ŞAİRİN
RÜBAİ DÜNYASI
Tanınmış
şair Oqtay Rzanın bu yaxınlarda çapdan
çıxmış “Rübailər karvanı”
kitabını görəndə öncə təəccüb
etdim, daha sonra anladım ki, sənətkarın yetkin
çağında Şərq poeziyasında xüsusi yeri olan
bu janra müraciət etməsi tamamilə məntiqidir. Fikir,
düşüncə axarı baxımından son dərəcə
mürəkkəb olan rübai janrı şairdən geniş
həyat təcrübəsi, ensiklopedik bilgi, xalqın adət–ənənələrinə
dərindən bağlılıq, geniş
dünyagörüşü, yüksək bədii–estetik
zövq, keçmişin klassik şairlərinə aid zəngin
poetik mirası dərindən bilməsi və s. tələb
edilir. Təbii ki, bütün bu söylənilənləri
yaradıcılığa başlamış gənclərdə
aramaq o qədər də inandırıcı
görünmür. Bundan ötrü müəyyən bir
zaman, həm sənətkarlıq, həm də intellektual
baxımdan bəlli bir zirvəyə qalxa bilmək gərəkdir.
Zahirən rübai janrı kompozisiya
baxımından o qədər də mürəkkəb
görünmür. Dörd misralıq və qədim bir tarixə malik bu
janrın qafiyə sistemi əsasən a, a, a, b və ya a, a, a,
a–dır. Bu səbəblərdən dolayı da əsasən
lirik xarakterdə olan bu janrın mürəkkəbliyini onun
kompozisiya sistemi baxımından gözdən keçirmək
heç də düzgün olmazdı. Burada
söhbət daha çox mövzu dərinliyindən, ideya–məzmunundan,
intellektual səviyyədən, məntiqi dəlillərdən,
yüksək mədəniyyətdən və bütün bu
söylədiklərimizin ümumiləşdirilmiş bir
şəkildə və yüksək bədiiliklə oxuculara
çatdırılmasından getməlidir. Bir çətinlik də orasındadır ki, burada
şair öz fikir və ümumiləşdirmələrini
lakonik bir dillə və dörd misralıq bir poetik
parçada ifadə edə bilməlidir. Təxminən X
əsrdə Şərq poeziyasında, xüsusilə də
fars və tacik xalq ədəbiyyatında meydana gəlmiş
bu janrın Rudəki, Ömər Xəyyam, Mövlanə Cəlaləddin
Rumi, həmçinin klassik Azərbaycan şairlərindən
Məhsəti Gəncəvi, Nizami, Nəsimi kimi nümayəndələri,
daha sonralar XX əsr türk şairləri Yahya Kemal və Arif
Nihad Asya onun ən mükəmməl nümunələrini
yarada bilmişlər. Rübai janrının əsasən məhz
dərin ideya–məzmunu ifadə etməsi, lakonik dili, yəni
az sözlə çox şey ifadə edə bilmə
imkanları (burada assosiyalardan, məcaz, qoşa qafiyə, təkrir
vasitələrindən məharətlə istifadə
olunması və s.) mütəxəssislərin hər zaman
diqqət mərkəzində olmuş və təsadüfi
deyil ki, Azərbaycan şərqşünas alimləri ilə
birlikdə xarici alimlərin də tədqiqat sahəsinə
çevrilmişdir. Məsələn, məşhur
folklorşünas alimimiz M.H.Təhmasib, tanınmış
şərqşünas alimlərdən E.A.Bertels, H.E.
Krımski, Fritz Meier və başqaları da rübai janrı
ilə yaxından maraqlanmış, onun poeziya dünyasında
yaşamaq haqqının olmasını müdafiə
etmişlər. Maraqlıdır ki, bir çox ensiklopediyalarda
(məsələn, Azərbaycan Sovet Ensiklopediyası,
Türkiyədə çap olunmuş “Rəhbər
Ansiklopedisı” və s.) rübai janrının xüsusiyyətləri
əsasən onun quruluşu, qafiyələnmə üslubu,
bir sözlə əslində zahiri cəhətlərilə
izah edilməyə meyil göstərilməkdədir. Rübai janrının müraciət etdiyi
mövzular isə heç də yalnız sevgi, məhəbbət
motivləri çərçivəsində qalmayıb aləm,
kainat, zaman, məkan haqqında insan düşüncələri,
fəlsəfi ümumiləşdirmələri, həmçinin
təfəkkürünün hüdudsuz yaradıcılıq
gücünə malik olması kimi mövzuları da diqqət
mərkəzinə ala bilməkdir.
