Göyçə
nisgili, Göyçə dərdi nərimanlıları
bir yerə topladı
Ömür keçir, gün keçir, vaxt, zaman axıb gedir, əslən Göyçə mahalının Nərimanlı kəndindən olan insanlarsa yurd eşqi ilə qovrula–qovrula yaşa dolur, qocalırlar. 24 ildir ki, onların talelərinə qaçqınlıq qismət olub. Erməni xəyanəti sayəsində ata–baba yurdlarından pərən–pərən düşmüş nərimanlılar dünyanın müxtəlif guşələrinə səpələnmişlər. Dost–dostla, qohum–qohumla nadir hallarda üz–üzə gəlir, ən çoxu isə yas məclislərində.
Nərimanlı kəndi qonşu Kəlbəcərə yaxın bir məsafədə yerləşirdi. Çalmalı dağının atlas geyimli yamaclarından heç vaxt uşaq, böyük, çoban–çoluq səsi əskik olmazdı, bu yerlərdə aşıqlar saz tutub, söz qoşardılar.
Bir vaxtlar Nərimanlı Hüseynquluağalı kəndi adlanırdı. Bir çox yerlərdə görkəmli ictimai–siyasi xadim Nəriman Nərimanovun həyat və fəaliyyətindən söhbət açmaq, onun Azərbaycan xalqı üçün tarixi xidmətlərini xatırlamaq qadağan olunmuşdu. Nəhayət, haqq–ədalət zəfər çaldı. Xalqımıza qarşı düşmənçilik mövqeyində dayanan sovet imperiyası cəlladlarının Nəriman Nərimanov kimi şəxsiyyətə çirkab atmaları, qara yaxmaları həqiqətə çevrilmədi. Qərbi Azərbaycanda–Basarkeçər rayonundakı Hüseynquluağalı kəndinə Nəriman Nərimanovun adı verildi. Geniş əraziyə malik bu kənddəki kolxoz 1988–ci ilin noyabr ayınadək Nəriman Nərimanovun adını daşıyırdı. Ermənistan Elmlər Akademiyasının prezidenti, türk xalqının qatı düşməni olan Viktor Hambartsumyan və onun digər əlaltıları dəfələrlə dəridən–qabıqdan çıxırdılar ki, Nərimanlı kəndinin adı dəyişdirilsin. Lakin ayrı–ayrı illərdə rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışan Talıb Musayev və Yunis Rzayev ermənilərin bu arzusunu gözündə qoydu. Nərimanlı kəndi Göyçənin böyük ziyalılar ordusu yetişdirən məkanına çevrilmişdir.
Bu günlərdə Bakı şəhərindəki Nərimanov rayonunun ərazisində 24 il ayrılıqdan sonra Göyçə nisgili, Göyçə həsrəti nərimanlıları bir yerə topladı. Sazlı–sözlü, çal–çağırlı tədbirdə kəndin yaşlı nəslinin nümayəndələri, müxtəlif peşə sahibləri, çoxsaylı gənclər iştirak edirdilər.
Mərasimdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi, daha sonra torpaqlarımızın müdafiəsində, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan nərimanlıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Göyçə, yurd yanğısı ilə bir yerə toplaşan nərimanlıların məclisini aparmaq Əlişir Hacıyev və Abbas Bağırova həvalə olunmuşdu. Aparıcılar ilk öncə kəndin tarixini vərəqlədilər, keçmişə qayıtdılar. İstər–istəməz bu gün düşmən tapdağında olan Göyçə, Nərimanlı adı çəkildikcə hamı kövrəlir, Göyçə gölünün nəğməli sahilləri yada düşür, göz önündə Çalmalı dağı, Qumlu bulaq və digər yurd yerləri canlanırdı.
Basarkeçərin Nərimanlı kəndinin Koroğlu, Babək qeyrətli oğulları Böyük Vətən müharibəsi başlayanda silaha sarılaraq cəbhəyə, odlu səngərlərə yollanmış, neçə–neçə igidlər qəhrəmanlıqla müharibədə həlak olmuş, Əvəz Aslanov, Qafar Əliyev, İbrahim Həsənov, Sayad Quliyev və başqaları cəbhədən Nərimanlıya orden və medallarla qayıtmışlar.
Hətta Əfqanıstanda gedən ağır döyüşlərdə nərimanlıdan İbadət Bağırov adlı bir igid şəhid olmuş və ölümündən sonra o, döyüş ordeninə layiq görülmüşdür.
