Mənalı həyat
yolu
Ölkə polad magistralının şanlı tarixi heç də öz–özünə formalaşmayıb. Onun müasir inkişaf mərhələsinə yüksəlməsində neçə–neçə fədakar insanın gərgin zəhməti var. Həmin insanlar indi də ehtiramla yad olunurlar və onların yaradıcı, qurucu fəaliyyəti barədə cildlərlə kitab yazmaq olar. Belə insanlardan biri də kəşməkəşli, ağır, lakin mənalı həyat yolu keçən və gənclərə örnək ola biləcək Əliheybət Həsənxan oğlu Cəfərovdur.
Əliheybət Cəfərov 1913–cü il yanvarın 10–da Hacıqabul rayonunun Xiləmirzəli kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Atası Həsənxan kişi 1913–cü ildə, tarixdən də məlum olan ağır bir dövrdə Əliheybətin dünyaya gəlişinə sevinmiş, təkcə öz ailəsinin deyil, maddi durumu ağır olan qohum–əqrəbanın da dolanışıq yükünü çiyinlərində daşıyaraq onlara da maddi və mənəvi dayaq olmuşdur. Onu da deyək ki, İkinci Dünya müharibəsində ailə başçısını itirən 25 ailə məhz Həsənxan kişinin gərgin zəhməti və qayğısı sayəsində çətinliklərə sinə gərməyə müvəffəq ola bilmişdir.
Ə.Cəfərov erkən yaşlarından ata qayğısından məhrum olmuş, böyük qardaşı, Hacıqabul parovoz deposunun maşinisti Əlövsət indiyədək heç kəsə məlum olmayan səbəblərdən həbs edilərək repressiya qurbanı olmuş və ailənin yükü ikinci qardaşı Balamirzənin üzərinə düşmüşdür. O, Əliheybətə və iki kiçik bacısına əsl atalıq qayğısı göstərərək onların həyatda duruş gətirməsinə yardımçı olmuşdur. Balamirzə kiçik qardaşı Əliheybətə atalıq edərək ona düzgün yol göstərmiş, Hacıqabul dəmir yolu məktəbində 7 illik təhsilini tamamlayan Əliheybətin Bakıda “Fabzavüç”, fabrik–zavod məktəbinə daxil olmasına, oranı bitirdikdən sonra Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunda təhsilini davam etdirməsinə dəstək vermiş, onun heç bir maddi sıxıntı çəkməməsinə səbəbkar olmuşdur. Texnikumu əla qiymətlərlə bitirən Əliheybət Cəfərov elə həmin il təyinatla Azərbaycan Dəmir Yolunun Ordubad yol distansiyasına göndərilir və orada yol briqadiri kimi əmək fəaliyyətinə başlayır.
Orta texniki təhsilli mütəxəssis olan Əliheybət Cəfərovun işə vicdanlı və məsuliyyətli münasibətinin nəticəsi olaraq dəmir yolunun rəhbərliyi az müddətdən sonra onu uçurum ustası, distansiya rəisinin mühəndis qurğuları üzrə müavini vəzifəsinə irəli çəkir. Bu, Əliheybətdə öz peşəsini mükəmməl öyrənmək həvəsi oyadır və 1936–cı ildə o, Tbilisidəki Zaqafqaziya Dəmir Yolu Mühəndisləri İnstitutunun dəmir yollarının tikintisi və istismarı fakültəsinə daxil olur və 1941–ci ildə oranı fərqlənmə diplomu ilə bitirir.
Əliheybət Cəfərovun ali məktəbdə də ictimai işlərdəki fəallığı və seçdiyi peşədə səriştəliliyi diqqətdən kənarda qalmır. O, ali təhsilini bitirdiyi bir vaxtda keçmiş İttifaqın cəlb olunduğu İkinci Dünya müharibəsi ilə əlaqədar Gürcüstanda mühüm strateji əhəmiyyətli dəmir yolu xəttinin çəkilişinin reallaşmasında, sözsüz ki, bilikli, səriştəli və təşkilatçı mütəxəssislərə ciddi ehtiyac duyulurdu və gənc mühəndis kimi Ə.Cəfərovun layihəyə cəlb olunması heç də təsadüfi deyildi. Burada da etimadı əməli işlə doğruldan gənc dəmiryolçu–mühəndis Əliheybət Cəfərovu o vaxtkı SSRİ Yollar Nazirliyi sovet xalqının qələbəsinin yaxınlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən Mincivan–Culfa dəmir yolu sahəsinə qatarların hərəkətinin təhlükəsizliyi üzrə baş müfəttiş vəzifəsinə təyin edir.
Ə.Cəfərovun həmin vəzifədə çalışdığı illərdə, daha doğrusu, 1941–1942–ci illərdə Mincivan–Culfa sahəsində böyükhəcmli işlər həyata keçirilir. Belə ki, burada xeyli həcmdə dəmir yolları və tunellərin çəkilişi reallaşır. İyirmi ildən çox bir vaxt kəsiyində naxələf qonşularımızın, erməni yağılarının tapdağı altında qalan Mincivan–Kərçivan sahəsindəki uzun tunellər, Salyan–Astara sahəsində çəkilən dəmir yolu xətləri də məhz bu fədakar dəmiryolçunun quruculuq işlərinin bəhrəsidir.
