Azərbaycan
xalqının qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi
20 yanvarda sovet
rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq
ənənələrinə sadiq olduğunu bütün
dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq–ədalətin
müdafiəsi yolunda canlarından keçmiş vətən
övladları Qanlı yanvarda xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Bu gün
dünya birliyinin tamhüquqlu üzvü kimi müstəqillik
yollarında cəsarətli addımlar atan
xalqımızın azadlığa gedən yolu 20 Yanvar faciəsindən
keçir. Elə bir faciədən ki xalqımız bu faciənin
ağrısı ilə 23 ildir ki, yaşayır, onun
yaraları heç zaman sağalan deyil, illər, əsrlər
ötsə belə, bu tarix nəsillərin qan yaddaşında
yaşayacaqdır.
Tarix
sübut etmişdir ki, azadlıq və müstəqillik
insanlara heç zaman könüllü verilmir, o
qazanılır. Təbii ki, çox böyük itkilər
hesabına. Azərbaycan xalqının azadlıq və
müstəqilliyə gedən yolu heç də hamar
olmamış, yüzlərlə soydaşımızın qanı–canı,
saysız–hesabsız məhrumiyyətlər,
ağrı–açılar bahasına başa gəlmişdir.
Qanlı
20 Yanvar faciəsi–həmin qanlı şənbə gecəsi
müasir dövr Azərbaycan tarixinə həm dəhşətli
itki və faciə, həm də qəhrəmanlıq və
milli özünütəsdiq anları, dəqiqələri,
saatları kimi yazılıb. Azərbaycan xalqının
ümumxalq hüzn günü olan 20 Yanvar faciəsi
haqqındakı çıxışında ümummilli lider
Heydər Əliyev deyib: “Xalqımız o günü heç
vaxt unutmayacaqdır. Çünki o ayrı–ayrı insanlara
edilən qəsd, təcavüz deyildir, bu bütün Azərbaycan
xalqına, Azərbaycan millətinə, Azərbaycana edilən
hərbi təcavüz idi. Bu təcavüz nəticəsində
həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin
qəhrəmanlarıdır”.
Təhlillər
göstərir ki, 20 Yanvar faciəsi SSRİ–nin cinayətkar rəhbərliyinin
Azərbaycan xalqını mübarizə əzminə və
öz milli azadlığı uğrunda mücadiləsinə
görə cəzalandırmaq, onu azadlıq ideyalarından
döndərməyə vadar etmək məqsədilə
törədilən əsl genosid aktı idi. Qorbaçovun ermənipərəst
klanının Azərbaycanla xüsusi haqq–hesab niyyəti
vardı. Sovet imperiyasının o vaxtkı rəhbərliyi
bununla həm qeyri–rus respublikalarının azadlıq istəyini,
həm də türk xalqlarının, ilk növbədə Azərbaycan
xalqının azadlıq arzusunu beşiyində məhv etmək
istəyirdi.
XX əsr
tarixində totalitar rejimin həyata keçirdiyi ən qanlı
terror aktlarından biri olan 20 Yanvar faciəsi öz müstəqilliyi
uğrunda mübarizə aparan Azərbaycan xalqına
qarşı, ümumiyyətlə insanlığa qarşı
yönəldilmiş dəhşətli bir cinayət hadisəsi
idi.
Azərbaycan
xalqı həmin tarixi günlərdə əsrlərdən bəri
arzusunda olduğu müstəqilliyə qovuşmaq
üçün təpədən–dırnağa qədər
silahlanmış imperiya cəlladlarına qarşı
ölüm–dirim mübarizəsinə qalxaraq nəyə qadir
olduğunu nümayiş etdirdi. İmperiya rəhbərləri
Azərbaycan xalqının bu qədər qətiyyətli, mətin
və azadlıqsevər olduğunu güman etmirdi. Elə
düşünürdülər ki, asanlıqla Azərbaycan
xalqını diz çökdürüb onu müstəqillik
arzusundan daşındıra biləcəklər.
