KİTAB BÖYÜK QÜVVƏDİR

 

(əvvəli 15 yavar tarixli səhifədə)

 

Qeyd edək ki, müstəqilliyin ilk illərində həyata keçirilən özəlləşdirmənin birinci mərhələsində o vaxtkı Mətbuat və İnformasiya Nazirliyinin əksər müəssisə və obyektlərinin, o cümlədən “Azərkitab”ın mağazalarının, bəzi nəşriyyatların bu layihəyə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirdi. Nəşriyyat–poliqrafiya fəaliyyətinə dövlət nəzarətinin zəifləməsi, senzuranın tamamilə aradan qaldırılması, dövlət nəşriyyatlarına və kitab ticarəti müəssisələrinə dövlət təminatının xeyli azalması nəticəsində nəşriyyatların və kitab mağazalarının yerində kitaba dəxli olmayan ayrı–ayrı obyektlər açılıb fəaliyyətə başladı.

 

İlk dövrlərdə həm dövlət, həm də özəl nəşriyyatların fəaliyyətində müəyyən canlanma hiss olunsa da, əslində bazar iqtisadiyyatına keçidlə bağlı meydana çıxan problemlər bütövlükdə kitabçılıq işinə, kitab nəşrinə öz mənfi təsirini göstərdi. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, başqa ölkələrdən gətirilən kağız və digər poliqrafiya materiallarının qıtlığı, eləcə də bazar iqtisadiyyatına keçid dövründə dövlət təminatından məhrum olan nəşriyyatların bu şəraitdə çeviklik göstərə bilməməsi kitab nəşri və yayımı işinin xeyli geriləməsinə və zəifləməsinə səbəb oldu.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasının nəşriyyatlar sisteminə daxil olan nəşriyyatların və mətbəələrin 90 faizi müasir tələblərə cavab vermir. İstər paytaxt Bakıda, istərsə də iri şəhərlərdə və rayon mərkəzlərində fəaliyyət göstərən bir neçə nəşriyyat istisna olmaqla onların əksəriyyəti yararsız vəziyyətdədir. Bəzi nəşriyyatlar və mətbəələr isə qəza vəziyyətində olan uyğunlaşdırılmamış və yardımçı binalarda, hətta darısqal şəxsi evlərdə və ya həyətyanı sahələrdə fəaliyyət göstərir. Bu səbəbdən nəşriyyatların yeni informasiya–kommunikasiya texnologiyası ilə təminatı və İnternetə qoşulması vəsait çatışmazlığı üzündən olduqca ləng gedir. Nəşriyyatların informasiyalaşdırılması sahəsində aparılan işlər ürəkaçan deyil. Nəşriyyatların beynəlxalq əlaqələrinin yaradılması, beynəlxalq assosiasiyalarla əməkdaşlığının təşkili sürətlə qloballaşan dünyanın tələblərindən çox geri qalır.

Müasir informasiya cəmiyyətində kitab–nəşriyyat–oxucu problemi mühüm yer tutur. Doğrudur, informasiya cəmiyyəti şəraitində bəzi ziyalılar İnternetə və elektron vasitələrə daha çox diqqət yetirməyi, bütün bilikləri elektron vasitələrdən almağın zəruriliyini irəli sürməklə kitabın, kitab nəşrinin əhəmiyyətini azaltmağa çalışırlar. Yadda saxlamaq lazımdır ki, informasiyakommunikasiya texnologiyaları nə qədər sürətlə inkişaf etsə də, eyni sürətlə cəmiyyət həyatına daxil olsa da, bəşər övladının ən böyük kəşfi olan 5 min yaşlı kitabsız bilik, mədəniyyət, məktəb, maarif, qısası, heç bir inkişaf yoxdurola da bilməz.

