KİTAB BÖYÜK QÜVVƏDİR

 

Bu gün cəmiyyətdə tez–tez müzakirə obyekti olan kitab nəşri, kitab yayımı və mütaliə problemləri ilə bağlı müxtəlif suallarla rastlaşırıq: “Müasir gənclər nə üçün kitab oxumur?”, “Əhalinin mütaliəsi niyə aşağı düşüb?”, “Nə üçün az oxuyurlar?”, “Ümumiyyətlə, kitab oxuyan varmı?”. Əlbəttə, bu xarakterli suallar hər hansı bir elmi əsasdan uzaq olsa da, konkret şəxsin təəssüb hissindən irəli gəlir. Lakin problemin ciddiyyəti həmin məsələlərə təəssüblər kontekstində baxılmasına qətiyyən yol vermir. Ona görə də bu gün sahə mütəxəssislərinin məqsədli tədqiqatlarına ciddi ehtiyac yaranmışdır. Yalnız əsaslı elmi təhlillər nəticəsində Azərbaycanda kitab nəşri, kitab yayımı və mütaliə problemləri ətrafında baş verən proseslərin həqiqi mənzərəsinin yaradılması və mövcud vəziyyətin düzgün qiymətləndirilməsi mümkündür.

Azərbaycan xalqının kitaba münasibətini tarixi inkişafda Xaqaninin, Nizaminin, Nəsirəddin Tusinin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Səməd Vurğunun timsalında yüzlərlə misallarla ifadə etmək olar. Sovetlər dövründə də Azərbaycan oxucusu qabaqcıl oxucular sırasında idi, əhalinin mütaliə səviyyəsi yüksək və əhatəli idi. Bu dövrdə mütaliənin əsas təşkilatçısı kimi kitabxanalar çıxış edirdilər və kütləvi mütaliənin təşkilində, oxucu sorğularının öyrənilməsi və ödənilməsində xeyli təcrübə əldə etmiş, uğurlar qazanmışdılar. Kitabxanalar sosial institut olaraq cəmiyyətin digər təsir mexanizmləri ilə inteqrasiyada öz məqsədlərinə çatırdı. Dövlət Statistika İdarəsinin məlumatına görə, Sovet Azərbaycanında 198 kitab mağazası, çoxlu sayda stasionar və səyyar kitab köşkləri fəaliyyət göstərirdi. Kitabın yazılmasından, çapından, yayılmasından tutmuş oxucunun əlinə çatana qədər keçdiyi yol ciddi nəzarət altında idi. Kitab siyasi, ideoloji, elmi və sosial təsir gücünə malik güclü bir vasitə idi və o zaman bunu yaxşı başa düşürdülər. Bəs bu gün vəziyyət necədir?

Təəssüf ki, bəzi uğurlara baxmayaraq, bu gün həmin sahələrdə ciddi problemlər öz həllini gözləməkdədir. Onlardan bəzilərini araşdırmağa çalışaq.

İndiki şəraitdə mütəxəssisləri narahat edən məsələlərdən biri oxucu ilə müəllif arasında əlaqənin pozulmasıdır. Məlumdur ki, Sovet dövründə bu funksiyanı dövlət həm təmin edir, həm də dəstəkləyirdi. Bu gün kitab nəşri və yayımı istiqamətində zəngin təcrübəsi olan bir sıra inkişaf etmiş ölkələrdə rəsmi qeydiyyatdan keçmiş nəşriyyatlar ciddi nəzarət altında fəaliyyət göstərir, öhdəçiliyi olan məcburi nüsxələri müəyyən kitabxanalara təqdim etmədiyi halda məhsulunu bazara çıxara bilmir, müəllif hüquqlarına riayət edir, istehlak bazarını öyrənir, müəlliflərlə ikitərəfli və çoxtərəfli müqavilə münasibətlərinə daxil olur.

Doğrudur, Azərbaycan qanunvericiliyində də qeyd olunan şərtlər mövcuddur. Lakin onun işlək mexanizmi hələ də hazırlanmayıb.

