Dövlət büdcəsinin davamlı artımı iqtisadi inkişafın real göstəricisidir

 

Son doqquz ildə əldə olunan möhtəşəm nailiyyətlər fonunda əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində dünyada analoqu olmayan sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bir–birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. Siyasi, hüquqi və iqtisadi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi artım tempinə görə dünyada ön sıralardadır. Dünya iqtisadi böhranının davam etdiyi şəraitdə belə Azərbaycanın sürətli inkişafı öz–özlüyündə çox şey deyir, ölkəmizin güclü iqtisadi resurslara söykəndiyini əyani şəkildə təsdiqləyir.

 

Azərbaycanın öz inkişaf kursuna sadiq qalması, sürətli tərəqqiyə nail olması aparılan məqsədyönlü sosial–iqtisadi islahatların bəhrəsidir. Təsadüfi deyil ki, Azərbaycan hazırda öz uğurları ilə, sözün həqiqi mənasında, öyünə bilir. Nəzərdə tutulan dövlət proqramlarının və infrastruktur layihələrinin inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa təbrikində Azərbaycanın sürətli inkişafını önə çəkən Prezident İlham Əliyev deyib: “…Biz milli varlığımızın əsası olan Azərbaycan Respublikasının hərtərəfli inkişafının təmin edilməsi, onun qüdrətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparırıq. Həyata keçirilən tədbirlər nəticəsində, əvvəlki dövrlərdə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2012–ci ildə də ölkəmizdə sosial–iqtisadi inkişaf prosesləri uğurla davam etmişdir. İqtisadi potensialın güclənməsi sosial, mədəni, hüquqi və digər sahələrə daha çox diqqət yetirilməsinə imkan yaratmış, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə və xaricdəki dostlarımızın sıralarının genişlənməsinə səbəb olmuşdur. 2015–ci ildə ilk Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının artmasının parlaq göstəricisidir”.

Ötən doqquzillik dinamik inkişaf dövrünün statistikası real həyat həqiqətlərində–dövlət büdcəsinin davamlı artımında, sosial problemlərin həllində, işsizliyin, yoxsulluğun aradan qaldırılmasında, regionların davamlı tərəqqisində, nəhəng infrastruktur və enerji layihələrinin reallaşdırılmasında, cəmiyyətdə işgüzar fəallığın artmasında öz təsdiqini tapır. Zaman etibarilə o qədər də böyük olmayan müddətdə ölkə iqtisadiyyatının üç dəfə, dövlət büdcəsinin isə 16 dəfədən çox artımı, yoxsulluğun minimum həddə enməsi, 1 milyondan artıq yeni iş yerinin açılması, insanların real pul gəlirlərinin dəfələrlə yüksəlməsi dinamik inkişafın real mənzərəsini bir daha nümayiş etdirir. Bu nailiyyətlər dövlət başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün prioritet istiqamətləri müəyyənləşdirməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının hazırlanmasına dair fərman və sərəncamlarının, eləcə də onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir.

Dövlət büdcəsi hər bir ölkənin iqtisadi qüdrətinin aynası, təhlükəsizliyinin qarantıdır və strateji məqsədlərin reallaşmasında mühüm rol oynayır. Azərbaycan dövləti son illər ərzində uğurla həyata keçirdiyi genişmiqyaslı iqtisadi və sosial layihələri reallaşdırmaq məqsədilə lazımi miqdarda maliyyə vəsaitini səfərbərliyə alır və düşünülmüş, dəqiq büdcə siyasəti nəticəsində həmin vəsaitlərdən olduqca səmərəli şəkildə istifadə edir. Dövlətimizin büdcə siyasəti Azərbaycanda maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə böyük təkan verir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının son 9 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və yeni keyfiyyət mərhələsinə qaldırılması ölkə iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə imkan verib və nəticədə bu gün Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Xalqın maraqları və tələbatı nəzərə alınmaqla həyata keçirilən və ilbəil yüksələn xətlə öz bəhrəsini verən bu strategiya Azərbaycanın tarixində görünməmiş inkişafı və yüksəlişi ölkə həyatının gündəlik reallığına çevirib. Artıq Azərbaycanın iqtisadi inkişafı dünyanın diqqət mərkəzindədir və respublikamızda gedən inkişaf prosesləri bir çox dövlətlər üçün nümunə modeli kimi qəbul olunur.

