AZƏRBAYCANDA NƏQLİYYAT
SİSTEMİ MÜASİRLƏŞİR
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da nəqliyyat
sisteminin inkişafı iqtisadiyyatın ümumi tərəqqisi üçün
böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan
enerji, rabitə, təhsil, səhiyyə və
s. ilə yanaşı, nəqliyyat cəmiyyətin
həyat fəaliyyətinin
ilkin tələbatını təmin etməklə
sosial, iqtisadi, xarici siyasət və digər məsələlərə
nail olunmasında mühüm
rol oynayır. Nəqliyyatın
artan çevikliyi vətəndaşlarımızın
hərəkət etmələri sahəsində
hüquqlarının həyata keçirilməsini təmin
etməklə yanaşı, həm də Azərbaycanın
müdafiə potensialının yüksəldilməsi üçün vacibdir.
Nəqliyyat
sektorunun əsas rolu
sürətlə inkişaf edən Azərbaycanın
artmaqda olan tələbatının
təmin edilməsindən, eləcə də dövlətimiz
tərəfindən həyata keçirilən sosial–iqtisadi inkişaf
islahatları ilə uyğunluq təşkil
etməsindən ibarətdir. Müasir dövrümüzün sürətlə
dəyişilən şərtləri Azərbaycanda nəqliyyat
sisteminin inkişafı üçün
əsas istiqamətlərin müəyyən olunmasını
və nəqliyyatın inkişafı sahəsində dövlətimiz
tərəfindən müəyyən olunan
vəzifələrin həyata keçirilməsini daha da zəruri edir. Bu sahənin
davamlı inkişafına böyük
önəm verən Azərbaycan Prezidenti
cənab İlham Əliyev demişdir:
“Nəqliyyat sektoru gələcəkdə
də prioritet məsələlərdən
biri olacaqdır”.
1990–cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini elan edərək bazar iqtisadiyyatına keçidə cəhd edirdi. Lakin o zaman respublikaya rəhbərlik edən səriştəsiz iqtidarların günahı ucbatından ölkənin siyası və sosial–iqtisadi həyatı böhran vəziyyətinə çatdırılmışdı. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunun da tənzimedici mühitində nəzərəçarpacaq dərəcədə köklü, elmi cəhətdən əsaslandırılmış islahatların həyata keçirilməsi əvəzinə nəqliyyat xidmətlərini iflic vəziyyətə gətirib çıxarması ilə nəticələnmiş işlər görüldü.
Yalnız 1993–cü ildən, ümummilli lider Heydər Əliyev xalqın xahişi və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsi həyata keçirilməyə başlanıldı. Aparılan əsaslı islahatların nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, nəqliyyat sahəsində də təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı, inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilməsinin əsası yaradılmış, nəqliyyat fəaliyyətinin hüquqi bazası yaradılmışdır. Bunun ən bariz nümunəsi – nəqlyyat–yol kompleksinin tərkib hissələri olan dəmiryolu, su, avtomobil, mülki hava nəqliyyatı sektorları avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra orqanının – Nəqliyyat Nazirliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi olmuşdur.
Respublikamızda qısa müddət ərzində siyasi
, habelə sosial–iqtisadi sahələrdə sabitliyin və davamlı inkişafın təmin edilməsi sayəsində sərnişin və yük daşımalarına olan tələbat yüksək dərəcədə artmışdır ki, bu da öz növbəsində, nəqliyyat sektorunda sürətli inkişafa təkan vermişdir.
2003–cü ildə cənab İlham Əliyev ölkə başçısı seçildikdən sonra nəqliyyat sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Son 9 ildə bu sahədə əsaslı struktur islahatları həyata keçirilmişdir. Ölkə iqtisadiyyatı sürətli inkişafının növbəti mərhələsini keçmiş, bazar iqtisadiyyatının formalaşdırılması uğurla başa çatdırılmış və yeni iqtisadi münasibətlər şəraitində nəqliyyatın işinin hüquqi bazasının daha da təkmilləşdirilməsinə, tələbata yönəlik, bazar iqtisadiyyatının bütün tələblərini əks etdirən güclü fəaliyyət reallaşdırıldı.
Nəqliyyatda müasir dövrün tələblərinə tam cavab verən sektor islahatlarının uğurlu nəticələri ölkə başçısı cənab İlham Əliyev tərəfindən vahid nəqliyyat siyasətinin həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Ölkə başçısı nəqliyyat sistemində həyata keçirilən islahatlar nəticəsində əldə edilmiş inkişafı və bu sahədə görülən işləri dəyərləndirərək demişdir: “Hər bir istiqamət — avtomobil yollarının, dəmir yollarının bərpası üzrə iş gedir. Bu da çox vacibdir. Çünki biz sürətli dəmir yollarının fəaliyyətinə nail olmalıyıq. Yeni dəmir yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir. Dəniz limanının, yeni aeroportların tikintisi, təyyarələrin, bərələrin alınması — bütün bunlar həll olunur… Bakı şəhərinin nəqliyyat şəbəkəsi təkmilləşdirilir və bölgələrdə çox böyük quruculuq işləri aparılır. Mən çox şadam ki, biz bu məsələnin tam həllinə çox yaxınıq”.
