Ölkəmizin hərbi qüdrəti
və döyüş potensialı daim artır
Azərbaycanda istehsalı mənimsənilən
müdafiə təyinatlı məmulatların çeşidlərinin
sayı 700–ə çatdırılıb
Azərbaycan son illər çox
sürətlə və hərtərəfli inkişaf edir.
Ölkəmizdə böyük maliyyə resursları
yaradılıb ki, bu da bütün sahə və istiqamətlərdə
köklü irəliləyişlərə nail olmağa imkan
verir. Ölkəmizin hərtərəfli inkişafı naminə
çoxsaylı dövlət proqramları, irimiqyaslı
infrastruktur layihələri uğurla
reallaşdırılır. Azərbaycan öz iqtisadi
gücünü yüksək dərəcədə artıra
bilib və bu proses həyatımızın bütün sahələrini
əhatə etməkdədir. Daim artan iqtisadi qüdtətimiz
indiki halda ölkəmiz üçün çox vacib olan hərbi
sənayemizin inkişafına da güclü təkan verib.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli
və sürətli inkişafını müəyyən edən
amillər içərisində möhkəm iqtisadi
potensialın, güclü ordunun və müdafiə sənayesinin
mövcudluğu prioritet məsələlərdir. Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev
Azərbaycanda ordu quruculuğu və müdafiə sənayesi
sahəsində işlərin uğurla davam etdirildiyini önə
çəkərək deyib: “Bizim gücümüz artır,
həm iqtisadi sahədə, həm hərbi sahədə. Beynəlxalq
mövqelərimiz möhkəmlənir…Bununla bərabər,
heç kəs üçün sirr deyildir ki, biz ordu
quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan
Ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir.
Ordunun inkişafı üçün bütün lazımi tədbirlər
görülür. 2012–ci ildə böyük miqdarda hərbi
texnika, silah–sursat, təyyarələr, helikopterlər,
artilleriya qurğuları, hava hücumuna qarşı
qurğular gətirilmiş, eyni zamanda, daxildə 40–dan
yuxarı sənaye müəssisəsində hərbi təyinatlı
məhsulların istehsalı təşkil edilmişdir. Biz
ordumuzu 2013–cü ildə daha da gücləndirəcəyik.
Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən
50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü,
hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini
tapsın, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etsin”.
2005–ci
ildə Prezident İlham Əliyevin sərəncamı ilə
müdafiə, radioelektronika, cihazqayırma sənayelərində
dövlət siyasətini və tənzimlənməsini həyata
keçirən Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyinin yaradılması bu baxımdan olduqca mühüm əhəmiyyət
daşıyır. Müdafiə Sənayesi Nazirliyi
yaradıldığı gündən qarşısına
qoyulmuş əsas məqsədlərə çatmaq
üçün tabeliyinə verilmiş istehsal müəssisələrində
əsaslı yenidənqurma işləri aparmaqla Silahlı
Qüvvələri lazımi silah, hərbi texnika, sursat və
s. təmin etmək üçün yeni istehsal sahələrinin
yaradılması istiqamətində işləri uğurla həyata
keçirir. Ötən müddət ərzində nazirliyin
tabeliyində olan müəssisələrin böyük əksəriyyətində
əsaslı tikinti və yenidənqurma işləri
aparılaraq isifadəyə verilib. “İqlim”, “Dalğa” və
“Sənayecihaz” elmi istehsalat müəssisələri,
“Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı
Maşınlar, “Radioquraşdırma”, Şirvan “Araz”, Bakı
“Cihazqayırma”, Xaçmaz “Kondensator” zavodları, “AZAD Systems
Co.” müəssisəsi və elmi–tədqiqat İnstitutu əsaslı
təmir və yenidənqurmadan sonra istismara verilib. Qısa
müddətdə ölkəmizdə müdafiə sənayesinin
inkişafında ciddi dönüş yaranıb. Hazırda
Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində
müdafiə təyinatlı məmulatların
yaradılması və istehsalı üzrə cari və
perspektiv proqnozların hazırlanması, tətbiqi işi
uğurla davam etdirilir və Azərbaycanın hərbi və
müdafiə qüdrəti daim yüksəlir. Yeddi il ərzində
nazirliyin birlik və müəssisələrində 40–dan
çox yeni istehsal sahəsi yaradılıb ki, onlardan da
üçü 2012–ci ildə istifadəyə verilib. Bunlar
atıcı silahların yaradılması və təkmilləşdirilməsi
üçün təcrübə–sınaq zavodu, fərdi əleyhqazların
və xüsusi mühafizə vasitələrinin istehsalı və
müxtəlif çaplı döyüş
sursatlarının utilizasiyası sahələridir. Məsələn,
1990–cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat”
Konstruktor Bürosu kimi fəaliyyət göstərən təcrübə–sınaq
zavodun yenidən qurulmasında əsas məqsəd
atıcı silahların, o cümlədən avtomatların,
pulemyotların, snayper tüfənglərinin yaradılması,
modernləşdirilməsi və kütləvi istehsalın təşkili
istiqamətində elmi–tədqiqat, təcrübi–konstruktor
işlərinin aparılması, xüsusi standartlara uyğun
sınaq metodikaları və proqramlarının tələblərinə
cavab verən nümunələrin hazırlanmasından ibarətdir.
Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra
büronun işi təkmilləşdirilmiş, bənzəri
olmayan ilk milli “İstiqlal” snayper tüfənginin
yaradılması başa çatdırılmış və
istehsalı təmin edilmişdir. Hazırda burada “İstiqlal–2″,
“İstiqlal–4″, “İstiqlal–1T”, “Şimşək–9″ və
digər müdafiə təyinatlı silahlar sınaqdan
keçirilir. Prezident İlham Əliyev bu məsələlərə
xüsusi önəm verərək deyib: “Biz öz müdafiə
potensialımızı gücləndiririk… Bu, bizim məqsədyönlü
siyasətimizin bir hissəsidir. Çünkü biz müharibə
şəraitində yaşayırıq. Belə olan halda, biz
diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi
potensialının gücləndirilməsinə verməliyik və
bunu edirik”.
Azərbaycanda
milli ordu quruculuğu və müdafiə sənayesinin
formalaşdırılması sahəsində ümummilli
liderimiz Heydər Əliyevin xidmətləri danılmazdır.
Ulu öndərimizin hələ Azərbaycana birinci dəfə
rəhbərlik etdiyi 1970–1980–ci illərdə bu sahədə
çox böyük işlər görülüb, müstəqillik
illərində isə sözün həqiqi mənasında
ölkəmizdə güclü milli ordu
formalaşdırılıb. Xatırladaq ki, milli ordumuzun hərbi–texniki
bazasının gücləndirilməsi məqsədilə
2003–cü ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı
ilə Azərbaycan Respublikası müdafiə sənayesi
müəssisələrinin 2003–2005–ci illərdə
inkişafına dair Dövlət Proqramı təsdiq edilib və
bu proqram hərbi müdafiə sahəsində yeni mərhələnin
əsasını qoyub. Hazırda ulu öndərimizin siyasi
kursu onun ən layiqli siyasi varisi, Azərbaycanın və
regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən
qloballaşan dünyanın tələbinə uyğun olaraq
yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Azərbaycanın
hərbi qüdrətinin və müdafiə qabiliyyətinin
gücləndirilməsi dövlətimizin
başçısının xüsusi diqqət və
qayğısı ilə əhatə olunub. Azərbaycanda
Müdafiə Sənayesi Nazirliyinin yaradılması məhz bu
diqqət və qayğının əyani təzahürüdür.
Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi
7 il ərzində bu qurumun tabeliyində olan müəssisələri
ən müasir texnologiya və avadanlıqla təmin etmək
üçün çox böyük işlər
görülüb. Onlarca texnoloji avadanlıq, 1500–dən
çox müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar
alınıb quraşdırılıb. Nazirliyin müəssisələrində
yaradılan yeni istehsalat sahələri Azərbaycan
Respublikası Silahlı Qüvvələrini müasir tələblərə
cavab verən müdafiə təyinatlı məmulatlarla və
xalq təsərrüfatını maşınqayırma,
cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə
təmin etmək üçün tam gücü ilə fəaliyyət
göstərir. Həyata keçirilən genişmiqyaslı
işlər sayəsində nazirliyin tabeli müəssisələrində
istehsalı mənimsənilən müdafiə təyinatlı
məmulatların çeşidlərinin sayı artıq 700–ə
çatdırılıb. 2012–ci ildə 437 adda müdafiə
təyinatlı məmulatın istehsalı üzrə
müqavilə bağlanılıb. Sevindirici haldır ki,
ötən il istehsal olunan müdafiə təyinatlı məmulatların
həcmi 2007–ci illə müqayisədə 25 dəfədən
çoxdur.
Regionun
lider dövlətinə çevrilən Azərbaycanın
qarşısında duran yeganə problem Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.