İnkişaf proseslərində mühüm əhəmiyyət daşıdığı üçün dövlət büdcəsinin formalaşdırılmasına və icrasına nəzarət də ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Son illərdə respublikamızın dövlət büdcəsi də iqtisadi inkişafla mütənasiblik təşkil edərək sürətlə artıb. Hazırda Qafqazda bütün sahələrdə liderlik edən Azərbaycan dövlət büdcəsinin gəlir və xərclərinə görə də birincidir. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik olduğunu təsdiqləyib. Təsadüfi deyil ki, Azərbaycanın 2013–cü il üçün dövlət büdcəsi Gürcüstanın bu il üçün proqnozlaşdırılan dövlət büdcəsindən 5,2 dəfə, Ermənistanın dövlət büdcəsindən isə 10 dəfə çoxdur. Müdafiə xərcləri üçün nəzərdə tutulan məbləğ isə təcavüzkar Ermənistanın bütünlükdə dövlət büdcəsindən çoxdur.

Bir faktı xüsusilə qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi kurs nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri xeyli artıb. Belə ki, bu məqsədlə büdcə proqnozları iqtisadi cəhətdən tam şəkildə əsaslandırılır, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilir, büdcənin gəlir və xərcləri ən münasib nisbətdə tarazlaşdırılır, qeyri–neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımı davamlı olaraq təmin edilir. Bununla yanaşı, vergi borclarının azaldılması istiqamətində təxirəsalınmaz və ciddi işlər görülür, vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyi təkmilləşdirilir, bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş vergi tətbiq edilir. Eyni zamanda, büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosialyönümlü məqsədlərə ayrılan vəsaitlər ilbəil artırılır.

Azərbaycanın hərtərəfli və davamlı inkişafı fonunda 2013–cü ilin dövlət büdcəsi ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində keyfiyyətcə yeni mərhələ olacaqdır. “Azərbaycan Respublikasının 2013–cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezident İlham Əliyevin 13 dekabr 2012–ci il tarixli fərmanında öz aydın ifadəsini tapdığı kimi, 2013–ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial–iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri–neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013–cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun effektliyinin və dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri–neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq. 2013–cü ilidövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlülüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcək. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti isə 100 dollar səviyyəsində qəbul edilib.

Bu ilin dövlət büdcəsində səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi–texniki təminatının, dərman və ərzaq təchizatının yaxşılaşdırılması üçün onların xərcləri 3 milyon manat artırılıb. Siyasi partiyalar üçün dövlət büdcəsində maliyyə vəsaiti 2,5 milyon manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşən bir sıra büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətləri nəticəsində gördükləri işlərə və həyata keçirdikləri xidmətlərə, həmçinin qanunvericiliyin tətbiqi ilə bağlı müxtəlif cərimələrdən nəzərdə tutulan ayırmalara görə bu təşkilatlarda büdcədənkənar gəlirlərin artması gözlənilir. Bunları nəzərə alaraq büdcədənkənar xərclər 35 milyon manat artırılıb.

Beləliklə, edilmiş dəyişikliklər nəticəsində 2013–cü ilin dövlət büdcəsinin gəlirləri 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, xərcləri 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata çatdırılmışdır. Bu dəyişikliklərdən sonra 2013–cü ilin icmal büdcəsinin gəliri 20 milyard 729 milyon manat, xərcləri isə 24 milyard 500 milyon manatdır.

Ölkəmizin inkişaf konsepsiyasının əsas məqsədləri kimi makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması müəyyənləşdirilib. Konsepsiyada dünya iqtisadiyyatının inkişaf perspektivləri, ayrı–ayrı sektorlar üzrə ölkənin sosial–iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, habelə gözlənilən əsas nəticələr əks olunub.

Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizin müstəqillik tarixində eldə etdiyi uğurların fonunda imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı da yeni hədəflərin müəyyənləşdirilməsinə xidmət edir. Bu mühüm sənəd Azərbaycanda reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, dünya birliyində ölkəmizin yerini və rolunu, onun hazırda yüksələn xətlə davam edən dinamik inkişafının prioritetlərini özündə ehtiva edəcək. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə–iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli qorunmasına nail olmaq, dövlətimizin və xalqımızın etibarlı gələcəyini təmin etməkdir. Prezident İlham Əliyev indiyədək əldə olunmuş uğurları yüksək dəyərləndirməklə yanaşı, qarşıda duran məqsəd və vəzifələrə də toxunub: “Bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.

