Kitab mütaliəsinə ehtiyac zamanın tələbidir

 

Kitabın insan taleyinə bənzəri var: doğulur, yaşayır, qocalır, amma ölmür, dəyərini, təlqinedici “təravətini” əbədi özündə saxlayır. Bu mənada kitab bəşəri sərvət və özünəməxsus mirasdır. İnsanlar onun varisləridir. Zənnimcə, xoşbəxt o adamdır ki, kiçik yaşlarından kitaba aludə olur, ömrü boyu kitabı özünə həmsöhbət, dost bilir.

Mütəfəkkir elm xadimləri kitabı etibarlı həmsöhbət, ruhun məlhəmi, həqiqətin aynası, mənəvi körpü, elm xəzinəsi, tükənməz bulaq, əfsanəvi çıraq adlandırmışlar. Fransız filosofu Rene Dekart deyir: “Neçə əsr əvvəl dünyadan köçmüş dahilərlə siz kitablar sayəsində görüşə bilərsiniz”. Kitabın köməyi ilə insan “dünyanın ən böyük alimlərinin ömrü boyu əldə etdikləri təcrübəni” qazana bilər (Şarl Lui Monteskyö).

Kitab sirlərin, əlçatmaz xəzinələrin sehrli açarıdır. Kitab çənli, dumanlı zaman axarında mayakdır. Kitab fikir karvanıdır–daş kitabələrdən başlayıb sonsuzluğa doğru səfərdə bəşəriyyətə bələdçilik edir.

Kitab hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi–ictimai həyatında böyük təsirə malikdir. Ümummilli lider Heydər Əliyev öz çıxışlarının birində demişdir: “Hər birimiz, ilk növbədə, kitab vasitəsilə təhsil, elm almışıq. Həyatda fəaliyyət göstərməyə hazırlaşmışıq, ona görə hər birimiz kitablara borcluyuq”.

 

İnsan yeniyetmə çağından hər şeyə maraq göstərir, onu əhatə edən aləmdə hər şeyi bilmək istəyir. Ona görə ata ya anasına ara vermədən sual verir, maraqlandığı, gördüyü hər varsa öyrənməyə çalışır. Uşaq bağçasında, məktəbəqədər tədris ocaqlarında tərbiyəçilər uşağın bələdçisi, onun zehni inkişafına yardımçı olurlar. Məhz bu vaxtdan körpə uşağın kitabla tanışlığı başlayır. Valideyn tərbiyəçi ona kitabı sevməyi, kitabla dostluq etməyi təlqin edir. İbtidai məktəbdə müəllim kitabın möcüzəsi ilə yeniyetməniovsunlayır”.

Yaxşı yadımdadır. İrəvan şəhərində Məşədi Əzizbəyov adına orta məktəbin ibtidai sinfində təhsil aldığım illərdə şəhər mərkəzindəki Xnqo Aper uşaq kitabxanasına tez–tez gedərdim. Oradakı Azərbaycan uşaq kitabları şöbəsinin üzvü idim. Mənə evdə oxumağa maraqlı şəkilli kitablar verərdilər. Bu kitabların qəlbimdə doğurduğu sevinci indi xatırlayıram.

Yay tətilində İrəvanın Dəlmə bağlarında istirahət vaxtları kitab əlimizdən düşməzdi, imkan tapan kimi ağacların kölgəsində oxuduğumuz kitabların sehrinə düşərdik. Bağda axşamçağı Fatma nənəm hay–küy salar, uşaqları yatmağa göndərərdi. Mən dayım uşaqları ilə gündüz kol–kosun budaqlarından topladığımız işılda böcəklərini yatağımızda başımızın üst tərəfində taxçaya düzər, onların yaşıl, parlaq işığında maraqlı bədii kitablar oxuya–oxuya gecə, yarı şirin yuxuya dalardıq. Səhəri günü yuxudan gec ayılardıq.

İnsanın qəlbində kitaba həqiqi sevgi yanırsa, bu duyğu onu qəbir evinədək tərk etmir. Çünki kitab kompas kimi insanı axtardığı yola yönəldir. Onun məfkurəvi inkişafına, biliyinin zənginləşməsinə, dünyagörüşünə güclü təsir edir, onu yetkinləşdirir, həqiqəti dərk etməyə kömək edir. Başqa sözlə desək, insan zəngin xəzinənin qüdrəti ilə açılmayan düyünləri açır, pillə–pillə öz arzuladığı zirvəyə çatır. Qədim yunan filosofu Sokrat insanın kitabla ünsiyyətinin möcüzəsini, onun bəşəri əhəmiyyətini yüksək qiymətləndirirdi: “Mütaliə bu cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar”.

Kitabın qəsəbə, şəhər kəndlərdə əhali arasında yayılmasına dövlət qayğısına böyük ehtiyac duyulur. Müstəqillik dövründə kitab mağazalarının, kitab ticarət müəssisələrinin yaradılması zamanın tələbidir.

Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan dünya bədii ədəbiyyatının yüz min tirajlarla yüksək poliqrafik nəşri, kitabxanalara paylanması latın əlifbasına keçidlə bağlıdır. Bu, yaranmış boşluğu aradan qaldırdı. Orta məktəb dərsliklərinin keyfiyyətli çap olunub məktəblərə pulsuz yayılması sevindirici haldır. Ancaq ali məktəblər üçün orijinal dərsliklərin dövlət dəstəyi ilə nəşrinə ehtiyac duyulur.

Möhtərəm PrezidentinAzərbaycan Respublikasında kitabxana–informasiya sahəsinin 2008–2013–cü illərdə inkişafı üzrə Dövlət Proqramı”ndan sonra kitabxanaların latın əlifbası ilə nəşr olunan kitablarla təmin olunması, informasiya texnologiyaları ilə təchizi, beynəlxalq əlaqələrin güclənməsi bir sıra aktual tədbirlərin görülməsi istiqamətində, həqiqətən, ürəkaçan faydalı işlər görülmüşdür. İndi ölkəmizdə 10 minə yaxın kitabxana fəaliyyət göstərir. Buna baxmayaraq, ölkəmizdə kitab oxumaq mədəniyyətinin xeyli aşağı düşməsi müşahidə olunur. Bunu internetin çox geniş yayılması ilə izah edənlər yanılırlar. Ekspert mütəxəssislərin fikrinə görə, kitabı heç bir şey əvəz edə bilməz.

Azərbaycanda son iyirmi ildə müasir dünya poliqrafiya sənayesinin ən yeni texnologiyaları olan mətbəələr yaranmışdır. Özəl nəşriyyatların müasir texnologiya ilə çap etdikləri kitablar Beynəlxalq Kitab Sənəti müsabiqələrində iştirak edir, hətta yüksək mükafatlara layiq görülür. Onların köməyi ilə Azərbaycan kitabı dünya arenasında özünə layiq yer tutur. Lakin nəşriyyatların sayı çoxalsa da, onların əksəriyyətinəşriyyatstatusunu həyata keçirə bilmədiklərinə, professionallıqdan uzaq olduqlarına görə istənilən səviyyədə fəaliyyət göstərə bilmir.

Kitab oxumaq mədəniyyətini yüksəltmək üçün ən başlıcası oxucunun tələbini, yüksək zövqünü oxşayan, dəyərli kitablar nəşr etmək, kitab təbliğatını, kitab reklamını gücləndirmək, kitab mağazaları açmaq lazımdır. Bütün bu işlərin uğurlu olması üçün mükəmməl kitab təchizatı satışı sistemi yaradılmalıdır. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, tarixçi alim Kərim Tahirov ömrünü kitab işinə həsr edən mütəxəssis kimi qəti bir inamla tövsiyə edir ki, Azərbaycan kitabı gərək bu gün yüksək səviyyədə nəşr edilib yayılsın, oxunsun, vətəndaşların mənəvi–estetik məfkurəvi inkişafında mühüm rol oynasın. “…Biz kitabla tərbiyə olunmuşuq, kitab oxuya–oxuya kitab qəhrəmanlarının ruhunda tərbiyə olunmuşuq, onlara bənzəməyə çalışmışıq. Amma təəssüf edirəm ki, bu gün bizim gənclərimiz, uşaqlarımız kitab qəhrəmanlarına oxşamaq haqqında fikirləşmirlər. Bu, məni çox narahat edir, düşünürəm ki, bəlkə günah biz valideynlərdə, böyüklərdədir ki, öz övladlarımızı, nəvə–nəticələrimizi kitab ruhunda, kitab qəhrəmanlarının əqidəsi ruhunda tərbiyə etmirik. təbii ki, burada da kitabın nəşrindən başqa, kitabın yayımı, oxuculara, öz ünvanına çatdırılması mühüm rol oynayır”.

Azərbaycanda vaxtilə kitabsevərlər cəmiyyəti fəaliyyət göstərirdi. Onun üzvləri cəmiyyətin köməyi ilə klassik müasir bədii ədəbiyyat incilərini əldə edir, oxuyur, şəxsi kitabxanalarını zənginləşdirirdilər. Stasionar səyyar kitab köşkləri vardı.

Yaddan çıxarmaq olmaz ki, Bakıda fəaliyyət göstərən bukinist mağazaları kitabsevərlərin ən çox baş vurduqları yer idi. Həkim, mühəndis, inşaatçı, bağban, tələbə, müəllim–müxtəlif peşə sahibləri onlar üçün vacib olan, tapılmayan kitabları orada tapıb alır, istifadə edirdilər.

Bu gün kitabsevərlərin yadındadır. İbtidai məktəb şagirdlərinə kitab bağlamaları hədiyyə verilirdi.

Kitaba sevgi oyatmaq nəcib ənənəyə çevrilmişdi.

