xalqın tarixi seçiminin
düzgünlüyü, müstəqilliyimizin
daha da möhkəmləndirilməsi
və inkişafı, Azərbaycanın bütün
dünya dövlətləri üçün önəminin artması ilə
əlamətdar olub.
Son
illər ölkə iqtisadiyyatının üç dəfə
artımı, yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə
enməsi, 1 milyon 200 minə yaxın yeni iş yerinin
açılması, insanların yaşayış səviyyəsinin
xeyli yüksəlməsi, əməkhaqlarının ildən-ilə
mütəmadi olaraq artırılması və s. dinamik
inkişafımızın real mənzərəsini əks
etdirir.
2011-ci
ildə 193 ölkədən 155-nin səsini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın
son illər əldə etdiyi uğurların böyük təntənəsidir.
Bu
gün Azərbaycan müasirləşən, beynəlxalq aləmdə
nüfuz sahibi olan, böyük beynəlxalq tədbirlərə
ev sahibliyi edən bir ölkədir. Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident
İlham Əliyev demişdir:
“...Doqquz ay çox uğurlu keçdi, qarşımızda duran
bütün vəzifələr icra edildi. Azərbaycan
iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf, əminəm
ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bugünə qədər
aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas
verir ki, bundan sonra da
Azərbaycanın uğurlu
inkişafı təmin ediləcəkdir. Bütün
makroiqtisadi göstəricilər yüksək
səviyyədədir, iqtisadiyyatımız doqquz
ayda 5,4 faiz
artmışdır. Hesab edirəm ki, indiki
zəmanədə xüsusilə dünyada
hələ də davam edən böhran şəraitində bu,
kifayət qədər yüksək göstəricidir və bu bizə imkan verir ki, biz
öz investisiya
proqramımızı da uğurla
icra edək. Ən sevindirici
məsələ ondan ibarətdir ki, qeyr-neft sektorumuz artır, yüksək templərlə
artır və ilin əvvəlindən
bugünə qədər bu yüksək temp qorunur. Qeyri-neft
sektorumuz doqquz ayda 10,4 faiz
artmışdır və hesab edirəm ki, bu, dünya
miqyasında ən yüksək göstəricidir”.
Respublikamızda
son on il ərzində iqtisadiyyatın bütün sahələrində
olduğu kimi, ölkə nəqliyyat sistemi də
özünün tərəqqi, intibah dövrünü
yaşayır. On ildə bu sahədə həyata keçirilən böyük infrastruktur
layihələri Azərbaycanın yol-nəqliyyat kompleksinin daim yeniləşməsinə
və modernləşməsinə dünya
tələbləri səviyyəsinə
çatdırılmasına imkan vermişdir. Bu dövr ərzində dəmir yolu,
avtomobil, mülki hava nəqliyyatı yolları sahəsində
aparılan yenidənqurma, quruculuq işləri
son on ildə dövlətimizin
qazandığı möhtəşəm iqtisadi
nailiyyətlərin bəhrəsidir.
Hazırda
müasir standartlara cavab verən dəmir yollarının,
avtomobil yollarının yenidən qurulması, əsaslı təmiri
işləri uğurla davam etdirilir, mühüm tədbirlər
həyata keçirilir. Nəqliyyat sektorunun
inkişafını əsas prioritet istiqamət
kimi önə çəkən ölkə
başçısı cənab İlham
Əliyev qeyd etmişdir:
“Hər bir istiqamət—avtomobil yollarının,
dəmir yollarının bərpası üzrə iş gedir. Bu da çox
vacibdir. Çünki
biz sürətli dəmir yollarının
fəaliyyətinə nail olmalıyıq.
Yeni dəmir yolu xətləri
o məqsədlə tikilir
ki, qatarlar yüksək
sürətlə hərəkət edə bilsin.
Nəzərə alsaq ki,
Azərbaycan yaxın zamanlarda nəqliyyat
sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq
üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya
standartlarına cavab verməlidir”. Bu sahənin
sürətli inkişafını təmin etmək məqsədilə
Prezident İlham
Əliyev 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
sərəncam imzalamışdır. Dövlət
Proqramında lokomotiv parkının yeniləşdirilməsi,
yol, elektrik təchizatı,
işarəvermə və rabitə, digər sahələrin əsaslı
təmiri, Bakı-Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana
keçid, texniki vasitələrin
modernləşməsi və s. mühüm işlər
öz əksini tapmışdır.
İpək
Yolunun keçdiyi əsas ərazilərdən biri Azərbaycandır.
Ölkəmiz bir çox dünya dövlətləri
ilə, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla, İpək
Yolunun bərpa olunması sahəsində
TRASEKA Proqramının hazırlanmasında yaxından iştirak etmişdir.
Azərbaycanın burada iştirakı Avropa ölkələri ilə iqtisadi
əlaqələrin möhkəmləndirilməsinə,
respublikamızın beynəlxalq nəqliyyat
qovşağına çevrilməsinə imkan
yaradır. Son 10 ildə ölkəmizin artıq dünya
miqyasında bir nəqliyyat mərkəzi kimi tanındığını bildirən cənab
İlham Əliyev onu da qeyd edib
ki, əgər nəqliyyat sektoru
olmasa, coğrafi yerləşmə
böyük əhəmiyyət kəsb
etməz: “Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir loqistika—nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın
bütün növləri bu
gün ən yüksək standartlara
cavab verir...”.
Son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi ölkənin hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, azad və demokratik cəmiyyətin qurulmasıdır ki, bu işdə ona dəstək də Azərbaycan vətəndaşlarından gəlir. 2013-cü ilin oktyabrında xalqımız növbəti dəfə düzgün seçim edərək bir daha ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu sürətli inkişafa, xalqımızın xoşbəxt gələcəyini təmin edən siyasi kursa yekdilliklə səs verdi. Bundan sonra da müstəqil Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, dünya birliyində öz layiqli yerini qoruyub saxlayacaqdır.
Elyar MURADOV
Respublika. - 2013.- 29 noyabr.- S.7.