AZƏRBAYCAN
KİTABININ DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI
Son zamanlar leksikonumuzda bir sıra sözlər,
ifadələr özünə “möhkəm yer edib”:
“informasiya–kommunikasiya texnologiyaları”, “elektron kitab”, elektron dərslik,
“virtual aləm” və s. Və elmi–texniki tərəqqinin məhsulu
olan bu yeniliklər bizim adət etdiyimiz, bağça
yaşlarından bəri böyük maraqla oxuduğumuz klassik
kitabları (kağızda nəşr olunan ədəbiyyatı)
əməlli–başlı sıxışdırıb. Həm
də təbii ki, oxucu – kitab – nəşriyyat
üçbucağındakı münasibətlərdə
baş verən dəyişikliklərdə digər amillərin
də əhəmiyyətli dərəcədə rolu var.
Bütün bu məsələlərə aydınlıq gətirmək
üçün bir neçə mütəxəssisə,
ziyalıya aşağıdakı suallarla müraciət etdik:
1.
Keçmişdə–Azərbaycan Dövlət Nəşriyyat,
Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin
fəaliyyət göstərdiyi vaxtda kitabın
yayılması ilə bilavasitə “Azərkitab”, “Kəndkitab”
şəbəkələri məşğul olurdu. İndiki
şəraitdə belə şəbəkələrin
yaradılmasına ehtiyac varmı?
2.
Ümumi nəzarətin olmaması, kitab çapının sərbəstliyi,
qeyri–peşəkarlıq keyfiyyətin aşağı
düşməsinə, kütləvi zövqsüzlüyə
səbəb olur. Bu barədə fikrinizi bilmək istərdik.
3.
Dünyanın mədəniyyət mərkəzlərində,
hətta kənd və qəsəbələrdə kitab
mağazaları var. Vaxtilə Azərbaycanda da kitab
mağazaları vardı, indi Bakıda onlar tək–tük yerlərdə
nəzərə çarpır. Kitab oxucusunun
azaldığı bir məqamda nümunəvi kitab
mağazalarının artırılmasına ehtiyac duyulmurmu?
Çingiz Əlioğlu (Mədəniyyət və
Turizm Nazirliyi nəşriyyat sektorunun müdiri, əməkdar
incəsənət xadimi, şair):
—İndiki
şəraitdə “Azərkitab” və “Kəndkitab” kimi şəbəkələrin
yaradılmasına, şübhəsiz ki, böyük ehtiyac
var. Sadəcə olaraq, indiki halda bunun nə dərəcədə
mümkün olub–olmaması artıq başqa bir sualın
mövzusudur. Çünki ticarət hazırkı halda əsas
etibarilə özəl sektordur və bu tipli dövlət
strukturlarının yaradılması artıq dövlətin
maliyyələşdirməsini tələb edir ki, bu mənbələrin
də həlli artıq müvafiq qurumlardan asılıdır.
“Azərkitab” və “Kəndkitab” vaxtilə respublikanın
bütün ərazisini kitab mağazaları, kitab ticarəti
müəssisələrinin böyük bir şəbəkəsi
ilə əhatə edirdi. Onların öz infrastrukturları,
bazaları, anbarları, kitab daşınması
üçün nəqliyyat vasitələri və s. var idi.
Ola bilər ki, bu strukturların bu və ya başqa formada
yaradılması məsələsi ortaya çıxsa,
uğurla həll etmək olardı.
Əsas
məsələ oxucuların kitaba marağının
artmasıdır. Ticarətin öz qanunları olur. Əgər
tələbat yoxdursa, təklif məsələsi də ləngiyir.
Bu gün Bakının özündə haradasa 30 –35 nöqtədə
kitab satılır. Niyə nöqtə deyirəm? Ona görə
ki, “kitab mağazası” məfhumu tamam ayrı, daha geniş
bir anlayışdır. Hər hansı bir ticarət mərkəzində,
tutaq ki, böyük bir xırdavat dükanında bir
şöbə, bir köşk ayırıb kitab satmaq kitab
mağazası demək deyil. Kitab mağazası
özlüyündə bütöv bir strukturdur və kitab məfhumunu
ehtiva edən bütün məsələlər, təkliflər
orada öz ifadəsini tapır.
Bakı
şəhərində sadəcə kitab satışı ilə
məşğul olan bir neçə böyük obyekt
tanıyıram. Amma köşklər, nöqtələr var və
bunların da sayının az olmağı onunla izah edilir ki,
oxucu tələbatı, alıcı sayı azdır. Bu, nə
qədər kədərli olsa da faktdır. Yeri gələndə
biz kitabdan danışmağı, böyük klassiklərimizin
əsərlərindən misal gətirməyi sevirik. Amma bu
gün kitabla təkbətək qalmağı nə qədər
xoşlayırıq? – Bu, artıq ayrı bir söhbətin
mövzusudur.
