Zamanı yaşadan şair
Fikrət Qoca kimi zəngin
yaradıcılığa malik şair haqqında söz
demək çox çətindir. Azərbaycan
dövləti, görkəmli sənət adamları, tədqiqatçı
alimlər, Fikrət müəllimin dostları onun
yaradıcılığını və hər şeydən əvvəl,
bir insan kimi şəxsi keyfiyyətlərini həmişə
yüksək qiymətləndiriblər. Onun
zaman–zaman çözələnən
yaradıcılığına verilən dəyərdən sonra söz söyləməyin
çətinliyinin səbəblərindən biri
də elə budur. Digər səbəb, zənnimcə,
Fikrət Qoca poeziyasının məna
çalarlarının zənginliyi ilə bağlıdır.
Bu isə qiymətləndirmədə
ehtiyatlı yanaşma tələb edir. Amma Fikrət müəllim
və onun poeziyası haqda
fikir söyləmək həm də
asandır. Ona görə ki,
hər şey göz
önündədir.
Fikrət Qoca (Qocayev Fikrət Göyüş oğlu) 1935–ci il avqustun 25–də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964–cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956–cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin (keçmiş Yazıçılar İttifaqının) beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987–ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru, 1998–ci ildən AYB–nin katibidir.
Fikrət Qoca dünyanın bir çox ölkələrində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli–azadlıq hərəkatına şeirlər həsr etmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Şeirlərinə musiqi bəstələnmişdir. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968–ci ildə “Azərbaycan komsomolu” mükafatına, 90–cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni və Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Fikrət Qoca “Qağayı”, “Hamıya borcluyam”, “Stixi” (Moskva), “Dənizdə Ay çiməndə”, “Od gəlini”, “Tsvetı zimoy” (Moskva), “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Noçnaya vaxta” (Moskva), “Nebo smotrit v more” (Moskva), “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Taleyin ağır taleyi”, “Seçilmiş əsərləri”, “Eldən–elə, dildən–dilə” (mahnı bəstələnən şeirləri), “Sükutun səsi” (Tehran) kitablarının və “Uşaqlığın son gecəsi” filmoqrafiyasının müəllifidir.
Şairin 1990–cı illərdə qələmə aldığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və digər poemaları Azərbaycanda gedən azadlıq mübarizəsinə həsr olunub. Şeirlə yanaşı, həm də gözəl nəsr əsərlərinin müəllifi olan Fikrət Qocanın “Ölüm ayrılıq deyil” və “Hələlik, — qiyamətədək” povestlərində 1990–cı ilin 20 yanvar hadisələrindən bəhs edilir.
Mütəfəkkirlərdən biri deyib ki, yazıçının yaradıcılığı atışmanı xatırladır, güllə birbaşa oxucunun beyninə də keçə bilər, yandan da ötə bilər. Heç fərqi yoxdur, həmin fikirlər eyni ilə şairlərin yaradıcılığına da aiddir. Hərçənd Fikrət Qocanın yaxşı nasir olduğu da hər kəsə məlumdur. Bu mənada Fikrət müəllimin istər poeziyası, istərsə də nəsr əsərlərinin hədəfi birbaşa oxucunun beynidir. Məlum olduğu kimi, insanı, onun xarakterinin yaranması və inkişafını təyin edən bütöv həyat prosesində göstərə bilməsi bədii ədəbiyyatın ən mühüm üstünlüklərindən biridir. Fikrət Qocanın şəxsiyyətinə, bir insan kimi keyfiyyətlərinə bələd olmaq üçün onunla şəxsi tanışlığa ehtiyac da yoxdur. Onun özü, xarakteri, şəxsi keyfiyyətləri sözündən, yaradıcılığından boylanır. Başqa sözlə, Fikrət Qocanın yaradıcılığı onun pasportudur, mənəvi kimliyinin göstəricisidir.
Şairin
yaradıcılığının bədiilik dərəcəsi,
bədii xüsusiyyətləri isə onun
şeirlərinin, poemalarının məzmun və
formasından da aydın görünür.
Fikrət müəllimin yaradıcılığında bədiilik
təkcə məzmun və formanın vəhdətində deyil, eyni zamanda
bədii təsvir vasitələrinin uyğunluğundadır. Bu isə şübhəsiz ki,
şairin istedadının,
yaradıcılıq təcrübəsinin dərəcəsindən,
sənətkarlığından, ən başlıcası isə
məzmundakı ideya gerçəkliyinin əhəmiyyətindən
asılıdır. Fikrət Qoca
poeziyasında lirika, etika,
estetika, insan ruhu, vətənpərvərlik, azərbaycançılıq,
beynəlmiləlçiliklə yanaşı,
yaşadığı mühitdə həzm edə bilmədiyi
qüsurlara, cəmiyyətin eybəcərliklərinə,
milli–mənəvi, əxlaqi dəyərlərimizin
aşınmasına, milli kimliyimizdən,
soykökümüzdən uzaqlaşmağa
qarşı kəskin etiraz da əksini tapıb. Fikrət Qoca
öz qələmini, necə deyərlər,
arxası da, önü
də kəsən sovet
qılıncının qarşısına çıxararaq dövrün eybəcərliklərini, neqativ halları sərt tənqid edib. Onun “Rüşvətxorlar”
şeirində deyilir:
Rüşvət –xəyanətin ocağıdır,
Rüşvət–kürəyimizə sancılan xain
bıçağıdır…
Şairin, oxucunun mənəvi tələbatını ödəyən şeirlərində səmimiyyət, mənəviyyat, məhəbbət, bütövlükdə bəşəri dəyərlər sistemi özünü qabarıq şəkildə göstərir. Oxucuya əsas lazım olan oxuduğu şeirlərin ruhunda şairin mənəvi dünyasını duya, görə bilməsidir ki, bunun da Fikrət Qoca poeziyasına birbaşa dəxli var…
Şairin özü
ilə sözü genetik
qohumdur. Onun poeziyasının “damarlarında”
“ruhunun geni” dolaşır. Oxşarlığın səbəbinin mahiyyətində
də məhz elə bu dayanır.