Azərbaycanda oxucu istehlakının böyük bir hissəsi orta məktəblər üçün dərsliklərin nəşridir ki, bu problem ölkədə böyük uğurla öz həllini tapmışdır. İkinci mərhələdə bu işlər ali məktəblər səviyyəsində tətbiq olunmalı idi. Çünki ali məktəb dərslikləri unikal hadisədir. Bu nəşrlərə tələblər yüksək olsa da, onların istehlakı az, kommersiya əhəmiyyəti isə yox dərəcəsindədir.

Ali məktəb dərslikləri predmetdən asılı olaraq hər 3–5 ildə baş verən dəyişikliklər və elmi yeniliklərlə əlaqədar yeniləşmək məcburiyyətindədir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda ali məktəb dərsliklərinin tirajı orta hesabla maksimum 200–300 nüsxə planlaşdırılır. Bu kitabların potensial alıcısı isə əsasən tələbələrdir ki, onların da alıcılıq qabiliyyəti ənənəvi olaraq aşağıdır. Bakı Dövlət Universiteti bu problemin həlli istiqamətində xeyli iş görməkdədir. Son illərə qədər tələbələr müxtəlif elm sahələrinə dair dərslikləri rus dilində oxumaq məcburiyyətində idilər, lakin artıq Bakı Dövlət Universitetinin alimləri Azərbaycan dilində ilk dəfə bir çox orijinal dərslik və dərs vəsaitləri yazaraq çap etdirmişlər. Bununla belə, həmin kitablar gündən–günə artan tələbatı və ehtiyacı ödəyə bilməz. Belə olan halda isə, əlbəttə, dövlət dəstəyinə ehtiyac duyulmaqdadır.

Ali məktəblər dərsliklərin, dərs vəsaitlərinin, eləcə də monoqrafiyaların yazıldığı potensial elmi mərkəzlərdir. Bu məhsullar tədrisə cəlb olunması ilə yanaşı, geniş təbliğata məruz qalmalı və beynəlxalq inteqrasiyada iştirak etməlidir. Bu baxımdan bütün ali məktəblərin nəzdində kitab yayım mərkəzlərinin fəaliyyət göstərməsi artıq günün tələbidir. Çünki belə yayım mərkəzləri daxili məhsulun təbliği ilə yanaşı, dünya təcrübəsinin innovativ təkliflərinin müxtəlif kanallarla ali məktəbin müəllim və tələbə heyətinə operativ şəkildə çatdırılmasını da təmin edir, müasir reytinqlər bazarına təsir edən elementlərin akumulyasiyasını həyata keçirir. Bu istiqamətdə Bakı Dövlət Universitetinin artıq formalaşmış təcrübəsi mövcuddur.

Arzu edərdik ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti orta məktəb dərsliklərinin nəşri üçün vəsait ayırdığı kimi, ali məktəb dərsliklərinin nəşri üçün də vəsait ayırsın. Belə bir qərarın qəbul edilməsi həmin sahədə əsaslı dönüş yaradılmasına səbəb ola bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı regionların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində rayonlarımızın siması köklü şəkildə dəyişmiş, gözəlləşmiş, onlar iqtisadi inkişaf yoluna qədəm qoymuşlar. Respublikamızın sənayeləşməsi prosesinin sürətlə həyata keçirilməsi müstəvisində əhalinin mütaliə ehtiyaclarının ödənilməsi məqsədi ilə hər bir rayon mərkəzində, heç olmasa, bircə kitab evinin və ya kitab mağazasının açılmasını, kitab yayımının və kitab təbliğinin təşkilinin təmin olunmasını da gözləmək olardı. Belə ki, kitab mağazaları da kitabxanalarla yanaşı, milli ideologiyanın təbliğat müəssisəsidir və kitabxanalara nisbətən daha operativ informasiya xidməti göstərməyə qadirdir. Təəssüf ki, hələlik bu sahədə irəliləyiş nəzərə çarpmır.