Kitab
oxumaq mədəniyyəti mədəniyyətin tamam başqa,
ali bir növüdür. Böyük kitabla tək qalan insan
böyük bir ruhi–mənəvi zənginlik dünyasına
qovuşmuş olur, onda bir saflaşma, aydınlaşma gedir
insanın məfkurəsində.
Mən
hiss edirəm ki, indi artıq Azərbaycan oxucusunun kitaba
marağı artır.
İnternetin
çox faydalı olduğunu qeyd etməklə bərabər,
vurğulamaq istəyirəm ki, bugünkü oxucu tədricən
kitaba doğru üz tutmaqdadır. Hesab edirəm ki,
oxucuların sayı artdıqca kitab satışı müəssisələrinin
daha iri şəbəkələrinin yaradılma problemi də
çıxacaq ortaya. Sərmayə qoyan insan ilk növbədə
qazancını fikirləşir. Bu sahənin həqiqətən
gəlirli olduğunu görən iş adamları bu sahəyə
də kapital qoyacaqlar.
Dünya
poliqrafiya sənayesinin ən yeni texnologiyaları ilə
silahlanmış poliqrafiya müəssisələrimiz var.
Bunun da nəticəsidir ki, son illər Azərbaycan kitabı
beynəlxalq kitab sənəti müsabiqələrində
mütəmadi olaraq yüksək yerlər tutur.
Möhtərəm
Prezidentimizin sərəncamı ilə klassik,
çağdaş Azərbaycan və dünya ədəbiyyatının
ən gözəl nümunələri böyük tirajlarla
çap olunur və kitabxanalara paylanır.
Oxucu
tələbatının zəngin olmaması üzündən
vaxtilə kitabları yüz min tirajlarla nəşr olunan
nasirlərimizin kitabları ən yaxşı halda min tirajla nəşr
edilir.
Düşünürəm
ki, tez–gec yenə də Azərbaycan kitabına əvvəlki
münasibət, əvvəlki sevgi bərqərar olacaq.
Bu
gün Azərbaycanın rayon və şəhər mərkəzlərinin
təxminən 40 faizində kitab mağazaları yoxdur. Bu,
ağrıdoğurucu məqamdır, amma bu yaranı da zaman
özü sağaldacaqdır.
Lətifə Məmmədova (Mədəniyyət və
Turizm Nazirliyi kitabxana sektorunun müdiri):
—Azərbaycanda
kitabxana sahəsində böyük dəyişikliklər
2008–ci ildə başlamışdır. O zaman cənab Prezident
“Azərbaycan Respublikasında kitabxana–informasiya sahəsinin 2008
– 2013–cü illərdə inkişafı üzrə Dövlət
Proqramı” imzalanmışdır. Proqramın tədbirlər
planı 8 bölmədən ibarətdir. Təbii ki, birinci
bölmə kitabxanalarda kitabların çoxalması, ikinci
istiqamət kitabxanaların informasiya texnologiyaları ilə təchizi,
üçüncü istiqamət qədim kitabların qorunub
saxlanması, sonra isə kitabxanaların beynəlxalq əlaqələrinin
möhkəmləndirilməsi, konfranslarda iştirakı və
s., sonra isə kitabxanaçıların təhsillərinin təkmilləşdirilməsi…
Hazırda
respublikamızda 10 minə yaxın kitabxana var ki, onların da
3500–ə yaxını Mədəniyyət və Turizm
Nazirliyinin tabeçiliyindədir. Kitabxanalarımızın təxminən
30 – 40 faizi informasiya texnologiyaları ilə komplektləşdirilib.
Hansı
kitabxana ki, oxuculara yüksək səviyyədə xidmət
edir, müasir texnologiyalarla işləyir, onun oxucusu da
çoxdur. Bu gün kitabxanalar öz dirçəliş
dövrlərini yaşayırlar.
