MİKOLOGİYA ELMİ BİZƏ NƏLƏR DEYİR

 

“Mikologiya müasir elmi baxışda mikrobiologiyanın digər tərkib hissələrindən fərqli olaraq çox əhatəli, rəngarəng və bu günə qədər də ziddiyyətli məsələlərə malik elmi sahədir. Mikologiya təbiətdə mövcud olan mikroorqanizmlərdən bəhs edən elmdir. Mikronlarla (1/1000 mm) ölçülən bu gözəgörünməzlər müxtəlif ekoloji şəraitdə yaşayır, öz həyat tərzləri sayəsində ən mürəkkəb biokimyəvi proseslər aparır və həm üzvi, həm də qeyri–üzvi birləşmələrin çevrilməsində müstəsna rol oynayaraq təbiətdə maddələr dövriyyəsini təmin edirlər. Bu elm bakteriyaları, şüalı göbələkləri, mikroskopik əsl göbələkləri, yosunları, heyvanları və s. əhatə edir” — deyir dünya şöhrəti qazanmış, biologiya elmləri doktoru, professor Nisə xanım Mehdiyeva. Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun təşkilatçısı Nisə xanım Mehdiyeva doğma dilimizdə yazılmış ilk mikologiya kitabının və 130–dan artıq elmi əsərin müəllifidir.

 

Allah Təala bu dünyaya heç gərəksiz insan gətirmədi. Amma kim niyə gəldiyini dərk edə bildisə, gedəcəyi yolu tapdı və Uca Allahın verdiyi bir ömürlük nemətləri hədərə xərcləmədi. Kim dərk etmədisə, itirdi. Öz ağlı, düşüncəsi ilə ona bəxş olunan ömür yolunu mənalara bələyən insanlar o ömrü qazandılar. Bu qazancın nə qədər böyük olduğunu anlamaq üçün məhz mənalı bir ömür yaşamaq gərəkdir. Hər hansı bir sahədə böyük zəhmətlər bahasına uğurlar qazanan, insanların xeyrinə gecə–gündüz çalışan insanların əməyini qiymətləndirmək üçün onların ömür yolunu sadəcə uzaqdan seyr etmək yox, bu ömrün bizə bəxş etdiyi və gələcək nəsillər üçün qoyub getdiyi ərmağanları incələmək, dəyərləndirmək lazımdır.

Azərbaycanın bir çox sahələri kimi elmi də həmişə uğurlarla zəngin olub. Elmin müxtəlif sahələrində qazanılmış nailiyyətlər, heç şübhəsiz, xalqın mənəvi nailiyyətidir! Bu da bir həqiqətdir ki, professor Nisə Mehdiyeva bütün həyatını insanların xeyrinə, elmimizin inkişafı üçün yaşamağı özünə borc bilib. O, “Mikroblar bioloji müxtəlifliyin və ekologiyanın qorunmasında əsas amildir” – deyir və belə davam edir: “Bu gün bioloji müxtəlifliyin və ekologiyanın qorunması və ekoloji tarazlığın bərpa edilməsi dünyada ən aktual problemlər sırasındadır. Bu problemlər inkişaf etmiş və ya təbii sərvətlərlə zəngin olan ölkələrdə daha çox diqqət tələb edir. Azərbaycan torpaq və iqlim şəraiti baxımından başqa ölkələrdən xeyli fərqlidir. Məhz buna görə də burada bioloji müxtəliflik daha geniş vüsət tapmalıdır. Eyni zamanda respublikanın təbii sərvəti olan neft və təbiətin ən ali məxluqu olan insan ekoloji duruma mənfi təsir göstərərək bioloji müxtəlifliyi məhdudlaşdırmaqda və onun tarazlığının pozulmasında əsas amillərdir. Qeyd etmək yerinə düşər ki, insandan başqa bütün canlıların həyat fəaliyyəti təbiətdə mövcud olan tarazlığı qorumağa yönəlmişdir. Buna bariz misal, hansı canlı aləmə mənsub olmasından asılı olmayaraq orqanizmlər arasında mövcud olan qarşılıqlı münasibət nəticəsində ekoloji tarazlığın saxlanılmasıdır. Ekoloji tarazlığın qorunmasında və ya bərpasında makroorqanizmlərlə müqayisədə mikroorqanizmlərin rolu daha böyükdür. Onlar təbiətdə olan müxtəlif mürəkkəb üzvi materialları başqa orqanizmlər tərəfindən qida mənbəyi kimi mənimsənilə biləcək sadə birləşmələrə çevirərək onların inkişafını zəruri məcrada saxlayırlar. Azərbaycan mikrobioloqlarının apardığı tədqiqatlar nəticəsində respublikanın mövcud ekosistemində özünəməxsus mikroorqanizm növlərinin olması aşkar edilmişdir.