Bəşər tarixinə nəzər salarkən belə bir qanunauyğunluq aşkar olur ki, hər bir əsr özünəməxsus mühüm inkişaf prosesi ilə, böyük elmi və mədəni əhəmiyyətə malik hadisələrlə xarakterizə olunur. Məsələn, dünya alimləri keçən əsrin ikinci yarısından etibarən XX əsri “atom əsri”, “elmi–texniki tərəqqi əsri”, “informasiya partlayışı əsri” adlandırmağa başlamışdır. XXI əsr isə informasiya əsri hesab olunur. Bunun əsas səbəbi informasiyanın cəmiyyətin əsas aparıcı qüvvələrindən birinə çevrilməsi, sənaye cəmiyyətindən informasiyalaşdırılmış cəmiyyətə sürətlə keçidlə əlaqədardır. Alimlər belə fikri formalaşdırarkən cəmiyyətdə gedən proseslərin tədqiqinə və onun qanunauyğunluqlarına əsaslanmışlar.

İnformasiyalaşdırılmış cəmiyyətin yaradılması və daha da təkmilləşdirilməsi bilavasitə kommunikasiya sistemləri, informasiyanın alınması, işlənməsi və verilməsi prosesi ilə əlaqədar olduğundan müasir cəmiyyətdə hər cür informasiyanı cəmiyyət üzvləri arasında yaymağı qarşısında məqsəd qoyan, informasiya resursları toplayıb saxlayan, onu əsrdən–əsrə, nəsildən–nəslə ötürən informasiya daşıyıcısı kimi fəaliyyət göstərən informasiya müəssisələrinin ən mühüm vəsiləsi kitabxana sistemləridir. Ona görə də müasir informasiya cəmiyyətində kitabxana işi ilə informasiya arasında çox sıx qarşılıqlı əlaqələr meydana çıxıb formalaşmışdır ki, bunları bir–birindən ayırılıqda düşünmək hər iki sahənin ümumi inkişafına mane ola bilər.

İnformasiyalaşdırılmış cəmiyyətin formalaşmasında əsas pay, əvvəl qeyd etdiyimiz kimi, informasiya resurslarını qoruyub saxlayan, ondan hamının istifadəsini təşkil edən kitabxana sistemləri və bilavasitə informasiya daşıyıcılarını yaradan nəşriyyatların üzərinə düşür.

İkinci minillikdə Azərbaycan Respublikasının qazandığı və inkişaf etdirdiyi qiymətli dəyərlər içərisində mədəniyyət və informasiya ehtiyatlarının əsas göstəricisi olan kitabxanalar mühüm yer tutur.

Bir çox mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, kitabxanaların inkişaf səviyyəsi bütövlükdə ölkənin və cəmiyyətin inkişaf səviyyəsinin göstəricisidir. Görkəmli rus akademiki D.Lixaçovun dediyi kimi, “Kitabxana təkcə mədəniyyətin əsası deyil, onda olan informasiya ehtiyatları eyni zamanda iqtisadiyyatın və siyasətin də əsasıdır”.

Hazırda cəmiyyətdə mövcud olan bir çox ziddiyyətli baxış və mövqelərə baxmayaraq, qeyd olunmalıdır ki, ölkədə ümumən bütün fəaliyyət sahələrində olduğu kimi, milli mədəniyyətimizin əsas göstəricilərindən olan kitabxana işi sahəsində də müəyyən inkişaf hiss edilməkdədir. Lakin kitabxanaların müasir durumu və inkişaf sürəti cəmiyyəti qane etmir, bu sahənin daha da inkişaf etdirilməsi meydana çıxan problemlərin həllini zərurətə çevirir.

Respublikada fəaliyyət göstərən 11 minə qədər müxtəlif növ və tipli kitabxanaların fondundakı 120 milyon nüsxədən çox sənədin, demək olar ki, beşdəbir hissəsi respublika əhəmiyyətli iri kitabxanaların fondunda cəmləşmişdir. Buradan aydın görünür ki, respublika əhalisinin informasiya tələbatının ödənilməsində əsas güc də məhz iri kitabxanaların üzərinə düşür.