Bəhruz Axundov (“Təhsil” Nəşriyyat–Poliqrafiya
Birliyinin baş direktoru, Azərbaycan Naşirlər və
Poliqrafçılar Birliyinin sədri, Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetinin dosenti, Azərbaycan
Yazıçılar Birliyinin üzvü):
—Sovet
dönəmində kitabın nəşri və onun
yayımı, satışı dövlət
strukturlarının əlində idi. Əvvəlcədən
tematik plan tutulurdu və ona büdcə də
ayrılırdı. Tematik planda hansı kitabın nə vaxt və
hansı nəşriyyat tərəfindən
hazırlanacağı və hansı mətbəədə
çap olunacağı açıq şəkildə
göstərilirdi. Buna uyğun da təchizat idarəsinə
xammal sifariş verilirdi və eyni zamanda “Azərkitab” və ya
“Kəndkitab” həmin kitabların sifarişini verirdi. Tirajlar
da yaxşı olurdu: otuz min, əlli min və s. ehtiyac, tələbat
nəzərə alınaraq, bu kitablar çap olunurdu və
satışı da həyata keçirilirdi. Təkcə
Bakıda və Bakıətrafı kəndlərdə 180–ə
yaxın kitab mağazası vardı. Elə bir rayon, elə
bir sovetlik, böyük kənd yox idi ki, orada kitab
mağazası olmasın. Bundan başqa, nəşr olunan
kitablar bütün kitabxanalara göndərilirdi. Bu, bir sistem
kimi işləyirdi və son vaxtlara qədər
özünü doğruldurdu. Sonralar bu sistem pozuldu, “Azərkitab”ın
külli miqdarda borcları yarandı. Bunun obyektiv və
subyektiv səbəbləri var idi. Obyektiv səbəblər
kimi əsasən ictimai–siyasi vəziyyətin dəyişməsini,
xaos yaranmasını göstərirlər. Ancaq bu o qədər
də həlledici səbəb deyildi. Düzdür, bu da təsir
edirdi, amma əsas o idi ki, mövcud durumdan sui–istifadə edirdilər.
Sonra
elə bir vəziyyət yarandı ki, Mətbuat və
İnformasiya Nazirliyi də və təbii ki, “Azərkitab”da ləğv
olundu. Təəssüf ki, bu qurumlar ləğv olunanda qərar
tam obyektiv yerinə yetirilmədi, yəni kitab
mağazaları, bazalar özəlləşdirildi, nəşriyyatlara,
mətbəələrə olan borcların əksəriyyəti
ödənilmədi.
Dövlət sərəncamına görə, kitab mağazaları ən azı 5 il öz istiqamətlərinə uyğun fəaliyyət göstərməliydi, heç 5 il deyil, 5 gün də fəaliyyət göstərmədi. Demək olar ki, hamısının təyinatını dəyişib elədilər paltar, ərzaq və s. mağazaları. Və bir az ictimai–siyasi vəziyyət, bir qədər insanların bu sahəyə münasibəti, vəziyyətdən faydalananlar və s. çıxdı meydana ki, nəticə kitab nəşri və yayımı sıfır vəziyyətinə düşməsinə, nəşriyyatların və mətbəələrin çökməsinə səbəb oldu. Səbəblərdən biri o idi ki, bazar iqtisadiyyatına keçilmişdi və dövlət o nəşriyyatları, nəşrləri maliyyələşdirmirdi, hər hansı bir qurum kitabların satışını həyata keçirmirdi, nəşriyyatlar bazar iqtisadiyyatı deyilən qaynar tonqalla üz–üzə qaldı və qeyri–professionallıq da burada öz mənfi rolunu oynadı.
Mətbəələr də özəlləşdirildi, satıldı. “Maarif” nəşriyyatı yeganə nəşriyyat idi ki, Azərbaycanda bütün dərslikləri və pedaqoji ədəbiyyatı çap edirdi, milyonçu nəşriyyatlardan biri idi. Təsəvvür edin, Azərbaycanın müstəqilliyi, latın qrafikasına keçid, yeni milli təhsil sisteminin quruculuğu, yeni dərsliklərə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” və s.) tələbat qarşıda yeni vəzifələr qoyurdu. Bu məqamda “Maarif” nəşriyyatı Mətbuat və İnformasiya Nazirliyi ilə bir yerdə sözün əsl mənasında dərslik nəşrindən imtina etdi. Belə olduqda yaranmış gərgin vəziyyətdən çıxmaq üçün 1992–ci ilin ikinci yarısında “Təhsil” nəşriyyatı yaradıldı. “Təhsil” nəşriyyatı müstəqillik illərində yaradılan ilk və son dövlət nəşriyyatıdır. Və beləliklə, “Təhsil” nəşriyyatı öz üzərinə düşən vəzifələrin öhdəsindən gəldi və inkişaf edərək, nəinki respublikanın, regionun, hətta Avropanın, dünyanın ən tanınmış nəşriyyatlarının biri səviyyəsinə yüksələ bildi, “Maarif” nəşriyyatı isə tamamilə darmadağın oldu.