Nəzəri və praktik baxımdan böyük əhəmiyyət kəsb edən göbələklər aləmi nisbətən yaxşı öyrənilmişdir. Elə bu səbəbdən də Azərbaycanda göbələklərdən bəhs edən mikologiya keçmiş Sovetlər ölkəsində başqa respublikalardan geridə deyildi və müəyyən istiqamətlərdə birincilər sırasında gedərək öndər rolunu oynayırdı. Aparılan tədqiqatlar nəticəsində respublika ərazisində yeraltı və yerüstü ekosistemlərdə təxminən 4 minə qədər mikroorqanizm növü aşkar edilmişdir ki, onların da təxminən 100–ü elmdə yeni hesab olunur. Lakin əfsuslar olsun ki, indiyə qədər respublikada mikroorqanizmlərin nə növ müxtəlifliyi, nə də onların miqdarı haqqında dürüst məlumat yoxdur. Aşkar edilən növlərin etalonları təmiz kultura şəklində saxlanılmır və bu səbəbdən də mikrobioloji müxtəliflik problemi respublikada bərbad vəziyyətdədir. Müxtəlif ekosistemlərdən ayrılmış və elmdə yeni olan mikroorqanizmlər indi maddi nemət kimi yox olmuşdur. Onların sırasında bitki, heyvan, insan xəstəliklərinin törədiciləri, torpağın münbitliyini bərpa edən, müxtəlif bioloji fəal maddələr sintez edən, ekoloji çirklənmənin qarşısını alan növlər mövcud idi.

Bizə məlum olan qaynaqlardan məlumdur ki, Azərbaycanda ilk dəfə kif göbələklərindən irinli yaraların müalicəsində XII əsrdə şair Əfzələddin Xaqaninin əmisi istifadə etmiş, XVII əsrdə ilk dəfə yeməli göbələyi Məhəmməd Mömin təsvir etmişdir.

Azərbaycanda göbələklərin öyrənilməsinin qədim tarixi olmasına baxmayaraq, neçə əsr keçdikdən sonra da respublikada milli mikroorqanizmlər kulturası kolleksiyasını təşkil etməyə nail olunmamışdır.

Ekoloji problemlərin geniş vüsət tapdığı və bioloji müxtəlifliyin öyrənilməsi və onun qorunması qlobal məsələ sayılan çağdaş dünyamızda mikroorqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi və heç olmazsa ekoloji və praktik cəhətlərdən önəmlilərinin canlı kultura kolleksiyası şəklində saxlanması vacib məsələlər sırasında olmalıdır…”

Nisə Mehdiyeva respublikada mikrobiologiya problemləri üzrə Elmi Şuranın, Mikrobioloqlar Cəmiyyətinin yaranmasında böyük rol oynamış və onun təşəbbüsü ilə yaradılan bu qurumlara rəhbərlik etmişdir. SSRİ Elmlər Akademiyasında bir sıra tədqiqat işlərinə rəhbərlik edən alim o dövrdə ən güclü tədqiqatçı kimi tanınmışdır. Beynəlxalq Eko Energetika Akademiyasının akademiki seçilən Nisə xanım Mehdiyevanın respublikada və xarici ölkələrdə nəşr edilən jurnallarda onlarla məqalələri çap olunmuşdur. Dünya şöhrətli elm xadimi Nisə xanım, “Dəyərli və zülalla zəngin göbələk” başlıqlı məqaləsində belə yazır: “Zülallar bütün orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən mürəkkəb üzvi birləşmələrdir. Müxtəlif yaş və peşədən asılı olaraq yetkin insanda fizioloji proseslərin normal fəaliyyəti üçün sutka ərzində təxminən 80–100 qram zülal tələb olunur. Bu ehtiyac əsas etibarilə bitki və heyvani zülalla ödənilir.