Kitabxanalar millətin sənəd yaddaşı olmaqla bərabər, hər bir millətin mədəniyyət göstəricisidir. Kitabxanalar millətin mədəni inkişafında müstəsna əhəmiyyətə malik təhsil, tərbiyə ocağıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Yüksək mədəniyyətə malik xalq həmişə irəli gedəcəkdir”.

Bəllidir ki, informasiyalaşdırılmış cəmiyyətin formalaşmasında əsas rol oynayan fəaliyyət növlərindən biri də nəşriyyat və kitabxana sistemləridir. Nəşriyyatlar bilavasitə informasiya daşıyıcısını yaradır, başqa sözlə, kitab və digər çap məhsullarının məcmusu nəşr olunaraq cəmiyyətə təqdim olunur. Kitabxanalar isə informasiya resurslarını qoruyub saxlayır, onu əsrdən–əsrə, nəsildən–nəslə ötürür, informasiyanı cəmiyyət üzvləri arasında yayır. Mübaliğəsiz demək olar ki, kitabxanalar olmasaydı, neçə əsrlərdən bəri bəşəriyyətin yaratdığı elmi, mədəni, fəlsəfi, ədəbi–bədii sərvətlər bugünümüzə gəlib çatmazdı. Kitabxanalar xalqın bilik xəzinəsini formalaşdırmaqla bərabər, həm də insanların mütaliəsini, tələbatını öz zəngin fondları hesabına təmin edir.

Bəşəriyyətin sənəd yaddaşı olan kitabxanalar əgər informasiya daşıyıcılarını toplayıb mühafizə edərək insanların bu informasiya daşıyıcılarından səmərəli istifadəsini təşkil edirsə, nəşriyyatlar informasiya daşıyıcılarından səmərəli istifadəsini təşkil edirsə nəşriyyatlar bilavasitə bu informasiya daşıyıcılarını yaradırlar. Nəşriyyatlar yaradıcı ocaq olmaqla bərabər, həm də xalqın mədəni yüksəlişi, maariflənməsi, savadlanması, informasiyalaşdırılması işinin mərkəzində duran müəssisələrdən biridir.

2000–ci ildə qəbul edilmiş “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, “Nəşriyyat əsas fəaliyyəti müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsidir”.

Azərbaycanda zəngin tarixə və təcrübəyə malik nəşriyyatlar mövcuddur, əhalinin informasiya tələbatının ödənilməsində kitabxanalarla birgə fəaliyyət göstərən nəşriyyatlar müxtəlif dövrlərdə çətin sınaq qarşısında qalsalar da, daim öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlmək üçün bütün səylərini göstərmişlər.

XX əsrin sonlarında cəmiyyətin həyatında baş verən dəyişikliklər, yeni iqtisadi münasibətlərə keçid digər sahələr kimi nəşriyyat işinə də öz təsirini göstərmişdir. Azərbaycanın müstəqilliyi dövründə dövlət nəşriyyatları ilə yanaşı, özəl nəşriyyatların da fəaliyyətə başlaması əhalinin əsas informasiya mənbəyi olan kitab istehsalı işinin problemlərini aradan qaldırmağa kömək etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, dövlət nəşriyyatlarının fəaliyyətindəki durğunluq, özəl nəşriyyatların isə daha çox biznes maraqlarından çıxış etmələri ümumilikdə kitab nəşri işinə öz mənfi təsirini göstərməkdədir. Bu da son nəticədə kitab bazarında təsadüfi kitabların çoxalmasına, oxucuların onlara lazım olan informasiyanı əldə edə bilməməsinə, əhalinin kitab və kitabxanalardan uzaq düşməməsinə səbəb olur.

Bu iki informasiya ocağının–kitabxana və nəşriyyatların öz işlərini necə qurmasından bilavasitə cəmiyyətin inkişaf səviyyəsi, informasiyalaşdırılma dərəcəsi birbaşa asılıdır.

