HƏMKARIMIZI TƏBRİK
EDİRİK
Avropa İdman
Jurnalistləri İttifaqı (UEPS) İcraiyyə Komitəsinin
növbəti iclası Azərbaycan paytaxtında təşkil
olunmuşdu. UEPS icraedici orqanının 12 üzvü
var və onlardan biri də Azərbaycan İdman
Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti
Eldar İsmayılovdur. Şübhəsiz,
UEPS kimi bir təşkilatda
jurnalistika sahəsində böyük
təcrübəyə malik həmvətənimizə
belə etimad göstərilməsi, icraiyyə
komitəsi iclasının Bakıda təşkil
olunmasına qərar verilməsi təkcə idman
jurnalistikamızın yox,
bütövlükdə milli mətbuatımızın
uğurudur. Ən azı ona
görə ki, MDB məkanında ilk dəfə keçirilən bu tədbir Azərbaycan media
tarixində də ilk və yeganə hadisə
idi.
Bunun ardınca iki ay əvvəl Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AİPS İcraiyyə Komitəsi toplandı, eyni zamanda AİPS–in Gənc Reportyorlar Proqramı çərçivəsində Bakımız dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc idman yazarlarının bir aylıq seminarına ev sahibliyi etdi.
Belə bir yüksəlişə nail olmaq üçün Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA, başda Eldar İsmayılov olmaqla, çox çətinliklərdən keçib. Bəli, bu gün AİJA idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiyası, müasir idmanın problemlərinin və aktual məsələlərinin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması yönündə böyük işlər görür, fəaliyyət coğrafiyasını günbəgün genişləndirir, idman mediası nümayəndələrinin birliyi missiyasını ləyaqətlə həyata keçirir.
1995–ci ildə, AİJA–nın təməli qoyulandan cəmi bir il sonra AİJA Beynəlxalq İdman Mətbuatı Assosiasiyası AİPS–in müvəqqəti üzvü statusunu aldı, 1997–ci ilin mayında isə İspaniyanın Oviyedo şəhərində 60–cı Ümumdünya Konqresində qurumun tamhüquqlu üzvü seçildi. Beləliklə, AİJA Avropa İdman Mətbuatı İttifaqı UEPS–də də yerini tutdu.
İlk uğurlu addımlardan sonra AİJA nümayəndə heyəti Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə hər il keçirilən ümumdünya və qitə məclislərində, AİPS və UEPS konqreslərində ölkəmizin idman mediasını ləyaqətlə təmsil etməyə başladı, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Beynəlxalq İdman Federasiyaları Baş Assambleyası, Dünya Ədalətli Oyunlar Təşkilatı, Dünya Antidopinq Komitəsi, əksər idman növləri üzrə beynəlxalq federasiyalar və digər nüfuzlu idman təşkilatları ilə sıx əlaqələr qurdu.
Bunun nəticəsidir ki, 2010–cu ilin aprelində Antalyada Avropanın 48 ölkəsinin idman jurnalistləri qurumunu birləşdirən UEPS–in 32–ci konqresində gizli səsvermə yolu ilə keçirilən seçkilərdə ilk dəfə olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer aldı.
O vaxt bu sevindirici tarixi hadisəyə Eldar İsmayılovun münasibəti belə olmuşdu: “Heç kimə sirr deyil ki, ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafında dövlətimizin başçısı İlham Əliyevin misilsiz xidmətləri var. 1992–ci ildə yaradılan Azərbaycan Milli Olimpiya Komitəsinin BOK–la sıx işgüzar əlaqələri və əməkdaşlığı cənab İlham Əliyevin bu təşkilatın prezidenti seçilməsindən sonra başladı. Azərbaycana ardıcıl səfərlərində BOK liderləri də ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu vurğulayırdılar. Jaq Roqq hələ Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri kimi ölkəmizə səfərləri zamanı hər gəlişində infrastruktur yeniliklərin, dəyişiklikərin şahidi olmasından məmnunluğunu ifadə edirdi. Bizim təşkilatın, AİJA–nın da ayağa qalxması, inkişaf etməsi məhz 1997–ci ilə, İlham Əliyevin Azərbaycan MOK–nin prezidenti seçildiyi vaxtdan sonrakı dövrə təsadüf edir. Bu mənada indi Avropanın və dünyanın aparıcı idman jurnalistlərinin Azərbaycana maraq göstərməsi təbiidir. AİJA da öz növbəsində daim inkişafda olan idmanımızın beynəlxalq aləmdə qədərincə tanınmasına çalışır. Zənnimcə, beynəlxalq və qitə idman jurnalistləri təşkilatları rəhbərlərinin ölkəmizə səfərləri bu işdə müstəsna rol oynayar və biz dövlətimizin qayğısı və dəstəyi, birbaşa köməyi sayəsində buna nail olmağa çalışırıq”.
Beynəlxalq və qitə idman jurnalistləri təşkilatları rəhbərlərinin ölkəmizə səfər etməsi isə artıq nə arzu, nə də strateji hədəfdir. AİJA rəhbərliyinin bu istəyi UEPS İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi ilə reallaşdı.
Eldar İsmayılovun 65 illik ömür yolunda, 46 illik jurnalist fəaliyyətində uğurlu, yaddaqalan anlar çox olub.
On iki il əvvəl yaradılan,
mərkəzi ofisi Londonda yerləşən “LAUREUS” Dünya
İdman Mükafatları Təşkilatını
beynəlxalq aləmdə idmanın “OSKAR”ı
adlandırırlar.
Azərbaycan İdman
Jurnalistləri Assosiasiyasının
prezidenti, Azərbaycan
Milli Olimpiya Komitəsinin, Beynəlxalq
İdman Mətbuatı
Assosiasiyasının (AİPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Eldar İsmayılov “LAUREUS” seçki
heyətinin həmtəsisçilərindən
biridir və artıq on üçüncü
dəfədir ki, hər il idman
sahəsində dünyanın
ən yaxşılarının
müəyyən olunmasında
həlledici səsi
var.
Dünya
idmanının 2012–ci il laureatlarının
seçkilərinə 120 ölkənin
tanınmış idman
jurnalistləri qatılmışlar.
Onların arasında bizim
Eldar İsmayılov da var. Artıq seçkilərə yekun vurulub və qaliblər müəyyən
edilib.
Bu günlərdə ölkə
Prezidentinin sərəncamı
ilə “Əməkdar
Jurnalist” fəxri adına layiq
görülən Eldar
İsmayılova 65 illik
yubileyi münasibətilə
yeni yaradıcılıq
uğurları arzulayırıq.
Rövşən BİNNƏTLİ,
AİJA–nın baş katibi.
Respublika.- 2013.- 11 yanvar.- S. 4.