Sarıkamış şəhidlərinin xatirəsi anıldı

 

Bir qrup Azərbaycan ziyalısı Türkiyədə, sayca 98–cisi düzənlənən Sarıkamış şəhidlərinin xatirəsini anma törənində iştirak etmişdir. Nümayəndə heyətinə Zəlimxan Məmmədli, Hüseyn Artıkoğlu, Osman Əhmədoğlu, Qiymət Məhərrəmli, Aqil Camalİsrafil Bayramov daxil idilər.

Sarıkamış şəhidlərinin xatirəsinə həsr olunmuş möhtəşəm tədbirə 20–dən artıq türkdilli xalqın nümayəndələri kimi, biz Azərbaycan və Borçalı türkləri də qatılmışdıq. 1914– ilin soyuq yanvar günlərində baş vermiş müdhiş hadisənin izlərini yaşadan yerləri ziyarətimizdən artıq bir neçə gün keçsə də, Karsı və digər əraziləri işğal edən rus qoşunları ilə mücadiləyə qalxmış 90 min Türk əsgərinin — Sarıkamış şəhidlərinin soyuqdan, aclıqdan və digər məhrumiyyətlərdən donaraq həlak olduqları Allahuəkbər dağlarında baş tutan tədbir barədə təəssüratlarımızı oxucularımıza təqdim edirik.

Sarıkamış şəhidlərinin anım mərasiminin necə böyük ehtişamla keçirildiyi barədə dostlarımdan eşitmiş, ötənilki yürüş və anım tədbirinin bəzi məqamlarını Seyfullah Türksoyun hazırladığı televiziya verilişindən izləmişdim. O gündən Çanakkala şəhidlərinin, eləcə də Sarıkamış şəhidlərinin anım tədbirində iştirak etmək istəyi bircə an da olsun məni rahat buraxmırdı. “Torpaq, əgər uğrunda ölən varsa, VƏTƏNDİR!”, deyən ölməz şairimizin qəlbindən qopan müdhiş duyğularla baş–başaykən, Kars Sərhəd Boyları Dərnəyinin başkanı Məhərrəm Yıldızın Sarıkamış Şəhidlərinin anım yürüşündə iştirakla bağlı dəvətini sonsuz minnətdarlıq hissiylə qəbul etdim.

Atatürk Hava Limanında tanış olduğumuz dövlət məmuru Abdulmetin Keskin, peşəkar fotoqraf Atilla bəy və digər gənc qırğız oğlanla Kars hava limanında yerə enirik. Bir diqqətəlayiq cəhəti qeyd edim ki, təyyarədəkilərin əksəriyyəti Sarıkamış şəhidlərinin anım mərasimində iştirakla əlaqədar buraya gəlmişdilər. Bayırda dayanıb bizi gözləyən avtobuslarla birbaşa Sarıkamışa yola düşürük.

Uzun yolçuluqdan sonra mənzil başına yetişirik. Burada adam əlindən tərpənmək mümkün deyil. Səfər yoldaşlarımla birlikdə açılış mərasiminin keçiriləcəyi möhtəşəm saraya doğru irəliləyib, içəri daxil oluruq. Seyfullah bəy irəli gəlib bizi mehribanlıqla qarşılayır. Osman müəllimgilin yuxarıda, zalda olduqlarını söyləyir. Oraya qalxıram. Zal ağızınacan adamla doludur. Xeyli axtardıqdan sonra dostlarımı tapıram. Osman Əhmədoğlu, Zəlimxan Məmmədli, Hüseyn Artıkoğlu, İsrafil BayramovAqil Camal burdadırlar. Aqil bəy dünən təyyarə ilə gəlib. Digər yoldaşlar Gürcüstandan şəxsi avtomobillə gəliblər.

Sarıkamış şəhidlərinin xatirə muzeyi ilə tanış oluruq. Buradakı hər bir eksponat 98 il öncəki o acı, müdhiş hadisənin tükürpədən anlarını göz önündə canlandırır. Türkiyədə xatirəsi hər il ehtiramla yad olunan Çanakkala şəhidlərindən bu mücadilədə Türkiyənin 250 mindən artıq əsgəri qəhrəmanlıqla şəhid olmuşdur. Sonra, ən böyük itkilərlə tarixə yazılmış Sarıkamış şəhidlərinin 90 min əsgərin xatirəsi bu il də ötən illərdə olduğu kimi, Türkiyənin hər bir yerindən, eləcə də dünyanın türkdilli xalqlarının yaşadığı bütün ölkələrdən gələn insanlar tərəfindən qəlbdən gələn duyğularla yad edilməkdədir.

Qeyd edək ki, Kars Sərhəd Boyları Dərnəyinin rəhbəri Məhərrəm Yıldız və Bengütürk TV–nin tanınmış proqram rəhbəri Seyfullah Türksoyun təşkilatçılığı ilə baş tutan bu mötəşəm tədbir Türkiyənin dövlət rəsmiləri və geniş ictimaiyyət tərəfindən böyük razılıqla qəbul olunaraq, dəstəklənmişdir.