Mühüm informasiya ocağı kimi istər nəşriyyatlar, istərsə də kitabxanalar səmərəli fəaliyyət göstərmək, cəmiyyətin informasiya tələbatını lazımınca ödəmək üçün bir–biri ilə yüksək səviyyədə təşkil olunmuş qarşılıqlı əlaqələrə malik olmalıdırlar. Çünki cəmiyyətin informasiya tələbatının düzgün qiymətləndirilməsi, informasiya daşıyıcılarının öz oxucusunu tapması birbaşa bu əlaqələrdən asılıdır. Lakin təəssüf ki, indiki şərairdə nəşriyyatlar və kitabxanalar arasındakı qarşılıqlı əlaqə istənilən səviyyədə deyil. Həm “Kitabxana işi haqqında”, həm də “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları hər iki informasiya müəssisəsinin qarşılıqlı əlaqələri üçün gözəl şərait yaratsa da, ötən dövr ərzində istər nəşriyyatlar, istərsə də kitabxanalar bu şəraitdən səmərəli istifadə etməmiş, bir–biri ilə sıx əlaqə yarada bilməmişlər.

Bu gün nəşriyyatlar və kitabxanalar arasındakı əlaqələrdə ən böyük problem nəşr olunmuş kitabların kitabxana fondlarına düşməməsidir. Həm “Kitabxana işi haqqında”, həm də ” işi haqqında” qanunlarda göstərilir ki, ölkədə fəaliyyət göstərən dövlət və qeyri–dövlət nəşriyyatları çap etdikləri hər bir kitab və ya digər çap məhsulundan müəyyən sayda məcburi nüsxələri pulsuz olaraq kitabxanalara göndərməlidirlər. Lakin nəşriyyatlar bu nüsxələri kitabxanalara göndərmək işinə məsuliyyətsiz yanaşır, kitabxanalar isə məcburi nüsxələrlə maraqlanmırlar.

1998–ci ildə qəbul edilmiş “Kitabxana işi haqqında” qanunun 15–ci maddəsində deyilir: “Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi–sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin Kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.

Dövlət və qeyri–dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi–sahəvi kitabxanalara, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.

“Nəşriyyat işi haqqında” qanunun 22–ci maddəsində isə yazılır: “Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına, ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir.

Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir”.

Göründüyü kimi, hər iki qanunda müəyyən edilmiş sayda məcburi nüsxələrin kitabxanalara göndərilməsi təsbit olunmuşdur. Bu qanunlarda kitabxanalar və nəşriyyatlar arasında qarşılıqlı əlaqələr üçün münbit şərait yaradılmışdır.

Çox təəssüflər olsun ki, müasir dövrümüzdə heç də nəşriyyatların hamısı buna əməl etmir. Nəşriyyatlar məcburi nüsxələrin göndərilməsi işinə, ümumiyyətlə, məsuliyyətsiz yanaşırlar. Apardığımız araşdırmalardan belə məlum olmuşdur ki, özəl nəşriyyatların çox az qismi bu tələbə əməl edir. Naşirlər bunun səbəbini sifariş əsasında fəaliyyət göstərmələri, maliyyə imkanlarının zəifliyi ilə əlaqələndirirlər. Lakin unutmamaq lazımdır ki, “Nəşriyyat işi haqqında” qanunun 22–ci maddəsində göstərildiyi kimi, məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir”. Yəni kitabxanalara göndəriləcək nüsxələr sifariş əsasında fəaliyyət göstərən nəşriyyatlarda sifarişçinin ümumi tirajından götürülür. İstənilən sifarişçi müəllif isə öz kitabının mərkəzi kitabxanaların fondlarına düşməsini məmnuniyyətlə qarşılayar. Deməli, bu nüsxələr nəşriyyatların maliyyə vəziyyəti ilə heç bir halda bağlı deyildir.