Xalqımıza
və ölkəmizə öz düşmən mövqeyi ilə
seçilən və tanınan keçmiş SSRİ Ali
Sovetinin sədri, Sov. İKP MK–nın baş katibi M.S.Qorbaçov
ittifaq konstitusiyasının 49–cu və Azərbaycan SSR
Konstitusiyasının 71–ci maddələrini kobud şəkildə
pozmaqla “Bakı şəhərində fövqəladə vəziyyətin
elan olunması haqqında” 19 yanvarda imzaladığı fərmana
əsasən bu haqda şəhər əhalisinə heç
bir xəbərdarlıq etmədən təpədən
dırnağadək silahlanmış qoşun hissələrini
Bakı şəhərinə yeritmiş, elə gecə ikən
onlar dinc əhaliyə qarşı qəddarlığı və
vəhşiliyi ilə dünyada analoqu olmayan qırğın
törətmişlər.
O vaxt
Bakıda fövqəladə vəziyyət elan edilməsi və
qoşunun şəhərə girməsi barədə əhaliyə
rəsmi məlumatın çatmaması üçün
yanvarın 19–da “Alfa” qrupu və respublika DTK–nın rəhbərliyi
tərəfindən təşkil edilən əməliyyat nəticəsində
Azərbaycan televiziyasının enerji bloku partladıldı.
Fövqəladə vəziyyətin yanvarın 20–də saat
00.00–da tətbiq edilməsi qərarlaşdırılsa da,
qoşun hissələri yanvarın 19–da saat 21–dən etibarən
Türkan–Qala tərəfdən atəş aça–aça
şəhərə yeridilmişdi. Fövqəladə vəziyyət
elan edilməsi barədə xəbər komendant Dubinyak tərəfindən
səhər saat 7–dən elan edilənədək hərbçilər
100 nəfərə yaxın Azərbaycan vətəndaşını
qətlə yetirmişdilər. Qanlı yanvar günlərində
Azərbaycanda 147 nəfər şəhid olmuşdur. 612 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş,
onlardan 212 nəfəri SSRİ–nin müxtəlif şəhərlərinə
aparılaraq həbsxanalarda saxlanılmışdı.
Lakin
çox təəssüflər olsun ki, həm SSRİ, həm
də Azərbaycan rəhbərliyi bu qanlı cinayətin
bilavasitə təşkilatçıları və
iştirakçıları olduqlarından 1990–1991–ci illərdə
nəinki onun açılması və cinayətkarların məsuliyyətə
cəlb olunmasından ötrü tədbirlər görməmiş,
əksinə, törədilmiş cinayəti ört–basdır
etmək üçün əllərindən gələni
etmişlər.
Həmin
vaxtlarda Moskvada ağır şəraitdə yaşayan
ümummilli liderimiz Heydər Əliyev oradakı Azərbaycan
nümayəndəliyinə gələrək baş vermiş
ağır faciə ilə bağlı xalqına
başsağlığı verdi, bütün dünyaya bəyanat
ünvanladı, mətbuat konfransı keçirdi. Öz həyatını
təhlükə qarşısında qoyan böyük insan 20
Yanvar faciəsini bütün dünyaya çatdırdı.
Beynəlxalq kütləvi informasiya vasitələri Heydər Əliyevə
istinad edərək Azərbaycan xalqının başına gətirilən
müsibətlə–qanlı–qadalı günlərlə
bağlı məlumatlar və xəbərlər yaydılar.
O günlərdə
İngiltərədə nəşr olunan “Qardian” qəzeti Azərbaycanda
və Bakıda baş verən hadisələrə şərh
verərək yazmışdı ki, bu, islam dünyasına
qarşı növbəti terrordur: “Bu hərbi əməliyyatı”
əsassız bir qorxu və səksəkənin nəticəsi
kimi izah etmək olar. Bakıya gəlincə, ordunun şəhərə
hücumu zamanı günahsız adamların (cavanların,
qadınların, uşaqların) vəhşicəsinə
güllələnməsi, tankların özlərini
onların altına atan gəncləri basıb keçməsi,
tonqallar ətrafında qızınan azərbaycanlıların
üzərinə hücuma keçərək cəsədlərinin
tanınmaz hala salınması bütün dünya ictimaiyyəti
tərəfindən pislənməlidir”.