Fikrət Qocanın sözü
özündən, özü
də sözündən
boylanır.
Bu gün yaşı
77 olsa da, ruhən çox cavan və sağlamdır. Hətta
mərhum şairimiz Osman Sarıvəllinin təbirincə desək (“Hər kim
yüz il yaşamasa, günah onun özündədir”),
“günah”dan qaçıb
bu yaşın zirvəsinə çatmasını
arzulayırıq. Fəqət bioloji
sonu olsa da, belə sənətkarlar
üçün yaş
əslində sərhəd
tanımır. Nahaq yerə
deməyiblər ki, şairin yaşı onun şeirlərinin yaşı qədərdir.
Bu mənada Fikrət
Qocanın özü sözünə, sözü
də özünə
əbədiyaşarlıq qazandırıb.
Fikrət Qoca bir çox
şeirlərində vətəndaş
mövqeyinin olmadığı
cəmiyyətin məhvə
məhkumluğundan narahatlıq
keçirir. Və fərd kimi
doğulan hər kəsi şəxsiyyətə
çevrilməyə, mövqesizlikdən
çəkinməyə, ətrafda
baş verənlərə
mövqe bildirməyə,
xalqın problemlərinə,
vətənin taleyinə
biganə qalmamağa,
insanlaşmağa, İNSAN olmağa səsləyir.
Xəncər kəsmir qınını
Kəsərdi,
Onu qoymur
Mərdliyin sərt qanunu.
Cəmi dörd misradan ibarət olan bu şeirin təsir dairəsi genişdir. Burada vətənpərvərlik, millətsevərlik,
mərdlik, mübarizlik,
dəyanət, ləyaqət,
cəsarət və
s. kimi insani keyfiyyətlərin ön plana çıxmalı olduğu qabarıq şəkildə verilir. Kəsib–doğramaq üçün yaradılan xəncər əslində öz təyinatı üzrə
işlənməli, həmin
missiyanı yerinə yetirməlidir. Amma nə
qədər qəddar,
zalım, baş kəsən, qan tökən olsa da, ona “sığınacaq
verən” qını kəsmək, xəyanət
etmək istəmir.
Şair insanları da həyatın yazılmamış
mərdlik qanunlarına
əməl etməyə
çağırır.
Mərd
əli vurmaq üçün deyil…
Mərd əli əl tutar.
Yıxılanın əlindən tutar,
Tutar vuranın
əlini.
Ovcunda tutub aləmə göstərməz
yaxşı əməlini…
misraları bir növ “Əl tutmaq Əlidən qalıb”, “Sağ əlin verdiyini sol əl bilməməlidir” kimi zərbi–məsəllərin
poetik ifadəsidir. Və razılaşmaq lazımdır
ki, bu və
ya digər məsəllərin, atalar
sözlərinin bədii
ifadəsi onun təsir gücünü birə–beş artırır.
Fikrət müəllimin poeziyası
belə ifadələrlə
zəngindir.
Şair
müsahibələrinin birində
vurğulayır: “Əgər
insanlar bir–birinə kömək eləsələr,
kömək əllərindən
gəlmirsə, bir–birinə
yaşamağa mane olmasalar,
o zaman yer üzü cənnət olar. İnanın ki, burdan gözəl cənnət yoxdur. Bu işıqlı
dünyada Allah bizə
cənnət bəxş
edib, biz onu cəhənnəmə çeviririk.
Bir təbəssüm, bir xoş söz nədir ki, onu qonşuna, dostuna, əzizinə, heç tanımadığın
bir adama qıymırsan. Xoş söz
deyəndə insanın
özü də gözəl olur”. Bu baxımdan şairin
“Asan deyil” şeiri ən gözəl örnəkdir.
Şair həmişə axtarışdadır. Ömrünün bu müdrik çağlarında gənclik
eşqi ilə yazıb–yaradan Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, xalq
şairimiz Fikrət Qocaya yeni–yeni yaradıcılıq uğurları
arzulayırıq.
Nəriman MAHMUD,
yazıçı–publisist.
Respublika.- 2013.- 15 yanvar.- S. 6.