Bütün bunlardan belə məlum olur ki, məcburi nüsxələrin kitabxanalara göndərilməsi nəşriyyatların məsələyə soyuq münasibəti, nəşriyyat–kitabxana əlaqələrinin onların fəaliyyətinə göstərəcəyi müsbət nəticənin düzgün qiymətləndirilməməsidir.

Beləliklə, hər iki qanuna əsasən ölkəmizin 12 kitabxanası: M.F.Axundzadə adına Milli Kitabxana, Prezident Kitabxanası, Milli Məclisin Kitabxanası, Respublika Elmi Texniki Kitabxanası, Respublika Elmi Pedaqoji Kitabxanası, Respublika Elmi Tibb Kitabxanası, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası pulsuz məcburi nüsxələr almaq hüququna malikdir. Bu nüsxələri ayırmaq isə nəşriyyatlar üçün heç bir maliyyə çətinliyi törətməz, nəticədə mədəniyyətimiz qazanar, xalqımızın milli sərvəti olan kitabxanalar zənginləşər. Amma əfsuslar olsun ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil!..

Fikrimizcə, məcburi nüsxələrin kitabxana fondlarına düşməməsində məcburi nüsxə almaq hüquqi olan kitabxanaları da günahkar hesab etmək olar. Çünki kitabxanaların komplektləşdirmə şöbələri məcburi nüsxələrin alınması üçün heç bir cəhd göstərmir, əsasən gözləmə mövqeyi tuturlar. Yaxşı olar ki, məcburi nüsxə almaq hüququ olan hər bir kitabxanada xüsusi qurumlar yaradılsın və bu qurumlar vaxtaşırı olaraq nəşriyyatlarla əlaqə saxlasın, nəşr olunmuş kitab və digər çap məhsullarını nəşriyyatlardan alaraq kitabxanalara təqdim etsin. Belə olan təqdirdə hər bir kitab kitabxana fondlarına düşər, xalqın istifadəsinə verilər.

Kitab xalqın, millətin mənəvi sərvəti, gələcəyidir. Ondan hamının istifadə edə bilməsi üçün isə ən sadə yol kitabın kitabxana fondlarına düşməsidir. Bu baxımdan hər bir nəşriyyat çap etdiyi kitabların cəmiyyət arasında yayılmasında maraqlı olmalıdır. Hələ XX əsrin əvvəllərində xalqın maariflənməsi işində xüsusi xidmətləri olan “Orucov qardaşları mətbəəsi” nəşr etdiyi əsərlərdən kitabxanalara hədiyyə verirdi. Elə bunun nəticəsidir ki, həmin dövrdə nəşr olunmuş kitablar bugünümüzə qədər gəlib çatmışdır və elə buna görə də Orucov qardaşları indi xoş duyğularala yad edilir. Müasir dövrdə isə nəşriyyatlarımız nəinki kitab hədiyyələrini, heç məcburi nüsxələri belə kitabxanalara təqdim etmirlər.

Sovetlər məkanında bütün nəşriyyatlar dövlətə məxsus olduğundan, nəşriyyata rəhbərlik edən dövlət qurumları illik nəşriyyat planları tərtib edir, bu planları kitabxanalarda və digər ideoloji müəssisələrdə ictimaiyyətin iştirakı ilə geniş müzakirə edir, hər bir elm sahəsinə dair kitabların tirajını birlikdə müəyyənləşdirirdilər. Hazırda respublikamızda 100–ə yaxın nəşriyyat fəaliyyət göstərir ki, onların da çoxu özəl, az bir hissəsi isə dövlət nəşriyyatıdır. Beləliklə, nəşriyyatların əksəriyyətinin idarə olunmasında dövlət, faktiki olaraq, iştirak etmir, nəşriyyatlar isə bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq nə istəsələr, onu da nəşr edib yayırlar. Kitabların tirajının müəyyənləşdirilməsində də heç bir qanunauyğunluq gözlənilmir, oxucu tələbatı nəzərə alınmır. Ən böyük bəla isə kitabların oxuculara məqsədyönlü şəkildə çatdırılmaması ilə bağlıdır. Bakıda və rayonlarımızda böyük şəbəkələri olan kitab mağazalarının, demək olar ki, əksəriyyəti ləğv edilmiş, qalan mağazalar isə darısqal binalara köçürülmüşdür. Təəssüf ki, həmin azsaylı kitab mağazaları ilə nəşriyyatların əlaqəsi yoxdur. Belə bir şəraitdə isə əsasən az tirajla nəşr olunan kitab geniş oxucu kütləsinə gedib çata bilməz.

