GÖRKƏMLİ
AQRAR İQTİSADÇI ALİM
Azərbaycanda
aqrar iqtisadiyyatın məhsuldar tədqiqatçılarından
biri, bacarıqlı mütəxəssis, professor İslam Hacı oğlu İbrahimovun 65
yaşı tamam olur. İslam İbrahimov 1948–ci ilin yanvar
ayında Azərbaycanın dilbər güşələrindən
olan Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. Mənfur qonşularımızla
sərhəddə yerləşən bu kəndin
əhalisi öz mübarizliyi,
mərdliyi və vətənsevərliyi ilə həmişə
seçilmişdir. Belə bir mühitdə həyata göz
açan İslam,
1966–cı ildə həmin kənddə orta
məktəbi bitirdikdən sonra
D.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad
Universiteti) Maliyyə–statistika fakültəsinə
daxil olmuşdur. İnstitut illərində nümunəvi bir tələbə kimi tanınan İslam, institutun içtimai həyatında
da öz təşəbbüskarlığı
ilə seçilmişdir. 1970–ci ildə institutu bitirdikdən
sonra Mərkəzi Statistika
İdarəsinin Hesablama Mərkəzinə
təyinat almış və burada işlədiyi
müddətdə iqtisadi statistik
təhlilin məziyyətləri ilə yaxından
tanış olmuşdur.
1972–ci ildə o, D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuş və aspirantura müddətində özünü bacarıqlı tədqiqatçı kimi tanıtmış, elmi nəşrlərdə çoxsaylı məqalələr dərc etdirmişdir. İslam müəllim namizədlik dissertasiya işini vaxtından əvvəl bitirmiş və 1976–cı ildə müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
İ.İbrahimovun tədqiqatçı keyfiyyətləri, ekspertiza qabiliyyəti Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun diqqətini cəlb etmiş və bu təşkilat tərəfindən o, işə dəvət olunmuşdur. 1980–ci ildə bu institutda baş elmi işçi vəzifəsində çalışdıqdan az sonra yenidən Aqrar İqtisadi tədqiqatlar sisteminə qayıtmış və Kənd Təsərrüfatı Nazirliyinin Elmi–Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi vəzifəsində işləməyə başlamışdır.
Bu institutda işlədiyi müddətdə onun işgüzar fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyinin diqqətindən yayınmamış və o, mərkəzi aparatda Baş Plan İqtisad İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Həmin nazirlik Aqrar Sənaye Komitəsinə çevrildikdən sonra, yəni 1986–cı ildən Dövlət Aqrar Sənaye Komitəsində Plan İqtisad İdarəsinin rəis müavini, şöbə rəisi, 1989–cu ilin fevralından isə Baş Plan İqtisad İdarəsində planlaşdırma şöbəsinin rəisi, Baş idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
1994–cü ilin avqustundan 1995–ci ilin sentyabrınadək İ. İbrahimov kənd təsərrüfatı nazirinin müavini, Baş Aqrar İslahatlar İdarəsində rəis, 2005–ci ildən bugünədək isə Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri vəzifəsində işləyir.
O, aqrar sahənin bazar münasibətlərinə keçirilməsi və tənzimlənməsi, istehsal keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, forma və üsullarına dair praktiki əhəmiyyətə malik çoxsaylı məqalə, monoqrafiya və kitabların müəllifidir. Onun yeni təsərrüfatçılıq şəraitində iqtisadi münasibətlərin formalaşdırılması və sahibkarlığın inkişafına dair hazırladığı çoxsaylı təkliflərə nazirliyin kollegiyasında baxılaraq bəyənilmiş və tətbiq üçün qəbul edilmişdir.
İslam İbrahimov bazar münasibətləri şəraitində iqtisadi mexanizmin formalaşdırılması, xüsusən aqrar bölmədə islahatların həyata keçirilməsi ilə əlaqədar sahibkarlığın inkişaf problemlərinə dair çoxsaylı hüquqi–normativ sənədlərin və proqramların hazırlanmasında da fəal iştirak etmişdir. O, “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Kooperasiya haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” qanun layihələrinin, bir sıra əsasnamə və qaydaların, “1999–2000–ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”nın (1999), “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”nın (2001), “2003–2005–ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın (2003), “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın (2008) və digər sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir.