“Nyu–York
tayms” qəzeti 18 fevral 1990–cı il tarixli sayında
yazmışdı: “Bakının işğalından sonra
xalqını sevən hər bir azərbaycanlıda Moskvaya və
Qorbaçova nifrət hissi oyanmışdır…Vaxtilə
üzüyola bir müstəmləkə olan Azərbaycan indi
öz suveren, demokratik hüquqlarını tələb edir,
Bakıda adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinə
qədər, demək olar hamı buna inanır ki, Moskva Azərbaycanın
suveren hüquqlarını tələb etməsinin
qarşısını almaq üçün Bakıya
qoşun göndərdi”.
ABŞ–ın
“Baltimar san” qəzeti Kremlin “millətçi üsyanı”
yatırmaq adı altında bəhanəsinin əssasız
olduğunu göstərərək yazmışdı ki, bu qərar
konstitusiyanı kobud surətdə pozmaq, eyni zamanda suveren
respublikanın hüquqlarını tapdalamaqdır.
Xarici mətbuat
sovet rəhbərlərinin guya “Azərbaycanda İslam
Respublikası yaratmaq qərara alınmışdır” bəhanəsini
tənqid edərək soruşurdu: “Sovet rəhbəri bunu deyərkən
görəsən əlində tutarlı əsası
vardırmı?”. İslam amili ilə bağlı “Nyu–York
tayms” qəzetinin müxbirinin sualına şəhidlərin dəfnini
təşkil etmiş və xalq tərəfindən
yaradılmış ictimai komissiyanın cavabında
deyilmişdi: “Şəhidlər Xiyabanında azərbaycanlılarla
yanaşı, ruslar, yəhudilər, tatarlar, ləzgilər də
dəfn olunmuşlar…Bizi “İslam fundamentalizmində”
günahlandırırlar…Biz fundamentalist olsaydıq, yəhudiləri
və rusları burada dəfn edərdikmi?”
Azərbaycanın
o ağır günlərində böyük çətinliklərlə,
hətta gizli yollarla Bakıya gəlmiş xarici ölkələrin
müxbirləri 20 Yanvar hadisələri barəsində həqiqətin
dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz
rol oynamışlar. 30–dan artıq ölkəni təmsil
etmiş jurnalistlər səmimiliklə etiraf edirdilər ki,
Bakıya gəlib çatana kimi onların burada baş
vermiş, habelə davam edən hadisələrə münasibətləri
birmənalı olmamışdı. Lakin öz gözləri
ilə gördükləri, yerli sakinlərlə söhbətləri,
şəhid ailələri ilə görüşləri, adi
adamlarla müsahibələri, peşə təcrübələri,
Şəhidlər Xiyabanında hökm sürən milli əhval–ruhiyyə,
yüz minlərlə insanın intizamı, ləyaqətli
davranışı, müxtəlif millətlərdən olan
şəhidlərə doğma hörmət, məhəbbət
hissləri xarici jurnalistləri obyektiv surətdə
düzgün, məntiqi nəticələrə gətirmişdi.
20 Yanvar
faciəsinə ilk siyasi qiymət 1990–cı il yanvarın 21–də
Moskvada–İmperiyanın mərkəzində Heydər Əliyev
tərəfindən verilmişdir. Həmin gün Heydər Əliyev
xalqımıza qarşı edilən təcavüzü pislədi.
Bunun məsuliyyətini o dövr SSRİ və Azərbaycan rəhbərlərinin
daşıdığını bildirdi, qoşunların
Bakıdan çıxarılmasını tələb etdi.
Lakin nə o vaxtkı iqtidar, nə də AXC–”Müsavat” iqtidarı tərəfindən 20 yanvar faciəsinə hüquqi–siyasi qiymət verilmədi. Çünki onlar faciənin baş tutmasına bilavasitə şərait yaratmışdılar.
Yalnız 1994–cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994–cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi–hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar faciəsinin əsl səbəblərini açıqladı. Günahkarları aşkar etdi. 1990–cı il yanvarın 20–də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994–cü il tarixli qərarı ilə siyasi–hüquqi qiymət verildi.
Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrini yaşatdığını, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990–cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətənimizin igid övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq, əbədi səhifə yazdılar. Bu səhifənin adı həm də azadlığın, istiqlalın ad günü idi.
Mübariz Abbasov,
iqtisadçı.
Respublika.- 2013.- 20 yanvar.- S. 5.