Zülalın dəyəri onun tərkibində olan amin turşularının miqdarından və çeşidindən asılıdır. Tərkibində 8 əvəzedilməz amin turşusu: triptofan, lizin, metionin, valin, leysin, izoleysin, fenilalanin, trionin olan heyvani zülal tam dəyərli zülaldır.

Hələ 1980–ci ildə FAO (Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı təşkilatı) məlumatına görə dünya əhalisinin üçdə ikisinin qidasında zülal çatışmazlığı var idi. Əgər inkişaf etmiş ölkələrdə hər adam başına 50 qram heyvani zülal düşürdüsə, iqtisadi cəhətdən geridə qalmış ölkələrdə onun miqdarı 9–10 qrama bərabər idi. Bu isə insan orqanizminin fizioloji tələbatından 5–7 dəfə azdır.

Zülallı qida maddələrinə ehtiyac ildən–ilə artır. Odur ki, dünya əhalisini zülalla təmin etmək üçün qidaya yararlı yeni zülal mənbələrinin aşkar edilməsi daima günün zəruri məsələlərindən biri olaraq qalır.

Təbiətdə başqa zülali nemətlərlə yanaşı, heyvani zülalla zəngin olan göbələk növləri mövcuddur. Ən qədim zamanlardan insanların bir şox papaqlı göbələklərin yeməli və zəhərli olmaları haqqında məlumatları var idi. Bir gündə ananın, qızın, iki oğulun göbələklərdən zəhərlənməsi haqqında ilk yazı eramızdan əvvəl 450–456–cı illərdə bir mifoloji heykəlin üzərində həkk olunmuşdur. Zəhərli göbələklərin mövcud olması təbiətin insana bəxş etdiyi bu dadlı nemətə qarşı qorxu hissi aşılamışdır. Lakin buna baxmayaraq, 19–cu yüzilliyin axırlarından başlayaraq Avropa və bəzi Asiya ölkələrində geniş kütləyə məlum olan papaqlı göbələk şampinyonun süni yolla becərilməsinə diqqət verilir. Bu işin elmi əsaslarla aparılması üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir və xüsusi dərgilər çap edilir.

Aparılan elmi–tədqiqatlar nəticəsində şampinyonun tərkibində heyvani zülalda olduğu kimi bütün əvəzedilməz amin turşuları, vitaminlərdən Bl, B2, B6, B12, Dl, D2, biotin, nikotin və pantoten turşularının mövcudluğu aşkar edilmişdir. Quru şampinyonun 20–30 faizi zülaldan ibarətdir. Onun 70 faizi insan tərəfindən mənimsənilən, bütün zülalın isə 25–30 faizi əvəzedilməz amin turşularıdır.

Qeyd etmək lazımdır ki, şampinyonun sənaye istehsalı çox əmək və vəsait tələb edən mürəkkəb prosesdir. Onun dünya miqyasında istehsalı bir milyon tona qədərdir. Lakin bu, zülala olan ehtiyac fonunda dəryada damla kimidir.

İstehsalatda becərilmə həcminə görə şampinyondan sonra ikinci yerdə ağacçürüdən kimi məşhur olan, çox müxtəlif coğrafi və ekoloji şəraitdə yayılmış Basidiomycetes sinfinə mənsub olan Pleurotus cinsinin müxtəlif növləridir. Onlardan ən çox maraq doğuran Pleurotus ostreatus növüdür. Bu növ respublikanın bütün regionlarında rast gələn və asılqal adı ilə məşhur olan ağacçürüdən göbələkdir.

Bu göbələyin biokimyəvi tədqiqi onun zülalda bütün əvəzedilməz amin turşularının varlığı, vitaminlərdən askorbin turşusu, biotin, riboflavin, nikotin turşusu, müxtəlif lipidlər və mineral duzlardan azot, fosfor, kalium, natrium, maqnezium, kalsium, kükürd, dəmir, manqan, mis, sink və s. elementlərin mövcudluğunu göstərmişdir.