Belə məsələlər nəticə etibarı ilə Azərbaycanda kitab nəşrini azaltdı, kitab satış xətti ləğv olundu, kitab mağazaları da təyinatlarını dəyişdi.
İndi nəşriyyat yaratmaq asandır və nəşriyyatların sayı da çoxdur. İndi biz Naşirlər və Poliqrafçılar Birliyi olaraq nəşriyyatları siyahıya almaq istəyirik və elə rəqəmlərlə rastlaşırıq ki, onların heç 5 faizi fəaliyyət göstərmir. Olanlar da tam nəşriyyat statusunu həyata keçirə bilmirlər. Əlbəttə, Avropa kimi, sivil dünya nəşriyyatları kimi bizim nəşriyyatlar da inkişaf edir. Çox təəssüf ki, professional nəşriyyatlarımız kifayət qədər deyil. Elə Naşirlər və Poliqrafçılar Birliyinin yaranma səbəblərindən biri də budur ki, nəşriyyatlar bir qurumda birləşsinlər, bir–birinə yardım göstərsinlər, Azərbaycanda kitab nəşri mədəniyyətini yüksəldək.
Bu gün çox yaxşıdır ki, artıq Azərbaycan kitabını dünya tanıyır. Bu sahədə də, digər sahələrə olduğu kimi, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın, dövlət başçımız İlham Əliyevin xüsusi qayğısını qeyd etmək lazımdır.
Azərbaycan nəşr tarixində ilk dəfə olaraq “Təhsil” nəşriyyatı 2005–ci ildən başlayaraq beynəlxalq kitab müsabiqələrində uğurlar qazanır. “Qarabağ”, “Novruz” və b. kitablar ayrı–ayrı nominasiyalarda qalib gəldi. Amma ən böyük uğurumuz isə 2011–ci ildə “Çərçivə” kitabı Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin baş prizi olan “Qran–Pri”ni aldı. İlk Azərbaycan kitabı idi ki, belə yüksək mükafat alırdı. 2012–ci ildə “Təhsil” nəşriyyatı ən yüksək keyfiyyətə görə Dünya Ticarət Liderləri Klubunun qızıl medalını, sonra Avropanın qızıl prizini, İranın mükafatını aldı və s.
Bu gün Azərbaycan kitabı artıq dünya arenasında çox yaxşı hörmətə malikdir, getdikcə beynəlxalq əlaqələr güclənir, ən başlıcası isə, ölkəmizdə bu sahə üzrə gözəl bir mühit yaranıb. Artıq bütün nəşriyyatlar və poliqrafiya birlikləri bütün peşəkarlıqlarını səfərbər edib bu sahəni inkişaf etdirməlidirlər. Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi də Azərbaycan kitabının inkişafı üçün öz köməklərini əsirgəmirlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Bakı Dövlət Universitetində nəşriyyat işi ixtisasları tədris olunur və mən də oranın bir müəllimi, deyə bilərəm ki, bu artıq öz nəticəsini verir. Mən 6 nəfər tələbəmi işə qəbul etmişəm.
Bəzən deyirlər ki, internet var, artıq kitaba ehtiyac yoxdur. Amma bildiyiniz kimi, artıq bir sıra qabaqcıl ölkələr internetin çox geniş yayılmasının əziyyətini çəkir…
Mənə belə gəlir ki, heç vaxt kitab heç nə ilə əvəz oluna bilməyib və bilməz də.
Bu gün “Təhsil” və “Əli və Nino” nəşriyyatlarının öz kitab evləri var. Bu yaxşı örnək olmalıdır. Əlbəttə, Naşirlər Şurası kimi çalışırıq ki, kitabın təbliği gücləndirilsin, xarici ölkələrdə də kitab mağazalarımız açılsın.
Bir məsələni də qeyd etmək istəyirəm.
Deyirlər ki. Azərbaycanda kitab alınmır,
oxunmur. Mən bu fikirdə deyiləm. Nə zaman biz naşirlər
oxucunun tələbini, yüksək zövqünü
oxşayan kitablar nəşr etdik ki, onlar bunu oxumasın. Təcrübə
göstərir ki, yaxşı kitablar həmişə oxunur.
Azərbaycanda kifayət qədər oxucu da var, müəllif
də, nəşriyyat–poliqrafiya sahəsi də inkişaf edir.
