DƏYƏRLİ
MONOQRAFİYA
Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində sinonimlərin rolu əvəzsizdir. Sinonimiya leksikologiyada ən böyük sahədir. Ona görə də sinonim problemi həmişə dilçilərin nəzərini cəlb etmiş və hazırda da öz aktuallığını itirməmişdir. Bu sahə semasiologiyanın başqa sahələrinə nisbətən dilçilərin diqqətini daha çox cəlb etmiş, istənilən qədər məqalələr və tədqiqat işi yazılmışdır. Lakin üslubi sinonimlər məsələsi sinonimoloqların nəzərindən kənarda qalmış, bu sahədə olduqca az yazılmışdır. Düzdür, sinonimlərin üslubi xüsusiyyətləri haqqında bir çox məqalələr və tədqiqatlar mövcuddur. Amma üslubi sinonimlər haqqında Azərbaycan dilçiliyində belə bir monoqrafik şəkildə tədqiqat işi, demək olar ki, yox dərəcəsində idi. Bu cəhətdən filologiya elmləri doktoru Nəriman Fərman oğlu Seyidəliyevin yenicə çapdan çıxmış “Müasir Azərbaycan dilində üslubi sinonimlər” adlı monoqrafiyası xüsusilə aktualdır. Belə bir əsərin monoqrafik şəkildə işlənməsi təsadüfi deyildir. Çünki Azərbaycan dilində istənilən qədər üslubi sinonimlərə aid misal var və bunlar elmi nöqteyi–nəzərdən tədqiq edilməli idi. Müəllif bu işin öhdəsindən layiqincə gəlmişdir.
Əsərdə Azərbaycan dilçiliyində üslubi sinonimlərin əmələgəlmə mənbələri və yolları geniş şəkildə işıqlandırılmış, onların bədii ifadə vasitələri tədqiq olunmuşdur. Əsərdə üslubi sinonimlərin izahı zamanı müəllifin gəldiyi nəticələr və apardığı ümumiləşdirmələr, qruplaşdırmalar elmi cəhətdən inandırıcıdır, məqsədəuyğundur. Tədqiqatçı üslubiyyat və sinonimika sahəsində öz fikrini cəsarətlə söyləmiş və obyektiv nəticələr çıxarmışdır. Monoqrafiyadan aydın görünür ki, tədqiqatçı lazım olan materialların, dil faktlarının toplanmasında, üslubi sinonimlərin seçilməsində, onların izahının verilməsində və digər problemlərə düzgün yanaşmışdır.
Monoqrafiya giriş
və üç fəsildən ibarətdir.
Birinci fəsil “Üslubi sinonimlərin dil sistemində yeri” adlanır. Bu fəsildə sinonimlərin
ən başlıca xüsusiyyətləri, həmçinin
üslubi sinonimləri
digər kateqoriyalardan
fərqləndirən başlıca
cəhətlər, üslubi
sinonimlərin tədqiqi
tarixi, üslubi sinonimlərin leksik və qrammatik sinonimlərə oxşar və fərqli cəhətləri tədqiq
olunmuşdur. Müəllif haqlı olaraq göstərir ki, sinonim bir sahədə
deyil, müxtəlif sahələrdə işlənir,
fikri dəqiq ifadə edir, incə məna çalarları yaradır.
Birinci fəsil
mahiyyət etibarı ilə nəzəri xarakter daşıyır, bir çox mübahisəli məsələlərə
toxunulur. Müəllif burada bir çox
sinonimoloqların üslubi
sinonimlərə olan münasibətlərini, onların
üslubi sinonim haqqında elmi fikirlərini götür–qoy
edir, onlara öz münasibətini bildirir və üslubi sinonimlərin təsnifatında belə nəticəyə gəlir
ki, Azərbaycan dilində sinonimlər, əsasən üslubi xarakterdə olub, fikrin obrazlı, rəngarəng ifadəsinə
xidmət edir. Tədqiqat işinin müsbət cəhətlərindən biri
də budur ki, üslubi sinonimlər barədə tədqiqat işi aparan rus dilçiləri
və türkoloqlar haqqında məlumat verilir.
“Üslubi sinonimlərin əmələgəlmə mənbə
və üsulları”
adlanan ikinci fəsildə üslubi sinonimlərin əmələ
gəlməsində çoxmənalılığın
rolundan, alınma sözlər vasitəsi ilə əmələ gələn üslubi sinonimlərdən, arxaizmlər
vasitəsilə əmələ
gələn üslubi
sinonimlərdən, evfemizmlərin
üslubi sinonimlərin
əmələ gəlməsində
rolundan, məcazlar hesabına üslubi sinonimlərin əmələ
gəlməsindən və
s. bəhs edilir.
Burada istənilən
qədər üslubi
sinonim bildirən yeni–yeni sözlər və ifadələr öz əksini tapmışdır. Həm sözlərin seçilməsi,
həm də onların kontekst daxilində verilməsi göstərir ki, müəllif bədii əsərlərə məsuliyyətlə
yanaşmış, çoxlu
fakt toplamış, həqiqi mənada, əsl yaradıcılıq
işi aparmışdır.