Bəşəriyyətin yaddaşı hesab edilən kitabxanalar da ayrılan vəsaitin azlığı üzündən lazımi kitabları almaq və onları geniş oxucu kütləsi arasında geniş yaymaq imkanından məhrumdur. Halbuki nəşr olunan kitablar mütləq kitabxanalara verilməlidir ki, kitabxanalar onları öz fondlarında əbədiləşdirsin, gələcək nəsillərə yadigar saxlasın. Əgər kitablar kitabxanaların fonduna düşməsə, onların yaşaması, gələcək nəsillərə ötürülməsi mümkün olmayacaq. Millətinin, xalqının gələcəyi qeydinə qalan hər bir ziyalı, kitab müəllifi, nəşriyyat işçisi bu vacib amili mütləq nəzərə almağa borcludur.

Hazırkı şəraitdə kitabxanaların əksəriyyətinin nəşr olunmuş kitablar haqqında məlumatları olmur. Təəssüf doğuran hallardan biri də respublikada kitab nəşri statistikasının aparılmamasıdır. Ölkədə istehsal olunan bütün məhsulların uçotu aparılsa da, ildə nə qədər kitabın nəşr olunduğu barədə dəqiq məlumat yoxdur. Məsələn, Dövlət Statistika Komitəsinin təxminən on il əvvəl nəşr etdirdiyi “Müstəqil Azərbaycan – 10″ toplusunda nədənsə kitab istehsalı haqqında heç bir məlumata rast gəlmədik.

Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş Kitabxana Kollektoru işini elə qurmalıdır ki, kitablar respublikanın bütün kitabxanalar şəbəkəsinə yayıla bilsin.

Kitabxanalarla əlaqələrin zəifliyi nəşriyyatlar üçün bir sıra problemlər yaradır. Məlumdur ki, kitabxanalar mədəniyyətin mühüm və ayrılmaz bir sahəsidir. Hər gün minlərlə insan bu mədəniyyət ocağından istifadə edir, informasiya toplayır, naşirlər məhz kitabxanalarda oxucularla ünsiyyət qurur, onları maraqlandıran ədəbiyyatı müəyyənləşdirə bilirlər. Bunun üçün nəşriyyatlar vaxtaşırı kitabxanalarda tədqiqatlar aparmalı, sorğu anketlərindən istifadə etməklə oxucu tələbatını müəyyənləşdirməlidirlər. Apardığımız müşahidələrə görə, heç bir nəşriyyat kitabxanalarda belə sosioloji tədqiqat aparmamışdır. Halbuki belə tədqiqatları aparmaq üçün heç bir maneə yoxdur və buna maliyyə vəsaiti də tələb olunmur. Kitabxanalarla əlaqələrin zəif olması nəticəsində nəşriyyatlarla oxucular arasında ünsiyyət qurulmur və buna görə oxucu tələbatı düzgün qiymətləndirilmir.

Deməli, nəşriyyatlar istehsal etdikləri kitabların kitabxanalarda reklamını təşkil etsələr, bu onlar üçün ciddi inkişafa səbəb olar. Kitab sərgiləri, afişalar, plakatlar, prospektlər, təqdimat mərasimlərinin keçirilməsi bu işlərin mərkəzində durmalıdır. Çox təəssüflə qeyd etmək lazımdır ki, bir–iki hal istisna olmaqla nə nəşriyyatlar, nə də kitabxanalar belə reklam işlərinin əhəmiyyətini başa düşməyərək bu sahədə heç bir addım atmırlar.