Oqtay Rza
rübai janrına xas ənənəvi sevgi–məhəbbət
mövzusunun çərçivəsini də olduqca genişləndirir,
buraya kainat ideoloji, texnoloji tərəqqi, bəzən
insanların qlobal ekoloji hadisələr qarşısında
acizliyi, mübarizəsi, keçirdikləri qorxu və həyəcan
hissləri, həmçinin sosial–məişət problemləri
və s. daxil etməkdən heç də çəkinmir. Onun rübailəri içərisində bu qəbildən
olan misraları sevgi–məhəbbət mövzulu rübailərindən
qat–qat çoxdur. Bununla belə, şairin
bütün rübailərində milli–mənəvi sərvətlərdən
qidalanan bir vətəndaş qəlbinin
çırpıntılarını hiss edirsən. Onun
şeirləri dostluğa, qardaşlığa, sülhə, əmin–amanlığa
çağırır, vətəninin
bütövlüyünü, bölünməzliyini vəsf
edir, bütün bölgələrinin onun üçün
eyni dərəcədə əziz olmasını xüsusi
olaraq qeyd etməyə çalışır:
Başlanır haradan, nədən yollarım?
Sərhəddə
qırılır hərdən yollarım;
Məni
millətimə bağlayan teldir,
Bakıdan
hər yana gedən yollarım!
Qəlbi
hər zaman vətəninin xoşbəxtliyi, çiçəklənməsi
ideyası ilə döyünən şair öz
keçmiş əcdadları Dədə Qorqudu, Babəki,
Koroğlunu heç zaman unutmur, onların qəhrəmanlıqlarından,
yüksək mənəviyyatından, vətənpərvərliklərindən,
yenilməzliklərindən dərs almağa səsləyir və
İgidlik
dərsi al Qorqud elindən,
Gücsüzün, yazığın yapış əlindən.
“Ot
kökü üstündə bitir” kəlamı,
Arif adamların düşməz dilindən—deyir.
Ağı–ağ
adlandır, düzü–düz, Oqtay!
Ağı
yaz, nəğmə qoş, misra düz, Oqtay!
Acıdan
acıdır yersiz, nahaq söz,
Ağıl
nur çiləməz sevgisiz, Oqtay!
Burada da şair “ağ” kəlməsini müxtəlif
modifikasiyalarda işlədir, sevgi ilə edilən hər bir
işin daha səmərəli, daha məhsuldar və
qalıcı olmasını söyləmək istəyir.
Şairi
yaşadığı dünyadakı insanların taleyi, istək–arzuları,
uğursuzluqları, bəzən onlara olan biganəlik hissləri
çox düşündürür, narahat edir, fəqət
o, hər zaman yaxşı insanların varlığına,
çoxluğuna inanır:
Sayı
çoxalsa da pisin, xəbisin,
Yaxşı
adamlarla doludur dünya
—fikrini
ifadə edir.
Digər
bir rübaisində isə şair bəzən həyatı
boyu öz həqiqi dəyərini almamış, haqsız
olaraq unudulmuş insanların acı taleyini qələmə
alır:
Görəsən
heç qohum–qardaşı yoxdur,
Qəbrini isladan göz yaşı yoxdur?
Daşlar
aləmindən kitab yazanın,
Hələ
indiyədək başdaşı yoxdur!
Təsadüfi
deyil ki, insan sevgisi ilə yanaşı şair bir daha elə
bir cəmiyyət arzulayır ki, orada bu haqsızlıqlar
minimuma endirilsin, hər bir insanın potensial–intellektual
imkanları azad bir şəkildə özünü büruzə
verə bilsin, hərtərəfli çiçəklənə
bilsin, millətinə, xalqına daha çox yararlı ola
bilsin:
Az deyil
müəmma, möcüzə, tilsim,
Gərək
hər istedad parlaya bilsin!
Digər
bir rübaisində də biz əslində bütün
gücünü, əməyini təmənnasız olaraq
xalqına, cəmiyyətə verə bilən fədakar və
heç bir zaman özünü gözə soxmayan, mənəm–mənəm
deməyən insanlar təsvir olunur:
Ürək
hey döyünür səxavət ilə,
Yanır
son anadək dönmədən külə;
Özü
sol tərəfdə yerləşir, amma,
Gücünün çoxunu verir sağ ələ.
Rübailərinin çoxunda ümumiləşdirilmiş
insan surəti yaradan, onun zəngin psixoloji–əxlaqi, mənəvi
keyfiyyətlərini açmağa çalışan müəllif
insana sanki antropoloji fəlsəfə baxımından yaxınlaşmağa
çalışır. Onun fikrincə insan yalnız milli–mənəvi
çərçivələr içərisində qalan bir
biopsixoloji varlıq deyil, o, ümumbəşəri keyfiyyətlərlə
zəngin olan bir varlıqdır. Təsadüfi
deyil ki, şair dünyanın gələcəyini sərhədsiz,
insanlarını isə dünya vətəndaşı kimi
görmək istəyir. Zənnimizcə, Oqtay Rzanın
aşağıdakı misraları bir daha fikrimizə haqq
qazandırmış olur:
Baxıram
dünyanın xəritəsinə,
İstəyim
sinəmə sığışmır yenə:
Bütün
qitələri gəzib–dolaşan
Vətəndaş
sənədi verilsin mənə!