Yuxarıda sadalanan bölmələrdə
verilmiş misallar həm ədəbi dildə, həm də danışıqda işlənərək üslubi
xarakter daşıyır.
Çoxmənalılıq nəticəsində üslubi
sinonimlərin yaranmasında
müəllif haqlı
olaraq göstərir ki, sözün bir və ya
bir neçə mənası olur. Bu mənalardan biri nominativ xarakterdədirsə,
digəri törəmə
funksiyası daşıyır.
Həmin
mənalardan biri və ya bir
neçəsi kontekst
daxilində müxtəlif
məna çalarlarında
işlənir.
Müəllif alınma sözlər
vasitəsilə əmələ
gələn üslubi
sinonimlərdən danışarkən
göstərir ki, alınma sözlər həm ədəbi dildə, həm də canlı danışıq dilində
işlənərək bugünkü
dövrümüzə qədər
gəlib çıxmış
və onlar üslubi məqsəd daşıyır: başçı–rəhbər,
güc–qüdrət, hünər–şücaət,
hədiyyə–töhfə, qış–zimistan və s.
Bundan başqa, müəllif bu fəsildə başqa dilçilər kimi, arxaizmlərin, dialektizmlərin,
evfemizmlərin və məcazların istər ədəbi dildə, istərsə də danışıqda ancaq üslubi xarakter daşıdığını bir daha təsdiq
edir.
İkinci
fəsil dil faktları ilə çox zəngindir. Burada istənilən
qədər üslubi sinonimlərə aid nümunələr
verilmişdir. Müəllif həm də belə qənaətə
gəlir ki, üslubi sinonimlər fərdi xarakter
daşıyır və ən çox neytral üslubda, ədəbi
dildə, canlı danışıqda işlədilir. Bunu
verilmiş faktlar da təsdiq edir. Tədqiqata həm də
indiyə kimi nəzəri cəlb etməyən xeyli sinonimlər
cəlb olunmuşdur. Neytral üslubda, danışıqda, ədəbi
dildə, xüsusilə də poeziyada işlənən
üslubi sinonimləri izləyərkən tədqiqatçının
müvafiq bölgüləri diqqəti cəlb edir:
xudbin–eqoist, dastan–epos, döymək–kötəkləmək–əzişdirmək,
yalan–gop, övlad–bala, hündür–qəlbi, qonaq– mehman,
göy–səma, mahnı–təranə və s. bu kimi cərgələrin
üslubi sinonim xarakteri daşımasının nəzəri əsaslarının
tədqiqi monoqrafiyanın yaxşı cəhətlərindən
biridir.
“Üslubi
sinonimlərin bədii ifadə xüsusiyyətləri” adlanan
üçüncü fəsil də çox maraqlı və
diqqətəlayiqdir. Bu fəsildə bədiiliyin
yaranmasında sinonim cərgələrinin rolu, üslubi
sinonimlərin bədii mətnin poetik xüsusiyyətləri
ilə bağlılığı, sinonim frazeoloji vahidlərin
bədii xüsusiyyətləri şərh edilir. Müəllif
doğru olaraq göstərir ki, sinonim cərgədə
mütləq və nisbi mənalar ifadə edilməklə bədii
ədəbiyyatda üslubilik yaranır və mətndə
öz əksini tapır.
Müəllif
burada geniş araşdırmalar aparır, üslubi sinonimlərin
yalnız mətn, situasiya daxilində özünü büruzə
verməsi göstərilir. Sinonim sözlərin mətndə
qoşa işlənərək, sadalanaraq bədii ifadə
vasitələri yaratması faktı da mövcuddur.
Bu fəsildə
dildə işlənən frazeoloji sinonimlərə geniş
yer verilmişdir. Müəllif burada da digər dilçilik
materiallarında təsadüf edilməyən frazeoloji sinonim
vahidləri tədqiqata cəlb edir, ədəbiyyatda frazeoloji
birləşmələrin sinonim cərgələrlə birgə
işlənməsinin bədii ifadəlilik keyfiyyəti
yaradaraq üslubi xüsusiyyətlərini göstərir.
Yeri gəlmişkən,
onu da qeyd edək ki, filologiya elmləri doktoru Nəriman Fərman
oğlu Seyidəliyevin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 12 yanvar 2004–cü il tarixli sərəncamı
ilə 2007–ci ildə “Şərq–Qərb” nəşriyyatı
tərəfindən “Azərbaycan dilinin sinonimlər
lüğəti” çap olunmuşdur. Lüğətdə
11 minə qədər eyni və yaxınmənalı sinonim
söz və ifadələr verilmişdir.
Ümumiyyətlə,
xırda qüsurlar nəzərə alınmazsa, filologiya elmləri
doktoru Nəriman Seyidəliyevin “Müasir Azərbaycan dilində
üslubi sinonimlər” adlı monoqrafiyası milli dilimizin
inkişafı, təmizliyi və saflığı uğrunda
gedən belə bir mübarizə ərəfəsində ən
gözəl dərs vəsaitidir.
Qara MƏŞƏDİYEV,
filologiya elmləri doktoru,
professor.
Respublika.- 2013.- 13 yanvar.- S. 3.