Sirr deyil ki, iqtisadiyyatın bütün strateji sahələrində olduğu kimi, nəqliyyatın fəaliyyətinin də dövlət tənzimlənməsinə ehtiyacı var. Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq nəqliyyat sahəsi bütövlükdə ölkənin digər iqtisadi sektorları ilə yanaşı, ictimai ehtiyacların ödənilməsi və ölkənin iqtisadi tələblərinə xidmət etmək baxımından mühim bir sahədir.
Nəqliyyat sisteminə daxil olan müxtəlif nəqliyyat növləri bir–birindən fərqlənsələr də dövlətimiz nəqliyyata makro səviyyədə vahid idarəetmə obyekti kimi baxır, nəqliyyat xidmətlərindən istifadə edənlərə tamamlayıcı, qarşılıqlı, müxtəlif yönlü xidmətləri təmin edən vahid bir kompleksə çevirməyi tələb edir. Dövlət tənzimləmə işlərində əməkdaşlıq edərək müxtəlif nəqliyyat növlərinin inkişafına əhəmiyyətli dərəcədə dəstək verir.
Son illər ərzində nəqliyyat sektorunda həyata keçirilən işlərə dövlət tənzimlənməsi müstəvisindən nəzər yetirsək, görərik ki, bu sahənin fəaliyyətinin hüquqi əsasları vahid prinsiplər əsasında inkişaf etdirilir, nəqliyyatın ayrı–ayrı növlərinin inkişafına dair hədəf proqramları işlənib hazırlanır və uğurla həyata keçirilir, nəqliyyat sahəsində vergiqoyma, maliyyələşdirmə, investisiya, texniki və qiymət nəzarəti fəaliyyətlərini tənzimləyən düşünülmüş siyasət yeridilir, nəqliyyat sahəsinə ayrılmış büdcə və digər vəsaitləri nəqliyyatın müxtəlif növləri arasında balanslaşdırılmış formada bölüşdürülür, nəqliyyat sisteminin inkişafı üçün sahibkar maraqlarının və tələblərinin birləşdirilməsi məqsədi ilə əməkdaşlıq üçün bütün zəruri şərait yaradılır, nəqliyyatda dünyanın ən müasir standartlarına vahid informasiya məkanı yaradılması istiqamətində islahatlar həyata keçirilir, nəqliyyat sisteminin inkişafı üçün dövlətin və ayrı–ayrı fərdlərin səyləri birləşdirilir, onların maraqlarının qorunması və razılaşdırılması təmin olunur.
Bütün bunlarla yanaşı, dövlətimiz nəqliyyatın fəaliyyətinə minimum zəruri həddə qədər müdaxilə etmək prinsipindən çıxış edir. Azərbaycanda nəqliyyat sisteminin fəaliyyətinin iqtisadi əsası müstəqil operatorların rəqabətindən ibarətdir. Nəqliyyat infrastrukturunun inkişafı büdcə vəsaitlərindən və digər vəsaitlərdən istifadə etməklə bərabər, şəxsi investorların cəlb edilməsini genişləndirməyi nəzərdə tutur.
Ümumiyyətlə, respublikamızda nəqliyyatda struktur islahatları bazar münasibətlərinin inkişafına, nəqliyyatın kommersiya fəaliyyətində dövlətin iştirakının azaldılmasına, potensial rəqabətçi və təbii–inhisarçı fəaliyyət növlərinin bir–birindən ayrılmasına yönəldilmişdir.
Ölkə başçısının diqqəti və qayğısı nəticəsində həm Bakı şəhərində, həm də respublikamızın digər iri şəhərlərində nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, respublika səviyyəsində yolların yenidən qurulması və genişləndirilməsi, yeni və müasir yolların, körpülərin, yol ötürücülərinin, yeraltı keçidlərin, çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi, habelə kiçik tutumlu sərnişin avtobuslarının iri tutumlu avtobuslarla əvəz edilməsi müvəffəqiyyətlə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından istifadə edilməsi nəinki nəqliyyat sisteminin inkişafının əsas prioritetlərini təşkil edir, eyni zamanda iqtisadi artım strategiyasının ayrılmaz bir hissəsidir. Ölkəmiz beynəlxalq miqyaslı tranzit layihələrdə olduqca fəal, aparıcı ölkə kimi iştirak edir, respublika üçün sərfəli beynəlxalq alyansların yaradılması, alternativ beynəlxalq layihələrə qarşı əks–təsir göstərməklə milli maraqların qorunmasını təmin edir. Azərbaycan Respublikasının hava məkanından keçən tranzit hava dəhlizlərində texniki müasirləşdirmə və iqtisadi idarəetmənin təkmilləşdirilməsi də dövlətimizin diqqət mərkəzindədir. Bu gün ölkəmizin iştirakı olmadan regionumuzda heç bir qlobal layihə həyata keçirilə, beynəlxalq tranzit dəhlizlərinin yaradılması və inkişafı layihələrinin işlənib hazırlanması reallaşdırıla bilməz.
Əminliklə söyləyə bilərik ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri respublikamızın nəqliyyat sisteminin inkişafının əsas prioritetlərindən olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına yönəldilmiş müstəqil sahəyə çevrilir.
Emin QASIMOV
Respublika.- 2013.- 12 yanvar.- S. 1.