Bu məsələdə ölkəmizin mövqeyi həmişə
konstruktiv olub və uzun illərdir ki, danışıqlar
prosesinə sadiqiq. Bunun əksinə olaraq, Ermənistan öz
təcavüzkar siyasətini yeritməkdə, Azərbaycan
torpaqlarını hələ də işğal altında
saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh
danışıqları məhz Ermənistanın
qeyri–konstruktiv mövqeyi üzündən heç bir nəticə
vermir. Təcavüzkar Ermənistan BMT–nin məlum qətnamələrini,
beynəlxalq təşkilatların təkliflərini də
qulaq ardına vurur və bununla da bütün dünyaya meydan
oxuyur. Artıq BMT də, Avropa Şurası da Ermənistanı
rəsmi şəkildə təcavüzkar dövlət kimi
tanıyıb. Bununla belə, beynəlxalq təşkilatların
reallığı, ədaləti, beynəlxalq hüquq norma və
prinsiplərini əks etdirən qərarları, qətnamələri
icra olunmur
Prezident
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində bəyan edib: “2012–ci ildə Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
çox ciddi siyasi hadisələr baş vermişdir. Mən
ilk növbədə, bu məsələ ilə məşğul
olan Minsk qrupunun həmsədr ölkələrinin dövlət
başçılarının bəyanatını qeyd etmək
istəyirəm. O bəyanatda deyilmişdir ki, status–kvo qəbuledilməzdir.
Yəni bu, onu göstərir ki, artıq heç kim, hətta
bu məsələ ilə məşğul olan vasitəçilər,
funksiyaları öz üzərinə götürən
ölkələr də bu işğalla, bu vəziyyətlə
barışmaq istəmir. Status–kvonun dəyişdirilməsi
işğala son qoyulması deməkdir. Eyni zamanda, 2012–ci ildə
Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının
zirvə toplantısında Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı çox tutarlı və ədalətli qətnamə
qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu
münaqişə yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Eyni zamanda, 2012–ci ildə NATO–nun
zirvə görüşündə də qəbul edilmiş qətnamədə
Ermənistan–Azərbaycan münaqişəsinin ərazi
bütövlüyü əsasında həll edilməsi
haqqında məsələ qoyulmuşdur. Yəni Qoşulmama
Hərəkatında və NATO–da birləşən ölkələr
dünya birliyinin mütləq əksəriyyətini təşkil
edir və bu ölkələrin mövqeyi birmənalıdır:
Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməlidir. Münaqişənin başqa həlli yoxdur”.
Təbii
ki, Ermənistanın tutduğu qeyri–konstruktiv mövqe Azərbaycanı
öz siyasətinə müəyyən düzəlişlər
etməyə vadar edir. Dövlətimizin
başçısının dəfələrlə
vurğuladığı kimi, bizim səbrimiz tükənməz
deyildir. Azərbaycan ya sülh yolu ilə, ya da hərbi yolla
öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Bu gün Ermənistan istər iqtisadi, istər siyasi, istərsə
də hərbi cəhətdən Azərbaycanla rəqabət
aparmaq iqtidarında deyil. Azərbaycan inkişaf etdikcə bu fərq
daha da artır və artacaqdır. Çünki Ermənistanın
inkişaf etməsi üçün heç bir imkanı
yoxdur. Onlar bütün beynəlxalq regional layihələrdən
təcrid olunmuşlar. Əhali Ermənistanı tərk edir,
canlı qüvvəsi çatışmadığından hətta
təmas xəttinin qorunmasında da çətinlik çəkirlər.
Tam müstəqil siyasət yürüdən Azərbaycan isə
dünyanın ən aparıcı, qüdrətli dövlətlərindən
birinə çevrilib. Bütün bunlar ölkəmizin hər
cəhətdən üstün olduğunun əyani təsdiqidir.
Azərbaycanda
bu gün ən müasir silahlar, düyüş sursatları
və hərbi texnika istehsal olunur və proses daim təkmilləşdirilməkdədir.
Ölkə başçısı cənab İlham Əliyevin
tapşırığı ilə 2009–cu ildən başlayaraq
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar
beynəlxalq müdafiə sənayesi sərgilərində
nümayiş etdirilir və böyük maraqla
qarşılanır. Sevindirici haldır ki, bu sərgilərdə
Azərbaycan brendi kimi nümayiş etdirilən məmulatların
çeşidlərinin sayı artmaqda davam edir.
2009–cu
ildə Türkiyədə təşkil olunan İDEF–2009 sərgisində
27 adda müdafiə təyinatlı məmulatla
respublikamızı təmsil edən Müdafiə Sənayesi
Nazirliyi 2012–ci ilin noyabr ayında İndoneziyada keçirilən
“İndoDefence–2012″ sərgisində artıq 125 adda
müdafiə təyinatlı məmulat nümayiş etdirib.
Onlardan müxtəlif növ atıcı və yaxınməsafəli
döyüş vasitələrini, döyüş
sursatlarını, optik nişangahları, mühəndis
texnikasını və digərlərini göstərmək
olar. Yeni yaradılan və istehsal olunan pilotsuz uçuş
aparatları, gecəgörmə cihazı, zirehli dəbilqə
və zirehli gödəkcə, AKM və AK–74 tipli avtomatlar
üçün şəffaf patron daraqları, fərdi əleyhqazlar
ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş
etdirilirdi. ABŞ, İngiltərə, Almaniya, İtaliya,
Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş
ölkələr olmaqla dünyanın 50–dən artıq
ölkəsindən 500–dən artıq şirkətin
qatıldığı sərgidə Azərbaycan istehsalı
olan məmulatlar, xüsusilə müxtəlif növ
döyüş sursatları, pilotsuz uçuş
aparatları, 12,7 və 14,5 millimetrlik İstiqlal snayper tüfəngləri,
tapançalar böyük maraqla qarşılanıb.