Kərim Tahirov (M F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar
mədəniyyət işçısi, tarix elmləri üzrə
fəlsəfə doktoru, dosent):
—Təbii ki, Azərbaycan kitabının dünəni, bugünü və gələcəyi məni maraqlandırmaya bilməz, çünki kitab mənim həyatımda hər şeydir, çünki mən nəyə nail olmuşamsa, bunun üçün kitablara borcluyam. Həm iş zamanı, həm də qeyri vaxtlarda həmişə kitab haqqında düşünürəm. Mən istərdim ki, Azərbaycan kitabı bu gün həm yüksək səviyyədə nəşr olunsun, həm yayılsın, oxunsun və təbii ki, Azərbaycan vətəndaşlarının, bütövlükdə şəxsiyyətlərin yetişməsində kitab mühüm rol oynasın. Çünki biz kitabla tərbiyə olunmuşuq, kitab oxuya–oxuya kitab qəhrəmanlarının ruhunda tərbiyə olunmuşuq, onlara bənzəməyə çalışmışıq. Amma təəssüf edirəm ki, bu gün bizim gənclərimiz, uşaqlarımız kitab qəhrəmanlarına oxşamaq haqqında fikirləşmirlər. Bu, məni çox narahat edir, düşünürəm ki, bəlkə də günah biz valideynlərdə, böyüklərdədir ki, öz övladlarımızı, nəvə–nəticələrimizi kitab ruhunda, kitab qəhrəmanlarının əqidəsi ruhunda tərbiyə etmirik. Və təbii ki, burada da kitabın nəşrindən də başqa, kitabın yayımı, oxuculara, öz ünvanına çatdırılması mühüm rol oynayır. Sovet dövründə bunun bütöv bir sistemi var idi. Təəssüflər olsun ki, bu sistem sovet dövrünün naqis sistemləri ilə bir sırada ləğv olundu. Bu sistem mükəmməl sistem idi və bu gün də elə bir sistemə ehtiyac var, amma onun başqa bir formasına, bu işi tənzimləyən mexanizmə ehtiyac var.
Kitab geyindiyimiz paltar deyil, yediyimiz ərzaq deyil ki, ona fiziki ehtiyac tələb olunsun və məcbur olaq gedib almağa. Kitab elə bir şeydir ki, ona gərək insanın meyli olsun, marağı olsun, mənəvi ehtiyac hiss etsin ki, getsin alsın.
Başqa bir məsələ də var ki, gərək kitabın satıldığı yeri insanlar görsünlər. Göməsələr, bəlkə də əksər insanların yadına heç kitab düşməz. Təəssüf ki, sovet dövründə olan kitab təchizatı və satışı şəbəkələrinin bu gun ləğv olunması bizim gənclərimizi mütaliədən bir qədər kənarlaşdırıb. Vaxt var idi ki, bir küçədə beş kitab mağazası vardı, rayonlarda univermaqlarda da kitab mağazaları vardı. Bu gün onlara çox az rast gəlmək olar.
Bizdə, ümumiyyətlə, kitab biznesi yoxdur. Kitab biznesi olmalıdır və yeri gəlmişkən, bu sahə çox əhatəlidir. Çapından başlamır kitab biznesi. Kitabın çapına hazırlıqdan, onun öyrənilməsi, sorğular yolu ilə tələbatın öyrənilməsindən, nəşriyyatlararası münasibətlərin müəyyənləşdirilməsi, çapa hazırlanması, çapı, yayılması, oxunması–bütün bunlar bütöv bir tsikldir. Təəssüf ki, bu gün bizdə kitab biznesi yoxdur. Biz deyirik ki, kitab oxunmur. Kitab biznesi olmayan yerdə kitab oxunmaz. Kitab biznesi o deməkdir ki, bu gün oxucunun zövqünü oxşayan, oxucunun tələbatına uyğun kitablar çap olunmalıdır. Eyni zamanda, bugünün ideologiyasının, mənəvi sərvətlərimizin təbliği ilə Azərbaycanı dünyaya tanıtdıran kitablar çap olunmalıdır. Bütün bunlar isə pərakəndə şəkildə ola bilməz. Bu saat hər nəşriyyat nəyi istəyir götürür çap edir və nəticədə müəyyən kitablar heç alınmır və naşirlər, yaxud müəlliflər kitabları vurub qoltuqlarına rayonlarda qapı–qapı gəzib icra başçılarına o kitabları satdırmaqla məşğuldurlar. Amma kitab oxucuların tələbatına uyğun çap olunarsa, dərhal satılar, rəfdə qalıb tozlanmaz. Ona görə də mən elə bilirəm ki, kitab biznesinin problemləri həll edilməlidir. Kitab biznesinin ən vacib məsələlərindən biri kitabın reklamının və yayımının təşkilidir. Bu gün bizdə kitabın reklamı da yoxdur, yayımı da. Bir Azərbaycan televiziyasından başqa (təbii ki, “Mədəniyyət” kanalını da qeyd etməliyik), demək olar ki, heç bir televiziya proqramı kitabın reklamı ilə məşğul olmur. İnsanlarda ikrah hissi doğuran bayağı verilişlər hazırlayırlar, hər şeydən danışırlar, amma maarifləndirici, insanların gələcəyin vətəndaşları, fəal qurucuları kimi yetişməsinə kömək edəcək yüksək səviyyəli kitabların təbliği ilə heç kim məşğul olmur. “Kitab köşkü”, “Kitab rəfi”, “Yeni kitablar”– bu cür verilişlər, bölmələr yaradılsa, yaxşı olar.