Kitab yayımçılığı kitabşünaslığın vacib tərkib hissəsidir. Əgər hər hansı bir kitabın ərsəyə gəlməsi üçün ilk növbədə nəşriyyat fəaliyyətindən keçməsi vacibdirsə, ikinci mərhələdə o, poliqrafik icradan keçir. Təcrübi olaraq anbarlarda toplanıb qalan hazır kitab son ünvanaoxucuya, alıcıya, fizikihüquqi şəxslərə, kitabxanalara və digər potensial müştərilərə çatmalıdır. Yalnız kitab ünvanına çatdıqdan sonra missiya yerinə yetirilmiş olur. Bu baxımdan kitabşünaslıq fəaliyyətinin sonvacib mərhələsi kitab yayımıdır.

Hər bir nəşriyyat öz məhsullarını yayım etmək məqsədilə buya digər şəkildə fəaliyyət göstərmək məcburiyyətindədir. Bu fəaliyyətin nəzəri əsası çox zaman nəşriyyatın fəaliyyət strategiyasından asılı olur. Nəşriyyat işinin hərtərəfli öyrənilməsi bir daha təsdiqləyir ki, dünyanın bütün nəşriyyatları öz çap məhsullarının yayılmasında və təbliğində həmişə maraqlı olmuşlar. Nəşriyyatlar özlərinin bu sahədəki fəaliyyətlərini daha uğurla həyata keçirmək məqsədi ilə müxtəlif üsullardan, metodlardan, kitabçılıq işinin zəruri vasitələrindən istifadə etməyə çalışmışlar. Kitabın mövzusunu, məzmununu, ideya istiqamətini, oxucuya təsir dairəsini nəzərə almaqla onun təbliği və yayılması üçün ən zəruri vasitələrdən istifadə edilməsi bütövlükdə nəşriyyatın imicinə müsbət təsir göstərir.

Bu gün də nəşriyyatların fəaliyyətində dövlət sifarişlərini almaq və yerinə yetirmək vacib elementdir. Buraya dövlət sifarişlərinin yerinə yetirilməsi və ya dövlət əhəmiyyətli, dövlətin prioritet saydığı mövzularda ədəbiyyatın sifarişini yerinə yetirmək həm nəşriyyatların ictimai nüfuzunu, həm də madditexniki bazasını gücləndirir, onları rəqabət qabiliyyətli edir.

Nəşriyyat–oxucu istiqamətində nəşriyyatların fəaliyyəti istehlak bazarının dərindən öyrənilməsini tələb edir. Bazarın öyrənilmə dərəcəsi risklərin faizini müəyyənləşdirir. Əhalisinin sayı az olan ölkələrdə istehlak bazarına xidmət edən nəşriyyatların risk faizi yüksəkdir. Əhalinin sayı, təhsil səviyyəsi, sənayeləşmə və şəhərlərin sayı kitabların tirajını müəyyənləşdirən əsas elementlərdir.

Kitab yayımı Sovet İttifaqında ideoloji fəaliyyət hesab edilirdi. Demokratik cəmiyyətdə də bu, ictimai fəaliyyətdir və bir sıra ölkələrdə dövlət əhəmiyyətli fəaliyyət sahəsi hesab edilir. Hər hansı bir ölkədə kitab mağazasına girməklə həmin ölkənin elmi və bədii ədəbiyyatının real mənzərəsini, nəşriyyat fəaliyyətinin genişliyini, poliqrafiya imkanlarının keyfiyyətini və kitab yayım mədəniyyətini görmək və qiymətləndirmək olar.

Bu baxımdan kitab yayımçılığına bütövlükdə dövlət nəzarəti tənzimlənməsi vacib şərtdir. Bu vaxtaşırı həyata keçirilən kitab bazarının monitorinqi hesabına da baş verə bilər. Əsas məsələ monitorinqin düzgün keçirilməsi və monitorinqdən hansı məqsədlərlə istifadə olunmasını əvvəlcədən müəyyənləşdirməkdir.