Oqtay Rzanın bir çox rübailərində elmi bilgilərlə
təbiət hadisələrinə, təbiətin rəngarəngliyinə,
dənizlərin kükrəməsinə, qızılın
merkantil dəyərinə aid yüksək bədiiliklə
yazılmış misralara rast gəlmək olur. Heç
şübhəsiz bu misraların canlı,
inandırıcı olması, bir baxımdan Oqtay Rzanın
ixtisasca bir geoloq–kəşfiyyatçı olması ilə də
əlaqədardır. O, eyni zamanda həyatımıza, məişətimizə,
insani münasibətimizə, təbiət hadisələrinə
bir araşdırmaçı, psixoloq–kəşfiyyatçı
kimi də baxmaqdadır.
Şair oxucularının qarşısında sosial məsuliyyət
hissini hər zaman yüksək tutmağa
çalışır, onların bədii zövqünə,
estetik istəklərinə hörmətlə yanaşır,
“şeir sevənlərdə sərraflıq da var”—deyir. Eyni zamanda Oqtay Rza öz
yaradıcılığına da ciddi məsuliyyət hissi ilə
yanaşır:
Dünyada
get–gedə ləl, dürr tükənib,
Qızıl bahalaşıb, kömür tükənib.
Yazmaq istəyəndə
yaxşı şeirimi
Gördüm gecikmişəm, ömür tükənib.
Şairin rübailərinə bədbinlik, kədər,
qəm–qüssə hissləri demək olar ki, yaddır. Onun rübailəri
bizi daha çox gələcəyə, bəşəriyyətin
sağlam mənəviyyatına, insanların dostluğuna,
qardaşlığına səsləməkdədir.
Göz
verib sənə bu, mənə bu dünya,
Gərək gülüstana dönə bu dünya.
Qədim
zamanlarda sərhədsiz imiş,
Sərhədsiz
olacaq yenə bu dünya!
Kitabda şairin bəzi şeirlərindən nümunələr
də verilir.
Bu şeirlərdə şairin vətənpərvərlik
təbiəti, ustadlarına (məsələn, Əlişir Nəvai,
Mövlanə Cəlaləddin Rumi və s.) ehtiram hissi,
varislik, tarixi yaddaş, həmçinin sevgi–məhəbbət
motivləri geniş yer tutur. Şair bu əsərlərində
də yüksək poetik istedadını və geniş
yaradıcılıq və mövzu palitrasını
nümayiş etdirə bilir. Onun “Yasəmən ağacı
çiçəkləyəndə”, “Sonuncu nəğmə”,
“Quyruq”, “Bir pəri gördüm”, “Cıdır”,
“Çıxarma yaddan” kimi şeirlərini oxuduqca fikrimiz bir
daha təsdiqlənir. Bu baxımdan şairin “Yasəmən
ağacı çiçəkləyəndə” şeirindən
yalnızca birinci bəndini oxucularımla paylaşmağım
belə kifayət edə bilər:
Yoluma incilər düzür təbiət,
Sinəm məskənidir kamanın, neyin,
Rənglər dəryasında üzür təbiət,
Sən də bənövşəyi donunu geyin—
Yasəmən ağacı çiçəkləyəndə.
Şeirin emosional təsir gücü olduqca
böyükdür. Onun xoş arzu və niyyətlərlə
yazılmış misraları bir musiqi kimi səslənir.
Buna kəlmələrin məntiqi olaraq
yerli–yerində düzülməsi, səs ahənginin
pozulmaması, ənənəvi qafiyələnmə
üsuluna riayət olunması, burada qəhrəmanın hər
şeydən öncə sevgilisinin xoşbəxtliyini
düşünməsi kimi humanist bir ideyanın ifadə
olunması səbəb olmaqdadır.
Kitabda yer
alan rübailər və şeirlər bir
daha Oqtay Rzanın geniş yaradıcılıq
marağını göstərməklə birlikdə, eyni
zamanda, şairin yüksək bədii–estetik zövq və istedadını
da üzə çıxarmış olur. Səlis
dilə malik, zəngin klassik ənənələrimizə
söykənən, eyni zamanda, aktual sosial–mədəni
mövzulara müraciət edən Oqtay Rza şeiri elə
sırf bu səbəblərdən dolayı geniş oxucu
kütləsinin sevgisini qazanır və gələcəkdə
də bu sevginin sönməyəcəyinə inamımız
böyükdür.
Babək QURBANOV,
professor.
Respublika.- 2013.- 8 yanvar.- S. 6.