Nərimanlı Talıb Musayev uzun illər rayon partiya komitəsinin birinci katibi, Zərbalı Qurbanov isə rayon icraiyyə komitəsinin sədri və sonra “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrində çalışmışdır.
Tədbirdə vurğulandı ki, Nərimanlı kəndindən Xəstə Bayraməli, şair Bəhmən Qarayev, Əməkdar incəsənət xadimi Aşıq İslam Yusifov kimi istedadlı söz xiridarları, el sənətkarları çıxmışlar.
XX əsrin ikinci yarısında Nərimanlı kəndində dünyaya göz açmış Aşıq Fətullah öz məlahətli səsi, zənguləsi ilə musiqisevərləri heyran qoymuşdur. Bu gün Aşıq Fətullahı yenə də el məclislərində, televiziya ekranlarında görmək olar.
Vaxtilə Nərimanlı kəndi el arasında alimlər kəndi adlandırılırdı. Bu kənd tarix elmləri doktoru Səfiyar Musayev, fəlsəfə elmləri doktorları Maqsud Cəlilov və Qurban Bayramov kimi ensiklopedik biliyə malik alimlər yetişdirmişdir.
İstedadlı gənclərin yetişməsində kənd müəllimlərindən Abbas Vəliyevin, Əhməd Hacıyevin, Şahmalı Hacıyevin, İsaq Bayramovun, Yusif Bayramovun, Əbülfət İsmayılovun, Qənbər Bayramovun və başqalarının böyük zəhməti olmuşdur. Bu gün Nərimanlı kəndinin istedadlı alimlərinin sayı heç də az deyildir. Onlar müxtəlif ali məktəblərdə çalışırlar.
Nərimanlı kəndinin yetirmələri olan 150 nəfərə yaxın həkim vardır. Onlar paytaxtımızda və respublikamızın ayrı–ayrı bölgələrində insanların sağlamlığı keşiyində dayanırlar.
Kənd məktəbinin məzunlarından Möhsüm Qədiroğlu hazırda Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa dövlətləri üzrə xüsusi müxbiridir. Maşallah Xudubəyli uzun illərdir ki, Azərbaycan radiosunda çalışır. Digər televiziya kanallarında da Nərimanlıdan olan jurnalistlər vardır.
Vaxtilə öz əməyi ilə el gözündə ucalan Gülnaz Heydərovaya böyük etimad göstərilmiş və o, SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Qarabağ uğrunda gedən ağır döyüşlərdə Nərimanlı kənd sakinlərindən 17 nəfər şəhidlik zirvəsinə ucalmış, Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, Fərahim Quliyev “Azərbaycan Bayrağı” ordeninə, Şükür Məmişov isə “Hərbi xidmətlərə görə” medalına layiq görülmüşdür.
Tədbirdə müəllim Cəmil Abdullayev, veteranlardan Novruz İsmayılov, Rüstəm İbrahimov, Hümmət Qurbanov, Mübariz Həşimov, Elman Hacıyev, Asim Bayramov və başqaları çıxış etdilər və belə bir yekdil fikirdə olduqlarını bildirdilər: “Biz mütləq erməni tapdağında olan ulu Göyçəyə, oğuz ellərinə dönəcəyik. Çünki İlham Əliyev kimi müdrik Prezidentimiz var. Nərimanlıların bir qibləsi, bir Kəbəsi, Kərbalası var, Göyçə adlı! O kənd indi düşmən əlindədir. Sahibsiz məzarlar hay–haray çəkir, dədə–babalarımızın ruhu bizi haraya çağırır”.
24 yaşlı nərimanlılar Göyçəni görməyiblər, ancaq Göyçə haqqında qəmli dastanlar eşidiblər. Yəqin ki, bu tədbir onların söz–sənət diyarı olan ulu Göyçəyə, Nərimanlı kəndinə olan sevgi və məhəbbətlərini daha da artıracaq.
Tədbirə toplaşan insanlar mərasimin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Nərimanlı kəndinin yetirməsi,
saz sərrafı Aşıq Fətullah öz dəstəsi ilə tədbirə gələnləri
salamladı. “Baş sarıtel”,
“Göyçə gülü”, “Kərəmi”,
“Naxçıvanı”, “Ruhani” üstə
oxunan el havaları sanki göyçəliləri yenidən qədim
yurd yerlərinə qaytardı…
Qədir ASLAN
Respublika.- 2013.- 16 yanvar.- S. 7.