Təkrar edirəm, kitab yemək, geyim deyil ki, fiziki ehtiyacımız olsun. Kitaba mənəvi ehtiyacımız olmalıdır, bu ehtiyacı isə verilişlər, tədbirlər, kütləvi informasiya vasitələri yaratmalıdır.
Bakının özündə belə bu gün yeni kitabları yığan, toplayan və oxuculara, kitabxanalara, mağazalara təqdim edən bir mərkəz yoxdur.
Mən vaxtilə, 1970–ci illərin əvvəllərində “Azərkitab”da, sonra kitabxana kollektorunda işləmişəm, o sistemlə çox yaxşı tanışam. Amma təəssüflər olsun ki, bu gün bu missiyanı yerinə yetirəcək bir təşkilat yoxdur. Köhnə sistem dağılıb, yenisi qurulmayıb. Əgər kitab oxucusuna çatmırsa, ona çəkilən xərc havaya sovrulmuş vəsaitdir.
Son illər Mədəniyyət və Turizm Nazirliyi kitab nəşri sahəsində yaxşı addımlar atıb. Nazirlik özü külli miqdarda kitablar çap edib və onu yerlərdəki kitabxanalara çatdırıb. Amma bu azdır hələ. Axı kitab vətəndaşlara da çatmalıdır. Bunun da bir yolu tapılmalı, bir sistemi olmalıdır ki, kitab Bakıda nəşr olunandan sonra bölgələrdə, kəndlərdə də olmalıdır. Mən demirəm ki, “Azərkitab” kimi böyük bir sistem yaradılsın. Yox, nəsə bir mexanizm yaradılmalıdır ki, kitab gedib oxuculara çatsın.
Bəzən oxucuların zövqünü oxşamayan, marağına uyğun gəlməyən kitablar da nəşr olunur. Məncə bu, nəşriyyatların maliyyə problemləri ilə əlaqədardır. Təbii ki, hər hansı bir adam pulunu verib kitab çap etdirirsə, nəşriyyat ona deyə bilməz ki, sən bunu belə yaz, belə düzəlt.
Bir neçə ay əvvəl Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir Naşirlər Şurası yaradılıb. Bu da vacib bir addımdır. Bu Şura, oxuculara daha çox lazım olan kitabların çapını tövsiyə edə bilər.
Vaxt var idi hamımız şəxsi kitabxanalar
yaradırdıq. Gəlin görək bu gün şəxsi
kitabxana yaradan varmı? Təəssüf ki, bir vaxtlar
atalarımızın, yaşlı nəslin, orta nəslin
yaratdığı kitabları bu gün küçəyə
atan övladlar var. Mən, ömrünü kitablar arasında
keçirən bir insan kimi bunu qəbul edə bilmirəm. Əgər
insan kitab arasında böyüyürsə, o, pis yola
düşə bilməz, əyri yola gedə bilməz. Bizim
kitabxananın foyesində nümunəvi bir kitab mərkəzi
yaradılacaq. Burada təkcə kitab satışı yox,
müəlliflərin, naşirlərin, kitabxanaçıların,
oxucuların bir əlaqələndirmə mərkəzi olacaq.
Gələn ilin ortalarında açılışı
olacaq.
Mahmud Mahmudov (Bakı Dövlət Universiteti jurnalistika fakültasi jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti):
— Keçmişdə kitab ticarəti ilə 5 təşkilat məşğul olurdu. Bir qədər sonralar onun sayı 2–yə endi: “Azərkitab” və “Kəndkitab”. “Azərkitab” Bakı şəhərinə və respublikanın şəhərtipli rayonlarına (Mingəçevir, Sumqayıt, Gəncə…), “Kəndkitab” isə kənd rayonlarına xidmət edirdi.