Müxtəlif
çaplı uzaqməsafəli artilleriya minaları və
onların barıt atımları, müxtəlif növ
artilleriya mərmiləri üçün partladıcılar,
zirehli nəqliyyat vasitələri üçün
döyüş modulları, atıcı silahların və
onların döyüş sursatlarının
daşınması və saxlanılması üçün
müasir qablaşdırma qutuları və s. istehsalı
müdafiə sənayemizdə həyata keçirilən
müasir tipli yeni layihələrdir. Bunlar Azərbaycanın
yeni yaradılmış müdafiə sənayesinin
inkişafının real nümunəsidir.
Hazırda
Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya,
cihazqayırma və digər istiqamətlər üzrə
dünyanın inkişaf etmiş dövlətlərinin 60–dan
çox şirkət və firması ilə sıx əməkdaşlıq
edir. Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara
artan maraq sayəsində Azərbaycan ilə əməkdaşlıq
edən ölkələrin və onların şirkətlərinin
sayı artmaqdadır. 2007–ci illə müqayisədə ötən
il yaradılma sahəsində başa
çatdırılmış mövzuların sayı 4,5 dəfə,
mərhələlərin icrası isə 5,1 dəfə
artıb. İstehsalı mənimsənilmiş və
seriyalı istehsalına başlanılmış yeni məmulatlardan
yaylım atəşli reaktiv sistemini, zirehli texnikanın
tırtıllarını, mühəndis texnikası üzrə
elektron partlatma maşınını, fərdi əleyhqazı,
aviasiya bombalarını, kollimator nişangahını, top
kollimatorunu, müxtəlif minaatanları, siqnal
tapançasını, zirehli texnikaların, artilleriya və
atıcı silahların müxtəlif ehtiyat hissələrini
göstərmək olar. Müasir tökmə prosesi ilə həyata
keçirilən zirehli maşınların
tırtıllarının və müxtəlif çaplı
minaların gövdələrinin hazırlanması uğurla
sınaqdan çıxmış və istehsalına
başlanılmışdır ki, bu da mütərəqqi
tökmə prosesinin ölkə iqtisadiyyatının digər
sahələrində də tətbiqinə imkan yaradacaqdır.
Azərbaycanda
bu gün kosmik sənaye də sürətlə inkişaf edir
və bu həm də hərbi və müdafiə qüdrətimizin
daha da gücləndirilməsinə gətirib
çıxaracaqdır. Prezident İlham Əliyevin 17 avqust
2009–cu il tarixli sərəncamı ilə təsdiq olunmuş
Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı Müdafiə Sənayesi Nazirliyinin də
qarşısında yeni və məsul vəzifələr
qoyub və bunların icrası istiqamətində də ciddi
işlər görülür. Azərbaycanda bu gün kosmik sənaye
də sürətlə inkişaf edir və bu həm də hərbi
və müdafiə qüdrətimizin daha da gücləndirilməsinə
gətirib çıxaracaqdır. Beləliklə, Azərbaycan
nəinki iqtisadi, eləcə də hərbi qüdrətinə
görə də təcavüzkar Ermənistanı müqayisəolunmaz
dərəcədə üstələyir, xalqımız əmindir
ki, dövlətimizin yürütdüyü uğurlu siyasət
nəticəsində torpaqlarımız tezliklə azad ediləcəkdir.
Prezident İlham Əliyev bu məsələdə də Azərbaycanın
qəti mövqeyini ortaya qoyub: “Bir daha demək istəyirəm
ki, Azərbaycan heç vaxt öz əzəli torpağında
ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan
verməyəcəkdir. Bugünkü Ermənistan tarixi Azərbaycan
torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı
bilirik. İrəvan xanlığı, Zəngəzur,
Göyçə mahalı – bütün bunlar bizim tarixi
torpaqlarımızdır. Azərbaycan torpağında ikinci
erməni dövlətinin yaradılması heç vaxt
mümkün olmayacaqdır. Azərbaycan heç vaxt buna imkan
verməyəcəkdir. Dağlıq Qarabağa heç vaxt
müstəqillik verilməyəcəkdir. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir və bu
gün işğal altında olan bütün şəhərlərdə,
o cümlədən Şuşada, Xankəndidə Azərbaycan
bayrağı dalğalanacaqdır”.
Xəlil CABBAROV
Respublika.- 2013.- 11 yanvar.- S. 1;2.