AZƏRBAYCANIN
DAĞ–MƏDƏN SƏNAYESİNİN İNKİŞAF
PERSPEKTİVLƏRİ
Müasir dünyada hər
bir dövlətin iqtisadi
qüdrəti ondakı dağ–mədən sənayesinin
inkişafı ilə sıx bağlıdır. Bu səbəbdən XXI əsrdə də mineral–xammal
ehtiyatlarının əhəmiyyəti durmadan
artmaqdadır.
Hazırda yer təkində zəngin yataqlara
nadir hallarda təsadüf
edilir, ancaq kəşf
olunan mineral–xammal ehtiyatları, adətən çox qısa müddətdə işlənib
çıxarılır. Ona görə də
gələcəkdə yer təkinin dərin
qatlarında və geniş sahələrdə
yerləşən, böyük ehtiyatlara malik, lakin tərkibində faydalı komponentlərin
miqdarı az olan
yataqların işlənmə ehtimalı getdikcə
artacaqdır.
Beləliklə, elmi–texniki tərəqqinin hətta yaxın yüzillikdəki imkanlarını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bəşəriyyət faydalı komponentlərin miqdarı az olan və böyük dərinliklərdə yerləşən yataqların işlənmə texnologiyasını, həmçinin dənizin dərinliklərindən və dəniz suyundan faydalı komponentlərin çıxarılma texnologiyalarını işləyib hazırlayacaqdır. Ümumdünya dağ–mədən sənayesinin perspektivi yeni yataqların tapılıb istismara cəlb olunmasını tələb edir. Bunun üçün də geoloji axtarışların müasir texnologiyalar səviyyəsində aparılması, daha kasıb yataqlardan mənimsənilmə və onlardan metalların çıxarılma texnologiyasını yaratmaq üçün elmi–tədqiqat işlərinin genişləndirilməsi vacibdir. Çünki dünya bazarında tükənməkdə olan xammal növləri üzrə qiymətlərin artacağı tendensiyası müşahidə edilir. Bu tendensiyanı məhdudlaşdırmaq dağ–mədən sənayesində faydalı qazıntıların çıxarılma və emal texnologiyaları sahəsinə elmin nailiyyətlərini tətbiq etməklə mümkündür.
Dünya dağ–mədən sənayesinin hazırkı inkişaf tendensiyaları fonunda respublikamızın malik olduğu zəngin mineral–xammal potensialı ölkədə dağ–mədən sənayesinin inkişafı üçün böyük perspektivlər açır. Əminliklə demək olar ki, respublikamızda iqtisadiyyatımızın tələbatını tamamilə ödəyə biləcək mineral xammal bazası mövcuddur. Lakin dünyanın inkişaf etmiş digər ölkələri üçün xammal bazası rolunu oynamaq olmaz. Bildiyimiz kimi, SSRİ dövründə respublikamızın təbii sərvətləri bazasında neftçıxarma və neft emalı, maşınqayırma, metallurgiya, energetika, kimya, yeyinti, yüngül və s. kimi sənaye sahələri formalaşmışdı. SSRİ–nin dağılmasından sonra keçmiş sovet respublikaları arasında əlaqələrin pozulması ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərmişdi. Həmin təsiri hiss edən sənaye sahələrindən biri də dağ–mədən sənayesi olmuşdu. Belə ki, tərəfdaş olmadığından uzun illər istismar edilən Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşsalahlı bentonit, Parağaçay molibden, Gümüşlü qurğuşun–sink və s. kimi yataqlarda istismar işləri dayandırıldı. Qeyd edək ki, Daşkəsən dəmir filizləri əsasən Gürcüstanın Rustavi metallurgiya zavoduna, Gümüşlü mədəninin filizləri Vladiqafqaz elektrosink zavoduna, Parağaçayın molibden filizləri Qazaxıstanın Balxaş dağ–mədən kombinatına göndərilirdi. Azərbaycanın yeraltı sərvətləri keçmiş SSRİ–nin digər regionları üçün bir növ mineral–xammal bazası rolunu oynayırdı.
Bu gün isə qeyd etdiyimiz həmin yataqların bəzilərində istismar işləri tamamilə dayandırılmışdır. Lakin hazırda Azərbaycan hökuməti tərəfindən müxtəlif xarici şirkətlərlə danışıqlar aparılır, bəzi yataqlarda isə işlərin bərpa edilməsi üçün müqavilələr bağlanmışdır.
Yerin təkindəki mineral–xammal ehtiyatları ölkəmizin iqtisadi və sosial–siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir. Buna görə də respublikamızın ərazisindəki sənaye əhəmiyyətli yataqların ehtiyatlarından səmərəli istifadə dağ–mədən və emal sənayesi sahələrinin inkişafı ilə bağlıdır.