Müxtəlif mənbələrdə müxtəlif rəqəmlər göstərilir. Bakı şəhərində 125 kitab mağazası olub. Onlardan ancaq biri “Bukinist” kitab mağazası idi. İndi həmin binalar özəlləşdirilib, cəmi bir neçə kitab mağazası qalıb. İndi kitablar daha çox küçələrdə satılır.
Tanınmış jurnalist Nahid Hacızadənin mətbuatda maraqlı bir məqaləsi dərc olunub. Yazır ki, küçədən keçəndə klassiklərin əsərlərini yağış–qar altında gördüm: tamamilə hörmətsiz vəziyyətdə, ayaq altında… Kitabın müqəddəsliyini qorumaq lazımdır.
İndi, ümumiyyətlə, kitaba maraq xeyli dərəcədə azalıb. Bunun müxtəlif səbəbləri var. Oxucu azalıb, əlbəttə, internet, beynəlxalq şəbəkə də var, iqtisadi çətinliklər də var. Amma bir sual çıxır ortaya: “O adamlar ki keçmişdə maraqla kitabı alıb oxuyurdular və indi də iqtisadi imkanları var, özləri də xəsis deyillər, amma kitabı almırlar. Nəyə görə? —Çünki pis, yaxşını da gözdən saldı.
Yaradıcılıq sahəsi elədir ki, ilahi
vergi olmadan, qabiliyyət olmadan bu sahəyə gəlmək
olmaz. O zaman ki senzura aradan qaldırıldı, mətbuat,
söz azadlığı tamamilə bərpa olundu, hər kəsin
yazıb nəşr etdirmək imkanı oldu, hamı
qoşuldu qələmə. Orta səviyyəli jurnalist cild–cild romanlar yazır ki,
bunları da oxuyan yoxdur.
Keçmişdə kitabların tirajı on minlərlə
müəyyənləşirdi. Əlibala Hacızadənin
məşhur trilogiyası – “İtkin gəlin” kitabı hər
biri 250–300 min nüsxədə nəşr olundu. Özü də tapılmırdı, çox
qısa müddətdə satılıb qurtarırdı.
Belə kitablara abunə yazılırdıq ki,
ala bilək. Mən L. Tolstoyun 14 cildliyinə,
S. Vurğunun 6 cildliyinə, Azərbaycan Sovet
Ensiklopediyasının 10 cildliyinə dərhal abunə
yazılmışam ki, birdən sonra olmaz. Amma indi kitabın tirajını 500 nüsxə
görəndə təəccüb edirəm.
Yazıçı dostlarımdan biri “Ədəbiyyat” qəzetində
yazmışdı ki, dostlarımdan birinə son illərdə
nəşr etdirdiyim 4–5 kitabı avtoqrafla verdim. Sonra söhbətə
tutdum, gördüm heç vərəqləməyib də.
Tanınmış jurnalist, fakültəmizin məzunu
Şəmistan Nəzirlinin biblioqrafiyası hazırlanır. Ona mən müqəddimə
yazmışam: “Tədqiqatçı ömrü”. Orada belə bir yer var, yazıram ki, indi adamlar
bir–birinə yanaşanda iki şeydən ehtiyat edirlər.
Bir qorxurlar ki, toya dəvətnamə verələr.
Bir də ehtiyat edirlər ki, avtoqrafla kitab verələr.
Avtoqrafla olmasa, bir kənara atar, kitabxanaya verər,
dostlarına bağışlayarlar. Avtoqrafla
olanda mənəvi məsuliyyət hissi var, heç bir şey
etmək olmur, nə evdə saxlamağa yer var, nə
kitabın içində bir şey var.
Biz, əlbəttə, bilirik ki, iqtisadiyyat düzəlir,
artır, amma oxucunu kitabla barışdırmaq
üçün hələ uzun illər lazım gələcək. “Azərkitabı”,
“Kəndkitabı” əvəz edən bir təşkilat
hökmən lazımdır. Mən elmi məqalələrimdə,
“Nəşriyyat işi haqqında” kitabımda da
yazmışam ki, müasir şəraitdə nəşriyyatların
fəaliyyətini əlaqələndirən bir quruma ehtiyac
var.
Keçmiş Mətbuat və İnformasiya Nazirliyində
bir koordinasiya (əlaqələndirmə) şöbəsi var
idi. O, nəşriyyatların
tematik planlarına baxırdı ki, eyni kitab eyni dildə
müxtəlif nəşriyyatlar tərəfindən çap
olunmasın.