İnsan kitaba çörək kimi ehtiyac duymalıdır, onun müqəddəsliyini dərk etməlidir. Əks halda, nadanlıqdan xilas ola bilməz. Mütəfəkkir yazıçıların, maarifpərvər ictimai xadimlərin zaman–zaman elmi biliklərinin təhsilin təbliği, məktəblərin açılması uğrunda mübarizə aparmaları xalqın qəflətdən ayılmasına, cəhalət nadanlıq əsarətindən xilas olmasına xidmət edirdi.

Məlum olduğu kimi, müstəqillik dövrü mətbuat, söz azadlığı, senzuranın aradan qaldırılması özəl nəşriyyatlara təqdim olunan kitabların heç bir maneçilik olmadan çapına geniş imkan yaratdı. Bu da aşağı səviyyəli xaltura, hətta plagiat kitabların ortaya çıxmasına meydan açdı, oxucu zövqünün korlanmasına, kitaba olan az–çox marağın azalmasına təsirsiz qalmadı.

Bakı Dövlət Universitetinin dosenti Mahmud Mahmudov haqlı olaraq yazır: “Yaradıcılıq sahəsi elədir ki, ilahi vergi olmadan, qabiliyyət olmadan bu sahəyə gəlmək olmaz. O zaman ki senzura aradan qaldırıldı, mətbuat, söz azadlığı tamamilə bərpa olundu, hər kəsin yazıb nəşr etdirmək imkanı oldu, hamı qoşuldu qələmə. Orta səviyyəli jurnalist cild–cild romanlar yazır ki, bunları da oxuyan yoxdur”.

İnkar etmək olmaz ki, bütün dünyada kompyuter texnologiyaları, internetin inkişafı, elektron kitab, ümumiyyətlə, kitab oxucusunun azalmasına təsirsiz qalmır. Lakin bu vəziyyət nə dərəcədə vüsət alsa da, kitab nəşrini sıxışdırıb aradan çıxara bilməz.

Ölkəmizin şəhər, qəsəbə və kəndlərində kitab mağazaları ləğv edilib özəlləşdirilmişdir. Kitab mağazalarının bərpasının vacibliyindən söhbət düşəndə, onu bazar iqtisadiyyatı ilə əlaqələndirib iddia edirlər ki, “əgər bazar tələb edirsə, onda kitab mağazaları öz–özlüyündə açılacaq”. Dünyanın inkişaf etmiş ölkələrinə çatmaq arzusunda olduğumuz bir zamanda, sözdə avropalaşmaq siyasəti təmənnasında olan bu fikir sahiblərinə, işbazlara Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat kafedrasının müdiri, dosent K.İlyasoğlunun sözlərini xatırlatmaq istərdim: “…dünyanın bütün inkişaf etmiş ölkələrində kitab nəşri, yayımı və təbliği bazarda gedən proseslərlə yanaşı, həm də dövlət qurumlarının nəzarətində olan ciddi sosial və mədəni bir fəaliyyət sahəsidir. Almaniyada alman elminin nailiyyətlərinin çapı dövlət tərəfindən dəstəklənir və təşviq olunur. ABŞ Konqresi hər il milyonlarla dollar pulu ingilisdilli ədəbiyyatı alaraq üçüncü dünya ölkələrinə paylamağa sərf edir. Fransa dövləti “Fransanın dostları” cəmiyyəti vasitəsilə keçmiş müstəmləkələrində fransızdilli ədəbiyyatın yayımını dövlət əhəmiyyətli bir iş hesab edir. Rusiyada son 20 ildə MDB ölkələrində və digər rusdilli əhatədə rusdilli çap məhsullarının yayılması üçün konkret işlər görülür: mağazalar açılır, fondlar yaradılır, sərgilər keçirilir və s.”.

Bu gün Azərbaycanda kitab nəşri, kitab yayımı və mütaliə probleminin diqqəti cəlb etməsi təsadüfi deyildir. Dediyimiz kimi, kitab nəşrində qanun–qayda yoxdur. Kitabın təbliğatına və kütləvi yayımına diqqət yetirilmir. Bütün bunlarla yanaşı, bir sıra səbəblər üzündən əhalinin kitab mütaliəsi istənilən səviyyədə deyildir. Halbuki əhalinin kitab mütaliəsinin yüksək və əhatəli olması zamanın tələbidir.

Müasir oxucuların mənəvi–estetik zövqünü, zehni inkişafını formalaşdıran ədəbi–bədii və elmi–kütləvi kitabların ideoloji, elmi və sosial təsir gücü diqqət mərkəzində olmalıdır. Azərbaycanda kitab nəşri, kitab yayımı və mütaliəsi, ölkəmizin yüksək templə inkişafına layiq səviyyədə qurulması cəmiyyətimizin xoşbəxtliyi olardı.

 

 

Teymur Əhmədov.

 

Respublika.- 2013.- 12 yanvar.- S. 4.