Sarıkamışdakı zalda Türkiyənin xaricidaxili işlər nazirlərinin, digər dövlət rəsmilərinin, eləcə də millət vəkillərinin qatıldığı bu möhtəşəm anma mərasiminin açılışı hər bir Türk insanının gözləri qarşısında şəhidlərin xatirəsinin bu ölkədə necə əziz tutulduğunu bir daha nümayiş etdirdi.

Qrupumuzun adından Sarıkamış şəhidlərinin möhtəşəm abidəsi önünə əklil qoyduq, şəhidlərin xatirəsini ehtiramla yad etdik.

Səhəri gün Sarıkamışda güclü qar yağmasına baxmayaraq, səhər erkəndən burada böyük bir izdihamla qarşılaşdıq: 10 mindən artıq insan məktəblilər, tələbələr, əsgərlər, qadınlı–kişili hər kəs Allahuəkbər dağlarına yürüş etdi. Bizbu möhtəşəm yürüşdə iştirak edərək, şəhidlərin xatirəsinə ehtiramımızı bildirdik. 98 il öncə bu yerlərdə addım–addım irəliləyərək, son nəfəslərinə qədər “Vətən!” “Vətən!” –deyə ümidlərini üzməmiş, ümidləri kəsiləndə isə, gözlərini əbədi yumaraq, Vətən torpaqlarına gömülmüş müqəddəs Türk şəhidlərinin ruhuna bəslənilən sonsuz ehtiramın böyük təcəssümünün şahidi olduq o gün. Qürurdan ürəyimiz dağa döndü.

Düzünü desəm, bir cəhət diqqətimi xüsusilə cəlb etdi; yürüş iştirakçılarının əksəriyyəti, öz sözlərimizlə ifadə etsək, olduqca nazik geyinmişdilər. Hətta çoxlarının başına adicə kepka belə qoymadığını və havanın temperaturunun azından mənfi 10 dərəcədən də artıq şaxta olduğunu nəzərə alsaq, Türk insanının nədən belə etdiyini öyrənməkdən özümüzü saxlaya bilməməyimizin səbəbi aydınlaşar. Biz o gün apardığımız kiçik bir sorğudan belə bir qənaət əldə etmiş olduq: Bu insanların qəlbində şəhidlərə ehtiram o dərəcədə güclüdür ki, onlar belə geyinməklə və 10–15 kilometr yolu payipiyada qar laylarını yarayara şəhidliyə varmaqla, şəhidlərin o qorxulu, o dəhşətli anlarda hansı məhrumiyyətlərlə üzləşərək həlak olduqlarını bütün dərinliyi ilə duyub hiss etməyi qarşılarına məqsəd qoymuşdular. Bundan böyük Vətən sevgisi, bundan güclü əqidə, məslək saflığı olurmu?! Örnək götürülməli çox fərqli xüsusiyyətlər var Türkiyə türklərinin varlığında. Örnək götürmək isə heç vaxt gec deyil.

Yürüş başa çatdıqdan sonra Sarıkamışa dönən izdiham, şiddətlə yağan qara, çovğuna baxmayaraq, Türkiyənin və digər türkdilli dövlətlərin bayraqları ilə əhatə olunmuş ucu–bucağı görünməyən düzəngahdakı açıq meydanda baş tutan anım mərasiminə qatıldı. Daha sonra iştirakçılar çadırlarda hazırlanmış nahara dəvət olundular. Axşam tədbir iştirakçılarının şərəfinə geniş ziyafət verildi, Məhərrəm Yıldız və Seyfullah Türksoy anım tədbirinə qatılmış bütün qonaqlara təşəkkür edərək, razılıqlarını bildirdilər. Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Borçalı türklərinin, eləcə də ümumilikdə Azərbaycan xalqının iradəsini ifadə edərək, hər bir Türk şəhidinin xatirəsinin bütün türk ellərində də əziz tutulduğunu diqqətə çatdırdı. Mərasimin hər bir iştirakçısına ayrı–ayrılıqda ürək sözlərini yetirmək üçün fürsət verildi.

Mərasimin sonunda Çində Uyğur türklərinə qarşı aparılan barbar soyqırımının əks olunduğu videoçarx nümayiş etdirildikdən sonra, hər kəs bu qətliama ciddi etirazını bildirdi, dünyanın istənilən bölgəsində yaşayan türk insanına qarşı yürüdülən zorakılıq siyasətinə tezliklə son qoyulması yolunda qəti addımlar atılmasını tələb etdi.

Mərasim boyuncaBengütürkTV”–nin və digər televiziya kanallarının müxtəlif proqramları tərəfindən cəmiyyət üzvlərindən müsahibələr alındı. Seyfullah Türksoyun rəhbərlik etdiyiTürk Dünyasına Yolçuluq” proqramı bu tədbirin ən ilginc məqamlarını canlı şəkildə bütövlükdə Türk dünyasına və bütün dünya tamaşaçısına çatdırdı.

 

 

Qiymət MƏHƏRRƏMLİ,

Bakı–İstanbul–Kars–Sarıkamış.

Sarıkamış

 

 

Respublika.- 2013.- 19 yanvar.- S. 10.