Son zamanlar Azərbaycanda kitab yayım mədəniyyəti sahəsində müəyyən işlər görülmüşdür. Tədris ədəbiyyatının dövlət tərəfindən pulsuz çap etdirilməsi həm kitab bazarındakı gərginliyi aradan götürmüş, həm də nəşriyyatlara sabit sifarişlər təmin edərək onların madditexniki bazasını gücləndirmişdir. Respublika Prezidentinin dünya ədəbiyyatı klassiklərinin əsərlərinin latın qrafikası ilə Azərbaycan dilində çap etdirilməsi ilə əlaqədar sərəncamı və bu sahəyə ayrılmış maliyyə vəsaiti mütaliyə imkanlarını genişləndirmiş, mövcud olan boşluğu doldurmaq istiqamətində faydalı olmuşdur.

Təəssüflə qeyd etməliyik ki, hazırda Azərbaycanda dövriyyədə olan çap məhsulunun ümumi statistikası, o cümlədən ayrı–ayrı dillər üzrə statistikası, geniş oxucu kütləsinin informasiya və mütaliə uçotu aparılmır. Ona görə də kitab nəşri və yayımı sahəsində dövlət siyasətinin tənzimlənilməsində sahə mütəxəssilərinin yardımından bəhrələnməli, kitab bazarında vaxtaşırı monitorinqlərin keçirilməsi, eləcə də layihə və qrantların hazırlanması və s. lazım gəlir.

Sovetlər Birliyi dövründə ölkəmizdə kitab ticarətinin vahid sistemi formalaşmışdı. Böyük şəhərlərdə və rayon mərkəzlərində kitab mağazaları təşkil edilmişdi, kəndlərdə isə kitablar kənd qarışıq mallar mağazalarında satılırdı. Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda və digər iri şəhərlərdə ümumi kitab mağazaları ilə yanaşı, ixtisaslaşmış kitab mağazaları da fəaliyyət göstərirdi. Təkcə Bakı şəhərində 100–dən artıq kitab mağazası var idi. Elə bu qədər kitab mağazası da rayonlarda fəaliyyət göstərirdi. Tirajının böyük olmasına baxmayaraq, nəşr edilən kitablar demək olar ki, satılırdı.

1970–90–cı illərdə Azərbaycanın ali məktəblərində universal kitab mağazaları fəaliyyət göstərirdi. İndi isə Bakı Dövlət Universitetidaha 1–2 ali məktəb istisna olmaqla, demək olar ki, heç bir universitetdə kitab yayımı mərkəzi və ya kitab mağazası yoxdur.

Müstəqilliyin ilk illərində işbazlar özəlləşdirmə adı ilə bütün kitab mağazalarını ələ keçirərək onların binasından başqa məqsədlər üçün istifadə etməyə başladılar. Hazırda Bakı şəhərində cəmi 4–5 kitab mağazası qalmışdır. Əlbəttə, vəziyyətin bu cür formalaşması kitabın yayılmasına ciddi təsir göstərmiş, kitab oxuyanların sayı azalmış, kitab mütaliəsi, ümumiyyətlə, əhalinin mütaliə marağı aşağı səviyyəyə düşmüşdür.

Göstərdiyimiz acınacaqlı vəziyyətin aradan qaldırılması üçün Bakıda, digər şəhərlərdə və kənd rayonlarında tezliklə kitab mağazaları açılmalı, kitabın reklamına və təbliğinə ciddi fikir verilməli, kütləvi informasiya vasitələrində, o cümlədən radioteleviziyada yeni kitabları təbliğ etmək üçün daimi rubrikalar yaradılmalıdır. Təhsil sistemi müəssisələrində, mədəniyyət saraylarında, yaşıl parklardaKitab günləri” təşkil edilməli, görkəmli kitab müəllifləri, o cümlədən alimlər, şairlər, yazıçılar, publisistlərlə görüşlər keçirilməli, kitaba, onun tərbiyəvi, elmi əhəmiyyətinə dair təbliğat xarakterli kinofilmlər çəkilməli, yeni kitabların təqdimat və satış mərasimləri keçirilməlidir.

