KİTAB MAĞAZALARI NİYƏ QEYBƏ ÇƏKİLİB?

 

Müstəqil Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçid bütün sahələrlə yanaşı, bütövlükdə kitab nəşri və yayımı işinə də öz təsirini göstərmişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq ölkədə kitabçılıq və nəşriyyat işi sahəsindəki vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi kadr çatışmazlığı, maliyyə qıtlığı, satış problemi kimi ciddi çətinliklərlə müşayiət olunurdu. Bir müddət keçəndən sonra mütəxəssislər tənzimlənən bazar iqtisadiyyatı fikrini ortaya atdılar və Azərbaycan dövləti mətbuatı dəstəkləmək üçün bir sıra layihələr həyata keçirməyə başladı. Bu layihələr mətbuatın tədricən böhrandan çıxarılması üçün şərait yaratdı.

Müstəqilliyin ilk illərində həyata keçirilən özəlləşdirmənin birinci mərhələsində o vaxtkı Mətbuat və İnformasiya Nazirliyinin əksər müəssisə və obyektlərinin, o cümlədən “Azərkitab”ın mağazalarının, bəzi nəşriyyatların bu prosesə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Nəşriyyat–poliqrafiya fəaliyyətinə dövlət nəzarətinin zəifləməsi, senzuranın ləğv olunması, dövlət nəşriyyatlarına və kitab ticarəti müəssisələrinə dövlət təminatının azalması nəticəsində nəşriyyatların və kitab mağazalarının yerində kitaba dəxli olmayan ayrı–ayrı obyektlər açılıb fəaliyyətə başladı.

Yaşlı və orta nəslin yaxşı yadındadır: 70–80–ci illərdə Bakı şəhərində bir neçə bukinist mağazası fəaliyyət göstərirdi. Həftədə bir dəfə bu mağazaları gəzmək mənə xüsusi zövq verirdi. Bukinist mağazasının alıcıları şəhərin yüksək intellektual səviyyəyə malik olan ziyalıları idi. Müxtəlif dövrlərin, dünyanın ayrı–ayrı alimlərinin əsərlərini, o cümlədən bəzən heç tanımadığımız, haqqında heç bir məlumatımız olmayan müəlliflərin kitablarını yalnız bukinist mağazalarında görmək olardı. Başqa sözlə, bukinist mağazaları bütün dövrlərin çap məhsullarını bir yerə toplayan və alıcılara təqdim edən kitab ticarəti müəssisəsi idi. Bəzən əlinə bir kitab götürüb vərəqləyirdin və 10–15 il əvvəl çap olunmuş həmin kitabı o vaxta qədər nə üçün görmədiyin barədə özünə sual verirdin. Kitablar arasında nə qədər çox məşğul olurdunsa, belə suallar bir o qədər teztez qarşına çıxırdı.

Kitab mağazalarının zövqü isə tamam başqa idi. Hər dəfə yeni çıxan kitabları kitab mağazasında izləmək, öz zövqünə, mütaliə səviyyəsinə görə bir kitab seçib almaq həyat normasına çevrilmişdi. Biz həmin xalqıq ki, sovet dövründə “Dünya ədəbiyyatı” seriyasında çap olunan kitabları almaq üçün kağız qırıntılarını (makulaturanı) toplayıb xüsusi məntəqələrə təhvil verirabonement alırdıq. Abunə yazılışları isə məhdud idi və hər kəs də abunə limitinə düşə bilmirdi. Nəticədə evdə yaradılan şəxsi kitabxanalar hər bir azərbaycanlı ziyalısının iftixar mənbəyinə çevrilirdi. Bəs indi nə dəyişdi? Azərbaycan ziyalısı, yoxsa kitablar? Axı ziyalı da həmin ziyalıdır, kitablar da həmin kitablardır. Deməli, dəyişən kitab mağazalarıdır. Son illərdə kitab mağazaları öz yerini ətriyyat mağazalarına, min cür xırdavat dükanlarına, palpaltar salonlarına vermişdir. Bir sıra funksionerlər belə hesab edirlər ki, indi bazar iqtisadiyyatıdır, əgər bazar tələb edirsə, onda kitab mağazaları öz–özlüyündə açılacaq. Bu vaxt sual olunur: nə vaxtdan mənəviyyatı bazar tənzimləyir? Yetişməkdə olan gənc nəslə mütaliə mədəniyyətini aşılamaq, dünya və Azərbaycan ədəbiyyatı klassiklərini sevdirmək, şəhərin mədəni mərkəzlərində zövqlə tərtib olunmuş kitab mağazalarını görmək vərdişləri yaratmaqvaxtdan bazar tərəfindən tənzimlənir? Yaxud dünyanın hansı ölkəsində bu problemləri bazar tənzimləyir?