Ancaq tarixə nəzər salsaq, görərik ki, həm kitabxanalar, həm də nəşriyyatlar tarixən bir–birinin imkanlarından səmərəli istifadə edərək, kitabın və mütaliənin reklamına çox böyük diqqət göstəriblər. Hələ əsrin əvvəllərində adını Azərbaycan kitabçılıq işinə qızıl hərflərlə yazdıran “Orucov qardaşlarının mətbəəsi”ndə qardaşlardan biri Qənbər bəy dövri mətbuat, digər kütləvi yerlərlə yanaşı, kitabxanalarda da buraxdıqları kitabların reklamı ilə məşğul olur, vaxtaşırı həmin kitablar haqqında qəzetlərdə kiçik elanlar yerləşdirir, kitabxanalarda kitabların təqdimatı və müzakirələrini keçirirdi.

“Orucov qardaşları mətbəəsi” oxucular arasında kitabların təbliği məqsədilə vaxtaşırı biblioqrafik göstəricilər də buraxır və kitabxanalara yayırdılar. 1912 və 1914–cü illərdə onlar özlərinin nəşr etdikləri kitabları sahələr üzrə qruplaşdıraraq, qısa annotasiya ilə siyahısını çap etdirmişlər. Digər nəşriyyatlar da bu yolla kitablarını təbliğ edirdilər.

Kitabxanalar, həmçinin nəşriyyatların marketinq fəaliyyətinin qurulmasında və çap məhsullarının reklamında da böyük rol oynaya bilər. Çünki reklam vasitələrindən (məsələn, qəzet, jurnal, televiziya, radio və s.) fərqli olaraq bura yalnız kitabsevərlər gəlir. Digər tərəfdən, bu gün maliyyə ehtiyatları heç də ürəkaçan olmayan nəşriyyatlar üçün kitabxanalarda öz kitablarını reklam etmək çox sərfəlidir. Hazırda kitab sərgiləri, afişalar, plakatlar və s. vasitəsilə uğurlu reklam işi aparmaq olar.

Qeyd etmək lazımdır ki, müstəqillik illərində Azərbaycanda nəşriyyatların maddi–texniki bazasının möhkəmləndirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq müəyyən hissəsinin informasiya texnologiyası ilə təmin edilməsi, kompyuterləşdirilməsi və İnternetə qoşulması üçün əlverişli şərait yaradılmışdır. Lakin ölkəmizdə kitab nəşri, yayımı və satışı üzrə qazanılmış müəyyən uğurlara baxmayaraq, bütövlükdə kitab mədəniyyəti sahəsində öz həllini gözləyən nöqsanlar və çatışmazlıqlar hələ də qalmaqdadır.

Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə bazar iqtisadiyyatına keçid dövrü başlamış və bu, bütün sahələrlə yanaşı, kitabçılıq və nəşriyyat işinə də öz təsirini göstərmişdir. Bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə uyğun olaraq nəşriyyatlar da cəmiyyətin, xalqın mənafeyinə xidmət edən, ona əsla ziyan toxundurmayan vasitə və üsullarla öz–özünü yaşatmağa, maddi stimul əldə etməyə səy göstərirdi. Əlbəttə, iqtisadiyyatın belə bir ağır dövründə kitabçılıq və nəşriyyat işi sahəsində qarşıya qoyulmuş yüksək bəşəri vəzifələri ön plana çəkmək lazım gəlirdi. Bununla belə, maliyyə qıtlığı, kadr çatışmazlığı, satış problemi ciddi çətinliklər meydana çıxarırdı.

 

(davamı növbəti saylarımızda)

 

 

Abuzər XƏLƏFOV,

Əməkdar elm xadimi,

Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq kafedrasının müdiri,

tarix elmləri doktoru, professor.

 

Knyaz ASLAN,

Bakı Dövlət Universiteti Kitabşünaslıq

və nəşriyyat işi kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

 

Pərviz KAZİMİ,

tarix üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2013.- 15 yanvar.- S. 5.