Doğrudur, mütaliəyə marağın azalması bütün dünyanı bürümüş bir meyildir. Bu olduqca təhlükəli meylin qarşısını almaq üçün bir çox ölkələr xüsusi strateji proqramlar qəbul edib, səmərəli üsullar həyata keçirirlər. Bu taleyüklü problemin həllində kitabxanaların mühüm rol oynaya biləcəyini nəzərə alaraq kitabxanaların vəziyyətini yaxşılaşdırmaq, onun oxuculara xidmət işini günün tələbləri səviyyəsinə qaldırmaq zərurəti qacılmazdır.

Məlumdur ki, müasir nəşriyyat, hər şeydən əvvəl, möhkəm madditexniki bazaya malik olmalı, müasir informasiya texnologiyaları ilə təchiz edilməlidir. Madditexniki baza dedikdə ilk növbədə nəşriyyatların binası göz önünə gəlir. Çox təəssüf ki, nəşriyyat binalarının çoxu müasir tələblərə cavab vermir. Demək olar ki, bütün nəşriyyatlar mövcud şəraitinə uyğunlaşdırılmış köhnə binalarda fəaliyyət göstərir. Müstəqillik illərində respublikamızda yeni nümunəvi nəşriyyat binası tikmək mümkün olmamışdır. Yaxın gələcəkdə dünya standartlarına cavab verən müasir nəşriyyat binalarının inşa olunacağını ümidlə gözləyirik.

Əlbəttə, respublikamızda nəşriyyat işinin günün tələbləri səviyyəsində təşkilinə mənfi təsir göstərən amillərdən birikadr problemidir. Belə ki, kitab nəşrinin təşkili və kitab yayımının səviyyəsi yüksək ixtisaslı, peşəkar kadrlardan çox asılıdır. Müasir informasiya cəmiyyəti şəraitində yüksək ixtisaslı, sürətlə yeniləşən informasiya texnologiyasından baş çıxaran, cəmiyyətin inkişaf sürəti ilə ayaqlaşan, öz ixtisasını sevən peşəkar naşirlərə böyük ehtiyac vardır. Təəssüf ki, respublikamızın nəşriyyatlarının müasir vəziyyəti bu tələbata cavab vermir. Azərbaycan nəşriyyatlarında, xüsusilə son zamanlar yaranmış özəl nəşriyyatlarda kitabçılıq işini, kitab nəşri fəaliyyətini dərindən bilən peşəkar kadrlar olduqca azdır. Respublikamızda nəşriyyat əməkdaşlarının təxminən 80 faizdən çoxunun kitabşünaslıq və nəşriyyat işi təhsili yoxdur. Müxtəlif aliya orta ixtisas məktəblərini bitirmiş şəxslər öz ixtisasları üzrə tapa bilmədikdə nəşriyyatlarda və mətbəələrdə işə düzəlir, ixtisasları üzrə tapan kimi bu sahəni atıb gedirlər.

Ona görə də kitab nəşri işi böyük dövlət əhəmiyyətinə malik bir məsələ olduğundan nəşriyyatlar ilk növbədə kitabın ideoloji, elmi, mədəni əhəmiyyətini dərk edən, nəşriyyat fəaliyyətindən başı çıxan mütəxəssis kitabşünas kadrları işə götürməlidir. Ölkəmizdə fəaliyyət göstərən nəşriyyatların direktorları kadrların seçilib yerləşdirilməsinə ciddi fikir verməli, Bakı Dövlət Universiteti Kitabxanaçılıq–informasiya fakültəsinin “Kitabşünaslıq və nəşriyyat işi” şöbəsini bitirən yüksək ixtisaslı gənc mütəxəssislərin: kitabşünas, nəşriyyat işçisiredaktor ixtisasına yiyələnən savadlı kadrların potensialından bəhrələnməlidir.