İslam müəllim 1996–cı ildə doktorluq dissertasiyası müdafiə etmiş və iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. Onun doktorluq dissertasiyası aqrar sahənin aktual probleminə, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və keyfıyyətinin yüksəldilməsinin iqtisadi problemlərinə həsr edilmişdir. Tədqiqatçı mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formalarının inkişafı, kənddə yeni istehsal–iqtisadi münasibətlərin formalaşdırılması zəruriliyi nəzərə alınmaqla maldarlıq məhsulları istehsalının artırılması, keyfıyyətinin və səmərəliliyinin yüksəldilməsi məsələlərini kompleks şəkildə araşdırmış, elmi cəhətdən əsaslandırmış təkliflər vermişdir.
Bütün mənalı ömrünü elmə sərf edən görkəmli ziyalı professor İslam İbrahimov uzun illər ərzində gərgin əməyi sayəsində aqrar iqtisadiyyatın müxtəlif aspektlərini əks etdirən problemləri dərindən, yüksək elmi səviyyədə təqdim etməklə Azərbaycan aqrar elminə böyük töhfələr vermişdir. 260–dan çox əsərin, 15–dən çox kitab və monoqrafiyanın müəllifidir. “Əmək və məhsulun keyfiyyətinin yaxşılaşdırılması yolları”; “Heyvandarlıqda keyfiyyət”; “Bazar iqtisadiyyatı və qiymət”; “Bazar iqtisadiyyatı şəraitində keyfiyyət və səmərəlilik”; “Aqrar iqtisadiyyatın aktual problemləri”; “Aqrar islahatlar və sahibkarlığın inkişafı”; “Regionlarda sahibkarlığın inkişaf meyilləri və xüsusiyyətləri”; “Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri” və digər kitabları bu qəbildəndir.
Mənalı ömrünü Azərbaycanın aqrar iqtisadiyyatına həsr edən İslam İbrahimov 2004–cü ildən professordur, BMT–nin Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvüdür. 2009–cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. İslam İbrahimova 2012–ci ildə “Əməkdar Kənd Təsərrüfatı İsçisi” fəxri adı verilmişdir.
İ.İbrahimov məhsuldar alim, bacarıqlı mütəxəssis olmaqla yanaşı, həm də səmimi, prinsipial, genişürəkli, həssas qəlbli, qayğıkeş, xeyirxah insan kimi gənc nəslə örnəkdir. O, elmi kadrların hazırlanmasında fəal iştirak edir. Təsadüfi deyildir ki, onun rəhbərliyi ilə bugünədək 12 nəfər elmlər namizədi müdafiə etmişdir. Professor İ.İbrahimov eyni zamanda 30–dan çox elmlər namizədi və elmlər doktorunun rəsmi opponenti olmuş və hazırda 5 nəfər dissertantın elmi rəhbəridir. İ. İbrahimov l993–cü ildən Elmi–Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun, 2011–ci ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür. 2004–cü ildən YAP–ın üzvüdür.
Professor İ.İbrahimov şeirə bağlı insandır. O, doğulub boya–başa çatdığı Tovuzun Əlibəyli kəndinin adını özünə təxəllüs götürmüşdür. İ.İbrahimov (Əlibəyli) Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Nəcib poetik duyğuları, hissləri nəğmələşib, misralara çevrilib və onun “Sevirəm de…”, “Unuda bilmirəm…”, “Duyğulu anların…” şeirlər kitabı nəşr olunmuşdur. “Araz” ali əbədi mükafatı, “İlin vətənpərvər adamı”, “Şərəf” və “Qızıl Qələm” mükafatı laureatıdır. Şeirlərinə bəstələnmiş mahnılar tanınmış mügənnilər tərəfindən oxunur.
İslam İbrahimov həm də publisist məqalələri ilə tanınır. Onun “Nizami poeziyasında kənd təsərrüfatı”, “Səməd ürəklərdə yaşayır”, “Zirvələr oğluyam deyən şair” və s. məqalələri maraqla qarşılanmışdır.
Şair təbiətli professor İslam İbrahimov bu gün də gənclik həvəsi və əzmi
ilə çalışır. Ona Azərbaycanın
aqrar iqtisadiyyatının güclənməsi
və aqrar iqtisad elminin daha da
zənginləşməsi istiqamətində yeni–yeni uğurlar, can sağlığı və müvəffəqiyyətlər
arzulayırıq.
Sadıq SALAHOV,
Kənd Təsərrüfatı
Nazirliyi
ET Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili
İnstitutunun direktoru,
iqtisad elmləri doktoru,
professor.
Respublika.- 2013.- 19 yanvar.- S. 11.