Oxuduqlarımızdan və öyrəndiklərimizdən məlum olur ki, dünyanın bütün inkişaf etmiş ölkələrində kitab nəşri, yayımı və təbliği bazarda gedən proseslərlə yanaşı, həm də dövlət qurumlarının nəzarətində olan ciddi sosial və mədəni bir fəaliyyət sahəsidir. Almaniyada alman elminin nailiyyətlərinin çapı dövlət tərəfindən dəstəklənir və təşviq olunur. ABŞ Konqresi hər il milyonlarla dollar pulu ingilisdilli ədəbiyyatı alaraq üçüncü dünya ölkələrinə paylamağa sərf edir. Fransa dövləti “Fransanın dostları” cəmiyyəti vasitəsilə keçmiş müstəmləkələrində fransızdilli ədəbiyyatın yayımını dövlət əhəmiyyətli bir hesab edir. Rusiyada son 20 ildə MDB ölkələrində və digər rusdilli əhatədə rusdilli çap məhsullarının yayılması üçün konkret işlər görülür: mağazalar açılır, fondlar yaradılır, sərgilər keçirilirs. Bu dövlətlər çap məhsulunun təsir gücünü qiymətləndirə bilir.

Bir vaxtlar Bakıda açılmış “Əlhuda” kitab mağazası da kitabın sosialpsixoloji gücünə inam əsasında yaradılmışdı. Digər missioner təşkilatlar da Bakıda bu tipli kitab mağazaları açmağa hazırdırlar. Məsələn, şəhərin mərkəzində zövqlə təmir edilmiş və bəzədilmiş “Çıraq” kitab mağazası fəaliyyət göstərir. Xristian protestant kilsəsinin missionerliyini həyata keçirən bu kitab mağazasında İsa Məsihin müxtəlif müəlliflər tərəfindən yazılmış tarixçələrini və İncilin ayrı–ayrı dillərdə nüsxələrini tapmaq olar. Məgər bu mağazalar bazar münasibətlərinin nəticəsi olaraq açılır? Bu kitab mağazalarının maliyyələşdirmə mənbələrini satılan kitabların gəlirləri təşkil etmir. Mağazaların yüksək əməkhaqqı alan əməkdaşları da ali səviyyəli ideoloji mütəxəssislərdən ibarətdir.

Beləliklə, respublikada kitab yayımı, kitab məhsulunun təbliğatı işini, gənc nəslin mütaliə mədəniyyətini bazar münasibətlərinin ayağına atmaq ən azı qeyri–peşəkarlıqdır.

Başqa bir məsələ. Orxan Pamuka Nobel mükafatı təqdim olunan il məlum oldu ki, bu müəllifin Azərbaycan dilində bircə hekayəsi belə çap olunmayıb. Əlbəttə, mən və mənim kimi oxucular Türkiyə və Rusiya kitab mağazaları vasitəsilə bu şöhrətli yazıçının müxtəlif əsərlərini alıb tanış ola bildik. Xeyli sonra Yazıçılar Birliyi müəllifin “Qar” əsərini, “Qanun” nəşriyyatı isə “Mənim adım qırmızı” əsərini çap etdi. Gecolsa, Azərbaycan oxucusu yol kənarlarında, səkilərin üstündə, kitaba hörmətsizlik şəraitində (yeri gəlmişkən, bu da başqa bir problemin mövzusudur) bu müəlifin kitablarını alıb oxumaq imkanı qazandı. Qeyd edək ki, Azərbaycan oxucusu yenə də özünü ifadə edə bildibu kitablar böyük tirajla çap olunaraq yayıldı.

Hamıya gün kimi aydındır ki, son zamanlar ölkəmizdə regionların inkişafı proqramı rayonlarımızın simasını tamamilə dəyişdirib. Daim gedib–gəldiyimiz rayonları az sonra tanıya bilmirik: sənaye müəssisələri, mədəniyyət obyektləri, məktəblər, yollar, kommunikasiya vasitələri və s. tikilib istifadəyə verilir. Birmənalı şəkildə deməliyik ki, Azərbaycan rayonları sürətlə sənayeləşir. Lakin gəlin görək hansı rayonun mərkəzində bu sənayeləşməyə və bu inkişafa cavab verən kitab mağazaları mövcuddur? Bu gün də məktəbli vəsaiti almaq üçün valideynlər uzaq rayonlardan Bakı şəhərinə üz tutmaq məcburiyyətindədirlər.

Əlbəttə, dövlət bu sahədə xeyli işlər görüb: orta məktəb dərsliklərinin nəşr edilib pulsuz paylanılması, dünya və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşri, onların kütləvi kitabxanalara və məktəb kitabxanalarına pulsuz bağışlanılması. Bu kitabların azad dövriyyəsinin təmin olunmasına da ciddi ehtiyac var. Fikrimcə, busadalanan digər problemlərin həllinin yeganə yolu dövlətin himayəsidir. Çünki kitab nəşri və yayımı milli mədəniyyətin inkişafının əsas atributlarından biridir.

 

 

Knyaz İlyasoğlu.

 

Respublika.- 2013.- 12 yanvar.- S. 4.