Mən bir müəllim, bir ziyalı kimi həmişə
tələbələrə məsləhət görürəm
ki, çox oxusunlar, özü də təkcə elmi ədəbiyyatı
yox, həm də bədii ədəbiyyatı. Amma onlara məsləhət
görürəm ki, xüsusən 1990–cı illərdən
sonra nəşr olunan kitablara çox ehtiyatla
yanaşsınlar. Həqiqəti demək lazımdır:
onların bir çoxu elədir ki, oxumaqdansa, oxumamaq daha
faydalıdır, estetik zövqü, mənəvi
düşüncəni zənginləşdirmək əvəzinə
daha da kasadlaşdırır. Bunun səbəbləri
çoxdur. Keçmişdə iki rəy
olurdu, o rəylər olmadan kitabların çaprı çətin
idi. Bir daxili rəy idi, yəni nəşriyyat
əməkdaşının fikri. Xarici rəyə
az–az müraciət edirdilər. Belə
olurdu ki, məhdud ixtisas üzrə tanınmış alimə,
mütəxəssisə, şairə, yazıçıya və
i.a. əsəri rəy üçün göndərirdilər,
bir də müəllif nəşriyyat əməkdaşının
rəyi ilə razılaşmayanda.
Zövqün
aşağı düşməsinə təkcə məzmun
deyil, başqa amillər də təsir edir: bədii redaktə
zəifdir, texniki redaktə zəifdir, bir çox hallarda isə
ümumiyyətlə ədəbi redaktə olmur.
Bəzən
kitablar iqtisadi amillər üzündən təəccüblü
dərəcədə az tirajla nəşr
olunur. Məsələn, jurnalistika bir çox ali
məktəblərdə tədris olunur. Amma filologiya elmləri
doktoru, professor, məşhur şair, bizim kafedramızın
sabiq müdiri, mərhum Famil Mehdinin “mətbuat janrları”
kitabı cəmi–cümlətanı 50 nüsxədə nəşr
olunub.
Kitabların zəif nəşr olunmasının bir səbəbi
də kütləvi informasiya vasitələri ilə
bağlıdır. Əvvəllər bir zəif kitab çıxanda mətbuatda
elə kəskin tənqidi məqalələr gedirdi ki… Amma
indi əksinə, zəif kitabları nəyə görəsə
o qədər tərifləyirlər, adam təəccüblənməyə
bilmir. KİV–lər, xüsusilə mətbuat
orqanları orta, aşağı səviyyəli kitablara
barışmaz münasibət bəsləməlidirlər.
Kitab mağazalarının artırılmasına
böyük ehtiyac var.
Əvəz İdrisoğlu (Azərbaycan Texnlki
Universiteti mətbəəsinin müdiri):
—Bu
gün dünyanın qloballaşması, kompyuter
texnologiyalarının, internetin sürətli inkişafı,
elektron kitab klassik kitabı xeyli dərəcədə
sıxışdırıb. Amma kitab həmişə
lazımdır və dövrün tələblərinə,
oxucuların zövqünə uyğun kitablar çap etmək
biz mütəxəssislərin borcudur.
Yüksək poliqrafik keyfiyyətlərə malik, oxucu tələblərinə,
zövqünə uyğun kitab nəşr etmək
üçün bir çox məsələlərin həlli
vacibdir. Hər şeydən əvvəl həm məzmunda, həm
tərtibat və dizayn işlərində yüksək sənətkarlıq
lazımdır.
Kitabların oxuculara çatdırılması məsələnin
ən incə, əhəmiyyətli tərəfidir. “Azərkitab”,
“Kəndkitab” kimi olmasa da, bu işləri koordinasiya edən, əlaqələndirən
bir mərkəz yaradılması, inkişaf edən Azərbaycana
layiq möhtəşəm kitab mağazalarının tikilib əhalinin
istifadəsinə verilməsi günün zəruri tələbləridir.
P.S. Bu
yazıda günümüzün aktual bir məsələsindən
söhbət açdıq və hörmətli
ziyalılarımız suallarımıza məmnuniyyətlə
cavab verdilər. Sonda Məhəmməd peyğəmbərin məşhur
kəlamını xatırlatmaq yerinə düşər:
“İnsan beşikdən qəbir evinə qədər öyrənməlidir”.
Əlbəttə, bilik əldə etmək
üçün heç nə kitabı əvəz edə
bilməz.
Səhifəni təşkil etdi:
Zülfüqar ŞahsevƏnli,
Şöhlət ABBAS,
Respublika.- 2013.- 13 yanvar.- S. 2.