Asılqal göbələyi əsas etibarilə qovaq ağaclarında geniş yayılmış və onların üzərində əvvəllər yarım parazit həyat keçirərək bir neçə müddətdən sonra onun ölümünə səbəb olur. Asılqalın infeksiyası müxtəlif yollarla ağacın gövdəsinə daxil olur, orada göbələyin qidalanmasını təmin edən çoxillik miselium əmələ gəlir və ağacın gövdəsində hüceyrəarası sahəyə yayılaraq bitkinin hesabına qidalanır.

Bir müddət keçdikdən sonra nəmlik dərəcəsindən və temperaturdan asılı olaraq göbələk bar verir. Onu müxtəlif regionlarda sentyabr ayından başlayaraq dekabr ayınadək toplamaq olar. Bu müddətdən sonra göbələyin barı quruyub məhv olur, bir il sonra yenisi əmələ gəlir. Asılqal öz lətif dadına və zülal dəyərinə görə heç də şampinyondan geri qalmır. Bu göbələyi yeyənlər ona şampinyondan daha çox üstünlük verirlər. Bundan başqa, onun becərilmə texnologiyası şampinyonun becərilmə texnologiyasından xeyli fərqlidir.

XXI əsrdə elmin və istehsalın qarşısında duran aktual problemlərdən biri ekologiyanı çirkləndirən üzvi mənşəli tullantılardan səmərəli istifadə yollarını araşdıraraq onlardan qida və yem mənbələri kimi istifadə etmək və eyni zamanda ekologiyanın çirklənmədən qorunmasını təmin etməkdir. Respublika bitkiçilik təsərrüfatının külli miqdarda müxtəlif tullantıları mövcuddur. Bu tullantılardan səmərəli istifadə yollarından biri qiymətli zülali qida mənbəyi kimi asılqal göbələyin istehsalat səviyyəsində becərilməsinin təşkil edilməsidir…”

Görkəmli elm xadimi professor Nisa xanım “Dadlı və müalicəvi göbələk kvası” mövzusunda belə deyir: “Canlılar aləminin həyat tərzi, ölçüsü, quruluşu və formasına görə çox müxtəlif sakinləri vardır. Onlar şərti olaraq iki aləmə bölünürlər: makroaləm –gözəgörünənlər və mikroaləm – gözəgörünməyənlər.

Makroaləmə kiçik həşəratdan tutmuş insana qədər bütün canlılar daxildir. Bəs mikroaləmin “sakinləri” kimlərdir? Bu aləmin sakinləri mikroblardır. Mikroblar çox kiçik, mikronlarla ölçülən orqanizmlərdir. Onlar çox müxtəlif ekoloji şəraitdə yaşaya bilirlər. Buna səbəb onların çox kiçik olmalarına baxmayaraq, mürəkkəb biokimyəvi proseslərin gedişində iştirak etmək qabiliyyəti və ya proseslərin yeganə amili olmalarıdır. Onlara biz nəhəng laboratoriyalar deyə bilərik.

Bu kiçik orqanizmlərin qidalanması da çox mürəkkəbdir. Təbiətdə elə bir çətin birləşmə yoxdur ki, onlar mikrobların təsirinə məruz qalmasınlar.

Hazırda mikrobların köməyi ilə sənaye miqyasında çox qiymətli məhsullar — vitaminlər, antibiotiklər, fermentlər, amin turşuları, boy maddələri, üzvi turşular, boyalar, canlı gübrələr, müxtəlif mənşəli siloslar hasil edilir. Mikroblara bakteriyalar, şüalı göbələklər, əsl göbələklər, yosunlar, bəsit heyvanlar və s. daxildir.

Azərbaycanda nisbətən yaxşı öyrənilən göbələklərdir. Onlar bitkilərlə heyvanlar arasında keçid təşkil edən və sayı 150 minə yaxın olan müxtəlif orqanizmlərdir, təbiətdəki ekosistemlərdə geniş yayılmışdır. Göbələklər ölçülərinə görə ya xeyli böyük — makroskopik, ya da adi gözlə görünməyən — mikroskopik orqanizmlərdir. Göbələklərin mikroskopik nümayəndələri çoxluq təşkil edir və müxtəlif biokimyəvi proseslərin gedişini istiqamətləndirərək təbiətdə maddələr dövriyyəsini təmin edirlər.