Bildiyimiz kimi respublikamızın ərazisində kifayət qədər faydalı qazıntı ehtiyatları vardır (Filizçay kolçedan–polimetal, Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşsalahlı bentonit, Çovdar qızıl, Naxçıvan və Nehrəm duz, Aydağ seolit və s.). Hazırda Azərbaycanda ölkə iqtisadiyyatının mineral xammal istifadəsinə əsaslanan bütün sahələrinin stabil inkişafını və ona olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır. Bu gün respublikamızın mineral–xammal bazası faydalı qazıntılar balansına daxil edilmiş 836 filiz, qeyri–filiz, tikinti materialları yeraltı su (şirin, mineral, termal, yodlu–bromlu, sənaye) yataqlarından ibarətdir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra geoloqların səyi ilə Daşkəsən rayonunda aşkar olunub qiymətləndirilmiş Çovdar qızıl yatağında istismar və emal işlərinə başlamaq üçün AİMROK Şirkəti tərəfindən son hazırlıq işləri görülür. Azərbaycanda qızılçıxarma sənayesinin inkişafı üçün geniş perspektivlər açılmışdır. Bu gün Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən işlənən Gədəbəy mis–qızıl yatağı, yaxın vaxtlarda istismara veriləcək Çovdar, Qoşa, Ağyurd, Piyəzbaşı, Dağkəsəmən, Kələki, Şəkərdərə və s. yataqlar bunu deməyə əsas verir. Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı halda isə uzun müddətə respublikamızın filiz ehtiyatı ilə təmin ediləcəyi gözlənilir.
Dünya bazarında mineral xammaldan alınan bir çox məhsullara, o cümlədən də əsas metallara qiymətlər son 50–60 ildə 5–6 dəfə və daha çox artmışdır. Hələ XX əsrin axırlarına yaxın bütün mineral xammal növlərinin dünya üzrə ehtiyatları kifayət qədər idisə, qurğuşun və sink üzrə dünya iqtisadiyyatı miqyasında tələbatın tam təmin olunmaması (70–80 faiz) gözlənilirdi.
Bu göstərici respublikamızın ərazisindəki kolçedan–polimetal yataqlarının dağ–mədən sənayesinin inkişafı üçün əhəmiyyətini artırmış olur. Bu baxımdan Balakən–Zaqatala filiz rayonu ərazisində yerləşən və ehtiyatları təsdiq edilmiş yataqlar böyük əhəmiyyətə malikdir. Filizçay, Kasdağ və Katex yataqlarında mis, qurğuşun və sinkin sənaye əhəmiyyətli ehtiyatları kifayət qədərdir. Bu yataqlardan Filizçay yatağı öz ehtiyatına və tərkibindəki əsas qiymətli komponentlərin miqdarına görə dünyanın ən unikal yataqlarından hesab olunur. Vaxtı ilə Filizçay qrupu yataqlarının işlənməyə hazırlanması məsələsi Sovet İttifaqı Kommunist Partiyasının 1966–cı ildə keçirilmiş XXIII qurultayının direktivlərinə daxil edilmişdi. Filizçay qrupu yataqlarının işlənməsi üçün Qafqaz Əlvan Metal Layihə İnstitutu tərəfindən tərtib olunmuş layihədə yatağın filizlərindən yalnız mis, sink və qurğuşunun konsentrat şəklində alınması, son məhsulun isə Şimali Qafqazın Orconikidze Vladiqa qaz–red.) şəhərinin Elektrosink (sink və qurğuşunun alınması) və Ermənistanın Alaverdi kombinatında (misin alınması) nəzərdə tutulmuşdu. Filizlərin tərkibində olan və sənaye əhəmiyyəti kəsb edən bir çox digər faydalı komponentlərin çıxarılması nəzərdə tutulmamışdı. Bu da yataqların filizlərinin tərkibindəki həmin faydalı komponentlərin itirilməsi və təbii sərvətlərin səmərəsiz istifadəsi demək idi. Məhz bu məsələ respublikamızın etirazına səbəb olmuşdu və çox yaxşı ki, Filizçay qrupu yataqlarının işlənilməsi təxirə salınmışdı. Digər sənaye əhəmiyyətli Kasdağ və Katex yataqlarının ehtiyatları nisbətən az olduğundan onlar Filizçay yatağı ilə birgə işlənilməlidir. Filizçay qrupu yataqlarının ehtiyatları gələcəkdə yaradılacaq dağ–mədən sənaye kompleksinin 60 ildən artıq müddətə yüksək rentabelli fəaliyyətini təmin etmək gücündədir. Filizçay yatağının filizlərinin tərkibində əsas qiymətli komponentlər mis, sink, qurğuşun, qızıl, gümüş, bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir. Kasdağ və Katex yataqlarından başqa Filizçay yatağının cinahlarında nisbətən kiçik ölçülü və sənaye ehtiyatları qiymətləndirilmiş Saqator və Mazımçay yataqları da yerləşir. Filizçay qrupu yataqlarının inkişafı nəinki Balakən–Zaqatala zonasının sürətli dirçəlişinə, həm də respublikanın dağ–mədən sənaye kompleksinin inkişafına və uzunmüddətli fəaliyyətinə səbəb ola bilər. Bu da regionların və qeyri–neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd olunan yataqların işlənməsi respublika ərazisində dağ–mədən və emal müəssisələrinin optimal şəbəkəsinin yaradılmasına, regionların sosial–iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxarar. Bu baxımdan dünyanın ən nəhəng yataqlarından olan Filizçay yatağı çox böyük perspektivə malikdir.