Prezident kimi fəaliyyətə başladığı gündən dinamik inkişafın konturlarını “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı ilə müəyyənləşdirən cənab İlham Əliyev bununla ölkənin təbii ehtiyatları və resurslarından səmərəli, xalqın mənafeyinə uyğun istifadəyə əsaslanan davamlı inkişafın təməlini qoydu. “Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir. Gələcək planlarımızı həyata keçirmək üçün Azərbaycanda, ilk növbədə, maliyyə intizamı olmalıdır” – söyləyən Prezident İlham Əliyev eyni zamanda bildirmişdir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir.

Bazar iqtisadiyyatının tam bərqərar olması Azərbaycanın siyasi kursunda, sosial–iqtisadi inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyub. Keçid dövrünə xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının daha dolğun ödənilməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da yüksəldib. Nazirlər Kabinetinin 2012–ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli nitqində Prezident İlham Əliyev ölkəmizin davamlı tərəqqisi yolunda sosial proqramların həllinin böyük əhəmiyyətini önə çəkərək bu istiqamətdə əldə olunmuş nailliyyətləri yüksək dəyərləndirib: “Sosial məsələlərin həllində də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda veriləcəkdir. Bu da sosial siyasətimizin nə qədər geniş olduğunu göstərir. Orta aylıq əməkhaqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır… Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əməkhaqları ildən–ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əməkhaqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir”.

Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri beynəlxalq maliyyə və digər nüfuzlu təşkilatların dünya və Azərbaycan iqtisadiyyatına dair proqnozları təhlil edilməklə hazırlanıb. Hazırda dünyanın bir çox ölkələrinin iqtisadiyyatında artım templərinin zəifləməsi, yüksək işsizlik səviyyəsi, borc probleminin əhatəsinin genişlənməsi və kəskinləşməsi, milli iqtisadiyyatlar üçün xarici iqtisadi mühitin pisləşməsi, qlobal maliyyə bazarlarında risklərin əhəmiyyətli dərəcədə artması kimi problemlər mövcuddur. Dünya iqtisadiyyatında qeyd olunan problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam edib, əldə olunmuş nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq reytinq agentlikləri tərəfindən regionda investisiya reytinqi verilmiş ilk və yeganə ölkə Azərbaycandır. “Qlobal rəqabət qabiliyyət indeksi”nə görə Azərbaycan artıq üç ildir ki, MDB ölkələri arasında birinciliyi qoruyub saxlayıb, cari ildə dünya ölkələri arasında isə 55–ci yerdən 46–cı yerə yüksəlib. Azərbaycan müsbət iqtisadi artım tempi, inflyasiyanın idarə olunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi, büdcə kəsirinin və onun ümumi daxili məhsula nisbətinin minimal həcmi, tədiyyə balansında gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası, əhalinin həyat səviyyəsinin göstəricilərinə dair proqnozlar onu göstərir ki, belə mürəkkəb qlobal iqtisadi mühitdə iqtisadiyyatımızın gələcək illərdə də makroiqtisadi sabitliyi davam edəcəkdir.

Proqnozlara əsasən, 2013–2016–cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM–in artımına müsbət təsir edəcək. Gələn il ÜDM–in həcmi 56 milyard manat təşkil edəcəkdir ki, bu da 2003–cü ilə nisbətən 8 dəfə çoxdur. Qarşıdakı üç–dörd ildə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri–neft sektoru təmin edəcək. Belə ki, qeyri–neft sektorunun 2013–cü ildə 11,7 faiz artacağı gözlənilir. Nəticədə yaxın illərdə qeyri–neft sektorunun ÜDM–də payı 47,6 faizdən 70,6 faizə qədər yüksələcəkdir.

Xatırladaq ki, ötən əsrin 90–cı illərinin ortalarından etibarən ölkəmiz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlamışdı. Bu dövrdə, ilk növbədə, bərpa olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı təmin edilmiş, ölkə daxilində siyasi sabitliyə nail olunmuş, makroiqtisadi tarazlığın köklənməsi və o vaxt mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər görülmüş, sosial məsələlərin həllinə başlanmışdı. Azərbaycanın karbohidrogen ehtiyatlarının ölkənin və xalqın maraqlarına sərf olunmasının əsası məhz bu dövrdə “Əsrin müqaviləsi”nin bağlanılması ilə qoyulmuş, eyni zamanda, düşünülmüş şəkildə genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə başlanmışdı.