Son zamanlar bir sıra mütəxəssislər inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanı fəal oxucusu olmayan ölkə kimi dəyərləndirir, ölkəmizdə indiyədək kitab biznesinin formalaşmamasını da elə bu amillə əlaqələndirirlər. Əhalinin alıcılıq qabiliyyətinin məhdud olması onun kitaba yetərincə pul ayırmasına imkan vermir. Başqa sözlə, fəal oxucu elitası olmadığına görə cəmiyyətdə kitab biznesininya marketinqinin formalaşması prosesi də ləng gedir. Əlbəttə, kitab xüsusi statusa malik olan biznes sahəsidir, bazarı ləng getsə də olduqca gərəkli və faydalı bir sahədir. Ona görə də bu sahənin inkişafına, kitab bazarının yaranmasına, kitab biznesinin formalaşmasına dövlət qayğısı lazım gəlir. Azərbaycanda kitab istehsalı üçün lazım gələn bütün avadanlıq və materiallar, yəni kağızdan tutmuş boyaya qədər hamısı xaricdən gətirilir. Azərbaycana əsasən Rusiyadan, qismən Türkiyə, İran və bəzi Avropa ölkələrindən xeyli çap məhsulları gətirilir. Lakin gömrük haqqı baha olduğundan ölkəyə gətirilən kitabların satışında problemlər yaranır. Fikrimizcə, kitab idxalı gömrükdən azad olunarsa, bu sahənin inkişafına şərait yaranar.

Beləliklə, kitab nəşri və yayımı işinin son dövr fəaliyyətinin təhlili və ümumiləşdirilməsi əsasında belə qənaətə gəlmək olur ki, bütün dünyada olduğu kimi, respublikamızda da son illərdə mütaliəyə münasibət dəyişmiş, mütaliənin səviyyəsi aşağı düşmüş, oxucuların sayı xeyli azalmışdır.

Kitabın yenidən hər bir evə, hər bir ailəyə daxil olması üçün dövlət bu intellektual infrastrukturu daim diqqət mərkəzində saxlamalıdır. Kitab–oxucu–nəşriyyat–müəllif formulu sonda intellektual cəmiyyət kompleksi yaradır. Ona görə də bu problem kompleks şəkildə həll olunmalıdır. Unutmaq lazım deyil ki, kitabla ünsiyyətin azalması, mütaliə səviyyəsinin aşağı düşməsi cəmiyyətə mənfi təsir göstərən əsas amillər sırasındadır. Bu təsir zaman baxımından özünü xeyli gec büruzə versə də, nəticəsi acınacaqlı ola bilər. Bu acınacaqlı vəziyyətin uzun müddət davam etməsi isə gələcəkdə millətin faciəsinə çevrilə bilər.

Beləliklə, Azərbaycan Respublikasında kitab nəşri və yayımı işini günün tələbləri səviyyəsinə qaldırmaq üçün dövlət səviyyəsində ciddi tədbirlər görülməli, lazımi islahatlar aparılmalı, oxucunu kitaba, kitabı oxucuya, bütövlükdə kitabı cəmiyyətə, cəmiyyəti kitaba qaytarmağın yeganə yolu kimi kompleks proqram qəbul edilməlidir. Eyni zamanda kitab nəşri milli mədəniyyətin tərkib hissəsi olduğuna görə Mədəniyyət və Turizm Nazirliyi nəzdində həm dövlət, həm də özəl nəşriyyatların fəaliyyətini əlaqələndirmək, işlərini istiqamətləndirmək, onlara müəyyən kömək göstərmək məqsədilə monitorinq qrupununya digər bir qurumun yaradılması məqsədəuyğun olar. Fikrimizcə, bu, istər kitab nəşrini, istərsə də kitab yayımını tənzimləməyə və uzlaşdırmağa imkan yarada bilər. Çünki kitab bizi gələcəyə aparan ən mühüm və ən qüdrətli vasitədir.

 

 

Abuzər XƏLƏFOV,

Əməkdar elm xadimi,

Bakı Dövlət Universiteti

Kitabxanaşünaslıq kafedrasının müdiri,

tarix elmləri doktoru, professor.

 

Knyaz ASLAN,

Bakı Dövlət Universiteti Kitabşünaslıq nəşriyyat işi kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

 

Pərviz KAZİMİ,

tarix üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2013.- 16 yanvar.- S. 6.