Təklikdə gözlə görünməyən, lakin nəhəng koloniya əmələ gətirərkən tezliklə nəzərə çarpan və çay göbələyi, çay kvası, yapon göbələyi, mancuriya göbələyi adı ilə məşhur olan Meduzomyces gizevir maya göbələyi Saccharomyces ludwiqi və sirkə turşusu bakteriyası Acetobacter acetinin müştərək məskunlaşmasıdır.

Bu göbələk ilk dəfə Şərq ölkələrində — Yaponiyada, Hindistanda, İndoneziyada becərilmişdir. Yaponiyada qadın rəqqasələr bədən fiquralarının saxlanması, ziyillərin yox edilməsi, saçların tökülməsinin və ağarmasının qarşısının alınması üçün, Hindistanda körpələrin dərisində olan ləkələrin təmizlənməsi, susuzluğun qarşısının alınması üçün, İndoneziyada isə müxtəlif zəhərlənmə zamanı istifadə edilirdi.

Çay göbələyi asanlıqla becərilir və inkişaf edərək olduğu mühitdə spirt, karbon qazı, müxtəlif üzvi turşular, aromatik maddələr, fermentlər və B qrupundan olan vitaminlər əmələ gətirir. Göbələyin inkişaf etdiyi məhlul antibiotik və ağrıkəsici xassəyə malikdir. O, qanda xolestrinin miqdarını və qan təzyiqini azaldır, mədə–bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, bakterial ishal, qastrogen enterit, yaşlılarda spastik və dizenteriya təbiətli kolitlərdə yaxşı nəticə verir. Məhluldan ateroskleroz, hipertoniya, revmakardit, poliartrit, angina və s. xəstəliklərə qarşı istifadə etmək məsləhətdir…”

Beləcə, mikologiya predmetindən, onun canlılar aləmindəki yerindən və göbələklərin özünəməxsus xüsusiyyətlərindən bəhs edən Nisə xanım Mehdiyeva, Azərbaycan dilində mikologiyaya aid olan ilk kitabın müəllifidir. Bununla yanaşı, görkəmli elm xadimi, indiki dəyişən dünyamızda ingilis dilinin geniş yayıldığını və bu dildə zəngin elmi və tədris qaynaqlarının olduğunu nəzərə alaraq, rusdilli və türkdilli oxucuların ingilis dilində dərc olunan mikrobioloji qaynaqlardan istifadə etməsini asanlaşdırmaq məqsədilə ilk ingiliscə–rusca–azərbaycanca lüğətini ərsəyə gətirmiş, insanların xeyrinə, elmimizin inkişafına xidmət etmişdir. Onun gördüyü işlər illər keçdikcə daha da aktuallaşacaq, gərəkli olacaqdır. Nə isə… Bu çox–çox geniş yazıların mövzusudur!.. Ürəyimdə Beynəlxalq Eko Energetika Akademiyasının akademiki Nisə xanım Mehdiyevanın ünvanına söylənəcək bir kitablıq söz var. Böyük ləyaqət sahibi, nur daşıyıcısıdır Nisə xanım.

Qəlbi, əməli və insanlığı ilə bir xəzinə olan insanların həyatından örnək götürmək gənclərə vacibdir. Yaxşılardan götürülən həyat dərsi hər kəsə bir örnək yolu olmalıdır.

Mən professor Nisə xanım Mehdiyevanın elmi fəaliyyəti haqqında yazılanlardan fərqli olaraq öz müşahidələrimi qələmə aldım. O, bir elm fədaisi kimi həmişə ucalardan uca olmuşdur. Zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istedadıdır. Bu da bir həqiqətdir ki, Vətəni sevənlər əbədi yaşayanlardır!

 

 

Fazil QARAOĞLU,

professor

 

Respublika.- 2013.- 9 yanvar.- S. 4.