2003–2012–ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi sürətli tərəqqinin təmin olunmasına əlverişli imkanlar açmış, cəmiyyətimizin daha önəmli sosial–iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi sistemi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Bu illərdə sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunduğunu, əhalinin sosial müdafiəsi sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulduğunu əhali xatırlayır, məhz bu illərdə yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı yardım, sosial müavinətlər sistemi təsbit olunmuş və inkişaf etdirilmişdir.

Bununla yanaşı, qeyri–neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası həmin dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ən ciddi meyarlar–adambaşına düşən ümumi daxili məhsulun məbləği və İnsan İnkişafı İndeksi baxımından ölkəmiz artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasındadır. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl surətdə həyata keçirilməsinin nəticəsində mümkün olmuşdur. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli surətdə icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə çoxlu sayda dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması da məhz ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarınınəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Əsas məqsəd Azərbaycanda yaxın on illikdə inkişaf səviyyəsini daha üç dəfə artırmaqdır.

Bu baxımdan, ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, aparılan iqtisadi islahatların nəticəsi olaraq qeyri–neft sektorundan daxilolmaların artırılması istiqamətində tədbirlərin görülməsi 2013–cü ildə qarşıda duran vəzifələrdəndir. 2013–cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyad 350 milyon manatını və ya ümumi büdcə daxilolmalarının 59,3 faizini Dövlət Neft Fondundan transferlər, 6,4 milyard manatını və ya 33,4 faizini Vergilər Nazirliyi, 1,4 milyard manatını və ya 7,2 faizini Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcək.

Neft Fondundan dövlət büdcəsinə yönəldiləcək vəsaitlər mərkəzləşdirilmiş gəlirlərin təmin edilməsi üçün əsas mənbələrdən biri kimi çıxış edəcək. Davamlı inkişaf sosial proqramların daha səmərəli həlli naminə bu gün Neft Fondundan transferlərin belə yüksək artması obyektiv zərurətdir. Fondda toplanmış vəsaitlərin bir qisminin dövlətin vacib ehtiyaclarının ödənilməsinə sərf edilməsi, ilk növbədə, ölkənin iqtisadi təhlükəsizliyini gücləndirməyə, davamlı inkişafın əsaslarını möhkəmləndirməyə hesablanıb.

Ümumiyyətlə, yeni yüzilliyin əvvəlindən ÜDM–in yüksək sürətlə artması ölkəmizin maliyyə imkanlarının genişlənməsini, büdcə gəlirlərinin daha da sürətlə artmasını təmin edib. Xatırladaq ki, 2003–cü ildə dövlət büdcəsinin gəlirlərinin ÜDM–də xüsusi çəkisi 17 faiz idi, 2013–cü ildə isə 34,2 faiz olacaq. Hər nəfərə düşən büdcə gəlirləri 147 manat idi, 2013–cü il üçün bu rəqəm 2037 manat nəzərdə tutulub. Yeni əsrin əvvəlində Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idi. 2013–cü ildə büdcənin gəlir və xərcləri 24,4–25,2 milyard dollar civarında müəyyən edilib. Bu da müstəqil Azərbaycan dövlətinin çox mühüm tarixi nailiyyətlərindən biridir. Belə bir büdcə siyasətinin reallaşması nəticəsində ölkəmiz qarşıdakı onilliklərdə bu göstəriciyə görə qabaqcıl ölkələrə yaxınlaşmaq imkanlarını reallaşdıracaq.

Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun 2013–cü ildə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir.. Həmin vəzifələrə uyğun olaraq 2013–cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi–tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq–mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının aylıq əməkhaqları və minimum əməkhaqqının həddi artırılacaq. 2013–cü il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2012–ci illə müqayisədə 2,1 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 22,3 faiz təşkil edəcək.

Hər il əhalinin rifahını səciyyələndirən göstəricilərdə artım dinamikası müşahidə edilir. Artan gəlirləri hər bir ölkə vətəndaşının gündəlik həyatında hiss etməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial–iqtisadi kursun əsas mahiyyətini təşkil edir. Bunun nəticəsidir ki, əhalinin nominal pul gəlirləri, adambaşına düşən pul gəlirləri, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı davamlı olaraq artır.

Prezident İlham Əliyev əldə olunan uğurları yüksək dəyərləndirərək deyib: “Bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələrdir və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik… Biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir”.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor.

 

Respublika.- 2013.- 10 yanvar.- S. 4.