Filizçay qrupu yataqlarının mənimsənilməsi ilə əlaqədar məsələlərin analizi, yatağın səmərəli işlənmə texnologiyasının öyrənilməsi çox vacib və aktualdır. Bu məsələlərin həlli yatağın yerləşdiyi rayonda tikiləcək Filizçay dağ–mədən kombinatının təkcə Filizçayın deyil, həm də Balakən–Zaqatala zonasındakı digər yataqların da mənimsənilməsi baxımından əhəmiyyətlidir.
Filizçay kolçedan–polimetal qrupu yataqlarının mənimsənilməsinin ən mühüm məsələlərindən biri yataqdan çıxarılan xammalın kompleks istifadəsidir. Filizçay yatağının mənimsənilməsi yalnız dağ–mədən sənayesinin deyil, həmçinin bu qrup yataqlarında rast gəlinən sənaye əhəmiyyətli bütün faydalı komponentlərin səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət daşıyan iqtisadi məsələdir. Buna görə də hər xammalın əhəmiyyətini tamamlanmış texnoloji proses baxımından nəzərdən keçirmək lazımdır. Tamamlanan texnoloji proses mis, qurğuşun, sink kimi əsas komponentlərin, həm də digər sənaye əhəmiyyətli komponentlərin çıxarılmasını və emalını təmin etməlidir. Yəni ölkənin mineral–xammal sərvətlərindən istifadə olunması üçün xammalın çıxarılmasından son məhsulun alınmasına qədər texnoloji dövrənin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olunmalıdır.
Hazırda ölkəmizdə xalq təsərrüfatının bəzi sahələrinin daha da inkişafına ehtiyac duyulur. Faydalı qazıntı yataqlarının istismarı və respublikada dağ–mədən metallurgiya kombinatının tikilməsi və fəaliyyət göstərməsi rayonların infrastrukturunun, kənd təsərrüfatının, sənayenin digər sahələrinin inkişafına, yeni iş sahələrinin açılmasına səbəb olacaqdır. Bu isə bütövlüklə suveren Azərbaycanın iqtisadiyyatının hərtərəfli yüksəlişinə, dövlətin qarşısına qoyduğu ən mühüm məsələnin –əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə və s. kimi mühüm məsələlərin həllinə gətirib çıxaracaqdır.
Bu gün Azərbaycan ərazisində yaradılmış mineral –xammal bazasının mövcud vəziyyəti və perspektivləri respublikada dağ–mədən sənayesinin inkişafı, bu sahəyə milli və xarici investisiyaların cəlb olunması ilə gələcəkdə dünya sənayesinə inteqrasiya üçün geniş imkanlar açır. Bütün bunlar ölkəmizi inkişaf etmiş dağ–mədən sənayesinə malik bir respublikaya çevirməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev qeyri–neft sektorunun dirçəlişinə
xidmət edən və müasir tələblərə
cavab verən istehsalat
infrastrukturu şəbəkəsinin
yaradılmasını prioritet məsələ
kimi irəli sürmüşdür.
Beləliklə, Azərbaycanın mineral–xammal
bazasının mövcud vəziyyətini
və perspektivini nəzərə alaraq hesab edirik
ki, bu işlərin
aparılması və idarə olunmasına rəhbərlik edə
biləcək yüksək statuslu dövlət
qurumunun yaradılmasına da
ehtiyac duyulur.
Rasim İSMAYILOV,
Texniki elmlər üzrə fəlsəfə
doktoru,
Azərbaycan Dövlət Neft
Akademiyasının Faydalı
qazıntı
yataqlarının işlənilməsi
kafedrasının
dosenti.
Respublika.- 2013.- 18 yanvar.- S. 6.