İkinci Dünya müharibəsindən qələbə ilə çıxan keçmiş Sovet İttifaqının bütün bölgələrində, həmçinin Azərbaycan dəmir yolunda da genişhəcmli quruculuq işlərinə start verildi. Bu baxımdan Bakı–Tbilisi sahəsində də yüklərin və səmişinlərin daşınmalara olan tələbatını dolğun ödəmək üçün həmin sahədə də gərgin işlər görülməli idi. Bu səbəbdən də Əliheybət Cəfərov oradakı Ağstafa yol distansiyasına rəis təyin edilir. 1945–1955–ci illərdə Ağstafa–Gəncə sahəsində bu bacarıqlı dəmiryolçunun təşkilatçılığı və iştirakı ilə bir çox gərəkli işlər həyata keçirildi.
Nəhayət, 1955–ci ildə Zaqafqaziya dəmir yolundan ayrılaraq müstəqil fəaliyyətə başlayan Sovet Azərbaycan dəmir yolunun ilk rəisi Əli Cəfərov peşəkar dəmiryolçu və təşkilatçı Ə.Cəfərovu yol təsərrüfatı xidmətinin rəisi kimi ağır və məsuliyyətli bir vəzifəyə təyin edir. O bu vəzifədə çalışdığı illər ərzində kabinetdə rahat oturub işləri idarə etməklə kifayətlənməyib. O, daim dəmir yolu çəkən, yolları təmir edən işçilər arasında olur, əlinə bel, çəkic alıb onlarla birgə işləməyi özünə ar bilmir, əksinə, öz əməyindən zövq alırdı.
Mənim də dəmir yolu kimi ağır, lakin şərəfli bir işdə duruş gətirib mətinləşməyimdə dəyərli məsləhətləri ilə örnək olan Əliheybət Cəfərov, həqiqətən, qurucu insan idi. Böyük qürur hissi və fəxarətlə deyə bilərəm ki, bu gün onu tanıyanlar məni onun sələfi adlandırmaqla bizim fəaliyyətimizdəki oxşar xüsusiyyətləri nəzərdə tuturlar. Lakin bu oxşarlıq nə qədər bir–birinə bənzəsə də, mən onun qısa, 62 illik ömründə gördüyü işlərin yalnız yüzdə birinə nail ola bilmişəm.
Onu da deyim ki, 1960–cı ildən ömrünün sonuna, yəni 1975–ci ilədək Əliheybət Cəfərov əmək fəaliyyətinin ən gərgin və məhsuldar dövrünü daha şərəflə yaşamışdır. Həmin dönəmdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev xalqı qurub–yaratmağa, doğma Azərbaycanımızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməməyə ruhlandırırdı. Məhz həmin vaxtlar Ə.Cəfərov ölkə polad magistralında ikinci yolların çəkilişi, bir çox sahələrin elektrikləşdirilməsi, rabitə, işarəvermə, mərkəzləşdirmə və bloklama, stansiyaların marşrut–rele mərkəzləşməsi sisteminə keçilməsi kimi müasir texniki yenilklərin tətbiqinə nail ola bilmişdi.
Əliheybət Cəfərovun əvəzsiz xidmətləri heç də bunlarla bitmir. Onun səyi, təşəbbüsü və bilavasitə iştirakı ilə dəmiryolçular üçün çoxlu sayda sosial–məişət, mədəniyyət, səhiyyə və təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Dəmir yolu xətlərinin keçdiyi elə bir bölgə yoxdur ki, orada Ə.Cəfərovun “imzasına” rast gəlinməsin. Belə ki, paytaxtın ən iri dəmiryolçular qəsəbəsi olan Biləcəridə böyük yaşayış massivinin salınması, dəmiryolçular və onların ailə üzvləri üçün müasir səhiyyə, təhsil və mədəniyyət obyektlərinin ərsəyə gəlməsi də məhz bu qurucu insanın adı və əməlləri ilə bağlıdır. Bu məsələlər Gəncə, Xaçmaz, Culfa, Naxçıvan şəhərlərində, Hacıqabul, Mincivan, Ələt və başqa qəsəbələrdə də öz həllini tapmışdır. Həmçinin bir çox istehsalat müəssisələrinin müəllifi və qurucusu da məhz ölməzlik simvoluna çevrilən Ə.Cəfərovdur.
Gözəl insan, bacarıqlı və qurucu mühəndis Əliheybət Cəfərovun milyonlara örnək ola biləcək əməyi o dövrdə dövlət tərəfindən layiqincə qiymətləndirilmiş və o, “Əməkdar inşaatçı” adına layiq görülmüş, eyni zamanda “Şərəf Nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları və digər mükafatlarla təltif olunmuşdur.
Mehdi MEHDİYEV,
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
sədrinin məsləhətçisi.
Respublika.- 2013.- 9 yanvar.- S. 5.